Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:29

Valideynlər və zabitlər ortaq məxrəcə gəlmədilər


İbrahim Rüstəmov
İbrahim Rüstəmov
-
Azərbaycan Ordusunda insan haqlarının müzakirəyə çıxarıldığı dəyirmi masada Müdafiə Nazirliyini təmsil edənlərlə başqa iştirakçıların əsgər ölümlərinə baxışları haçalandı

Sən demə, əsgər ölümlərinə əsas səbəblərdən biri də onların savad və dünyagörüşlərinin aşağı olmasıdır. Yanvarın 15-də «Ehtiyatda və İstefada olan Zabitlər» İctimai Birliyinin tədbirində çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi, mayor İbrahim Rüstəmov belə düşünür. O, ordudakı inkişafla yanaşı, bəzi neqativ halların olmasını inkar etmir. Amma əsgər ölümlərini də belə neqativ hallardan biri saysa da, əsgərlərin və valideynlərin üzərinə düşən məsuliyyət payını ön plana çəkir:

«Şəmkir korpusu coğrafi şəraitinə, relyefinə görə gərgin bir yerdə yerləşir. Buna görə, orada psixoloji gərginlik də yüksək səviyyədədir. Tez-tez baş verən itkilərin də birinci səbəbi budur. Uşaqlar bütün günü dağa qalxıb-enirlər. Əsas səbəb budur. İkinci səbəb də xarakterlə bağlıdır. Gəlin, görək, xidmətə göndərdiyimiz əsgər hansı xarakterlə, hansı savadla, hansı dünyagörüşü ilə gedir əsgərliyə. Əsas da fiziki hazırlığın aşağı olması problemdir. Elə şeylər də var, deyə bilmirəm».

«YAZIRLAR PNEVMONİYADAN ÖLDÜ, SONRA HƏMİN ƏSGƏRİN BALTALANDIĞI ÜZƏ ÇIXDI»

2010-cu ildə Şəmkir korpusunda 6 nəfər hərbçinin ölümü ilə nəticələn hadisədə həyatını itirən Elxan Əzizovun atası Bəyalı Əzizov həmin korpusda ölüm olaylarının nadir hadisə olmadığına diqqət çəkdi:

«2007-ci ildə orada hadisə olmuşdu. Əsgər öldürülür, götürüb yazırlar pnevmoniyadan öldü. Sonra həmin əsgərin baltalandığı üzə çıxdı. Bərdə rayonundan idi həmin əsgər. İkinci hadisə 2010-cu ildə baş verdi. 4 zabit, iki əsgər öldü, iki nəfər də yaralandı. Bundan əvvəl poliqonda əsgər ölümü ilə nəticələnən hadisə də baş vermişdi. Bir ildən sonra Göygöldə 7 əsgərin naməlum şəkildə ölümü ilə nəticələnən o faciə gerçəkləşdi. İndi yenə həmin hərbi hissədə bir əsgər faciəli şəkildə öldü. Problemlərin kökünü başqa yerdə deyil, bilavasitə ordu rəhbərliyində – Səfər Əbiyevin komandasında axtarmaq lazımdır. Təkcə mənim oğlum deyil. Hər il yüzlərlə əsgər ölür atəşkəs dövründə. Səfər Əbiyev buyursun cavab versin».

«VƏTƏN ƏSGƏRİNƏ, VƏTƏN ZABİTİNİN MƏNLİYİNƏ SATAŞMAQ NƏ DEMƏKDİR?»

Daşdəmir Əliyev
Daşdəmir Əliyev
Zabitlərin nizamnamədən kənar davranışlarından, hətta tək-tək də olsa, cinsi zorakılıqdan da söhbət getdi. «Silahlı Qüvvələrin Veteranları» İctimai Bitliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev orduda baş verən bu cür halları yolverilməz sayır:

«Zabitlər camaat içinə çıxa bilmirlər. Bu nə rüsvayçılıqdı. Bu cür zabitlər ən ağır cəzaya layiq görülməlidir. Rütbəsi alınmalıdır. Vətən əsgərinə, vətən zabitinin mənliyinə toxunmaq, sataşmaq nə deməkdir? Ordumuzda mənəvi iqlim sağlamlaşmalıdır».

Ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədov əsgər ölümlərində hərbi təhsilin yetərsizliyini, kadrların düzgün yetişdirilməməsini, qeyri-peşəkarlığı vurğuladı:

«Bir çox ehtiyatda olan əsgər var ki, söhbət edəndə adamın tükü biz-biz olur. Deyir ki, savaş başlasa, əlimə silah düşsə, birinci öz zabitimi vuracağam. Deyir ki, zabit mənə divan tutub. O, mənə niyə divan tutmalıdır? Ən yaxşı əsgər bizim əsgərdir. 1992 – 1993 savaşlarında biz bunu gördük. Əgər əsgər düzgün öyrədilib, düzgün idarə edilirsə, onun qarşısında heç nə dura bilməz. Amma indiki nəticə? Bu, qorxulu deyilmi? Bu, dəhşət deyilmi?».

«ALİ BAŞ KOMANDAN MƏSULİYYƏT DAŞIYIR»
Yaşar Cəfərli
Yaşar Cəfərli

«Ehtiyatda və istefada olan Zabitlər» İctimai Birliyinin rəhbəri Yaşar Cəfərli atəşkəs şəraitində baş verən əsgər ölümlərinə görə ali baş komandanın məsuliyyət daşıdığını bildirdi:

«Orduda bütün problemlərin başında pis idarəetmə durur. İdarəetmə qeyri-demokratikdir. Müdafiə naziri, baş qərargah rəisi 18-19 ildir həmin vəzifədədirlər. Özləri yeni heç nə verə bilmir, islahatların da qarşısını alırlar. Neçə ki, ordu rəhbərliyi dəyişməyib, biz hər hansı islahat, müsbət nəticə əldə edə bilməyəcəyik. Əsgər ölümlərinin də səbəbi ordudakı mənəvi-psixoloji durumdur. Bu da ordu rəhbərliyi tərəfindən aparılan pis idarəetmə ilə bağlıdır. Bütövlükdə orduda baş verən bütün proseslər bilavasitə Ali Baş komandanla bağlıdır. Məsuliyyət ilk növbədə onun üzərinə düşür. Əsgər ölümlərində də, ali baş komandan kimi, birbaşa onun məsuliyyəti var».
XS
SM
MD
LG