Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:45

Aliq Nağıoğlu "Markesin şəkli" (Hekayə)


-

Əmək kitabçam dərhal verildi. Son haqq- hesab bu qarışıqlıqda yadıma düşmədi. Baş direktor:”Açarı yanında oturan qıza verərsən”, deyəndə sevincimdən uçmağa qanadım yoxdu. Məni ancaq bu cür burdan uzaqlaşdırmaq olardı, necə ki uzaqlaşdırıldım. Bir ay əvvəl “Tefal” elektrik çaynikini gətirəndə keçirdiyim hissləri heç kəslə bölüşmək istəmirəm. Ürəyimdə “əlvida, tualet qoxulu otağım”, dedim, əmindim ki Allahın özünə, arzulasa belə, bura ikinci dəfə təkrar qayıtmaq qismət ola bilməz. “Bura işə girənlər, bir də çıxanlar sevinir”, – bibim oğlu birinci gün çəp- çəp mənə baxıb xəbərdarlıq etmişdi. Ona ikinci dəfə sevinmək qismət olmamışdı, nə qədər qəribə olsa da, qəfildən iş başında dünyasını dəyişmişdi. “Siz doğrudan da gedirsiniz…” referent qızın sual dolu baxışlarla əzilib- büzülməsi də vecimə deyildi; sanki bir az əvvəl işdən çıxarılmağım barədə dabanbasma əmək kitabçama səliqəli yazılanları unutmuşdu. Bu, ölüdən öldüyünü sorğu- sual etmək kimi bir şey idi. Amma mən baş direktorun bu gedişindən narazı deyildim, tez anlaşıldıq: “ Ən yaxşısı, şəkərim qalxmamış, işdən çıxmaq barədə razılıq ərizəni yaz, sən- sağ, mən- salamat”.
Yeri gəlmişkən, ona qədər məni tərifləməyi unutmamışdı.
“Fikrim səni növbəti ili icraçı direktor vermək idi. Çox ciddi, məsuliyyətli idin.”
“İndikinin çörəyinə bais olma, həm də yaxşı işləyir. Bundan əvvəl istehsalat rəisinin yerinə gedəndə onun əmək haqqının otuz faizini aldım, personalın idarə olunma şöbəsində- əlli faizini, təzə işim də fərqli olmayacaqdı.”
“Əmək haqqından narazılıq ən böyük yasaqdır, unutma!”- patronun üzü bir anda bozarmışdı.
“Xaricdə- ABŞ- da, Almaniyada təcrübəli kadrlar gənclərlə eyni işi icra etdikdə, az qala iki dəfə çox əmək haqqı alır, çünki…”
“Ağzınıza düşüb, ABŞ, İngiltərə… adama deyərlər, sən harada yaşayırasan axı, düşünsənə…” O, tamamilə başqa aləmdə, göylərdə imiş kimi hər şeyə biganə idi.
Nəzarət buraxılış keçidində növbə mühafizəçisi və bütün fabrikin “dayısı” oturmuşdu. Məni görcək hər ikisi ayağa durdu. Patronun dustaqxanada kamera yoldaşı olan “dayı” əl verib mənimlə həmişəki tək səmimi görüşdü:
- Yəqin nəsə işin çıxıb, ay sənin, onunçün tez gedirsən, amma unutma, axşam dəstəmiz “Dəmirağac”a gedəcək. Onsuz da səni gəlib götürəcəyik…- qımışdığını sezsəm də, ciddi dediyini, ya məzələndiyini büruzə vermədi. Özünü əbləh yerinə qoymuşdu, üstünü vurmadım. Buranın bir nömrəli iş verəni idi, həyətdəki ağacların meyvə sayına qədər şefini bilgiləndirirdi. İdarəetmədə, istehsalatda, satışda, yeməkxanada çalışanlar xasiyyətinə bələd olsa da, deyib- danışan olmazdı. Kəsdiyi başa sorğu- sual yoxdu. Təzə ildən işdən sonra ayda bir dəfə yığışıb yeyib- içməyə gedirdik. Təşəbbüs ondan idi, təşkilatçısı o, özü idi, əsasən də əmək haqqını alandan sonra birinci şənbə günlərini seçirdi.
