Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:55

İsa Muğannanın "Tütək səsi" on-line kitabxanamızda


İsa Muğanna
İsa Muğanna

Müəllifin icazəsi ilə çap edilir.

-

İsa Muğanna (Hüseynov)


TÜTƏK SƏSİ


YAXŞI ADAMLAR


Necə oldu, səmum hardan əsdi ki, doyunca yuxuya da həsrət qala-qala gecə-gündüz işləyən qazanccıl adamlar birdən-birə zəlilləşib, "aclıq" adlanan dəhşətin pəncəsində, bir tikə çörəyə də möhtac olub, üstəlik, zülm altına düşdük?! Fikirləşirəm, sualıma cavab əvəzində illərin uzaqlığında "pəpə, pəpə, a mənə pəpəə!" - deyən körpənin səsi çəkib məni o uzaqlığa - 1942-ci ilə aparır, indi acı xatirələrə dönmüş o müharibə dövrünün hələ əsgərlik yaşı çatmamış vətəndaşına çevirir.
- Pəpəə... Pəpəə!..
"Pəpə"nin hardan, necə əmələ gəldiyini bilmək üçün, "pəpə" qurtaranda səsini içinə salmağı bacarmaq üçün gərək heç olmasa mən yaşda, yəni on beş yaşında olasan. Qardaşımın isə hələ üçcə yaşı var.
- Pəpə-ə-ə...

Anam cınqırını da çıxarmır. Uşaq onun əl-qolundan çəkişdirir. Anam yenə dillənmir. Dillənsə, yəni oyaq olduğunu bildirsə, gərək yenə durub Mehbalı əmigilə getsin, "üzünə üzqaralığı çəkib borc istəsin". Mehbalı əmigildən isə iki dəfə almışıq. Üçüncü dəfə getmək... Yox!.. İndi elə onlar da biz kökdə deyillərmi?!

Uşaq boynunu burub yan-yörəsinə baxır, sonra taxtın üstündə yorğan-döşəyin arası ilə mənə sarı sürünür. Gəlib böyrümdə oturur. Baxışını, nəfəsini hiss edirəm və nəhayət, yenə səsini eşidirəm:
- Pəpə-ə-ə...

Səsimi çıxardımmı? Nə deyim?
Xəyalımdan keçir ki, möcüzə baş verə, sözlə qarın doyurmaq mümkün ola. Nə qədər danışaram, təki bu "pəpə, pəpə" qurtarsın.

Başımın dövrəsində ağcaqanad vızıldayır, hərlənib-fırlanır, hərdən lap gözümün qabağından ötən uzun, heybətli xortumunu sancmaqdan ötrü münasib yer axtarırmış kimi, hey vurnuxur. Sonra birdən vızıltısı kəsilir; ağcaqanad qulağımın yumşaq yerinə qonub, əmin-arxayın öz işini görməyə başlayır.
Sızıltıdan gözlərim yaşarır. Ancaq anam kimi, mən də oyaq olduğumu bildirmək istəmirəm. Fikrimdən keçir ki, kaş mən də Tapdıq kimi qulağımı tərpədə biləydim.

Bir il bundan əvvəl Tapdıq mənim şagird yoldaşım idi. O da altıncıda oxuyurdu. Atalarımız müharibəyə gedəndən sonra yeddinci sinifdə çox könülsüz oxuyub, tez-tez analarımızla pambığı kətmənləməyə gedə-gedə dərsdən soyuduq, bu il yeddincini qurtarhaqurtarda isə "nemeslərin Mozdokacan gəldiklərini" eşidib, "oxumağın daha nə mənası var?!" - deyib, ikimiz də məktəbdən qaçıb, Mehbalı əminin manqasında kotançılığa getdik.
Bir dəfə şumun kənarında, ocaq qırağında oturmuşduq, çörəklərimizi odda qızdırıb, nahar eləyirdik. Birdən uzaqda, Qonaqlı meşəsinin "vayenni çast" deyilən yerində zenit toplarının gurultuları başlandı. Əvvəllər buna "manevr" - "məşq" deyirdilər və biz gurultulara o qədər də fikir vermirdik. Sonra məlum oldu ki, "manevr"-zad deyil; Qroznı səmtindən bu yana "nemes"lərin "razvedçik" - kəşfiyyatçı təyyarələri gəlir, "vayenni çastın” zenitçiləri də məhz o təyyarələrə atırlar. Maraqlanıb baxırdıq, əmma heç bir təyyarə-zad görmürdük. Bu dəfə isə, tər-təmiz, dərin göyün lap uzaq dərinliyində arı kimi vızıldaya-vızıldaya fırlanıb dalınca nazik tüstü dairəsi buraxan "razvedçik" təyyarəni də gördük, təyyarədən xeyli aşağıda partlayan "snaryadların" - mərmilərin pambıq kimi lopa-lopa ağaran tüstülərini də gördük.

Mehbalı əmi əllərini dizlərinə çırpırdı.
- Bah, bah! Allahın yanına qalxıb köpəyoğlu! Çatmır atılanlar! - dedi. - Evimiz yıxıldı, ay uşaq! Yaşlılarımızın hamısı partiyaçı, cavanlarımızın hamısı komsomol! Qıracaq faşist hamımızı, ay uşaq, qıracaq!

Necə deyərlər, yasa batdıq. Əmma Tapdıq mən kimi mısmırıqlı deyildi. Birdən pıqqıldayıb, mənim dizimi basıb gizlincə Mehbalı əmiyə işarə etdi: çörək yedikcə Mehbalı əminin qulaqları tərpənirdi. Tapdıq ikinci dəfə dizimdən basıb, yenə işarə ilə "indi mənə bax" - dedi və burda mən ilk dəfə onun bədəninin başqa hərəkət edən əzalarıtək qulaqlarını da tərpətdiyini gördüm.
Vızıldayıb qulağıma qonan ağcaqanad o "razvedçik"lə o qulaqları yada saldı. Tapdıq kimi qulağımı tərpədə bilməsəm də, çıxış yolu tapdım; yorğanın altından qıçımı uzadıb dabanımı taxtın quru yerinə vurdum, uşaq taqqıltıya dönüb o tərəfə baxanda, əlimi qulağıma atdım, ağcaqanad rədd olub getdi. - Pəpə-ə-ə!..
"Hardan tapım, ay gözümün işığı?! Kimin üstə gedim?!"

