Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:52

İsmayıllı: 7 gündən sonra


İsmayıllı, 25 yanvar 2013
İsmayıllı, 25 yanvar 2013
-
İsmayıllıda olaylarının üstündən bir həftə keçir. Rayon sakinləri deyir ki, Çevik Polis Alayının əməkdaşları dövlət strukturlarının, hüquq-mühafizə orqanlarının ətrafını hələ də nəzarət altında saxlayır. Sakinlər yanvarın 31-də polislərin sayca daha da artırıldığını bildirirlər.

Tutulanların yaxınları onlarla əlaqə qura bilmədiklərindən nigaran qalıblar.

«XULİQANLIQ EDƏNƏ ETİRAZ EDİRSƏNSƏ, TUTULMALISAN?»

Həbs olunan Anar Həsənovun atası Rasim Həsənov oğluna qarşı irəli sürülən ittihamları qəbul etmir:

«Anar gəlib ordan keçəndə görüb ki, iki nəfər söyüş söyür. Bu da deyib ki, ayıbdır, bu nə hərəkətlərdir. Ona görə tutublar. Tutan kimi də 2 aylıq həbs-qətimkan tədbiri seçiblər. Halbuki oradakıları sakitləşdirirmiş. Xuliqanlıq edənin qarşısını alırsansa, səni tutmalıdırlar, deməlidirlər ki, dövlət çevrilişi edirsən?».

Heydər Ağamalıyevin qardaşı Səftər də həbs olunub. O, qardaşının müdafiəsi üçün dövlətin vəkil ayırdığını deyir. Amma onun müstəqil vəkillə təmin edilməsini istəyir.

Tutulanlardan Vasif İbrahimovla nəinki ailə üzvləri, heç qanuni vəkil də əlaqə saxlaya bilmir. Vəkil Nəvaid Abbasov deyir ki, hər gün müdafiəçisi olduğu şəxsin saxlandığı yerə getsə də, ona görüş vermirlər.
İsmayıllı, 29 yanvar 2013
İsmayıllı, 29 yanvar 2013
Vəkil güman edir ki, görüşün əngəllənməsi həbs olunanlara işgəncə verilməsi ilə bağlı ola bilər:

«Yanvarın 29-da mənə Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin növbətçi hissəsində konkret bildirdilər ki, istintaq orqanının rəhbərliyi ilə idarənin rəhbərliyi arasında danışıqlar olub. Vəkilə təklikdə görüş vermək olmaz, yalnız müstəntiqin iştirakı ilə olar. Bu, tamamilə qanunsuzdur. Çox güman ki, istintaqın dediyi ittihama qol çəkmədikləri üçün onlara işgəncə verilib. Buna görə mənə görüş vermirlər».

Vəkil deyir ki, hər dəfə görüşə gedib mənfi cavab alandan sonra 102 xidmətinə, Baş Prokurorluğun «qaynar xətt»inə üz tutur və bütün müraciətləri cavabsız qalır.

«BİR NƏFƏRƏ BİR QAPAZ VURUBLAR»

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov yanvarın 30-da İsmayıllı hadisələrində iştirakda ittiham olunan 12 nəfərlə görüşüb:
Elçin Behbudov
Elçin Behbudov
«Onlara sual verdim ki, ittiham olunduğunuz maddə üzrə özünüzü günahkar bilirsinizmi? Dedilər, qətiyyən yox. Sual verdim ki, saxlanarkən, ilkin dindirmə zamanı və həbs olunan vaxt sizə qarşı qanunsuz rəftar, döymə, incitmə olubmu? «Yox» – dedilər. Onlardan ancaq biri həbs zamanı tanımadığı bir nəfərin başına qapaz vurduğunu dedi».

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində İsmayıllı hadisələri ilə bağlı özgəsinin əmlakına qəsd və polisə müqavimət ittihamları ilə istintaq gedir. Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında onlar yanğın və dağıntı törətməkdə ittiham olunur.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Human Rights Watch» bildirib ki, Azərbaycan hakimiyyəti İsmayıllı hadisələrində saxlananların vəkili olduğuna və onlarla amansız davranmayacağına zəmanət verməlidir.

Beynəlxalq təşkilat hakimiyyəti İsmayıllı hadisələrinin açıq və obyektiv araşdırılmasını təmin etməyə, polisin əməllərinə qiymət verməyə çağırıb.
XS
SM
MD
LG