Yolun sol dirsəyində hasar dibindəki alçaq evdən çıxan üst- başı toz- torpağa bələnmiş kişi əlindəki siqareti damağına qoymamışdan başı ilə salam verdi.
- Gedirəm, cənab, yenə həmin vaxtı vuracam, arxayın olun, artıq alışmışam,- amma ayaq saxlamadığımı görüb pərt halda duruxdu. Bir həftə olardı işə girmişdi, işinin adı fəhlə ayaqyolularını təmizləmək, gün ərzində yığılan nəcisi açıq arxla kənara axıtmaq idi. Çox murdar iş idi, bu zaman əcayib iyin ətrafdakılara təsiri barədə təsvirə, zənnimcə ehtiyac yoxdur. Şikayət edən qonşular tezcə sakitləşirdi, evin adamını işə götürməklə asanlıqla ağzı yumulurdu. İy rahat ofis otaqlarında da hiss olunurdu.
Taksi dayanacağına kimi yarım saatlıq yolu piyada getmək qərarına gəldim. Rahat iş yerimdən uzaqlaşdığım yadıma düşdükcə, açığı beynim daha da şişirdi. İşdən çıxmaq, özü də indiki vaxtda, sizə lağlağı gəlməsin. Hələ əlavə etsəm ki, qızım nişanlanıb, ali məktəbi bitirmiş oğlum bir aydan sonra hərbi xidmətə çağrılacaq itkinin miqyasını görmək çətin deyil. Evdə sorğu- sual mütləq olacaqdı, özü də necə lazımdı. Hər şeyi başa düşən, nəzərə alan həyat yoldaşım işdən çıxmağımı əsaslandırmaq üçün gətirdiyim dəlilləri eşitmək belə istəməyəcəkdi. Nə danışırsan? Bəlkə də indiki halda əbləhin ən yekəsi mən özüm idim.
Yeni iş yeri axtarmaq, hər şeyi təzədən başlamaq isə vaxt istəyirdi. Kim nə deyir- desin, bizdə rüşvətsiz heç nəyi yoluna qoymaq mümkün olmadığı kimi, iş yerini itirənə münasibət bir anda yüz səksən dərəcə dəyişir. Belə rəftarı görə- görə gəlirdim. Məni yataq yerimə salıb yorğanı üstümə çəkən qonşularım da, iş yerində qazandığım tanışlarım da göz önümdən çəkilmirdi.
Ayaq saxlayıb bir an yan- yörəmə baxıram, ehtiyatı əldən vermək olmaz, iş yerinə gedən yola möhkəm asfalt basılsa da, ensiz idi. Yol rahat olduğundan arxadan və öndən gələn tək- tük maşınlar sürətlə şütüyürdü. Xatirimdədir, bu asfalt ölkə prezidenti axırıncı dəfə müəssisəmizə baş çəkəndə basılmışdı. Keçən il bu səbəbdən düz on gün əsas istehsalat binasının işini saxlayıb, divarlarını ağartmış, avadanlıqları silib- rəngləmişdik. Bütün iç işlərə mən rəhbərlik edirdim, patronun ən kiçik tapşırığını belə diqqətdən qaçırmırdım. Hətta qonşuluqdakı yaşayış evlərinin hasarlarını malalayıb ağartdıq, görüntüyə düşən bəzi köhnə dam örtüyünü dəyişdik.
Baş anbardar mənimlə üzbəüz rastlaşanda təəccüb etdim ki, görəsən nə vaxt bayıra çıxıb, xəbərim olmayıb. Çox nadir və vacib hallarda buraxılış vərəqəsi ilə çölə çıxan işçilərin müraciətinə mən baxdığımdan əminliklə deyirəm.