Qırx birinci ilin iyununda müharibə xəbəri çıxandan sonra atam gedəndə qoyunumuz vardı. Payıza yaxın qara inək danasını təpəndə, yəni süddən kəsiləndə Mehbah əminin məsləhətilə "evin kişiliyini öhdəmə götürüb", qoyunun ikisini Ağtəpə bazarına aparıb balaca bir motala dəyişdim ki, inək doğana qədər yavanlığımız olsun. Tapdıqla böyük qardaşı Cümrünün "qışa qovurma" elədiklərini eşidəndə yenə kişiləşib, qoyunun ikisini də Ağtəpəyə aparıb yağlı qoça dəyişib gətirib kəsdim ki, "bizim də qovurmamız olsun, uşaq korluq çəkməsin". Əmma bu "kişi"nin xəbəri yoxmuş ki, Tahir müəllim, yəni atam "qumarbaz" imiş, "ondan-bundan borc alıb", anamın dayısı Molla Güləni də "soyub quru yurdda qoyubmuş!" Molla dayı gəlib bu xəbəri deyəndə anam qəhərlənib "inanma, ay oğul, dayım özü soyğunçudu" desə də, yenə "kişiləşib" "döl' düşəndə uşağa bircə dolça olsa da süd sağmaqdan ötrü qoyunun birini saxlayıb, qalanını "borca verdim".
Mehbalı əmi həmişə deyirdi: "Çörəyim kotandan çıxır". Odur ki, bütün fikrim-zikrim kotançılıqda idi. Hər səhər Qara inəyi aparıb El yolunda naxırçı Məsinin örüşə apardığı naxıra qatıb qayıdıb, buzovu mıxdan açıb, arxın qırağındakı göy otluğa hörükləyəndə artıq gün doğduğuna görə çay içməyə, hətta qaqaşın qarnını qıdıqlayıb güldürməyə, yəni anamın kefini açmağa da vaxtım qalmırdı.

Haçansa bir qoçumuz da varmış. İri burmabuynuzlu quru başı qalmışdı və bu baş balkon dirəyimizə mıxlanmışdı. Anamın axşamdan hazırlayıb buynuzdan asdığı çörək çantamı götürüb, artıq kənddən çıxmaqda olan Mehbalı əmi ilə Tapdığa çatmağa tələsirdim ki, kişi hirslənməsin. Əvvəllər, yəni kotançılığa təzə başladığım günlərdə yer şumlayanda, bir qayda olaraq, Mehbalı əmi kotanın macını tutardı. Tapdıq zəncirin üstünə minərdi, mən isə, əkin-tikindən o qədər də başı çıxmayan, "nərmə-nazik müəllim oğlu" kimi, ancaq irəlidə öküzləri yedəkləməyə yarayardım.
Əmma günlər keçdikcə daha "nərmə-nazik müəllim oğulluğundan" çıxırdım, hətta mac tutmağa başlamışdım.
Hərdən kotan torpağın altında yoğun ağac kökünə və ya sal daşa rast gəlib, çatıldayıb dik atılıb böyrü üstə aşırılanda məni də arxasınca sürükləyib şırımın arasına, kəltənlərin üstünə çırpırdı. Kəllər, xirtdəyə qədər torpağa işləmiş kotanın ağırlığından qurtaranda müvazinətlərini saxlaya bilməyib, birdən irəli şığıyırdılar. Mən isə, şumda xərək, yəni şumlanmamış yer buraxdığımı görüb, təngnəfəs, yenə kotanın dalınca cumurdum. Tərs kimi, kol-koslu, daşlı yerlər həmişə bir-birinin ardınca gəlirdi. Tir-tir əsən, qıp-qırmızı, tərli əllərimlə macından yapışdığım kotan nəzərimdə məni dalbadal daşa-torpağa çırpan, canlı, güclü bir məxluqa çevrilirdi. Əmma macını buraxmırdım. Bu vaxt gah Tapdığın yanıqlı-yanıqlı "vay-vay" dediyini, gah da Mehbalı əminin acıqlı səsini eşidirdim:
- Sənə neçə kərə demişəm mac tutmaq sənin işin deyil! Burax!.. - Qoca hirsli-hirsli qolumdan, biləyimdən çəkişdirirdi. Xır-xır xırıldayırdım. Şırımın arası ilə, kotanın dalınca səndələyə-səndələyə addımladıqca qıçlarımın titirədiyini hiss edirdim. Əmma macı buraxmırdım. Nəfəsim kəsilə-kəsilə, əməlli-başlı boğula-boğula, Mehbalı əmiyə cavab verməyə çalışırdım:
- Özün deyirsən, yüz əlli kişidən yüzü gedib, hər adam üç adamın işini görməlidi. Deyirsən? Deyirsən! Xahiş eləyirəm, macal ver, qoy heç olmasa bir adamın işini görüm!

Bədənim əzik-əzik olsa da, taqətdən kəsilsəm də, indi özümü də heyrətləndirən inadla məcdən əl çəkmirdim. Əlacı kəsilən Mehbalı əmi yanımca addımlayırdı, tez-tez köksünü ötürə-ötürə məsləhət verirdi:
- Kotan ilişəndə tez qaldır, üzə çıxart, təzədən sanc!.. Məci əymə!.. Şırımı nazik götür, xərək qalmasın!.. Xərək yerdə toxum üzdə qalır, qurda-quşa yem olur! Başa düşdün?!
Hərdən şumladığımız yerlə anamgilin işlədiyi tarlanın arası yaxın olanda Mehbalı əminin qarısı Tapdığın anası ilə, mənim anamla bizim şum yerimizə gəlirdilər. Qatıq, olanda ayran gətirirdilər.

