Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:11

NATO Baş katibinin çağırışlarına reaksiyalar


İlham Əliyev və Anders Fogh Rasmussen
İlham Əliyev və Anders Fogh Rasmussen
-
Azərbaycanda səfərdə olan - NATO-nun baş katibi Anders Fogh Rasmussen sentyabrın 7-də Azərbaycan Diplomatik Akademiyasında çıxışı zamanı bir sıra çağırışlar edib. O, Azərbaycan hökumətini seçkilər və media azadlığı sahələrində islahatları davam etdirməyə çağırıb. Deyib ki, «bu islahatların keçirilməsi ölkəyə xeyir gətirəcək».

Rasmussen həmçinin Bakını hərbi islahatlara da çağırıb. Onun fikrincə, «Azərbaycan müdafiə sahəsində də islahatları davam etdirməlidir».

«GƏRƏK İQTİDAR RASMUSSENİ ANLASIN»

Politoloq Hikmət Hacızadə NATO baş katibinin dedikləri ilə razıdır. O hesab edir ki, gərək Azərbaycan iqtidarı Rasmussen’in nə demək istədiyini anlasın. NATO-nun idarəçiliyi demokratik sistemə ölçülüb. Orada cəmiyyət orduya nəzarət edir. Belə bir nəzarət üçün politoloqun fikrincə, söz azadlığı, açıqlıq və şəffaflıq lazımdır. Bu olmayanda orduda hərbçilərin qiyamından tutmuş korrupsiya və digər özbaşınalıqlar baş verir. Əgər Azərbaycan yeni sistemə, yeni idarəçiliyə keçmək istəyirsə, Rasmussen’in dediyi demokratik islahatları həyata keçirməlidir:

Hikmət Hacızadə
Hikmət Hacızadə
«Demokratik islahatlar təkcə ona görə lazım deyil ki, insanın danışmağa haqqı var. Düzdü, bu, vacibdir. Amma vətəndaş orduya nəzarət eləməsə, demək o ölkə bu idarəçiliyə hazır deyil. Avroatlantik məkana inteqrasiyanın əsas şərti xalqın hökumətə nəzarətidir. Xalqın da hökumətə nəzarətinin əsas şərti söz və başqa azadlıqlardır. Bütün bunlar isə demokratik seçkilər yolu ilə həllini tapan məsələlərdi».

MEDİAYA AYRI-SEÇKİLİK?

Onu da deyim ki, Rasmussen’in Diplomatik Akademiyadakı çıxışını izləməyə məhdud sayda media qurumu dəvət edilib.

AzadlıqRadiosunun bu barədə yazılı sorğusuna cavabında NATO rəsmisi deyib ki, «NATO azad media və söz azadlığını dəstəkləyir. Biz bu məsələləri Sülh Naminə Tərəfdaşlıq proqramlarımız çərçivəsində tərəfdaş ölkələrlə müzakirə edirik. Ancaq bu səfərlər zamanı hökumət rəsmiləri ilə keçirilən tədbirlərə medianın çıxışını təmin etmək üçün ev sahibi olan ölkələr məsuliyyət daşıyır».

Konfliktlərin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev isə deyir ki, Sülh Naminə Tərəfdaşlıq proqramında iştirak etməklə Azərbaycan təhlükəsizlik sahəsində əsasən də müdafiə sektorunda, islahatlar aparmaq öhdəliyi götürüb. Azərbaycan bu öhdəliklərin bir qismini yerinə yetirir. Amma dərin islahatlar aparmır. Bu da Elxan Mehdiyevin fikrincə, daha çox müharibə vəziyyəti ilə bağlıdır. Amma elə islahatlar da var ki, onları həyata keçirmək mümkündür və bu, Azərbaycan ordusunun güclənməsinə gətirib çıxara bilər. Bunlar büdcənin şəffaflığından tutmuş ordu üzərində nəzarətədək geniş bir sahəni əhatə edən anlayışdır.

BU SUALI RASMUSSENƏ VERMƏK LAZIM İDİ

Ramil Səfərov
Ramil Səfərov
NATO-nun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini deyən baş katib Ramil Səfərovun Azərbaycana ekstradisiyasından sonra əfv edilməsinə də münasibət bildirib. O deyib ki, «Ramil Səfərov dəhşətli cinayət törədib və onun əfv edilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstək vermir.

Elxan Mehdiyevə görə isə Rasmussen Ramil Səfərovun həbsdə saxlanılmasının bu münaqişənin həllinə hansı dəstəyi verdiyini izah etsəydi, daha yaxşı olardı:

«NATO ATƏT-in həmsədr ölkələrinə inanaraq münaqişənin nizamlanması ilə bağlı heç bir addım atmır. Ona görə də münaqişənin sülh yolu ilə həlli barədə vədlərə inanılaraq 20 ildir Azərbaycan torpaqları Ermənistanın işğalı altında qalıb. Ramil Səfərov əgər Macarıstanda yüz il həbsdə qalsaydı, ermənilər işğal etdikləri torpaqlardan çıxacaqdılarmı? Bax bu sualı Rasmussen’ə vermək lazım idi. Digər tərəfdən nəzərə alaq ki, iki əsgər arasında baş vermiş münaqişə zəminində törədilmiş cinayətə görə Ramil Səfərovun ömürlük həbs cəzası alaraq Macarıstanda qalması da nə Avropa dəyərlərinə, nə də hansısa qanunlara uyğun deyildi».

«ŞABLON» AÇIQLAMALAR

Elxan Mehdiyev
Elxan Mehdiyev
ATƏT-in Minsk qrupunun səylərinə gəlincə, Elxan Mehdiyev Rasmussen’in bu barədə dediklərini «şablon» xarakterli açıqlama adlandırır. Deyir bu səylərin nizamlama prosesində hansı rol oynadığını yəqin ki, prezident İlham Əliyev NATO baş katibinə layiqincə izah edib.

Prezident İlham Əliyev Rasmussen’lə keçirdiyi birgə mətbuat konfransında deyib ki, Ramil Səfərovun ekstradisiyası Avropa Konvensiyasına uyğun həyata keçirilib. Ermənistan bundan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə zərbə vurmaq məqsədilə istifadə etməməlidir.

Hikmət Hacızadə isə hesab edir ki, Ramil Səfərovla bağlı Rasmussen’in bəzi fikirləri ilə razıdır. Deyir Səfərovun bu cür hay-küylə azadlığa buraxılması həqiqətən də Azərbaycanla Ermənistan arasında gərginliyi artırdığı kimi etimadı da azaldır. Bu isə münaqişənin nizamlanmasına müsbət təsir göstərə bilməz:

«Onu deyim ki, bu münaqişənin hərb yolu ilə həlli yoxdur. Çünki ortada Rusiya var. Və əgər biz bu məsələni sülh yolu ilə həll etmək istəyiriksə addımlarımızı ağılla atmalıyıq. Ramil Səfərovun azad edilməsinə sevinirik. Amma onun ətrafında bu boyda şou yaratmaq əlbəttə ki, Azərbaycana yaxşı heç nə vəd etmir».

NATO-nun baş katibi Anders Fogh Rasmussen sentyabrın 6-da Ermənistan və Gürcüstanda səfərdə olub.
XS
SM
MD
LG