Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:29

Ermənistanla müharibə başlaya bilərmi?


Qarabağda erməni əsgəri
Qarabağda erməni əsgəri
-
Sentyabrın 5-də Bakıda Dağlıq Qarabağ müharibəsindən bəhs edən «Dolu» filminin təqdimatı keçirilib. Filmin sonunda azərbaycanlı döyüşçülər işğal edilmiş Qarabağ torpaqlarına qayıdırlar. Film alqışlarla və göz yaşı ilə qarşılanıb.

Rejissor Elxan Cəfərov deyir ki, filmi çəkməkdə məqsəd vətənpərvərliyi təbliğ etməkdir:

«Qəhrəmanlarımızı, belə atan, belə vuran oğlanları göstərməkdə ideoloji məqsədimiz azərbaycanlıları qəhrəmanlıq ovqatına kökləməkdir».

Bu filmi «Məğlubiyyət haqqında qələbə» adlandıranlar da tapılıb. Ancaq müharibəni uduzmuş Azərbaycan cəmiyyətində son günlər bir hadisə daha çox nikbinliyə səbəb olub: erməni zabitini öldürmüş Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfvi.

Bu məsələ Ermənistanda isə narazılıqla qarşılanıb. Elə sentyabrın 5-də Ermənistan parlamenti yığışıb. Deputatlar Ramil Səfərovu Bakıya verdiyinə görə Macarıstanla diplomatik əlaqələri kəsmək haqda məsələni müzakirə ediblər.

«RAMİL SƏFƏROVUN İŞİ SÜLHƏ SON QOYA BİLƏR»

«New York Times» yazır ki, Ramil Səfərovun işi Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh prosesinə son qoya bilər.

«Proses getmirsə, vakuum əmələ gəlir və tədricən bu boşluq müharibəyə aparan gərginliklə dolur. Ermənistanın bu məsələyə necə reaksiya verəcəyini görəcəyik, ancaq mən bundan qorxuram».
Bunu Vaşinqtondakı Karneqi Beynəlxalq Sülh Fondunda Qafqaz üzrə mütəxəssis Thomas de Waal deyir:

«Birdən birə çox təhlükəli vəziyyət yaranıb».

SƏMƏD SEYİDOV: BAKIYA MÜHARİBƏ ELAN EDƏCƏKLƏR?

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov müharibənin yenidən alovlanacağına inanmır.
Səməd Seyidov
Səməd Seyidov
Xüsusən də bu günlərdə. Onun fikrincə, bu konfliktin həlli ilə bağlı diplomatik imkanlar hələlik tükənməyib:

«Müharibəni biz başlamadıq. Ermənistan parlamenti yığışsa da, yüz dənə qərar qəbul etsə də, törətdiklərini törədiblər. Azərbaycanın 20 faizini kəsib bədbəxt ediblər. Bundan sonra Bakıya müharibə elan edəcəklər? Və yaxud Dağlıq Qarabağı tanıyacaqlar? Dağlıq Qarabağı tanımaq imkanında olsaydılar, çoxdan edərdilər. Başa düşürlər ki, Dağlıq Qarabağı tanımaq hətta Ermənistan səviyyəsində mümkün deyil. İndi toplantı keçirə, beynəlxalq səviyyədə bəyanatlar verə bilərlər. Amma dünya o qədər də sadəlövh deyil. Azərbaycan da 20 il öncəki Azərbaycan deyil».

VƏFA QULUZADƏ: «RAMİL SƏFƏROVDAN ƏL ÇƏKSİNLƏR»

Sabiq dövlət müşaviri Vəfa Quluzadə deyir ki, Ermənistan özbaşına müharibəyə başlaya bilməz:

«Müharibəni Rusiya başlaya bilər. Mən yenə deyirəm ki, Rusiyanın müharibə planlarının bir neçə variantı Müdafiə Nazirliyində hazırdır. Amma hələlik Rusiya müharibə etmək fikrində deyil. O ki qaldı Ramil Səfərova. Ondan əvvəl Qəbələ RLS bəhanə ola bilərdi, Qəbələdən əvvəl başqa şey... Erməni ilə sərhəddə bizim pişiyin asqırması belə müharibə üçün bəhanə ola bilər. Yəni, Ramil Səfərovun azadlığa buraxılması müharibəyə səbəb ola bilməz. Bir adamın əfvi balaca məsələdir.
Vəfa Quluzadə
Vəfa Quluzadə
Müharibəyə böyük dövlətlərin qlobal siyasəti gətirib çıxarır. Ramil Səfərovdan əl çəksinlər. Azərbaycanlılar da düşünməsinlər ki, onunla müharibə ola bilər».

«CƏHƏNNƏMƏ TANISIN, SONRA?..»

Ermənistan parlamentinin vitse-spikeri Eduard Sharmazanov mətbuata deyib ki, beynəlxalq aləmdən Azərbaycanın ünvanına tənqidlər səslənir, bundan istifadə edib, Azərbaycanı güzəştə məcbur etmək lazımdır. Güzəştlərdən birisə Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb olunması ola bilər. Parlamentdə azlıqda olan fraksiyalardan biri isə Dağlıq Qarabağın müstəqilliyini tanımağı təklif edir.

«Bu qarışıqlıqda Yerevan Dağlıq Qarabağın müstəqilliyini tanıya bilərmi?» sualına Vəfa Quluzadə belə cavab verdi:

«Dağlıq Qarabağın işğalı onun tanınmasından artıqdır. Bu torpaqlar işğal olunub, nə vaxt azad ediləcəyi məlum deyil. Rusiya Gürcüstanın iki əyalətini tanıyıb. Rusiya Ermənistana desə, tanıyacaq, deməsə, tanımayacaq. Bizə bundan nə isti, nə də soyuq olacaq. İşğala dözürük də. Cəhənnəmə tanısın, sonra? Onsuz da bu torpağı azad edəcəyik».

«Ermənistan parlamentinin Dağlıq Qarabağın müstəqilliyini tanıması Minsk Qrupunun ölüm hökmü olardı».
Əli Əhmədov
Əli Əhmədov

Bunu isə yap.org.az saytına müsahibəsində Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Əli Əhmədova görə, Ermənistan rəhbərliyi ölkə parlamentinin vasitəsilə Cənubi Qafqazda gərginliyi təhlükəli həddə gətirə biləcək avantüraya əl atmağa çalışır:

«Formal olaraq, guya buna səbəb Macarıstandan ekstradisiya edilən Azərbaycan zabiti Ramil Səfərovun Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilməsidir».

Politoloq Zərdüşt Əlizadəyə görə də, müharibə istisna edilir:

«Sadəcə hər iki hakimiyyət müxtəlif vasitə və səbəblərdən istifadə edərək Qarabağ naminə güclü fəaliyyət göstərdiklərini sübut etmək istəyirlər. Hər iki tərəf görüntü yaradır və hər iki cəmiyyətin səviyyəsi fərqli deyil».
XS
SM
MD
LG