- Salam, deyəsən sənin də işin çıxıb? Mən tələsə- tələsə olsa da, düzüb- qoşdum,- əlində dolu selofan torba vardı. Gümrah və şən görünürdü. Bu adam fabrikin bütün cikini- bikini bilirdi. Hansı anbarda hansı aksessuarın neçənci sırada olduğunu, sayını dəftərsiz- kitabsız gecə yuxudan qaldırıb soruşsan, əzbər deyirdi. Baş direktora yaxınlığı ilə seçilirdi. Bir dəfə səbəbini özü anlatmışdı: patronun atalığı vaxtilə onun atasının baş həkim işlədiyi poliklinikada təsərrüfat müdiri işləmişdi. Dildən qüsurlu bu adamı baş həkim düz iyirmi il yola vermişdi. Ona görə də burada işi saz idi, dəymədüşər sözlərinin başına ip salan yox idi. İndi ona görə özünü əbləh yerinə qoyurdu, üzü- üzümə ağ yalan quramalayırdı, amma mən də susmaqla ötürmək istədim. Hər halda, maraq üstün gəldi, ya nədənsə ayaqlarımı çəkə bilmədim:
- O vaxtı mobil telefonuna nömrə alanda dediyimə məhəl qoymadın,- durub təəccüblə üzünə baxdığımı görüb, izah edir,- yadındadır, iki nömrə vardı: birinin sonu 6165, digərininki- 8582 ilə qurtarırdı. Sən axırıncını seçdin, mənə qulaq asmadın. Bilmirəm nəyə görə onda belə etdin, amma 6165- də sıçrayış vardı, o birininsə- sonu ikidir də… Taleyinə hər şeyi irəlicədən yazdın. Ən pisi həyatda iki almaqdır, adamı yandırır, eləmi? Sənə bir söz də deyim: hərəkətin patrona yaman toxunub, icraçı direktora göstəriş verib ki, uşaqların əmək haqqını artırmaq barədə təcili əmr hazırlasın. Düzü, idarəetmədən heç kəs narazılığını üzbəsurət bildirə bilməzdi, nə danışırsan, bunu deməkmi olar. Sən qurd ürəyi yemisən. Uşaqlar sevinir ki, əmək haqqları qalxıb… Sənsə, arada güdaza getdin… Amma, cəsarətliymişsən, heyf canına…
Onun dedikləri məni qətiyyən maraqlandırmırdı, ən azından indiki halda. Sabah, birigün yadıma düşəndə, təəssüf qarışıq hisslər keçirəcəkdim, mütləq düşünəcəkdim, ancaq, Allah xatirinə, indi beynim doludur. Həm də biləndə ki bunun özü də mürəkkəb adamdır, mürəkkəb adamlarsa mənlik deyil; nəyi söz almaqdan ötrü, nəyi canıyananlıqdan dediyini ayırd edə bilmirəm. Təzə-təzə bura gələndə bibioğlu mənə onlardan danışanda yavaşca qulağıma pıçıldamışdı ki: ”Bu adamlar dovşanlıq edir, yəni işverəndilər, çalış ağzın qanla dolu olsa, tüpürmə, yəni yanlarında heç nə deyib- danışma”. Amma yalvarmışdı ki, heç kəsə bu barədə bir kəlmə də deməyim, yazıqdır, balaları var, buradan çıxarılsa, acından qırılar.
Bu ipləmə, hər şeyi bildiyi halda öyürüb- çevirir, söz gəzir, söz tutur, beləsinə ürəyini necə açasan?
- Amma kətanla bağlı sualıma da cavab tapmadın, hi, hi…- ətli üzü işıqlanır, razı halda hırıldayır. Qaşlarımın daha da çatıldığını görüb özü aydınlıq gətirir:
- Sənin hafizəni yaxşı bilirdim, amma yoox, qocalırsan… Nə tez unutdun, hər dəfə kətan istəyəndə bu sualı sənə ünvanlayırdım… Xatakar adam deyilsən, amma bicliyin- zadın da yoxdur… Guya nəsə desən dünya dağılacaq, sənin işini bitiriblər onsuz da… Kimdən çəkinirsən, ay yazıq: yumşaq, təmiz, məsaməli ağ kətan nəyə, hara lazım olur…
Bu adam əsl itoynadandır. Keçən ilə qədər mənim yanımda magistraturada oxuyan ikinci bir qız da əyləşirdi. Düzdür, bu ildən onu mühasibatlığa keçiriblər. Özü də günortayacan işləyir. Patron özü belə tapşırıb:” Sağ olsun xanımın qardaşı, onun hesabına son tenderi udduq, noolsun pulumuzu vermişik. İndi pul verməyənmi var, amma adamın Allahı var, o, olmasaydı işimiz keçməyəcəkdi. Nazir müavininin xırda bir xahişini yerinə yetirmək borcumuzdur: bu, bacısıdır, hamılıqla yola verməliyik.” Mən hər ayda iki dəfə silgi kimi bir metr ağ kətan yazdırıb götürürdüm. Bunu qızlar məndən xahiş edirdilər. İndiki vəziyyətdə mənim beynim doludur, cavab axtarmağa halım yoxdur. Yoox, əgər əvvəllər də buna oxşar suallar verilibsə və onda da cavabım olmayıbsa, demək, məsələ qəlizdir.