Bir dəfə anamgil gələndə, tərs kimi, mən yenə yıxıldım. Anam əlində ağaran qatıq bankasını iri, qara bir kəltənin üstünə qoydu, şumun arasında çöməlib kəlağayısını gözlərinin üstünə çəkdi. Cınqırını belə çıxartmasa da, ağladığını bildirən bir hərəkətə yol verməsə də, sifətinə bürüdüyü kəlağayının bircə anda necə islanıb ləkələndiyini gördüm. Mehbalı əminin qarısı da şalının ucunu gözlərinə yaxınlaşdıranda Mehbalı əmidən heybətli bir qışqırtı qopdu:
- Rədd olun burdan!
Anamgil gətirdikləri şeyləri elə şumun ortasındaca qoyub, çəkilib getdilər.
Mehbalı əmi ilə Tapdığın qarşısında yıxılmağa dözürdüm mən. Anamın gözünün qabağında o cür biabırçı tarappıltı ilə düpdüz uzanmağım isə mənim kişiliyimi, ailə başçılığımı yerə vurmuşdu. Anam, əlbəttə, təkcə o bir banka qatığı öz yanında mənə yedirtməyə yox, həm də "kotandan çörək çıxardan" oğlunun necə işlədiyinə baxmağa gəlmişdi. Əcəb göstərdim!..

Qəhər məni boğurdu.
Kotan əllərimin altında titrəyə-titrəyə, yumşaq çatıltı, xırıltı ilə çayırlı xam torpağı doğraya-doğraya gedirdi. İrəlidə zəncir səslənir, həlqələr həlqələrə sürtünüb xırçıldayırdı. Tapdığın tənək çubuğu vıyıldayır, bir də kəllər tövşüyürdülər. Bu qarışıq səslər arasında həm də öz nəfəsimin elə bil boru içindən çıxan güyültüsünü eşidirdim. Mənə elə gəlirdi ki, Tapdıq kəlin belindən istehza ilə mənə baxır. Dost olsaq da, "nərmə-nazik müəllim oğluna" hərdən elə rəhmsiz istehza ilə baxırdı ki, mən buna dözməyib sıxıldığımı hiss edirdim. İndi isə, nəinki sıxıldığımı, qızardığımı, hətta elə bil anbaan əriyib əslində olduğumdan da balaca bir uşağa çevrildiyimi hiss edirdim.

Birdən kürəyimə nə isə bir ağırlıq düşdü. Eyni vaxtda böyrümdə, pəncələri altında kəltənləri basdalayıb əzə-əzə mənlə yanaşı gedən tozlu, ağır soldat çəkmələri gördüm. Necə oldu, xəyalım necə çaşdı ki, əlini kürəyimə qoyub yanımca addımlayan bu adamı atam hesab etdim? Yəqin ona görə belə oldu ki, çətin vaxtlarımda həmişə atamı, "bütün Tahirlinin fəxri Tahir müəllimi" - "bütün uşaqların istəkli direktoru"nu xatırlayırdım; mənə elə gəlirdi ki, birdəncə böyürdən çıxıb, həmişə məktəbdən qayıdanda olduğu kimi, əlini kürəyimə qoyacaq, həlim, yumşaq səsi ilə "necəsən, Nuri-didəm?" - deyəcək. Nə isə... Bir də xəyalım yəqin ona görə çaşdı ki, mən sərt, zəhmli Mehbalı əminin günlərin birində əlini kürəyimə qoya biləcəyini heç cür təsəvvür edə bilməzdim. Əmma indi kürəyimdəki ağırlıq onun əlinin ağırlığı idi. Enli pəncələri altında kəltənləri basdalayıb əzə-əzə böyrümcə gedən çəkmələr də onun çəkmələri idi. Bayaqdan Tapdığın baxışları altında əriyib balacalaşıb, cülzlaşan bədənim elə bil dəqiqəbədəqiqə böyüyüb, ağırlaşıb siqlətləndi, qıçlarım, biləklərim, macdan yapışmış barmaqlarım elə bil qurğuşunla doldu. Ciyərlərimdə bir genişlik, sinəmin əzələlərində daş bərkliyi hiss etdim və nə isə çox möhkəm bir şeyə ilişib çatıldayan kotanı torpağın ağır layı altında asanlıqla qaldırıb yenidən torpağa sancdım.
İrəlidə Tapdığın qəhqəhəsi eşidildi.
- Ha gözünə dönüm! - deyib tənək çubuğunu vıyıldatdı. Bu sözləri mənə dedi, yoxsa kəllərə? Fərqi yox idi, elə sevinmişdim ki, hətta gözlərim dolmuşdu.

Mehbalı əmi isə heç nə demədi. Əlini kürəyimdən çəkib dala qaldı və deyəsən "çay qaynatmağa" getdi.
"Çay qaynatmaq" kotançıların dilində dincəlmək demək idi. Mehbalı əmi mənə o qədər "get çay qaynat" demişdi ki, hətta bizim nəsildən - Tahirlidən olduğuna baxmayaraq özünü "Ləzgi" adlandıran, familiyasını da Qalayçıoğlu yazdıran briqadirimizin bizdən uzaqda işləyən başqa kotançıları mənim adımı "Çayçı" qoymuşdular. "Ha, gözünə dönüm!" sözlərindən sonra, axır ki, istehzalardan təhqirli "Çayçı"lığı eşitməkdən canım qurtarmışdı. Gözlərimi silib vəcdlə qışqırmaq, hətta öyünmək istəyirdim.

Bu hadisədən sonra hər dəfə əlimi kotanın macına atanda mən o dəqiqə Mehbalı əminin əlini kürəyimdə hiss edirdim. "Çay qaynatmağa" gedəndə də, bel götürüb şumun xərək qalmış yerlərini belləməyə gedəndə də Mehbalı əmi elə bil əlinin birini mənim kürəyimdə qoyub gedirdi.
Günlər keçdikcə biləklərimin, qollarımın, sinəmin əzələlərində doğrudan da qurğuşun ağırlığı, daş bərkliyi hiss edirdim. Bəzən mənə elə gəlirdi ki, bu cür əzələlərlə hətta bütün sutkanı maşıntək fasiləsiz işləyə bilərəm.

Lakin, əlbəttə, insan heç vaxt maşın ola bilməz.

MTS*-dən bizim kolxoza nə vaxtsa bircə traktor verilmişdi, onun da nəyi isə çatışmırdı. Traktor sədr Cəbrayılın həyətində, ot-ələf arasında qaralırdı, gecələr üstündə sədrin hinduşqaları yatışırdı, toyuqları oraya - "tara" çıxırdı. Biz kotançılar elə işləməli idik ki, payızda qırx birinci ildəkindən iki dəfə artıq taxıl səpib, həm hərbi fonda, həm MTS-ə, həm də camaata taxıl çatdıra biləydik.

