Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:39

Günel Mövlud: “Əkrəm Əylislinin romanı bir qaçqın kimi hisslərimi təhqir etmir”


Elçin Hüseynbəyli, Günel Mövlud və Şahnaz Bəylərqızı, "Pen klub" proqramından sonra. 05 fevral 2013
Elçin Hüseynbəyli, Günel Mövlud və Şahnaz Bəylərqızı, "Pen klub" proqramından sonra. 05 fevral 2013

Elçin Hüseynbəyli: "Əkrəm Əylisli İsa Məsih rolunu oynamaq istəyir". "Pen klub"da debat

-

Günel Mövlud:

Son hərəkətlər bizi dünyada vəhşi xalq kimi qələmə verir və biz Əkrəm Əylislinin yazdıqlarını təsdiq etmiş oluruq.

Elçin Hüseynbəyli:

- Birincisi, Əkrəm Əylisli artıq öz romanı ilə bizi və türkləri dünyaya vəhşi, barbar xalq kimi təqdim edib...



“Pen klub” proqramında bu dəfə Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanı ilə bağlı yazarlar Elçin Hüseynbəyli və Günel Mövlud üz-üzə gəldilər. Debata tarixçi Nəsiman Yaqublu və millət vəkili Fazil Mustafa da telefonla qatıldılar. Sual isə beləydi: “Ən uca nədir? Söz azadlığı, yoxsa vətənpərvətlik?”


“BU, YAZIÇININ TARİXƏ ÖZ YANAŞMASIDIR”

Günel Mövlud:

- Bədii əsər kimi roman haqda fikrim çox yüksəkdir. Əkrəm Əylislinin bədii ifadə tərzini bir daha bəyəndim.

Şahnaz Bəylərqızı:

- Amma Azərbaycan cəmiyyətində narazılıq yaradan romanın bədii keyfiyyətindən çox orda yazıçının yozumu, azərbaycanlıların erməniləri öldürməsi haqda fikirləridir.

Günel M:

- Bu, yazıçının tarixə öz yanaşmasıdır. Onun buna haqqı var, o həqiqəti, tarixi bu cür görür. Buna görə yazarı ittiham etmək olmaz. O ki qaldı, 1988-89-cu illərdə baş verənlərə, mən o dövrdə uşaq olsam da, bu haqda romanda yazılanlarda elə də qeyri-dəqiqlik görmədim.

“ROMAN ALINMAYIB, VƏTƏNDAŞ MÖVQEYİ YOXDUR”

Elçin Hüseynbəyli:

- Romana bir neçə aspektdən yanaşmaq olar: tarixi faktların təqdim edilməsi, yazıçı peşəkarlığı, bədii və nəhayət vətəndaş mövqeyi baxımdan. Sadaladığım bütün parametrlər üzrə roman alınmayıb. Vətəndaş mövqeyi yoxdur. Yəni bu adam bizimlə bir yerdə deyil. O adamın ruhu, əsərin qəhrəmanı Saday Sadıqlının diliylə desək, ermənilərlə bir yerdədir. Ona görə də ruhunu ermənilərin ən yüksək kilsəsində tapşırır, Eçmiədzində xristianlığı qəbul edib tövbə etmək istəyir... Tarixi baxımdan faktlar saxtalaşdırılıb. Əylisi Azərbaycan modeli kimi götürsək belə alınır ki, azərbaycanlılar bura gəlmədir, ermənilər aborigenlərdir, biz də gəlib onları qətlə yetirmişik. Onların da günahı boynumuzdadır və o lənət bizi dəli edib... Bədii tərəfinə gələndə, roman tələskən yazılıb, süjet dağınıqdır... Yazıçı həqiqətlərin fövqündə durmalıdır. Yazıçı millətləri üz-üzə qoyanda birini aşağılayıb, o birini qaldırmalı deyil. Əkrəm Əylisli isə birmənalı olaraq ermənilərin tərəfində durub, azərbaycanlıları aşağılayıb. Hətta bizə köməyə gələn türk ordusunu da pis təqdim edib. Motiv yoxdur ki, Ədif bəy niyə Əylisdə erməniləri öldürüb?
Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası, 31 yanvar 2013
Əkrəm Əylislinin evinin qarşısında etiraz aksiyası, 31 yanvar 2013
Bəlkə Ədif bəyin ailəsini Anadoluda ermənilər öldürüblər?.. Mən demək istəyirəm ki, buna roman demək olmaz. Ancaq o fikirlə də razı deyiləm ki, Əkrəm hansısa böyük mükafat miqyasında yazıçıdır. Mən düşünürəm ki, Əkrəm elə özü boyda yazıçıdır.

