Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:00

Türkiyə məktəblərində Atatürk-ün şəkilləri azalır


Atatürk və Erdoğan
Atatürk və Erdoğan
-
Türkiyədə məktəblərdə dərslər dövlətə sadiqlik andı ilə başlayır. Sıraya düzülən şagirdlər dövlət himninin sədaları altında Türkiyə Respublikasının qurucusu Mustafa Kemal Atatürk-ün qoyub getdiyi respublikanın dünyəvi dəyərlərini qoruyacaqlarını vəd edirlər.

Atatürk ötən əsrin 20-ci illərində Türkiyəyə Avropa kostyumları ilə birlikdə dünyəvi təhsil ənənələrini gətirmişdi. Həmin dövrdə Avropadan İstanbula çoxlu müəllimlər gəldi. Xarici təhsil ocaqları yarandı. Həmin məktəblər indi də çox məşhurdurlar. Bu məktəblərdən ölkə elitasını təmsil edən çox adam çıxıb.

İstanbulun məşhur Amerika Liseyinin məzunlarından biri, 2006-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı almış türkiyəli yazıçı Orhan Pamuk son vaxtlar daha çox Nyu-Yorkda yaşayır. O, ölkədən getməsini son vaxtlar Türkiyədə baş verənlərlə razı olmaması ilə bağlayır. Pamuk «CNN Türk»ə müsahibəsində deyib:

«Fanatizmə son qoymaq üçün təhsilli insanların yeni nəslini formalaşdırmaq lazımdır. Ancaq hakimiyyətə gələn hər islamçı partiya azad düşüncəni yayan Avropa liseylərini bağlayır, dini məktəblər açırlar. İnsanları daha rahat idarə edə bilmək üçün onların ruhu uğrunda müharibə gedir».

ŞAGİRDLƏR ETİRAZ EDİRLƏR

Yaxınlarda Türkiyənin təhsil sistemində keçirilən islahatlar İstanbulda 80-ə yaxın məktəbi əhatə edib. Bu məktəblərdə 50 minə yaxın şagird təhsil alır. Yerli müxalif media yazır ki, bu islahatlar nəticəsində həmin məktəblər «İmam Hatip məktəbləri»nə çevriliblər. Media yazır ki, bu məcburi və gizli şəkildə edilib. Təhsil Nazirliyi bundan yalnız məktəb rəhbərlərini məlumatlandırıb. Valideynlərin çoxu isə bu dəyişikliyin onlar üçün sürpriz olduğunu bildiriblər. Bununla əlaqədar yüz minlərlə şagird etiraz aksiyalarına çıxıb. Onlar hakim Ədalət və İnkişaf Partiyasını təhsil sistemini islamlaşdırmaqda ittiham ediblər.

Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan
Türkiyənin Baş naziri Recep Tayyip Erdoğan da «İmam Hatip məktəbi»ni bitirib. O, çıxışlarının birində deyib ki, məktəbdə öyrəndikləri ona bir çox elmlərdən daha faydalı olub. Çünki ona islamın qanunlarına riayət etməyi, aldatmamağı, ləyaqətli olmağı öyrədiblər. Baş nazir deyib ki, bunun nəyi pisdir?

SULTAN BİRİNCİ RECEP

Bir neçə il əvvələ qədər məktəblərdə divarları Atatürk-ün, Avropa mütəfəkkirlərinin, tarixçilərin, yazıçıların şəkilləri bəzəyirdi. İndi isə onları Osmanlı sultanlarının şəkilləri əvəz edib. Müəllimlərdən biri yavaşca deyir ki, «yuxarıdan belə göstəriş olub». İndi Osmanlı İmperiyası nümunəvi dövlət quruluşu kimi təqdim olunur. Bəzən zarafatla Erdoğan-ı «Sultan Birinci Recep» adlandırırlar.

Dərs vəsaitlərində isə Avropa təfəkkürünə hörmətsizlik də yer alır. İstanbul məktəblərindən birində təhsil alan uşaqlardan birinin valideyni oğlunun dərsliyindən bir nümunə göstərir. Dərslikdə Albert Einstein-in şəkli dilini çıxarmış vəziyyətdə göstərilir. Şəklin altında yazılıb ki, Einstein uşaqlıqda pinti və səliqəsiz olub. Özü də sabun və tabaşir yeyirmiş.

Dünyanın yaranması atlası yeni dərs vəsaitlərdən biridir. Bu vəsaitdə dünyanın Allah tərəfindən yaradılması nəzəriyyəsi təlqin edilir. Bu fikri sübut etmək üçün qədim daşlaşmış əşyaların şəkilləri göstərilir. Atlasın müəlliflərindən biri məşhur arxeoloq Harun Yahya-dır. O, Türkiyədə darvinizmə qarşı mübarizə aparır. Türkiyə qəzetləri Türkiyə alimlərinin yalnız 25 faizinin Darvin-in təkamül nəzəriyyəsini dəstəklədiyini yazır.
XS
SM
MD
LG