* MTS (maşın-traktor stansiyası) - Kolxozlara hər beşillikdə bir dəfə texnika verib əvəzində "naturplata" (məhsulla ödəmə) adı ilə hər il (hər il!) hazır məhsul vergisi alırdı.

Sədr Cəbrayılın iclasda dediyi sözləri hamı "qulağında sırğa" eləmişdi: "Rusiyanın yarısı nemesin çəkməsinin altındadı. Ukrayna yoxdu, Belorusiya yoxdu! Gərək onların əvəzində də taxıl verək".

Baş kanaldan, Baş kənd Qurbanlı tərəfdən bizim Orta kənd Tahirlinin sahələrinə bir arx gedirdi ki, onun da suyu pambığı suvarmağa ancaq çatırdı. Göylərin suyuna ümid bağlayıb, vur-hay şumlayırdıq. Gün doğandan şər qarışana qədər, aylı gecələrdə isə hətta gecə yarıya qədər şumlayırdıq. Bəzən kəllərin nə vaxt dayandıqlarını, Tapdıq zəncirin üstündə, mən isə kotanın dalında, ayaq üstəcə haçan yuxuya getdiyimizi bilmirdik. Belə hallarda Mehbah əminin deyintisini eşidib, tezcə Tapdığı haylayırdım. Yenə kəllər fısıldaşır, zəncir cingildəyir, zəncirin həlqələri xırçıldayırdı, əllərimin altında mac titrəyirdi. Yalnız kəl otaranımızın səsinə diksinib oyananda başa düşürdüm ki, Mehbalı əminin deyintisini də, işlədiyimi də yuxuda görmüşəm. Qaranlıq meşənin harasındansa kəl otaranımız bizi səsləyirdi:
- Ay Tapdıq! Ay Nuru! Ötürün gəlsin!
Canları islaq-tərli, ağızları köpüklü, üzgün-ölgün heyvanlan boyunduruqdan açıb, kəlotarana təhvil verəndən sonra evə qayıdanda, hər şeydən əvvəl özümü taxtın üstünə yıxmağa tələsirdim. Çox zaman anamın çarıqlarımı necə çıxartdığını belə hiss etmirdim. Əmma qulağıma səslər gəlirdi: "Anan ölsün, anan ölsün!.." "Bir adam üç adamın işini görməlidi..." "Çörəyimiz kotandan çıxır... Çörəyimiz kotandan çıxır". Yalnız bu sonuncu səs bir neçə dəfə təkrar olunandan sonra, özümü zorlayıb güc-bəla ilə gözlərimi açırdım.
Belə, necə deyərlər, ölü kimi yatdığım gecələrdən birində bir hadisə baş verdi. Və o hadisədən sonra məndə gözlənilməz bir dəyişiklik əmələ gəldi.
O əcaib dəyişikliyi heç kəsə arzulamıram.

Başıma nə gələcəyini bilsəydim, heç evə qayıtmazdım, anama ismanc yollayıb, uşaqlardan birinin yanında yatıb qalardım. Ancaq həmişə olduğu kimi, yenə birbaş evə, özümü taxtın üstünə salmağa tələsdim, həmişə olduğu kimi, yenə də ölü kimi düşüb qaldım.
İndi təsəvvür eləyin ki, o cür yatan və həmişə də doyunca yuxuya həsrət qalan adam, gecənin bir vaxtı birdəncə gözlərimi açdım və hələ heç məni nə oyatdığını, yuxumun nə üçün dağıldığını fıkirləşməmiş, ağzımda çörək hiss etdim. Hər gün yediyim qarğıdalı cadı, arpa kələfətiri yox, buğda çörəyi!
Qaqaşım adəti üzrə yerin içində sakitcə oturub, anamın həftədə iki dəfə yalnız qaqaşımdan ötrü bişirdiyi buğda çörəyini yavaş-yavaş gəvələyirdi. Uşaqdakı fəhmə bax ki, yatan qardaşının ağzının açıq olduğunu görüb, çörəyindən bir tikə qırıb ağzıma qoymuşdu!

Necə yemiyəsən?!
Çeynədim, uddum və... və elə bil ömrümdə ilk dəfə buğda çörəyi yeyib qarğıdalı cadından, arpa kələfətirindən çiyrindim və... ağlıma hardan, necə gəldi ki, aclıq olacaq?

Pəncərədən çölə baxırdım. Ay işığında, durğun, bürkülü havada qarğıdalılarımızın yarpaqları ölüşgəyib sallanmışdı. Fikirləşdim ki, durum geyinim, arxda su varsa qarğıdalıya su açım. Əmma bunun əvəzində gözlərimi anamın əlindəki nimçədə çörək parçasına, pendirə dikdim. Başa düşürdüm ki, buğda çörəyindən nəinki bir qismət yeməyə, heç qoxlamağa da ixtiyarım yoxdur. Küncdə, tərsinə çevrilmiş vəl tayının üstündə un çuvalı vardı. Atam gedəndə bu çuvalı dolu qoyub getmişdi. O vaxtdan ötən bir ildə çuval yapıxıb, bir çərək hündürlüyündə qalmışdı. Atam uzaqdan-uzağa hardansa xəbər alırdı: "Balamın buğda unu qurtarmayıb ki?" Bu səs qulağıma gələndə taxtdan necə atılıb, evdən necə çıxdığımı bilmədim. Həyətimizdə atamın hələ təzə evləndiyi vaxtlar əkdiyi tut ağacının haçasından kətməni götürüb qarğıdalını kətmənləməyə başladım. Fikirləşirdim ki, qarğıdalı çox yansa, əlacım kəsilsə, bərk ayaqda sədri də, cuvarı da yuxuya verib su oğurlaya bilərik. "Bilərik" deyirəm çünki belə işlərdə Tapdıq mənim daimi köməkçim idi. Nə isə. Səhərə qədər işlədim.
Anam pəncərənin qabağında oturmuşdu.
- Özünü üzmə, anan ölsün!.. Anan ölsün!.. - Səhərə qədər yalvardı. Mən də ona yalvardım:
- Yat, ay ana, qurbanın olum! Yat!
Alt paltanmda idim. Ayaqlarım yalın idi. Kətmənin ağzından qopan torpaq çılpaq qıçlarımı döyəcləyirdi. Hərdən dırnaqlarıma daş-kəsək dəyirdi. Əmma ağrı hiss etmirdim: kotanın böyrünə-başına çırpılmaqdan bədənim keyikib taxta kimi hissiz olmuşdu.