“QARABAĞ QAÇQINI OLARAQ ƏKRƏM ƏYLİSLİNİN ROMANI MƏNİM HİSSLƏRİMİ TƏHQİR ETMİR”

G.M:

- Yazıçı, Elçin bəyin dediyi kimi cəmiyyətlə birgə olmağa borclu deyil. Ümumiyyətlə, heç kim buna borclu deyil. Burda əsas məsələ Əkrəm Əylislinin həqiqətləri yazıb-yazmadığı da deyil. Yeri gəlmişkən, bir Qarabağ qaçqını olaraq Əkrəm Əylislinin romanı mənim hisslərimi təhqir eləmir. Mən düşünmürəm ki, “Daş yuxular”da müəllif azərbaycanlıların hamısını qəddar, ermənilərisə mələk donunda təsvir olunub. Romanda yetərincə müsbət azərbaycanlı obrazları var.

Elçin H:

- Onlar ruhən ermənidirlər.

Günel M:

- Saday Sadıqlı sizcə, nəyə görə tövbə etmək istəyirdi? O azərbaycanlıların əfv olunmasını istəyirdi. Hətta romanda bəzilərinin dediyi kimi yanlışlıqlar olsa belə bu cür qəddarcasına, barbarcasına, şüvənlə cavab vermək doğru deyil. Biz Əkrəm Əylislinin yazdıqlarının yalan olduğunu sübut etmək istəyiriksə, yazıçının evinin qabağında kitablarını necə yandıra bilərik, romanını necə dəfn edə bilərik? Onu bu yaşında psixoloji təzyiqlərə məruz qoyuruq, axı. (ardı aşağıda)

Elçin Hüseynbəyli və Günel Mövlud
Elçin Hüseynbəyli və Günel Mövlud


“İSA MƏSİH ROLUNU OYNAMAQ İSTƏYİR YAZIÇIMIZ”

Elçin H:

- Bəlkə Əkrəm Əylisli düşünür ki, bir erməni yazıçısı da ermənilərin Quqarkda, Xocalıda azərbaycanlıların başına gətirdikləri müsibətləri bu cür özündən keçirərək, Məkkəyə gedərək tövbə edib belə əsər yazacaq? İsa Məsih rolunu oynamaq istəyir bizim yazıçımız. Mən şəxsən bu cür nağıllara inanmıram. Bu əsər yazılmalı deyildi.

Günel M:

- Siz Elçin Hüseynbəyli düşünürsüzsə ki, Əkrəm Əylisli azərbaycanlıları romanda qatil kimi qələmə verib, hisslərinizi təhqir edib, məhkəməyə müraciət edə, romanı qadağan etdirə bilərsiz. Son hərəkətlər bizi dünyada vəhşi xalq kimi qələmə verir və biz Əkrəm Əylislinin yazdıqlarını təsdiq etmiş oluruq.

Elçin H:

- Birincisi, Əkrəm Əylisli artıq öz romanı ilə bizi və türkləri dünyaya vəhşi, barbar xalq kimi təqdim edib. İkincisi, yazıçı azadlığı varsa, söz azadlığı da var. Üçüncüsü, Əkrəm Əylisli özünü azlığın nümayəndəsi hesab edirdisə, onda çoxluğun verdiyi ordenləri və xalq yazıçısı adını almazdı. İndi burda ondan İsa Məsih obrazı yaratmaq doğru deyil. İctimai rəyi də düzgün anlamaq lazımdır. Mən Əkrəm Əylislini nə linç eləməyin, nə psixoloji təsirlərin tərəfindəyəm. İdeoloji müharibə getdiyi vaxtda içimizdən bir nəfər girəvə axtaran ermənilərin əlinə dəstəvuz verir, sabah bunu çap edə, diplomatlara göndərə bilərlər. Əkrəm Əylislinin bu hərəkəti doğru deyil. İkincisi, sabahkı gənclik doğrudanmı, bu boyda titulu olan yazıçının yazdıqlarına bir qram da inanmayacaq?
Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
Bizim artıq tutduğumuz yola şübhələr yaranır.

Şahnaz B:

- Bir əsərlə?

Elçin H:

- Bir əsər azdır ki?