- Təmiz, yumşaq, məsaməli ağ kətan… Ayaqyoluna qonşu otağa keçirilməyində hikmət axtarmağına dəyər: ora son dayanacaqdır, ordan vızıldadırlar bayıra, gedirsən çala- çala…- sağ ayağı ilə acıqla kiminsə yanına təpik vururmuş kimi göstərir.
Dilxorçuluğumu büruzə vermirdim. Artıq mənim onun səviyyəsiz danışıqlarına qulaq asmağa sadəcə səbrim çatmır. Sağollaşmadan yeyin addımlarla yoluma davam edirəm. Amma axırıncı dedikləri beynimi deşir. Ayaqyoluna bitişik otağa bu ildən keçmişdim. Bu otağa keçməyimin işdən uzaqlaşmağımla nə əlaqəsi ola bilərdi? Əmək haqqından narazılığım olmuşdu, özü də bir neçə dəfə, sonda icraçı direktor patrona bu barədə çatdırmışdı, məsələ də xoşluqla həllini tapmışdı. Bu nə sirli gedişlərdir, başa düşmürəm, amma anbardar boş yerə hürən adam da deyil. Əməlli- başlı işə düşdüm, bu qoduq hardan tapılıb yolumun üstə çıxdı. Özü də məndən icazə almayıb, yəqin yüz faiz bilirmiş işdən uzaqlaşmağımı. Rahat- rahat danışır da…
Çönüb qeyri- ixtiyari arxama baxıram, anbardar dayanıb hələ də telefonla danışır.
Tanınmaz dərəcədə yaxşılığa dəyişmiş prospektə çıxıram. Çoxdandır bu yerləri piyada getmədiyimdən gördüklərimdən şaşırıram. Yol kənarı əkilmiş palma ağacları, bahalı daşlarla bəzədilmiş piyada yolu, yeni və müasir işıq dirəkləri, ən başlıcası təmizlik nəzərimdən qaçmır. Burda işlədiyim üç ili səhər səkkizdə işə girirdim, axşam yeddidə çıxırdım. Çox vaxtı bazar günləri də işləyirdim. Evim, təsərrüfatım da yaddan çıxmışdı. Bu an yerə- göyə sevinc, məsumluq bəxş edən günəş şüası qədər heç nə məni məftun etmir: sanki həsrət idim, çünki qapalı istehsalatda çalışırdım. Gün ərzində günorta yeməyini, qalan başqa ehtiyacını yarım saat fasiləyə uzlaşdırmalı idin. Mənim üçün bunlar arxada qalmışdı. Hava isti olsa da xoş idi. Bir neçə dəfə acgözlüklə isti havanı ciyərlərimə çəkdim. Hər şey artıq mənə yaddı, bu gündən hamı mənə yağı kəsiləcək və indi tam qavradım ki, bu andan fabrikin çıxdaşına çevrilmişəm. Təsəllim vardı: vicdanımı itirməmişdim, təmiz qala bilmişdim.
Yol boyu hava xəfələşdiyindən ayaq saxladım, yeni ucalan kommersiya binalarının kölgə düşən yerlərində dincəldim, nəfəsimi dərdim.
