Keçid linkləri

2024, 13 Noyabr, çərşənbə, Bakı vaxtı 00:16

“Oğlum qalıb Rüstəm İbrahimbəyovla Şəfiqə Məmmədova arasında”


Cavid Zeynallı (solda) və Əlisəmid Kür
Cavid Zeynallı (solda) və Əlisəmid Kür
-

Azərbaycanda on-on beş nəfər şair var, qalanı şeir kitabları yazan adamlardır...

Heç yerdə işləmirəm. Təmənnasız kömək edən, məni sevən dostlarım çoxdur. Mən bir yerdə işləsəm sıxılaram (Gözü yaşarır)...


ŞAİR ƏLİSƏMİD KÜRLƏ SÖHBƏT


- Əlisəmid bəy, xeyli vaxtdır görünmürsünüz. Çoxlarının gündəmə can atdığı vaxtda niyə sizdən səs-soraq yoxdur?

- Düzdür, cəmiyyətlə ayaqlaşmaq, gündəmlə hesablaşmaq lazımdır, amma şair gərək belə şeylərin fövqündə dayansın. Səmimi qəbul elə, mən belə şeylərin fərqində deyiləm. Azərbaycanda yaxşı oxucular var, sözün həqiqi mənasında şeiri sevən insanlar var. Mən oxucusu olan şairəm. Ona görə içim çox rahatdır. Şairlər var ki, gündəmdə qalmaq, ekranda-efirdə görünmək üçün kiminsə qılıncının altından keçirlər, kiməsə minnətçi düşürlər. O vaxt bir nəfərə yazmışdım ki, sən müsahibə verəndə şirinlik verirsən, mən isə alıram. (gülür) Bir də, məşhurluğa can atan, tanınmaq üçün sinov gedən adam deyiləm. Şair adamların içində tək olsa yaxşıdır. Bizdə adamlar elə bilirlər ki, şairi hamı tanımalıdır. Niyə, nəyə görə? Şairi barmaqla göstərməzlər, mən belə şeyə pis baxıram. Azərbaycanda on-on beş nəfər şair var, qalanı şeir kitabları yazan adamlardır.

- Kimlərdir bizim şairlərimiz? Sadalayaqmı?

- Ad çəkərəm, niyə çəkmirəm! Bu yaxınlarda Kulis.az seçmə şairlərin seçmə şeirlərini çap etdi. Eldar Baxışın, Nüsrət Kəsəmənlinin şeirlərini oxudum. Hər ikisi bizim gözəl şairlərimizdir. Bizim Ramiz Rövşən boyda dinozavr şairimiz var e... Vaqif Bayatlı, Zahid Sarıtorpaq, Salam Sarvan... İstedadlı cavan uşaqlar yetişib, onları da oxuyuram. İndi birinin adını çəksəm, o biri inciyəcək, niyə mən yadına düşmədim. Bizim cavanlarda romançılıq xəstəliyi əmələ gəlib, bu yaxşı deyil. Roman çətin məsələdir. Roman üçün oturmaq lazımdır. Bir də görürsən, biri gündə mənimlə şəhərdə gəzir, deyir roman yazıram, ikinci romanımı işləyirəm.

- Sizi televiziya kanallarına dəvət edirlər?

Əlisəmid Kür
Əlisəmid Kür
- Çox dəvət edirlər. Getmirəm, ekrana çıxmaq istəmirəm. Çünki televiziyaların tərtibatını, quruluşunu uyğun saymıram. Məsələn, Habil Əliyevi dəvət edirlər danışır, sonra bir müğənni oxuyur, daha sonra bir misra yazmayan adam başlayır poeziya haqqında danışmağa. Mənim bir şeirimi Elza İbrahimova divar qəzetindən götürüb mahnı bəstələmişdi. Araz Elsəs şeirimi kitabdan götürüb mahnı bəstələyib, dünyanın hər yerində oxuyur. Bu mənim üçün böyük xoşbəxtlikdir. Adam belə şeyə sevinməz, amma mən xoşbəxtəm ki, mənim sözlərimə bəstələdiyi mahnını Əbülfəz Elçibəyin məzarı başında oxuyub. Həmin mahnını eşidəndə mən azadlıqda deyildim. O vaxt bir şeir yazmışdım:

Elçibəyin qırxında dəlilər də ehsan verirdilər
Türmə dəlixanasında...
Mən də dəlilərin arasında.
Sən demə, həmin gün, həmin saat
Diz çöküb bəyin qəbri üstə
Ozan Araz Elsəs mənim sözlərimi oxuyub.
Ağı deyib, bir Türk misalı.
Deyib, sirri kor quyu dibində,
Dərdi üzündən bəlli, dəlisi ağıllı kimi
Ağıllısı dəli kimi millətim, heeyyy...

Həmin gün həmin anda,
türmə dəlixanasında
Ehsan yeməyən bir dəli elə hey qışqırırdı:
Sən neylədin, nə oyun çıxardın
Ay Əbülfəz hey, ay Əbülfəz hey, ay Əbülfəz heyy...



