Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:40

HIV-ə yoluxma Afrikada azalır, Azərbaycanda çoxalır


Foto: Arxiv
Foto: Arxiv
-
HIV-Ə NECƏ YOLUXURLAR

Elvinin (ad şərtidir) 3 yaşına lap az qalıb. Amma valideynlərinə onun doğum günü qədər əziz daha bir tarix var... Yaşyarımında İmmunçatışmazlığı Virusunun (ingiliscədən götürülən HIV kimi tanınır) yoxlanılması üçün ondan götürülmüş analizin nəticələri məlum olub. Uşaq tam sağlamdır. Hər iki valideyni bu virusun daşıyıcısı olsa da, uşağın qanında bu virus aşkarlanmayıb.

HIV əsasən qan və ana südü ilə qidalanma, eləcə də cinsi əlaqə zamanı yoluxur. Virusa yoluxan insanlarda müqavimət zəifləyir və onlar müxtəlif xəstəliklərə asanlıqla yoluxa bilirlər. Zamanla bu virusa yoluxanlar Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS), daha çox SPID ya AIDS kimi tanınan xəstəliyə düçar olurlar.

«İYNƏNİN HEÇ BİR FƏRQİ YOX İDİ»

Elvinin atası öncə duruxdu, ancaq daha sonra duyğularını paylaşmağa razılıq verdi. Uşağının sağlam çıxması onu çox sevindirmişdi:

«Bizim müxtəlif xəstəliklərə necə yoluxulduğu barədə heç bir məlumatımız yox idi. Məsələn, AIDS haqda heç eşitməmişdik. Narkotikdən istifadə edəndə damara vururuq. Məlumatsızlıq ona gətirib çıxarırdı ki, bir iynədən 5 nəfər, 10 nəfər, bəzən 100 nəfər də istifadə edirdi. Bizim üçün iynənin heç bir fərqi yox idi, su ilə yuyub, yenidən istifadə edirdik. Həm də dəfələrlə. Nə bilirdik ki, iynədə xəstəlik ola bilər, aramızda kimsə xəstə ola bilər və xəstəliyə belə asanlıqla yoluxmaq olar».

Elvinin atası 18 il öncə ailə qurub. İndi 45 yaşı var. Narkotikə qurşandığını illərcə öz xanımından gizli saxlayıb. Amma Moskvada həbs olunduğu vaxt bu qorxunc alışqanlığından ailəsi də xəbər tutub. Təkcə bu bilinsə, dərd yarı idi. Onun HIV daşıyıcısı olduğu da üzə çıxıb. Amma bu da hamısı deyil – müayinədə həyat yoldaşının – xanımının da həmin virusa yoluxduğu məlum olub.

3200 HİV DAŞIYICISI
Rəsmi məlumatlara görə hazırda Azərbaycanda 3 min 200 nəfər HİV daşıyıcısı var. Azərbaycanda bu virusun daşıyıcılarının 64 faizi narkotik istifadəçiləridir.

4 il öncə -- 2008-ci ildə Azərbaycanda HIV\AIDS-lə mübarizə üçün «Zərərin azaldılması» adı ilə QHT-lərin İnformasiya və Əməkdaşlıq Şəbəkəsi yaradılıb. Şəbəkə özündə 32 yerli QHT-ni birləşdirir. Bu şəbəkənin apardığı araşdırmalar göstərir ki, ölkədə HIV daşıyıcılarının və AIDS xəstələrinin sayı real rəqəmləri əks etdirmir. Şəbəkənin icraçı katibi Rüfət Nəsibov həmin xəstələrin artım sürətini narkotik maddə istifadəçilərinin sayı ilə müqayisə edir:

«Rəsmi rəqəmlərə inansaq, Azərbaycanda 23 min nəfər narkotik istifadəçisi var. Qeyri-rəsmi statistika fərqli rəqəmləri açıqlayır. Məsələn, bizim apardığımız tədqiqatın nəticələrinə görə, narkotik maddələrə 85 min nəfər qurşanıb. AIDS-li xəstələrin azı 60 faizi narkoman və ya narkomanlığa meyllidirsə, demək, belə xəstələrin sayı daha çoxdur».

VİRUS DAŞIYICILARI GEC XƏBƏR TUTUR

«Azərbaycanda HIV-ə yoluxanların sayı sürətlə artır». Bunu Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin rəhbəri Zülfiyyə Mustafayeva deyir. Onun fikrincə, AIDS-lə mübarizəyə başlarkən, ən əvvəl HIV virusunu aşkarlayacaq məcburi yoxlamalar aparılmalıdır. Niyə? Çünki Azərbaycanda müayinələr könüllü aparıldığından virus daşıyıcılarının çoxu bundan gec xəbər tutur. Və... ötən zaman içində özləri də bilmədən ətrafdakıları da HIV-ə yoluxdururlar:
Zülfiyyə Mustafayeva
Zülfiyyə Mustafayeva

«Rəsmi statistikaya əsasən, Azərbaycanda 3200 nəfər HIV daşıyıcısı var. Gerçək rəqəm, təbii ki, bundan daha çoxdur. Az-çox real statistikanı hesablamaq üçün Azərbaycanda HIV daşıyıcılarının məcburi müayinəsi çıxış yoludur. Başqa sözlə, məcburi müayinəyə təkcə donorları deyil, bütün vətəndaşları cəlb etmək lazımdır. Heç bu işə könüllü razılıq verənlərlə də kifayətlənmək olmaz».

AZƏRBAYCANLI HIV DAŞIYICILARI

«Zərərin azaldılması» şəbəkəsində çalışan ekspertlər daha bir məqamı vurğulayırlar: Azərbaycanda HIV daşıyıcılarının çoxu qasterbayterlərdir, yəni çörək və şokolad arxasınca xarici ölkələrə axışan insanlar. Ən çox da Rusiyaya gedənlər, çünki miqrantlar arasında onların özəl payı daha böyükdür. Beləcə, qürbətdə bioloji həyat öz fəsadlarını yaşadır. Ara-sıra və ya həmişəlik vətənə dönən insanlar daşıdıqları virusu öz ailə üzvlərinə də yoluxdururlar.

Elə BMT-nin HIV/AIDS proqramının noyabrın 20-də yaydığı hesabatda deyilir ki, Rusiyada HIV-ə yoluxma halı xeyli çoxalıb. 2006-cı ildə bu şimal ölkəsində ən çoxu 40 min virus daşıyıcısı vardısa, indi onların sayı 60 min rəqəmini aşıb.

Artım təkcə Rusiyada gözə çarpmır. Hesabatdan aydın olur ki, HIV-ə yoluxanların sayı Gürcüstan və Moldovada, Qazaxıstan və Qırğızıstanda da çoxalıb – həm də nə qədər? – azı 25%!..

Hesabat bəzi xoş məqamları da üzə çıxarıb: az və ya orta gəlirli 25 ölkədə HIV-ə yoluxma halları yarıbayarı azalıb. Çoxu da Afrika ölkələridir. «Bunun nəyi xoşdur?» sualına da ehtiyac qalmır, axı HIV-in ən çox yayıldığı dünya bölgəsi də məhz Afrikadır.
XS
SM
MD
LG