Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:11

«Əvəz Zeynallı uşaq-zad deyil ki, onu ombudsmandan gizlədəsən»


Əvəz Zeynallı
Əvəz Zeynallı
«ƏVƏZ ZEYNALLININ HALI PİSLƏŞİB»

«Xural» qəzetinin həbsdə olan redaktoru Əvəz Zeynallının səhhəti pisləşib. Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı Məlahət Zeynallı xəbər verib.

«Əvəzin ağ ciyərində və onurğa sütununda əvvəlcədən də problem vardı. Bununla bağlı müalicə alırdı. Sonra həbsxanada müalicəni davam etdirirdi. Vəkilin dediyinə görə, indi halı yaxşı deyil».

Vəkil Elçin Sadıqov deyir ki, Əvəz Zeynallı müalicə almaq üçün bu günlərdə təcridxana rəhbərliyinə müraciət edib. Amma ona hansı cavab verilməsindən xəbərsizdir.

Jurnalistin saxlandığı Bakı İstintaq Təcridxanasından vəkilə verilən arayışda isəə deyilir:

«Əvəz Zeynallıya hepotoxolesistit, hepatomeqaliya, böyrəklərdə duz kristallaşması, bel fəqərələrinin osterexondrozu, radikulonevralgiya, xroniki subatropik rinit diaqnozu təyin edilib».

Onun həbsdə olduğu müddətdə bu diaqnozlarla ambulator müalicə aldığı da bildirilir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov AzadlıqRadiosuna deyir ki, istənilən məhbus müalicədən narazıdırsa, ödənişli tibb müəssisələrindən birinə müraciət edə bilər.

«HƏR GÖRÜŞƏ GÖRƏ 50-100 MANAT İSTƏYİRLƏR»

Bunu isə Əvəz Zeynallı ombudsmana məktubunda yazır. O saxlandığı istintaq təcridxanasındakı vəziyyətlə bağlı ombudsman Elmira Süleymanovaya müraciət edib. Və onu təcridxanaya dəvət edib.

Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasında siyasi və mətbu hüquqların yox dərəcəsində olduğunu yazıb.

«Nisbətən yaxşılaşdırılmış şəraitin arxasında ciddi rüşvət mexanizmi yaradılıb ki, həmin mexanizm insanın bütün hüquqlarını çeynəməklə məşğuldur. Təqsirləndirilən şəxslərin ailəvi görüşləri əngəllənir, hər hansı məktublaşmalar məhdudlaşdırılır, şikayət ərizələri ünvanlarına çatdırılmır. Şəxsən mənim bir siyasi məhbus kimi hüquqlarım tapdanır. Şikayətlərim əlaqədar orqanlara çatdırılmır. Rəislə görüşə bilmirəm».

Əvəz Zeynallı təcridxanada çox ciddi nəzarətdə saxlandığını bildirir. Onun beynəlxalq təşkilatların və Ombudsman Aparatının əməkdaşları ilə görüşünə imkan verilmədiyini yazır.

«ƏVƏZ ZEYNALLI UŞAQ-ZAD DEYİL Kİ, ONU OMBUDSMANDAN GİZLƏDƏSƏN»

Mehman Sadıqov
Mehman Sadıqov
Elmira Süleymanovanın və ya onun başçılıq etdiyi qurumun bu müraciətə reaksiyasını öyrənə bilmədik.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov isə məktubda deyilənlərə münasibət bildirdi:

«Ombudsman istintaq təcridxanalarında razılaşdırılmamış monitorinqlər aparır, müxtəlif məhkum və ya təqsirləndirilən şəxslərlə görüşlər keçirir. O ki qaldı, Əvəz Zeynallının Ombudsman Aparatının ya da beynəlxalq təşkilatların nümayəndələrindən gizlədilməsinə, o uşaq-zad deyil ki, onu ombudsmandan gizlədəsən. Bu, cəfəngiyatdır. Beynəlxalq qurumların adı çəkilən şəxslə görüşmək niyyəti olarsa, şərait yaradarıq. Heç bir maneəsiz».

Mehman Sadıqov məktubda toxunulan başqa məqamları, xüsusən də rüşvətlə bağlı deyilənləri təkzib edib.

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də rüşvət alma ittihamı ilə saxlanıb.
XS
SM
MD
LG