Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:32

Aktyor İlqar Cahangir işdən qovulur, ya özü gedir?


İlqar Cahangir Azadlıq Radiosunun "Pen klub" proqramında
İlqar Cahangir Azadlıq Radiosunun "Pen klub" proqramında
-

Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru İlqar Cahangirin işdən çıxarılması haqda məlumatlar yayılıb.

Aktyorun özü ilə danışa bilməsək də, teatrın baş rejissoru Bəhram Osmanov AzadlıqRadiosuna İlqar Cahangirin işdən çıxması haqda ərizə yazdığını söyləyib. O, bunun səbəbini bilmədiyini deyib.

İlqar Cahangir teatr rəhbərliyini, Mədəniyyət və Turizm Nazirliyinin, konkret dövlət başçısının teatra münasibətini tənqid etməsi ilə diqqət çəkib. O, son müsahibələrindən birində demişdi:

«Nazirin başı turizmə elə qarışıb ki, mədəniyyət yadından çıxıb».

Aktyorun işdən getməsini bu müsahibədən sonra ona təzyiqlərin başlanması ilə izah edənlər də var. Baş rejissor Bəhram Osmanov isə deyilənləri təkzib edir:

AKTYOR HƏMİŞƏ REJİSSORUN DİKTƏSİ İLƏ HƏYAT SÜRÜR...

«Özü belə seçim edib. Kim onu vadar edə bilərdi? Biz normal cəmiyyətdə yaşayırıq. Yaradıcı adamdır. Bəlkə də teatrdakı ünsiyyət və ya yaradıcılıq prosesi xoşuna gəlməyib. Repertuarın qaynar vaxtında işdən getmək məsuliyyətsizlikdir... Aktyor nədir ki, onun nə siyasi baxışı olsun. Aktyor həmişə müəllifin, rejissorun diktəsi ilə həyat sürən yaradıcı şəxsdir. Şişirtməyin əhəmiyyəti yoxdur».

Bir neçə ay öncə İlqar Cahangir AzadlıqRadiosunun «Penklub» proqramında prezident İlham Əliyevin mədəniyyətə münasibətini də tənqid etmişdi. «Prezidentimiz idman yarışlarına gedir. Amma bir dəfə teatra gəlmir. Marağı yoxdur, teatr bunu maraqlandırmır. Dövlət bizi asılı edib. O ki qaldı fəxri adlara, boş şeylərdir. O adı bizə verirlər, nələrəsə görə, kimlərəsə görə. Teatrda hansı otağı açırsan, İlham Əliyevin, Heydər Əliyevin şəklidir. O teatr böyük aktyorlar yetişdirib. Bir dənə aktyor şəkli yoxdur, bir dənə rejissor şəkli yoxdur. Bura teatrdır. Elə otaq var ki, orda İlham Əliyevlə Heydər Əliyevin 5-6 şəklini asıblar. Mən onlarla nədən danışım?».

Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovla danışa bilmədik. Bu üzdən rəhbərliyin aktyorun ərizəsinə hansı cavabı verdiyi məlum deyil.

Teatrın aktyoru Yasin Qarayev deyir ki, indilik ərizənin üstü yazılmayıb. Onun sözlərinə görə, bu məsələ araşdırıldıqdan sonra rəhbərlik qərar verməlidir.

“Belə tələsik ərizə yazmaq olmaz. Danışdıqlarına gəlincə, hərə öz fikrini deyə bilər, biz demokratik dövlətdə yaşayırıq. O da bu cür düşünür, o da fikirlərində müxalifdir, olsun. Hamı eyni cür düşünmür ki... Aktyor kimi çox yaxşıdır, tamaşalarına da baxmışam, hətta qüsursuzdur deyərdim”.

«Kulis.az» saytı isə xəbər verir ki, aktyor ona yaxşı pul vəd olunan başqa bir işə getməyi ilə əlaqədar ərizə yazdığını deyib.
İlqar Cahangirov Gənc Tamaşaçılar teatrının "Ezop" tamaşasında, 2011
İlqar Cahangirov Gənc Tamaşaçılar teatrının "Ezop" tamaşasında, 2011
XS
SM
MD
LG