Qarğıdalılarımızın hündürlüyü hələ bir metr də deyildi. Ancaq mən fikrimdə artıq məhsul toplayırdım. Məhsulun yarısını buğdaya dəyişdirmişdim, Qonaqlı meşəsində "İskəndər ağanın dəyirməni" deyilən dəyirmanda üyüdüb gətirmişdim, vəl tayının üstündə, eynilə atam gedəndə olduğu kimi, dolu çuval dururdu. Bu vaxt, bunların hamısının elə xəyal olaraq qalacağını deyən olsaydı kətməni yerə yox, qaldırıb başıma çaxardım. Lakin... kim peyğəmbərlik eləyə bilərdi!
Səhərisi yolda, həmişə olduğu kimi, dərdimi açıb Mehbalı əmiyə danışdım. Dedi:
- Xoflanıbsan.
Soruşdum ki, xoflanmağımın əsası varmı?
İri-iri, durğun, yorğun gözlərlə bir xeyli üzümə baxdı.
- Var, - dedi. - Buğda paylanmıyacaq bu il. "Paylanmıyacaq?!" Niyə?!
Niyəsini demədi.
Yol boyu öz-özünə mızıldanırdı:
- Pis adamlar var... Pis adamlar var...
O "pis adamlar" üçpara kənddən hələ əskərlik yaşı çatmayan, "uçota" salınmayan cavanlarımızı özlərini "bığı burma cavanları"n əvəzində "müharibəyə basırdılar, hökumətin əsgər ailələrinə göndərdiyi vaqon-vaqon pal-paltarı "vayenkomat”da kapitan Arşalusun köməyi ilə Ağtəpə bazarına ötürüb camaata "çöpnən çərtdək" verirdilər. Bəs buğdamıza necə əl uzadırdılar?! Məlum deyildi...
Buğda çuvalı tamam boşalanda anam çuvalı tərsinə çevirdi, süfrənin üstündə oxlovla çırpıb bir cam un çıxartdı. O bir cam undan iki xəmrəli çörək oldu. Qaqaşım o iki çörəyi beş gün yedi. Altıncı günün gecəsi yenə bir dəhşət oldu.

"Pəpə, pəpə"ni eşidəndə anam yorğan-döşəkdən qalxıb, küncdə duvağın üstündə süfrəyə bükülü saxladığı "cad"lardan - qarğıdalı çörəyindən kəsib gətirdi.
- Al, al, gözümün işığı, - dedi.
- Bu acı deyil, bu şirin pəpədi, ye, - dedi.
Bilənlər bilirlər ki, qarğıdalı cadı ancaq bir gün az-çox yumşaraq qalır, sonra isə daşa dönür.

Qaqaşım cad parçasını bir basdı, iki basdı, dişləyə bilmədi. Sonra əlindən salıb, qəribə - dəhşətli sızıltı ilə ağladı.
- Pəpəəə!..
Bəlkə də ilk "pəpə, pəpə" olduğuna görə mən buna heç cür dözməyib, taxtdan atdıb eyvana qaçdım. Eyvan dirəklərindən birinin dibinə çöküb, qulaqlarımı tutub hönkürdüm. Bir də o vaxt ayıldım ki, əkinimizin kənarlarından, arxın qıraqlarından biçib, qurudub yığdığım tayanın yanında güllə guruldadı. Beşaçılanın lüləsindən püskürən alovla birlikdə qığılcım səpələndi. Tahirlidə, ümumiyyətlə, sovetliyimizin üç kəndinin üçündə də belə gurultular heç də az olmadığına görə, o qədər də təəccüblənmədən həyətə çıxıb, sıx ulduzlu göy altında gəyənimiş, yəni xeyli işıqlanmış qaranlıqda Boz atı və sovet sədrimiz Qılınc Qurbanı tanıdım.

Meşin şapqasının qabağında ulduzu, belində enli kəmərin toqqası, qucağında beşaçılanın çaxmağı işıldayırdı. Tez-tez dönüb kəndimizin tən ortasından keçən El yolu tərəfə boylandıqca, gözləri də ulduzların işığını əks edib parıldayırdı... Qılınc Qurbana belə valehliklə, diqqətlə tamaşa eləməyimin səbəbi bu idi ki, bu bapbalaca, eyni zamanda çox güclü və çox cəld kişi atamın hələ Komsomol Tahir adlandığı vaxtldardan - iyirminci ildən, ən yaxın dost - qardaşlığı idi. Bütün kənd "Qılınc Qurban" deyirdi, atam isə "Bolşevik Qurban" deyərdi. "Mənim bolşevik qardaşımın nə mauzerindən boş-boşuna güllə çıxır, nə də tüfəngindən", - deyərdi. Yəni elə ki, atırdı, qaçaqdan, quldurdan hökmən kimi isə vururdu, ayaqlarına ip salıb, atın quyruğunda sürüyə-sürüyə gətirib El yolunun ortasına çıxarırdı. "Qudurmuş it vurmuşa" - qaçağa, quldura, soyğunçuya lənət oxuyardı. Heç bilmirəm, otuz neçənci il idi, səkkiz-on yaşım ancaq olardı, atamın kəskin etirazına baxmayaraq, bir dəfə mən də getdim ki, "qudurmuşa" baxım. Dağdağan Alı deyilən məşhur, qorxunc bir qaçaqdı; ağalardan, bəylərdən, yəni sinfı düşmənlərdən olmasa da, iyirminci ildə Sovet hökuməti qurulanda, gah meşədə odunçulardan, "sajen"çılardan, yəni hökumət üçün ağac kəsib, başını, ayağını xırxdayıb "sajen" yığanlardan çörək alırdı, gah fermalardan dana, qoyun-quzu aparırdı. Qısası, müftəyeyən "qudurmuş" idi o Dağdağan, yəni tək Alı. Getdim gördüm "ölü qudurmuş" inildəyə-inildəyə, "Ya Allah! Ya Rəsul!" - deyə-deyə ayağa qalxdı, xançalını qından siyirib ayaqlarına bağlı çatını kəsdi və elə xançal əlində, köynəyi, şalvarı, çəkmələri qan içində, El yolu ilə üzü aşağı çıxıb getdi. Qurban əmi - Qılınc Qurban isə dalınca baxa-baxa qaldı. Və sonra təəccüblü sözlər dedi: "Bunun qaçaqlığının nəsə ayrı səbəbi var. Sağ qalsa, meşəyə yolunuz düşəndə bunun payım da aparın həməşə". O vaxtdan Qurban əmi - Qılınc Qurbanı atamla yanaşı tuturdum. "İstrebitelni batalyon" - Qılıcı batalyon adlanan, arxa cəbhədə nizam-intizam üçün təşkil edilmiş batalyonun komandiri təyin olunandan sonra, batalyon üzvlərindən sədr Cəbrayılı nə isə vacib, təcili işə çağırmaq lazım gələndə Qurban əminin beşaçılanının guruldaması lap adi bir şey olsa da, bizim həyətdə guruldaması, əlbəttə, təəccüblü idi. Gözümün yaşını silib ata yaxınlaşdım. Əmma Qurban əmi mənə yox, öz məşhur kəhərini çapa-çapa gələn sədrə baxırdı.
Cəbrayıl çatıb cilovu çəkdi.

