Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:21

Soljenitsının romanındakı mübahisəli bölümü xatırlayanda...


Aleksandr Soljenitsın, 1953, QULaq
Aleksandr Soljenitsın, 1953, QULaq
-

“Almanların gəlişinə çox adam sevinirdi. Almanlar gələn kimi kilsələr açılmağa başlandı”.


İndi Rusiyada böyük, hətta dahi yazıçı hesab olunan, əsərləri məktəb proqramına salınan Aleksandr Soljenıtsının romanlarında çox mübahisəli məqamlar da var.

Əkrəm Əylislinin qalmaqallı "Daş yuxular" romanı kimi.

Xüsusən də alman-rus müharibəsi haqda.

Sovet dövrünün dissident yazarı, Stalin düşərgələrində cəza çəkmiş Soljenıtsın “QULaq arxipelaqı” romanında məhbusların ağır həyatından danışır.

Həmin şəxslər arasında müharibə zamanı almanların tərəfində vuruşan ruslar da vardı.

Soljenitsının romanının bəzi bölümləri nə sovet təbliğatı, nə də indi Rusiyada mövcud rəsmi təbliğatla uzlaşır.

Məsələn, alman əsir düşərgələri haqda bölümlər

Soljenitsın yazır ki, Xarkov yaxınlığındakı düşərgədə sovet hərbi əsirlərinə doyunca yemək verilirdi. Düşərgənin mayor rütbəli komendantı isə humanist insandı. Yazıçı qeyd edir ki, düşərgəyə gətirilən bir əsirin piano çaldığı məlum olandan sonra komendant ona imkan yaradıbmış ki, konsertlər varsin.

Alman ordusunda qulluq etmiş rus generalı Vlasov, 1945
Alman ordusunda qulluq etmiş rus generalı Vlasov, 1945
Soljenitsınə görə, almanlar tutduqları ərazilərdə heç də dərhal yerli əhaliyə divan tutmağa başlamayıblar, əksinə insanlarla çox mədəni davranmağa, onlarla yaxın münasibət qurmağa çalışıblar.

O yazır: “Almanların gəlişinə çox adam sevinirdi. Almanlar gələn kimi kilsələr açılmağa başlandı”. Don kazakları isə almanları duz-çörəklə qarşılamışdılar. Kilsələrin açılması ilə bağlı təntənəli mərasimdə çoxlu sayda insan iştirak etmişdi.

Eşitdiklərini yazıya köçürən yazıçı qeyd edir ki, hətta bəzi bölgələrdə almanlar geri çəkiləndə onlara qoşulub gedən yerli sakinlər də vardı. Bəziləri isə geri çəkilən almanları yola salmaq üçün vağzala gəlib göz yaşı tökürdülər.

Soljenıtsın əsərində rus əsirlərindən yaradılma legionlar haqda da müsbət danışır.

Yazıçı rus legionunun komandiri, general Vlasovu “əsl fiqur” adlandırır.

Yazır ki, müharibənin əvvəlində almanlara ilk zərbəni vuranlardan biri də Vlasov olub. Amma sovet komandanlığı onun mühasirədə qalan hərbi birləşməsini yaddan çıxarır və minlərlə əsgərini faktiki olaraq acından olməyə məhkum edir.

Hərbi birləşmənin böyük hissəsi ya həlak olur, ya da əsir düşür

Soljenitsın yazır ki, Vlasovun alman əsirliyində yaratdığı və rəhbərlik etdiyi legionun əsgərlərini işğal olunmuş ərazilərdəki əhali çox yaxşı qarşılayırdı.

Pskovda hətta onlara xeyli sayda könüllü də qoşulubmuş...

Rusiyanın baş naziri Putin Soljenitsının dəfnində, 5 avqust 2008
Rusiyanın baş naziri Putin Soljenitsının dəfnində, 5 avqust 2008
“QULaq arxipelaq”ının müəllifi Soljenitsın 1970-ci ildə Nobel mükafatına da layiq görülüb.

Uzun müddət mühacirətdə yaşayandan sonra müstəqil Rusiyaya qayıdanda onu qəhrəman kimi qarşılamışdılar.

Dəfni isə 2008-ci ildə dövlət səviyyəsində təşkil edilmişdi.

Baxmayaraq ki, 2010-cu ildə “QULaq arxipelaqı” məktəb proqramlarına daxil ediləndə və romanın yazıçının həyat yoldaşı Natalya Soljenitsına tərəfindən həcmcə kiçik variantı tərtib ediləndə oradan Vlasov ordusu barədə hissə çıxarılmışdı.

Bunu tənqid edənlərə yazıçının xanımı belə cavab vermişdi:

“Vlasov ordusu haqda hissəni romanın məktəblilər üçün hazırlanan variantına ona görə salmadım ki, “QULaq arxipelaqı”nın ilkin variantında Vlasov haqda çox az şey vardı. Aleksandr İsayeviçin öz kamera yoldaşlarından eşitdiyi məlumatlar çox qısa idi. Qərbdə biz Vlasov ordusu haqda əlavə məlumatlar əldə etdik. Sağ qalmış insanlar bizə şahidi olduqları hadisələr barədə yazırdı. Bu barədə artıq Qərbdə çap olunan materiallar da vardı. Və o (Soljenitsın) kitabın həmin bölümünü ikinci nəşrdə xeyli genişləndirdi. Mən həmin hissəni kitabın məktəblilər üçün hazırlanmış variantından tam şəkildə çıxarmağa qərar verdim. Çünki indi bizim cəmiyyət bunu müzakirə etməyə hazır deyil. Bunun üçün gərək onilliklər keçsin”.
XS
SM
MD
LG