“O XALQ NƏ GÜNDƏDİR Kİ, BİR ƏSƏRLƏ DÜNYADA GÖZDƏN DÜŞSÜN”

Günel M:

- Elçin müəllim Əkrəm Əylislini özü boyda yazıçı elan edir, sonra da deyir ki, “özü boyda yazıçının” əsəri ilə biz dünyaya qatil xalq kimi təqdim olunuruq, bu da xalqı gözdən sala bilər. Maraqlıdır, o xalq nə gündədir ki, “özü boyda yazıçı”nın yazdığı və sizin də dəyərsiz hesab etdiyiniz, bədii qüvvəsi olmayan əsərlə gözdən düşmüş olsun? İkincisi, dünya o qədər axmaqdır ki, bu cür etiraf edən yazıçı yetişdirmiş xalqa üstdən aşağı baxsın?

Elçin H:

- Biz nəyi etiraf edirik? Etiraf edirik ki, erməniləri qırmışıq və gəlməyik? Nəzərə alın ki, onun romanında baş verənlər Azərbaycan coğrafi məkanında baş verir. O deməkdir ki, biz heç kimin torpağını almamışıq, kimisə qətlə yetirməmişik. Ola bilsin kimsə bizim torpağa gəlib, biz də onu qətlə yetirmişik və əcəb etmişik. İkincisi də hesab edirsizsə ki, Əkrəm haqlıdır, siz də Əkrəmə dəstək olan bir əsər yazın ki, ermənilər yox, biz gəlməyik.

Günel M:

- Mən sizi bu beyində olan biri kimi təsəvvür etmirdim ki, durub mənə nələr yazmalı olduğumu sadalayasız. Ən azı bir yazıçı bunu etməməli idi. İkincisi də, düşünmürəm ki, biz bu torpaqlara gəlməyik. Əkrəm də bunu deməyib.

Elçin H:

- Siz Əkrəmi niyə müdafiə edirsiz? Ona görə ki, azad düşüncəsindən istifadə edib azərbaycanlılar haqqında təhqir yazıb?

Günel M:

- Mən yazıçı kimi söz, fikir azadlığını müdafiə etməyə borcluyam. Yazıçı kimi bu borcu hiss etmirsizsə, sizi nədəsə ittiham etmirəm. Ancaq xahiş edirəm ki, məni nədəsə ittiham etməyəsiz.

Elçin H:

- Mənim xalqımın azadlığı mənim azadlığımdan çox yuxarıdır. (ardı aşağıda)

Fazil Mustafa
Fazil Mustafa


“BUNU VAXTİLƏ SOLJENİTSINƏ ETDİRMİŞDİLƏR”

Deputat Fazil Mustafa:

- Əsərdə olduqca kobud rus üslubu, Soljenitsın yolunun seçildiyi görünür. Orxan Pamuk erməni məsələsinə münasibətini bədii mətndə dilə gətirmədi, siyasi müsahibədə bu haqda danışdı. Bu, Qərb priyomu sayıla bilərdi. Azərbaycanda isə Əkrəm Əylisli vasitəsilə lazım olan siyasiləşmiş tezisi bədii mətndə verdirdilər. Bunu vaxtilə Rusiyada Soljenitsınə etdirmişdilər. “Daş yuxular”a bir çoxları kimi naşılıq nümunəsi, yanlış yanaşma kimi baxmıram. Əkrəm Əylislinin nə qədər istedadlı yazıçı olsa da, siyasi mülahizələrinin və həyata baxışlarının primitiv olduğunu həmişə demişəm. Bu, peşəkar halda hazırlanmış mətndir. Bunu Əkrəm Əylislinin hazırlamasına hətta şübhə edirəm... Buna bəraət yoxdur. O əsərdə vəhşi türk zabiti obrazı yerinə vəhşi erməni obrazı yaratsaydı da yenə eyni məna çıxacaqdı. Burda humanizm anlayışı yoxdur. Bu iki xalqın barış duyğularına böyük zərbə vurdu... Ancaq kiminsə evinin qarşısında piket keçirmək, Əkrəm Əylislinin oğlunun işdən çıxarılması biabırçılıqdır. Bu, yanlış ənənələr formalaşdırır.

Elçin H:

- Yazıçı həqiqəti deməlidir. Əkrəm həqiqəti deməyib. Həqiqət budur ki, ermənilər məkrlidirlər, türkü Yer üzündən silmək istəyirlər.

Fazil M:

- Yazıçıdan nə həqiqət tələb etmək doğrudur, nə də vətənpərvərlik. Amma Əkrəm Əylislinin xalqları aşağılayaraq üz-üzə qoyması humanizm duyğularına balta vurdu.

Günel M:

- Bu yerdə mən qismən razılaşıram ki, Əkrəm müəllimin əsərində mübaliğələr, şişirtmələr var, tərəfkeşlik var. Ancaq bu da yazıçını ittiham etməyə səbəb ola bilməz.


PROQRAMA TAM ŞƏKİLDƏ BAX
XS
SM
MD
LG