Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:37

DİN Aydın Acalovun ölümünə səbəb olan yol qəzasının təhqiqatı ilə bağlı məlumat yayıb


Daxili İşlər Nazirliyinin mətbuat xidməti Müsavat Partiyası Məclisinin üzvü Aydın Acalovun ölümü ilə nəticələnən yol qəzasının təhqiqatının ilkin nəticələrinə dair məlumat yayıb.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi «Kamaz-5320» markalı yük avtomobili ilə Bakı şəhər sakini Aydın Acalova məxsus «Peugeot-206» markalı minik avtomobili toqquşub. Nəticədə A. Acalov hadisə yerində ölüb, həmin avtomobildə olan Nigar Yaqublu isə müxtəlif bədən xəsarətləri alıb.

Fakta görə həmin gün DİN BDYPİ-nin İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırma zamanı Nigar Yaqublu qeyri-səmimilik göstərərək avtomobilin mərhum Aydın Acalov tərəfindən idarə edildiyini bildirib. Lakin həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri, şahid ifadələri, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi və toplanmış digər sübutlarla avtomobilin sürücülük hüququ olmayan N.Yaqublu tərəfindən idarə olunduğu və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş verdiyi müəyyən edilib.

Sentyabrın 6-da və 7-də N.Yaqublu ifadə vermək üçün Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsinə dəvət edilsə də, müxtəlif bəhanələrlə, üzürsüz səbəbdən istintaqdan yayınıb.

Sentyabrın 10-da N.Yaqublu cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada şübhəli şəxs qismində tutulub, ona həmin maddə ilə ittiham elan olunaraq Abşeron rayon məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir.
XS
SM
MD
LG