Dayanacaqda çox gözləyəsi omadım. Arxa oturacağa əyləşən kimi maşın yerindən dəbərdi. Gözlərimi yumdum ki, ağrısı azalsın, bunu da hardasa oxumuşdum. Ancaq magistral yoldan kəndə ayrılan yola keçəndə çala- çuxura düşüb silkələndikcə gözlərimi açdım. Patronun altı aya tikdirdiyi yeni məktəbin açılışına gələcək birinci xanımın şərəfinə səhərə kimi on kilometrlik yolun çalalarına yamaq vurulsa da, rayondan seçilən deputat ali qonağın açılışa gəlməsinə nail ola bilməmişdi. Kəndə gedən yol iki böyük sahibkarın bir gecəlik ciddi- cəhdinə baxmayaraq ilk yağışdan dağılmışdı. Ona görə sürücünün evimə qədər yol barədə nağılına ustəməsəm də qulaq asmalı oldum:
- Bir gecəyə çəkilən yol belə olar da… Bitum əvəzinə mazut qatırlar, it uşağı… Amma milyonçularımız səhəri diri gözlü açdı. Yollardayam da, görürdüm, ali qonaq açılışa gəlmədi. Hamısı pokazuxa olub eyy, mən ölüm…
Həyat yoldaşım həyətin ortasında durub əllərini belinə doladığı yun adyalın içinə soxmuşdu. O qədər sakit, o qədər ciddi idi ki, sanki dəfndən yenicə qayıtmışdı. Evimizin gecə- gündüz sadiq gözətçisi it çənəsini pəncələri üstə qoyub yatırdı. Yanından keçəndə ayılmadı; ər- arvad dayanıb bir- birimizin üzünə baxırıq: zəiflik, qorxu , ya da tərəddüd əlamətləri görmürəm. “Nə səni dəyişə bilirəm, nə xasiyyətini. Bəxtimnən barışmaqdan başqa əlacım yoxdur. Bu gün iki dəfə keçmiş iş yoldaşın gəlmişdi, vacib söhbəti olduğunu deyirdi. İsrarla xahiş etdi ki, axşam evdə olarsan, gələcək. Qocalara baş çəkib qayıdıram, yemək istəsən soyuducuda hazır xörək var, çay da təzə dəmdir”,- bərabərimə çatanda mülayimliklə gülümsədi. Valideynlərini nəzərdə tuturdu, bizim küçənin sonunda qalırdılar. Qırımından qulağına xəbər çatdığı bilinirdi. Mən cavab vermək istədim, mızıldadım.
Əyin- başımı soyunub yaxşıca yuyundum. Bir stəkan pürrəng çay süzüb balaca yataq otağıma keçdim. Pencəyimin cibimdən qeyd dəftərimi çıxarıb dəmir çarpayıya uzanıb vərəqlədim. Arasında çox sevdiyim yazıçı Markesin əski qəzet şəkli vardı. Lakin şəkil orada deyildi. İş otağımda unutduğumu zənn etdim. İki saatdan sonra ehtimalım düppədüz çıxanda təəccüblənmədim.
Referent qız siyirməmi təmizləyəndə məşhur yazıçının iş kominezonunda olan köhnə qəzet şəklini tapır. Tələsik axtarsam da, kağızların arasında ilişib qalıbmış. Dərhal da bu barədə icraçı direktora məlumat verir. O da: “Patron bu yaxınlıqda hüzürdədir, axşama gələcək, məruzə edərəm”, – deyir. Ağıllarına gəlmir ağ- qara fonda qəzet şəkli olmağı. Baş direktor bu barədə eşidəndə buyruq qulunu çox intizarda saxlamır: “Atasının şəklidir unudub, mənə də qohumluğu çatır, bir dəfə toyda eyni stolda oturmuşam, lap yəqin bu, belədir; münasib adama verin, çatdırsın, bizə də gərək deyir.” Adamın adama oxşarlığı adi hal olmasa da, atam yazıçı Markesə zahirən oxşayır.
Bu gün axşamüstü şəkli gətirən gənc işçi onu mənə təqdim edəndə elə belə də dedi: nə artırdı, nə əskiltdi:
- Bizə də gərək deyil, atanın şəklini unutmusan.

kult.az
XS
SM
MD
LG