Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:10

Rauf Həbibovun çıxışı özünə 600 manata satılıb?


Təqsirləndirilənlər
Təqsirləndirilənlər
-

Quba rayonun sabiq icra başçısı Rauf Həbibovun öz çıxışı özünə 600 manata satılıb. Bunu Quba hadisələrinə görə təqsirləndirilən «Xəyal» TV-nin icraçı direktoru Vüqar Qonaqov yanvarın 8-də Xaçmazda keçirilən məhkəmə prosesində verdiyi ifadəsində deyib.

««Xəzər» TV-nin müxbiri bizim ofisə gedib, televiziyanın kompüterində xüsusi proqramla silinmiş videonu bərpa edib. Diskə yazıb aparıb Rauf Həbibova 600 manata satıb».

JURNALİST İLKİN İFADƏSİNDƏN İMTİNA EDİB

Vüqar Qonaqov çıxışında istintaqa verdiyi ilkin ifadələrindən imtina etdiyini deyib.

«Məni martın 13-də tutub, 17-də ittiham irəli sürüblər. Guya Quba bələdiyyəsinin sədri Elxan Əliyevin təklifi ilə Mustafa Nurullayevin linki ilə videonu mən internetdə yaymışam. Həmin Mustafa Nurullayevin əvəzinə mən 9 aydır ki, buradayam. Mən ittihamı təkzib edirəm. İbtidai istintaqda verdiyim ifadələrdən imtina edirəm».

«RAUF HƏBİBOVUN ÇIXIŞI MONTAJ OLUNMAYIB»

Vüqar Qonaqov Rauf Həbibovun çıxışının montaj olunmadığını, sadəcə kəsilərək diskə yazılıb Elxan Əliyevə verildiyini deyib.

Bundan sonra hakim Vüqar Qonaqovun ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğunu bildirib. İbtidai istintaqa Vüqar Qonaqovun verdiyi ifadədə onun icra başçısının birinci müavini Sahib Məmmədovla əlbir olması haqda məqamlar yer alıb. Guya icra başçısının əleyhinə məlumatlar yayıb, mitinq təşkil etməklə onu vəzifəsindən çıxarmaq istəyiblər. Sahib Məmmədovun bunun müqabilində Vüqar Qonaqova vəzifə vəd etdiyi də ittihamda yer alıb.

Vüqar Qonaqov isə bir daha ilkin ifadəsindən imtina etdiyini bildirib.

«MƏNİ 4 GÜN GİROV SAXLAYIBLAR...»

Xəyal TV
Xəyal TV
Bundan sonra ifadə verən Xəyal TV-nin redaktoru Zaur Quliyev Quba hadisələri ilə bağlı özünü qətiyyən təqsirli bilmədiyini deyib.

«Məni 4 gün girov saxlayıblar. Vəkil istəmişəm verməyiblər. 9 aydır Bakı İstintaq Təcridxanasındayam. Bu günə kimi 1 nəfərlə də üzləşməm olmayıb. Qarşınızda 16 cildlik iş var. Mən və vəkillərim oxumuşuq. Orada mənim burada oturmağım üçün heç bir əsas yoxdur. Bəraət istəyirəm. Çünki heç bir günahım yoxdur. Deyirlər ki, guya kompüterlərdə «Zaur girmək olmaz» qovluğu olub. Studiyada 2 Zaur olub. Mən həmin qovluğu tələb etdim, vermədilər. Mənim kompüterdən ümumiyyətlə başım çıxmır. Yazıları oxuyub redaktə etməklə məşğul olmuşam. Baş redaktor kimi efirə cavabdeh olmuşam, efirdə isə heç bir «çp» olmayıb. Mən «Xəyal» TV-də cəmi 22 gün işləmişəm. Kimin-kimə disk verməsindən də xəbərim olmayıb. Vüqar mənə 2 diski saxlamağa verib, sonra da istəyib, qaytarıb özünə vermişəm. Soruşmuşam, deyib ki, diskdə Rauf Həbibovun «Youtube» saytında yerləşdirilən çıxışıdır. Həmin roliki hazırlayanın da, montaj edənin də işdə ifadələri var. Belə olan halda mən burada nə edirəm? 9 aydır tələb edirəm ki, məni Vüqarla üzləşdirin, amma üzləşdirmədilər», deyə Zaur Quliyev bildirib.

Proses davam edir.

Quba hadisələri ilə əlaqədar bütövlükdə 30 nəfər məsuliyyətə cəlb edilib. Quba məhkəməsində onlardan 24 nəfərinə hökm oxunub. 6 nəfərə 4 ildən 5 ilədək həbs cəzası verilib. Qalanları isə 3 il şərti cəzalandırılaraq məhkəmə zalından azad edilib.

2012-ci il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbilə aksiya keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev Rauf Həbibovu vəzifəsindən azad edib.
XS
SM
MD
LG