- Vaxtilə “Yol” qəzeti nəşr edirdiniz. Bəlkə bir az bu haqda danışaq?

- “Yol” qəzeti Azərbaycan Yazıçılar Birliyinin Tərcümə Mərkəzinin nəşri idi. Məni ora əvvəlcə şöbə müdiri kimi dəvət etmişdilər, sonra baş redaktor oldum. Müsahibələrimdə bir neçə dəfə demişəm, bir də təkrar edim: biz həmin qəzetdə sağlam mühit yarada bilmişdik. Murad Köhnəqala, Zahid Sarıtorpaq, Səməd Qaraçöp, Əlabbas, Eyvaz Əlləzoğlu, Salam Sarvan, Qulu Ağsəs... bizim qəzetdə bu imzalar çap olunurdu. “Yol” da yazarlara azadlıq vermişdik. Bizim qəzet böyük oxucu kütləsi yığa bildi. O dövrdə böyük sənətkarlar bizim redaksiyaya yığışır, müzakirələr, mübahisələr aparırdılar. Afaq Məsud bizim üçün çox gözəl şərait yaratmışdı. “Yol”dan çıxan uşaqların hamısı bu dəqiqə gündəmdə olan insanlardır. Ümumiyyətlə, qəzetin əxlaqı olmalıdır. “Yol” əxlaqlı qəzet idi. Mən indiki bəzi qəzetləri əlimə alan kimi, təsisçinin, baş redaktorun hara işlədiyini yaxşı bilirəm.

- Hansı qəzetləri oxuyursunuz?

- “Azadlıq”, “Müsavat”, “525-ci qəzet”, “Bizim yol”... “Bizim yol”da Məmməd Süleymanovun yazılarını maraqla oxuyuram. Elə imzalar var ki, məhz həmin müəllifə görə qəzet oxunur. Məsələn, Murad Köhnəqala, Samir Sarı, Zamin Hacı...

- Bəzən deyirlər ki, hər gün nə isə yazmaq köşə yazarlarının canındakı şirəni çəkib, elə bil yazı istehsal edən maşın kimi olublar. Razısınızmı bu fikirlə?

- Qəzetçilik belədir də... Şair, söz adamı, ədəbiyyat adamı qəzetdə işləyirsə, yavaş-yavaş enerjisini itirir, içini yeyir. Öz təcrübəmdən deyirəm, mən redaktor olanda şeir yaza bilmirdim, elə bil adam tükənir. Çünki işim-gücüm qəzetlə bağlı idi. Bu uşaqların da ailəsi var də, ailə dolandırmaq üçün köşə yazmalıdırlar. Elə bil, canlarında yorğunluq var. Bunu özlərinə də demişəm.

- Qəzetlər sizə köşə yazmaq üçün təklif ediblərmi?

- Köşə yazmaq mənlik deyil. Bu gün qəzet redaktorluğuna da dəvət etsələr, getmərəm.

- Onda sirr deyilsə, nə işlə məşğulsunuz, nə ilə dolanırsınız?

- Hə, maraqlı sualdır. Ağır... sualdır... (uzun-uzadı düşünür) Dostlarım çoxdur, köməklik edirlər. (Kövrəlir) Heç yerdə işləmirəm. Təmənnasız kömək edən, məni sevən dostlarım çoxdur. Mən bir yerdə işləsəm sıxılaram.(Gözü yaşarır). Bu saat məddahlıq, yalan
Cavid Zeynallı
Cavid Zeynallı
meydan sulayır. Xəbərçi, yalançı adamı görməyə gözüm yoxdur. Mən indi də “Yol”un halal çörəyini yeyirəm.

- Oğlunuz aktyordur...

- Oğlum Qorqud Cəfərli “Kuklalar”, “Kabusun gözü ilə” filmlərində çəkilib. Qorqudun da taleyi mənim kimi oldu... Mənim oğlum Rüstəm İbrahimbəyovun kino akademiyasını bitirdi. Müəlliməsi Şəfiqə Məmmədova olub. Rüstəm İbrahimbəyova bu gün münasibət yaxşı deyil, yeni kino təşkilatı yarandı. Bir tərəfdən də Şəfiqə Məmmədova Qorqudun müəlliməsidir. Uşaq bilmir hansı təşkilata üzv olsun, qalıb ortalıqda. Təzə yaranmış təşkilata üzv olsa, Rüstəm İbrahimbəyovu satmış olur, əvvəlki təşkilata getsə, Şəfiqə müəlliməsidir. Deyir, heç birinə üzv olmayacağam. Belə də olsa, ona çox çətin olacaq.

- Ədəbi jurnalları oxuyursunuzmu, necə çıxırlar?

- “Ulduz” jurnalının daha yaxşı çıxmağını gözləyirdim. Bu jurnalda çap olunmaq problemim yoxdur, heç olunmuram da... Elçin Hüseynbəyli də, Qulu Ağsəs də istedadlı uşaqlardır. Özü də, hər ikisini “Yol” qəzetində çap etmişik. Yazı yığıb vərəqdə çap etmək, jurnal çıxarmaq deyil. Jurnalın məramı olmalıdır.
XS
SM
MD
LG