Qurban əminin əksinə Cəbrayıl hündür, ağbəniz adamdı. El yolunda sədrin ardınca baxan qız-gəlindən eşitmişdim ki, yer üzündə ikinci belə gözəl kişi ola bilməz. Qurban əmi də onun məhz gözəlliyini xoşlamırdı.
- Xeyir ola, a Qurban? Belə rahat gecədə belə trevoqa nədən ötrüdü? - Cəbrayıl gülümsünüb, şapqasını dala itələyib, qeyri-adi geniş alnını açıb daha da gözəl göründü.
Qurban əmi şallağını evə tərəf uzatdı.
- Bu kimin evidi? Cəbrayıl tutuldu.
- Bıyy! Bu nə sualdı, a Qurban?
- Səsini kəs və huş-guşnan qulaq as! Nə səsdi elə?

Bayaq hönkürüb qulaqlarımı tutandan sonra "pəpə, pəpə"ni eşitmədiyim kimi, gurultudan sonra da eşitmirdim. İndi isə...
- A mənə pəpəəə!..

Yaş məni boğdu, beynimə uğultu düşdü, atlıların nə deyib-danışdıqlarını, nə vaxt getdiklərini bilmədim. Bir də o vaxt ayıldım ki, briqadirmiz Qalayçıoğlunun gəlini - anbardar Zibeydə qarşımda dayanmışdı, kim isə kök bir kişi çiynindən ağır xurcun düşürüb, tövşüyə-tövşüyə, öskürə-öskürə papiros yandırırdı.
Xurcunun bir gözünün ağzında un ağarırdı, o biri gözündə bidon vardı.
- Sədr göndərib. Un öz əməkgününüzə düşür. Bal sədrin öz qapısındakı yeşiklərdəndi. Uşağa korluq verməyin.

Zibeydə, ardınca da közərən papiros uzaqlaşıb getdi. Anam qaqaşım qucağında, gəlib dinməz-söyləməz, bidonun qapağını götürdü, barmağını işıltdı, qatı bala batırıb, fırlaya-fırlaya qaldırıb qaqaşımın ağzına soxdu.

Nə qədər ki, atam getməmişdi, qaqaşımı anam da atamın dili ilə "Şöşü bala" çağırırdı. Atam gedəndən sonra anam daha "Şöşü bala" deyə bilmirdi. Qaqaşım barmağı sümürüb, balı udub, o an da ağzını balıq kimi açanda, burda anam bir ildə bəlkə də birinci dəfə gülüb:
- Şöşü bala! Bu qədər bal yemək olmaz axı, Şöşü bala! - dedi.

Sonra Şöşü balanı mənim qucağıma qoyub, ləyən, su gətirib elə buradaca xəmir yoğurmağa başladı...
O un da qurtardı. O bal da qurtardı.
Hey deyirəm "səmum hardan əsdi?!" anamın sözləridir. Qulaqlarımda "pəpə, pəpə", bu müsibətin səbəblərini axtarıram. "Pis adamlar... Pis adamlar..." Neyləyiblər o "pis adamlar"?
Bunu Mehbalı əmi bilir. Mən isə yaxınlarımızı yaxşı tanıyıram: atalarımızı, analarımızı, dostlarımızı...

...Tapdığın anasının adı Söylü idi. Mənim anamınkı Əsmət. Əmma bilənlər bilirdilər ki, həqiqi adı Asmik idi. Mənə özü danışmışdı ki, ulu babası nə vaxtsa bizim bu ətraf kəndlərə gəlib "kirvəlik" eləyən ermənilərdən imiş, adına da elə "gələn kirvə" deyirmişlər. Kiminsə oğlunun sünnət toyunda deyib: "Gələn deyiləm mən, Gülənəm". O vaxtdan adı Gülən qalıb. O Gülən kirvənin törəmələri Gülənuşağı olub elə müsəlmanlaşıblar ki, bizim kəndə kartof gətirib taxd aparan "Baran erməniləri" deyilən Barana erməniləri "hayes, Turkes" soruşanda bunlar "türkəm" deyiblər. Bu "türkəm" deyənlərdən biri o ulu erməninin adını daşıyan Gülən, yəni anamın dayısı hətta molla məktəbi qurtarıb Molla Gülən olub özü də molla məktəbi açıbmış. Əmma Molla Güləni nə Qurban əmi - Qılınc Qurban xoşlayırdı, nə atam, nə anam özü, nə də mən. Buna görə də onun adının yaxşı adamlar sırasından qəti çıxarmışam. Bu dayının bacısı qızı Əsmətin adını isə, anam olduğuna görə yox, həqiqətdə də yaxşı insan olduğuna görə yaxşılardan birincilərin sırasında deyirəm.
Tapdığın anasına Sürməli Söylü də deyirdilər.

