Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:26

Lalə Məhərrəmli. Bu güzgü


-

BU GÜZGÜ

Mən deyiləm bu güzgüdən boylanan.
Bu güzgüdə hər şey yolun dəyişib.
Otağım da, yatağım da tərs durub.
Bu güzgüdə sağım, solum dəyişib.

Yaxınlaşıb yapışıram əlindən.
Barmağımı barmağına dolayır.
Oğurlayır dodağımdan gülüşü.
Ağlayanda göz yaşımı yalayır.

Tərs çevirib otağımın havasın.
Ürəyim də soldan sağa sürüşüb.
Gözlərimdə özgələşib baxışlar.
Arzularım, ümidlərim dəyişib.

Kim soxulub bu güzgünün qoynuna?
Hardan tapaq yiyəsini bu qızın?
Dindirməsəm saatlarla danışmaz.
Nə dili var, nə ağzı var bu qızın.

Tanış gəlir oturuşu, duruşu.
Yəqin mənə oxşamağa çalışır.
Qabağında yatmağa da qorxuram.
Bu güzgüdə yuxularım qarışır.

Düz durursan əyri çıxır qarşına.
Güzgülərin adətidir deyəsən.
Necə dursam bu güzgünün önündə
Məni mənə düz qaytarar görəsən?
XS
SM
MD
LG