Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:06

Gülər Əhmədovanın təqsirsizlik prezumpsiyası


Qalmaqallı videodan kadr
Qalmaqallı videodan kadr
-
Yeni Azərbaycan Partiyasından (YAP) olan keçmiş deputat Gülər Əhmədova həmkarlarının onun haqqında səsləndirdiyi fikirlərinin istintaqa təsir etdiyini deyir. Vəziyyət belə davam edərsə, o da danışacağını deyir və prezidenti məsələyə müdaxilə etməyə çağırır.

«DƏLƏDUZ», «CİNAYƏT»...

YAP üzvləri, eləcə də Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov müxtəlif vaxtlarda jurnalistlərin suallarını cavablandırarkən istintaqı aparılan məsələlərdən danışmayıblar. İzah da belə olub ki, onların dedikləri istintaqın gedişinə təsir kimi dəyərləndirilə bilər. Amma G.Əhmədova məsələsində bu amil o qədər də nəzərə alınmır. Partiya yoldaşları və rəsmilər G.Əhmədovadan danışanda, «dələduzluq», «cinayət» və s. ifadələr işlədirlər. İqtidara məxsus qəzetlərdə barəsində dərc olunan qeyri-etik yazılar da artıq keçmiş deputatın taleyinin həll olunduğu təsəvvürünü yaradır. Halbuki, hələ istintaq başa çatmayıb və heç bir məhkəmə qərarı da yoxdur.

Beləliklə, G.Əhmədova haqda YAP-dan səslənən bəyanatların istintaqa təsiri ola bilərmi?

Keçmiş deputatın təqsirsizlik prezumpsiyası pozulurmu?

«İSTİNTAQ ORQANLARI MÜSTƏQİL QURUMLARDIR»

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Arif Rəhimzadə deyir ki, səslənən bəyanatların istintaqa təsiri yoxdur:

«Heç bir təsiri yoxdur. Partiya rəsmi olaraq Gülər Əhmədova ilə bağlı heç bir qərar qəbul etməyib, bəyanat verməyib. Partiyanın ayrı-ayrı üzvlərinin onun haqqında fikirlərini irəli sürmələri isə o demək deyil ki, bunların istintaqa hansısa təsiri ola bilər. Hətta partiyanın Gülər Əhmədova ilə bağlı hansısa mənfi qərarı olsaydı belə, yenə də bu, istintaqa təsir edə bilməzdi. Çünki istintaq orqanları müstəqil qurumlardır».

Bununla belə, A.Rəhimzadə hesab edir ki, YAP üzvlərinin indiyədək G.Əhmədova haqqında dedikləri tamamilə haqlı fikirlərdir. G.Əhmədovanın nə o fikirləri inkar etməyə, nə də başqa fikir irəli sürməyə heç bir əsası yoxdur.

Azərbaycan Respublikası Konstitusiyasının «Təqsirsizlik prezumpsiyası»nı müəyyənləşdirən 63-cü maddəsinin 1-ci bəndində göstərilib ki, hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətdə təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunla sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
İqbal Ağazadə
İqbal Ağazadə

Həmin maddənin II bəndində təsbit olunub ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir.

İSTİNTAQA YOX, İCTİMAİ RƏYƏ TƏSİR ETMƏK

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat İqbal Ağazadə isə düşünür ki, YAP-dan məsələyə yanaşmalar düzgün deyil və bütün bunlar kampaniya xarakteri daşıyır. Halbuki, bütün məsələlərdə kampaniyaçılığın yox, hüququn aliliyinin tərəfində dayanmaq lazımdır:

«Əslində, bu bəyanatlar istintaqa yox, ictimai rəyə təsir edir, oturuşmuş mövqe yaradır. Həmçinin, Gülər Əhmədova barədə qərarın nə olacağına işarədir. Bu, fərdi təqsirləndirməklə bütövlükdə sistemi proseslərdən kənara çəkməyin, günahsız çıxartmağın görüntüləridir. Baş verən hadisədə fərdin obrazı, rolu qabardılır. Məhkəmənin qərarı olmadan heç kimə cinayətkar deyə bilmərəm. Amma burada fərdin «cinayəti» qabardılır. Bu, hüquqi baxımdan doğru siyasət deyil».

İ.Ağazadə əmindir ki, bu gün G.Əhmədova haqqında o cür danışan YAP-çılar sabah hakimiyyət dəyişsə, bu iqtidarın əleyhinə danışmaqda da birinci olacaqlar. Onun fikrincə, məhkəmə qərarı olmadan G.Əhmədovadan imtina edənlər yaxşı olardı ki, ən azı hələlik ya hüququn aliliyi, ya da mənəviyyat haqqında düşünsünlər.
Erkin Qədirli
Erkin Qədirli

«DAHA BÖYÜK QALMAQALLAR, BÖHRANLAR OLACAQ»

Hüquqşünas Erkin Qədirli hesab edir ki, bu cür reaksiya keçmiş deputatın hazırkı partiya yoldaşlarının acizliyini, təlaş içərisində olduqlarını göstərir. Əks halda, əlbəttə ki, məhkəmə qərarı olmadan kiminsə cinayət törətdiyini hər hansı formada ifadə etmək düzgün deyil:

«Bu cür bəyanatlar hətta böhtan baxımından mülki hüquq çərçivəsində şərəf və ləyaqətin müdafiəsi üçün əsas da yarada bilər. Amma indi Azərbaycanda belə incəliklərin gözlənildiyi zəmanə deyil. Hər şey qarışıb bir-birinə. Gələcəkdə bundan daha böyük qalmaqallar, dərin böhranlar olacaq. Ona görə də, bu məsələnin qanunvericilik çərçivəsində həlli yoxdur».

E.Qədirliyə görə, bu vəziyyətin hüquqi çözümü yoxdur. Vəziyyət mövcud siyasi sistemin çürüyüb çökməsinədək davam edəcək. Onun fikrincə, Azərbaycanda hər şeyin sıfırdan başlanmalı olduğu dövrü yetişir. Çünki Konstitusiyadan başlayaraq çox şeylər yanlış qurulub.

Sentyabrın 25-də deputat G.Əhmədovanın hazırda Fransada yaşayan sabiq universitet rektoru Elşad Abdullayevdən rüşvət istəməsi iddia olunan video yayılıb.

2010-cu ildə 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilən G.Əhmədova video yayılandan sonra Milli Məclis sədrinin adına ərizə yazaraq mandatından imtina edib.

Video işi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə araşdırılır.
XS
SM
MD
LG