Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:41

Tacirlərin üsyanı? [Video]


Politoloq Zərdüşt Əlizadə, iqtisadçı-ekspert Zöhrab İsmayıl, Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov və vəkil Xalid Bağırov «Binə» Ticarət Mərkəzində baş verən etiraz aksiyasının görünən və görünməyən tərəflərindən danışırlar.

-


Zöhrab İsmayıl:

«Azərbaycanda hazırda bütün ölkəni bürümüş korrupsiya, dövlət qurumlarının, oliqarxların öz imkanlarından, vəzifələrindən sui-istifadə etməsi o qədər geniş yayılıb ki, bu cür üsyanların tez-tez olması nəzəri cəhətdən mümkündür. Burda əsas problem korrupsiyadır. Həmin tacirlərin dedikləri ondan ibarətdir ki, imkan verin ümumiyyətlə rəsmi işləyək. Qeyri-rəsmi işləyiriksə, onda rəsmi işləməyək. Söhbət bundan gedir. Bu ticarət mərkəzində həmin tacirlərin ticarət apardığı yerlər vaxtilə onlara satılıb. Ancaq sonradan məlum olub ki, onların burda heç bir mülkiyyət hüququ yoxdur. Onlardan əlavə olaraq icarə haqqı da alınır. Bu icarə haqqı da rəsmiləşdirilmir, hər hansı bir hüquqi əsası yoxdur. Buna «yerpulu» deyirlər. İndi də həmin yer pullarının 350 manat artırılması ortaya çıxıb. Digər tərəfdən isə, vergi orqanları burda kassa aparatlarını quraşdırmaq istəyir. Prinsipcə, biz hansısa bir ticarət mərkəzində kassa aparatlarının quraşdırılmasına qarşı çıxa bilmərik. Bu, qanunun tələbləridir ki, 6 kv metrdən böyük olan istənilən bir ticarət və xidmət obyektində kassa aparatları qurulmalıdır. Ancaq məsələ bundadır ki, bir tərəfdən qeyri-rəsmi işləmək, bu biri tərəfdən isə daim icarə haqlarının artırılması fonunda bu kassa aparatları da tacirlərə başqa bir problem yaradacaq. Kassa aparatları işləyirsə və bütün çeklər ora vurulursa, bütün malların sənədləri olmalıdır. Hər hansısa bir ticarət mərkəzində alqı-satqı prosesində sənədləşmə yoxdur. Bu malların əksəriyyəti ölkəyə qeyri-leqal yollarla daxil olur...».

Zərdüşt Əlizadə:

«Birinci dəfə deyil ki, Azərbaycanın kiçik sahibkarlarının mövcud rejimdən, mövcud quruluşdan, iş şəraitindən narazılığını müşahidə edirik. Amma əminəm ki, bu, böyük prosesə, ciddi nəticələrə gətirməyəcək. Çünki hökumətin xalqla münasibətlərdə tətbiq etdiyi taktika öz səmərəsini dəfələrlə sübuta yetirib. Onun dəyişilməsinə heç bir ümid yoxdur. Əvvəla bu kiçik sahibkarlar qeyri-mütəşəkkildirlər. Onların heç bir ictimai təşkilatı, peşə təşkilatı yoxdur. Onlar sadəcə qorxurlar bundan. Onlarda vətən şüuru, sinfi şüur, vətəndaş məfhumu yox dərəcəsindədir deyə, sadəcə, bir bioloji məxluq kimi həyat sürürlər. Onlar öz hüquqlarını müdafiə etməkdən çəkinirlər, qorxurlar. Digər təşkilatlar da hakimiyyətin nəzarəti altındadır. Sadəcə, həmkarlardır. Onlar da həmişə hakim rejimə qulluq etməyə hazırdırlar. Ona görə bu kiçik sahibkarlar mütəşəkkil qüvvə deyillər...».

Xalid Bağırov:

«Sosial qruplar lokal qruplardır. Hərəsi öz problemini öz yolu ilə həll etməyi düşünür. Bu gün sahibkarlar da kiməsə zəng vurur, kimi isə axtarır. Bu şəkildə problemlərini çözməyə çalışırlar. Biz bilirdik ki, orada həbslər olacaq. Bunlar o 10 nəfəri həbs etməklə müəyyən dalğanı yatızdırmağa çalışırlar. Bu problemin kökü çox əvvəllərə gedib çıxır. Əvvəlki ticarət mərkəzində yerlər onlara satılmışdır. Sonra yeni ticarət mərkəzlərində yerlər bir daha onlara satıldı. Bu satılma da, demək olar ki, dələduzluqla aparıldı, düzgün aparılmadı. Obyektlərin çoxu işləmir. İnsanlar pul verib, obyekt alıb, ancaq obyektlər işləmir...».

Sevgim Rəhmanov:

«Həmin ticarət mərkəzinin özünün hərəkətləri qanunsuzdur. Ticarətçilər orda çalışan zaman qanunsuz hərəkətlərə yol veriblər. Hər ikisinin qanunsuz hərəkətləri müəyyən vaxtda qazanclarından ödəyə biləcəkləri qədər idi. İndi artıq ödəyə bilmirlər, qazanclar azalıb, onların isə iştahası çoxalıb. Yəni, ticarət mərkəzinin rəhbərinin. Vergi kodeksinə əsasən, bütün ticarət mərkəzlərinin mütləq kassa aparatları olmalıdır. Amma heç birində yoxdur. Bunların əvəzinə həmin ticarət mərkəzinin rəhbərliyi onlardan verginin də pulunu alır. Vergilər Nazirliyi isə buna göz yumur. Həmin ticarət obyektlərindən deyil, ticarət mərkəzinin rəhbərliyindən vergi alırlar. Tacirlər heç bilmir ki, onlar nə qədər vergi ödəyirlər. Onlara deyirlər ki, müəyyən məbləği ver...».
XS
SM
MD
LG