Əvvəllər, yəni hələ müharibə başlanmamış uşaqlar mənim qulağıma pıçıldayırdılar ki, "sürməli" guya ayağı sürçək arvadlara deyirlər. Mən buna inanmırdım. Birincisi, ona görə ki, Söylü xana gözlərinə sürmə-zad çəkməzdi. Yadımdadır ki, anam gülümsünüb elə bil qibtə ilə deyərdi: "Söylünün gözləri qüdrətdən sürməlidi". İkincisi də, "Sürməli" adını ona bir başqası yox, öz əri Muxtar əmi vermişdi. Pis ad olsaydı. Deyərdimi?!

Muxtar əmi ayar adamdı. Çöldə - sahələrdə, kolxozçuların arasında da, idarədə də heç vaxt sakit dayanmaz, elə danışıb-gülərdi. Axşamlar, idarədə işlərini qurtarandan sonra, boş vaxtlarında, özü dediyi kimi, "arvadını qoltuğuna vurub", tut ağacının altında "böyrünü xalçaya verib Tahir müəllimnən gap eləməyə" gələrdi. Əmma atamla "gap eləmək" əvəzinə, öz arvadı ilə zarafata başlardı: "Samavarı gətir xalçanın yanına qoy zümzüməsini eşidək, özün də gəl gözümün qabağında əyləş, öz əlinnən çay süz, Əsmət bacının xətrinə dəyməsin, sənin əlindən çaya məxsusi ətir çökür, mənim Sürməli Söylüm, sürməli gözlərinə quzu kəsim!" Beləcə başlayıb, tər tökə-tökə, hərdən "oxay!" - deyə-deyə armudu stəkandan çay içib, samovar tər-təmiz boşalana qədər danışardı. Axırda isə "hökumət papirosu" çəkən atamla "maxorka" çəkən Mehbalı əmiyə hökmən "Siz çəkən deyilsiniz", - deyib tənbəki kisəsindən "saçaqlı tütün"lə "cığala kağız" çıxarıb, "Arvadın eşqinə bir eşmə də dəmliyək və rəvan olaq təxti-xabımıza sarıl" - deyərdi.

Muxtar əmi ilə oturanda atam da zarafatcıl olurdu: "Sədrimizə baxın! Fikri-zikri Söylünün yanında, təxti-xabda! Başa düşmürəm bu kəndi necə idarə eləyirsən!" Muxtar əmi guya ciddiləşib deyərdi: "Söylü olmasa bircə gün də sədrlik eliyəmmərəm. Başın haqqı doğru sözümdü, müəllim! Bax, budu deyirəm: o gün ki, gördün Söylü yanımda yoxdu, bil ki, Muxtarın ruhu bədəndə deyil! Get qəbrimi qazdır!"
Muxtar əmi belə danışanda, Tapdıqla mən bir kənarda bir-birimizi dümsükləyib, ucaboy, gözəl arvadın öz "kartofburun, yekəqarın" ərinə necə vurğun-vurğun tamaşa etdiyinə baxırdıq.

Mən Muxtar əmidən başqa heç bir ağsaqqal, qarasaqqal yanında heç bir zarafata, sərbəst rəftara yol verəməyən, komsomolluq illərinin "revolveri" - tapançası hələ də evimizdə saxlanan, kənd arasında qaşları çatılı gəzən, məktəbdə "atası Nur Məhəməd təki nur-ipək" olan, evdə qəzet, kitab oxuyan, şeir yazıb siyirməsində "qıfıl altında saxlayan" atamla sakit, susqun anamı Tapdığın ata-anası ilə müqayisə edərdim və belə şən ata-anası olduğuna görə ona qibtə etdiyimi Tapdıqdan gizlətməzdim.

Qırx birinci ilin yayında "vətəni müdafiə edək" şüarı çıxanda, başqa könüllü gedən kommunistlərlə birlikdə atam ərizə verəndə Muxtar əmi də yazdı.
Bir gündə getdilər, bir gündə məktub göndərdilər "Mazdokda qırdan Azərbaycan diviziyası" barədə xəbər yaydandan sonra bir gündə də "qara kağızları" gəldi.

Mən anam sarıdan arxayın idim. Anam toxtaqlı, dözümlü qadındı. Tapdığın anası isə... yox, o, ayrı cür idi.
Mehbah əmi bizim nəsildən olsa da, nədənsə əslini gizlədib Tahirli əvəzində familiyasını Qalayçıoğlu yazdıran briqadirimiz, ağsaqqallarla bizə gəlirdilər. Kandarda qaloşlarını, ayaqqabdarını çıxarıb, əllərini bığlarına, saqqallarına çəkə-çəkə yuxarı başa addımlayıb, yerbəyerdən "Ya allah! Ya Adah!" - deyə-deyə taxtın üstünə qalxırdılar, orda anamın əlüstü saldığı süfrənin dövrəsində səliqə-səhmanla bardaş qurub səssiz-səmirsiz otururdular. Kənddə şiniyyat tapılmadığına görə armud qaxı ilə, moruq qurusu ilə çay içib, elə hey yaslı-yaslı susurdular. Gah qarşılarında buğlanan stəkanlara, gah diqqətlə otağımızın çılpaq divarlarına, künc-bucağına, gah da atamın yazı stolunun böyründə, kətildə susqun oturan anama baxırdılar. Danışmağa başlayanda isə, bir-birinin sözünü kəsə-kəsə anama ürək-dirək verirdilər: filan kənddə filankəsin ərindən də, yaxud filankəsin oğlundan da qara xəbər çıxıbmış. Əmma heç beş gün keçməmiş məktub gəlib. Yaxud: filan kənddə filankəslərin ərlərinin yanından adam gəlib, deyir "sekretni" yerdə işləyir, məktub yollamağa ixtiyarı yoxdur və sairə... O deyilən xəbərlərdən bizim kənddə niyə çıxmırdı? Bu barədə nə anam soruşurdu, nə də qocalar bir söz deyirdilər.
- Frontda* belə şeylər çox olur, bala. Sən heç umudunu üzmə, - deyib ağsaqqalların arasında xüsusi hörməti olan Mehbah əmi söhbətə yekun vururdu.

