Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:26

Metal zavodlarına indi də polislər müdaxilə edir?


Möhürlənmiş qapı
Möhürlənmiş qapı
-
Bakının Zabrat qəsəbəsindəki «R.A.N.K.» MMC metalyayma müəssisəsinin sahibləri bir neçə gündür ki, öz zavodlarına girə bilmirlər. Səbəb isə avqustun 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının zavodun qapısını möhürləməsidir.

İndi «R.A.N.K.» MMC-nin qapısında Sabunçu rayon Polis İdarəsinin əməkdaşları keşik çəkirlər. Onlar buranın niyə möhürlənməsindən məlumatsız olduqlarını deyirlər. Bu haqda sualları nazirliyə və idarəyə ünvanlamağı xahiş edirlər.

«Biz Sabunçu rayon Polis İdarəsinin göstərişini yerinə yetiririk. Mənə göstəriş verilib ki, bura giriş-çıxış olmasın və möhür burdan qoparılmasın».

Avqustun 29-da müəssisənin həyətində brifinq keçirən zavod rəhbərliyi bildirib ki, DİN-in əməkdaşları avqustun 26-da zavodun qapısını möhürlədikdən sonra müəssisənin icraçı direktoru Nuşirəvan Əmirovu da özləri ilə aparıblar.

BİR GECƏ ZİRZƏMİDƏ SAXLANAN SAHİBKAR

İcraçı direktor Nuşirəvan Əmirovun dediyinə görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində izahat yazdıqdan sonra onu bir gecə də idarənin zirzəmisində saxlayıblar:

«Zavoda gələnlər əvvəlcə hamını ərazidən çıxardılar. Mənə dedilər ki, biz generalın göstərişi ilə gəlmişik. Amma söhbət hansı generaldan gedirdi, onu demədilər. Sonra məni apardılar idarəyə. İri qara avtomobillərə gələn nazirlik əməkdaşları mülki geyimdə idilər. Onlar zavod haqqında bütün məlumatları istədilər. Yəni, nə vaxtdan fəaliyyət göstərir, kim idarə edir, nə qədər məhsul istehsal edir və s...
Nuşirəvan Əmirov
Nuşirəvan Əmirov
Daha sonra tələb etdilər ki, zavodun təsisçisi Dövran Mikayılov idarəyə gəlib izahat yazsın. Yalnız bundan sonra sərbəst buraxılacağımı dedilər. Sonra məni apardılar İdarənin zirzəmisinə, səhərə qədər orda qaldım».

Dövran Mikayılov isə deyir ki, o, avqustun 27-də adıçəkilən idarəyə vəkili Aslan İsmayılovla gedib. Amma onu vəkilsiz, tək qəbul edəcəklərini bildiriblər. Buna isə nə vəkil, nə də Dövran Mikayılov razı olub:

«Mən vəkilsiz ora getmək istəmirəm».

«BU İŞ POLİSLİK DEYİL»

Aslan İsmayılov hesab edir ki, zavodun qarşısında polis postu qurulsa da, bu iş polislik deyil:

«Polis deyir bizi bura Sabunçu Polis İdarəsinin rəisi təhkim edib. Bu iş idarə rəisi səviyyəsində olan iş deyil. Hesab edirik ki, bu, 2010-cu ildən zavodlarla bağlı başlanan prosesin davamıdır. Bu proses Zülfüqarlı qardaşlarının zavodlarının əllərindən alınması ilə başladı. Baxmayaraq ki, həmin qardaşlarla «R.A.N.K.» arasında əlaqə yoxdur. Məqsəd metal zavodlarını bir əldə cəmləşdirməkdir. Bunu Baş prokuror da, Daxili İşlər naziri də yaxşı bilir, amma onlar bu işin arxasında dayananlara qarşı çıxmağa ehtiyat edirlər».

«MÜLKİGEYİMLİLƏRİN KİM TƏRƏFİNDƏN İDARƏ OLUNMASI İNDİ ÜZƏ ÇIXIR»

İ
Natiq Cəfərli
Natiq Cəfərli
qtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, basqına məruz qalan zavodla əlaqədar hüquq-mühafizə orqanlarının atdığı addım bu işin arxasında kimin dayandığını göstərir:

«Mülkigeyimlilərin kim tərəfindən idarə olunması indi üzə çıxır. Gizlətməyə ehtiyac duymadılar. Bu da o deməkdir ki, dövlətin əli ilə əmlakın mənimsənilməsi baş verir. Əvvəllər bunu mülkigeyimlilər vasitəsilə edirdilər və göstərirdilər ki, dövlətin bu işdə əli yoxdur. İndi isə açıq-aşkar dövlət orqanlarının əli ilə bu işi görürlər».

İQTİSADÇIDAN SAHİBKARLARA MƏSLƏHƏT

Natiq Cəfərli hesab edir ki, sahibkarlar üzlədikləri problemləri hüququ yollar və təşkilatlanma ilə aradan qaldıra bilərlər:

«Belə hadisələrlə bütün sahibkarlar üzləşə bilərlər, ona görə də, təşkilatlanmalı, özlərinin həmkarlar ittifaqlarının yaratmalıdırlar. Hətta siyasi partiyalara üz tuta bilərlər».

POLİSİN POST QURMASI NƏDƏN XƏBƏR VERİR

Aslan İsmayılov deyir ki, müəssisəyə mülkigeyimli, idmançı görkəmində olan adamlar basqın ediləndə, onlar DİN-in «102» xidmətinə zəng vurub kömək istəyiblər. Amma onlara heç bir reaksiya verilməyib.
«R.A.N.K.» MMC metalyayma müəssisəsi
«R.A.N.K.» MMC metalyayma müəssisəsi
​Vəkilə görə, bundan bir müddət sonra məhkəmə qərarı olmadan zavodun qapısına möhür vurulub və qarşısında polis postu qurulub:

«Polisin burda post qurması, möhür vurması məsələnin yüksək səviyyədə həll olunmasından xəbər verir».

DİN DEYİR ARAŞDIRACAQ

Təsisçi «R.A.N.K.» MMC-nin 2005-ci ildə qeydiyyatdan keçdiyini və bütün sənədlərin qaydasında olduğunu bildirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə «R.A.N.K.» MMC-nin qapısının möhürlənməsi ilə bağlı hər hansı rəsmi məlumata malik olmadığını deyib. O, bununla maraqlanacağını bildirib.

İndiyə qədər 20-dək metalyayma müəssisəsinin fəaliyyəti mülkigeyimlilərin təhdidlərindən sonra dayandırılıb. Müəssisə rəhbərlərinin bildirməsinə görə, mülkigeyimlilər «Baku Steel Company»nin icraçı direktoru Rasim Məmmədov tərəfindən göndərildiklərini deyirdilər. Rasim Məmmədov özü səslənən bu iddiaları təkzib edir.
XS
SM
MD
LG