Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:49

Moskvada «Bakıya uçuş» («Fly to Baku») adlı sərgi açılıb


Açılış mərasimində Leyla Əliyeva çıxış edib
Açılış mərasimində Leyla Əliyeva çıxış edib
-
Rusiya paytaxtının «Multimedia Art» Muzeyində Heydər Əliyev Fondunun və «Baku» jurnalının birgə təşkilatçılığı ilə «Bakıya uçuş» («Fly to Baku») adlı müasir Azərbaycan incəsənət sərgisinin açılış mərasimi keçirilib.

Mədəniyyət və Turizm İdarəsinin saytının verdiyi xəbərə görə, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, «Baku» jurnalının baş redaktoru Leyla Əliyeva çıxış edib.

Xanım Əliyeva bildirib ki, indiyədək bu sərgi dünyanın müxtəlif paytaxtlarında, o cümlədən Londonda, Parisdə və Berlində keçirilib və böyük maraqla qarşılanıb:

«Biz burda sərgilənən əsərlər vasitəsi ilə Azərbaycanın bu gününü və sabahını göstərmək istəyirik».

L.Əliyeva «Fly to Baku» sərgisinin növbəti dəfə Romada keçiriləcəyini söyləyib:

«Bu gün biz həm də «Baku» jurnalının 5 illik yubileyini də qeyd edirik».

Sərgidə rəngkarlıq, heykəltəraşlıq, installyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 107 əsəri nümayiş etdirilir.

Əsərlərin əksəriyyəti məxsusi sərgi üçün yaradılıb.

Leyla Əliyevanın Azərbaycan nağıllarına çəkdiyi illüstrasiyalar – «Kəpənək», «Bizim keçmişimiz», «Biri var idi, biri yox idi», «Yalan», «Tənhalıq» və digər əsərlər də sərgidə göstərilir.

Rəssam Altay Sadıqzadənin heykəltəraşlıq, rəngkarlıq və qrafika əsərləri, Aida Mahmudovanın şəhər mənzərələri, Faiq Əhmədin alüminium və plastik kütlədən hazırladığı ornamentləri, Rəşad Ələkbərovun və Elyar Əlimirzəyevin tətbiqi incəsənət janrında işləri də sərginin eksponatları arasındadır.

Sərginin açılışında Rusiya mədəniyyətinin ünlü simaları -- Gennady Khazanov, Yuli Gusman və digərləri iştirak ediblər.

«Bakıya uçuş» sərgisi fevralın 24-dək davam edəcək.
XS
SM
MD
LG