Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:06

Politoloq Məhəmməd peyğəmbər haqda film çəkənə çiçək göndərməyi məsləhət bilir


Fərhad Mehdiyev
Fərhad Mehdiyev
-
Məhəmməd peyğəmbərin təhqir olunduğu iddia edilən «Müsəlmanların məsumluğu» filminin müzakirəsi Azərbaycanda da səngimək bilmir. Film və onun törətdiyi fəsadlara politoloqların münasibəti birmənalı deyil. Sosial şəbəkələrdə də bu məsələyə yanaşmalar müxtəlifdir.

«BU TƏXRİBATLAR XARİCDƏN İDARƏ OLUNUR»

Politoloq Fərhad Mehdiyev deyir ki, həmin filmə baxıb. Çox keyfiyyətsiz və yersiz bir filmdir. Politoloq bu filmi ciddi qəbul edən insanları da başa düşə bilmədiyini deyir. Onun fikrincə, İslam peyğəmbərini təhqir edən insanlar varsa, demək onlar əvvəllər də olublar, bundan sonra da olacaqlar. Bu filmi ərsəyə gətirən adam da onlardan birisidir. Ancaq hər belə hadisəyə də bu şəkildə reaksiya vermək anlaşılan deyil:

«Bu cür təxribatlar xaricdən idarə olunur. Düzdür, cəmiyyətdə bəzi insanlar buna gedirlər. Gedib öz etirazlarını bildirirlər. o cəmiyyətlərdə ki, belə etirazlar baş verir, orada təxribatçılar var. Özü də bunlar demokratiyanın olmadığı cəmiyyətlərdir. Ola bilsin, öz hökumətlərinə etiraz edə bilmirlər. Onun əvəzinə ABŞ-a etiraz edirlər. Normal bir insan başa düşür ki, o kinonun Amerikanın hökumətinə heç bir aidiyyəti yoxdur. Amerikada fikir, düşüncə azadlığı var. İnsanların müxtəlif fikirləri ifadə etmək imkanı var. Onu Amerika edən də budur. Amerika hər şeyi qadağan etsəydi, onun Misirdən nə fərqi olardı ki?».

Fərhad Mehdiyev bu filmə qarşı olduğunu deyir. Amma:

«Ona bu cür reaksiyalar da İslam cəmiyyətlərini gözdən salan hallardır. bu təxribatları törədənlər İslamı aqressiv din kimi göstərmək istəyirlər. Halbuki, İslamda belə şeylər yoxdur».

BU FİLMİ ÇƏKƏNİN CƏZASI NƏDİR

Politoloq Azərbaycan insanının bu məsələyə münasibətini müsbət dəyərləndirir. Deyir, sosial şəbəkələrdə yazırlar ki, guya Azərbaycan cəmiyyəti bu məsələyə kifayət qədər reaksiya verməyib. Amma bu, belə deyil, reaksiya çox normal olub:
Qahirədə filmə qarşı etirazlar, 13 sentyabr 2012
Qahirədə filmə qarşı etirazlar, 13 sentyabr 2012

«Biz 18-ci əsrdə yaşamırıq. 20-ci əsrdə fikir plüralizmi, dözümlülük var. Məndən soruşurlar ki, siz bu filmi çəkənə necə cəza verilməsini istərdiniz? Dedim, mən ona cəza verilməsinin tərəfdarı deyiləm. Onun qapısına bir dəstə çiçək göndərsəydilər, o anlayardı ki, İslamiyyətə qarşı nə qədər böyük bir səhv edib. Halbuki, ona hədə-qorxu gəldikdə, dinimiz haqqında dedikləri kimlərəsə haqlı da görünə bilir».

«FACEBOOK»DA YAZILANLAR

Filmə sosial şəbəkələrdə də münasibət birmənalı deyil. Məsələn, «Facebook» istifadəçisi Ülvi Abdulla hesab edir ki, «Müsəlmanların məsumluğu» filmi ilə real həyat arasında tək fərq fərdlərdədir. Əməllər isə eynidir.

Rövşən Axundov adlı istifadəçi isə filmə qarşı etirazlara haqq qazandırır. O, hesab edir ki, həmin filmdə İslam dini və müsəlmanlara qarşı alçaldıcı hərəkətlər və fikirlər var.

Daha bir «Facebook» istifadəçisi Aynur Orucovanın fikrincə isə, xristian müqəddəslərinə aid də filmlər, karikaturalar çəkilir. Amma onlar müsəlmanlar kimi aqressiv reaksiya vermirlər.

DİNDARLIĞIN SƏVİYYƏSİ BARIT ÇƏLLƏYİNƏ DÖNÜB

Filosof Niyazi Mehdi isə inanmır ki, bir sıra ölkələrdə filmə verilən aqressiv reaksiyalar xaricdən idarə olunur. O, «xaric» deyəndə, Qərbin nəzərdə tutulmasını da məqbul saymır. Deyir, ola bilsin ki, İrandan yaxud Türkiyədən kimsə istəyər Azərbaycanda da həmin filmə reaksiyaları idarə etsin. Amma onun fikrincə, Azərbaycanda heç belə şeylər də yoxdur.

Niyazi Mehdi də Azərbaycan cəmiyyətinin məsələyə reaksiyasını məqbul
Niyazi Mehdi
Niyazi Mehdi
sayır:

«Məncə, Azərbaycanda bu hadisəyə reaksiya məqbuldur. Filmi demək olar ki, heç kim bəyənmir. Etiraz da edə bilərlər. Amma isterika yoxdur və bu, çox yaxşıdır. Elə ölkələr var ki, orada dindarlığın səviyyəsi barıt çəlləyinə dönüb. Bu cür yerlərdə möminliyin sakit, mənəvi tərəfləri yox, «bizdən olmayanlar bizim düşmənimizdir» yanaşması öndədir. Azərbaycanda isə çoxluqda dini hisslər qabalaşmayıb».

QƏRB DÖVLƏTLƏRİNİN MARAĞI

Niyazi Mehdi islam ölkələrində bu cür narazılıqların yaranmasında Qərb dövlətlərinin maraqlı olması barədə deyilənlərlə razılaşır. Deyir, ola bilsin ki, Qərbdə İslam dininə nifrət edən kimlərsə var və onlar istəyirlər ki, İslam dünyası partlamağa hazır olan barıt çəlləyi təsiri bağışlasın. Amma Niyazi Mehdinin fikrincə, belə adamlar çox deyillər, onların dövlət siyasətinə təsir edə biləcək qədər gücləri də yoxdur.
XS
SM
MD
LG