Yazı stolunun o tərəfində, divarda iki şəkil vardı. Birində anam stulda oturub, qucağında gombul yanaqları, işıldayan gözləri ilə kuklaya oxşayan bir uşaq tutmuşdu. O kukla guya mən idim.

*Cəbhə.

İkinci şəkildə ədərini şalvarının ciblərinə soxub, geniş, qabarıq sinəsini irəli verib, başını dala atıb, damağında uzun müştüklü papiros tutmuş, beli revolverli oğlanla bir əlini belinə, o biri əlini taxta qoburlu mauzerinin üstünə qoymuş balaca bir kişi şəstlə dayanmışdı. O revolverli oğlan atam Komsomol Tahirdi, yanındakı gödək kişi isə Qurban əmi - Qılınc Qurbandı.

Mən gözümü açıb dünyaya baxanda atamı saçsız görmüşdüm. Dediyim kimi, kənd arasında qaşları çatılı, məktəbdə nur-ipək, evdə oxuyan, yazan, bağçada işləyən atamın şəkildəki oğlana heç bir oxşarı yoxdu. Amma anam gündə bir kərə o şəklin tozunu silirdi və bu vaxt mütləq onu divardan götürüb uzun müddət, elə bil nəfəs çəkmədən tamaşa edirdi. Belə hallarda bir neçə dəfə pıçıltısını eşitmişdim: "Balalarını yetim qoyma, ay Tahir..."

Anam taxtdan düşüb tələsmədən qaloşlarını, ayaqqabılarım geyinən qocaları da eyni sözlərlə ötürürdü:
- Təki balaları yetim qalmasın. Mən heç nə istəmirəm, şil olsun, topal olsun, ancaq balalarının içinə qayıtsın.
Bu sözləri deməyə dili necə gəlirdi? Mən, əlbəttə, etiraz edirdim. Ancaq həm də ürəyimdə sevinirdim ki, demək anam toxtaxlıdır.
Tapdığın anası isə, dediyim kimi, ayrı cür idi.
"Qara kağız" gələn günü kəndin ortasında, El yolunda arvadın necə qiyyə çəkib hönkürdüyünü xatırlayanda canımdan üşütmə keçirdi. Ətrafına toplaşmış arvadların onu qınadığına və hətta Tapdığın da acıqlandığına baxmayaraq, arvad dəli kimi baş-gözünü yumruqladı, saçlarını yoldu. Həmin axşam Tapdıqgilə gedəndə mən o gözəl qadının bir neçə saatdaca sapsarı saraldığını, "sürməli" gözlərinin dövrəsində qara ləkələr əmələ gəldiyini gördüm.

Arvad vaxtı ilə Muxtar əminin "təxti-xab" adlandırdığı böyük çarpayıda, yoğan-döşəyin arasında arxasıüstə uzanıb, donuq gözlərini tavana dikmişdi. Elə bil can verirdi.
Tapdıq çarpayının ayağında boynunu büküb anasına baxırdı. Deyəsən mənim gəldiyimi hiss etmirdi.

Ayaqlarımın ucunda ehtiyatla yaxınlaşıb, mən də çarpayının aşağısında dayandım. Tapdığa bir söz deməsəm də, belə dar gündə dostumla heç olmasa yanaşı dayanmağı özümə borc bildim.

Bir az sonra Tapdığın böyük qardaşı Cümrü gəldi.
O vaxt Cümrüyə Dəli Cümrü demirdilər. Çünki hələ dəli olmamışdı. Özü də çağırışçı idi. Qalın parçadan özünə arxa çantası tikdirmişdi, içinə də yun corab, qulaqlı papaq və sair bu kimi şeylər qoymuşdu. "Uruset soyuqdu", - deyirdi. Müharibədən, əsgərlikdən söz düşəndə isə "Günlərimi sayıram", - deyirdi.

Tapdıq həm boy-buxundan, həm də sifətdən atasına oxşayırdı. Cümrü isə anasına çəkmişdi. Bizdən cəmi iki yaş böyük olmasına baxmayaraq, kürəyinin arxasında Tapdıq kimisinin və ya mən kimisinin ikisi gizlənə bilərdi.
Hələ müharibədən əvvəl, məktəbdə oxuduğu vaxtlar da elə bu cür enlikürək idi. Atamla Muxtar əmi yanaşı dayanıb, papaq əvəzində başında çalağan yuvasıtək bir topa qapqara saç gəzdirən bu pər-budaqlı oğlanın boy-buxununa, yerişinə, duruşuna tamaşa eləyib, qürurla gülümsəyərdilər: Muxtar əmi öz oğlu ilə, atam öz şagirdi ilə fəxr edərdi. Bizim, yəni Tapdıqla mənim isə, şübhəsiz, qürurumuz həddini aşıb lovğalığa çevrilərdi. "Cümrü qağamız hər ikimizin qardaşımız, hər ikimizin dostumuz idi. Kolxozumuzda "Staxanovçu" adı alan kolxozçuların haqqında qəzetlərə məqalə göndərib çox vaxt "atkaz" alsa da, özünü "müxbir" adlandıran köhnə sinif yoldaşımız Müxbir Məlik özünü bizim ən yaxın dostu saysa da, Cümrünün yanında mənə həmişə əyri baxırdı, "Cümrünü məndən çox istəyirsən!" - deyirdi.

Atalarımız gedəndən sonra Cümrü də məktəbi buraxdı. Qalayçı-oğlunun briqadasına yazılıb, o da kotançılığa başladı. Mehbalı əmi ilə Qalayçıoğlu bir neçə gün dalbadala danlayıb-dalaşıb, "Heç olmasa doqquzuncunu qurtar!", "Sən zehinlisən. Buraxma məktəbi!" - dedilər. Əmma Cümrü qayıtmadı məktəbə. "Dava vaxtı nə oxumaq, ay atası rəhmətliklər! Vayenkoma ərizə yazmışam, arxa çantamı da tikdirib hazır qoymuşam. Bu gün-sabah çıxıb-gedəsiyəm!" - dedi. Qocalarımız: "Bu dava çox pis davadı. Kim bacarır, yayınsın bu davadan", - desələr də, divarlarda "Vətəni müdafiə edək!", "Vətən çağırır!" şüarlarını "sarsaqlayan", "saf-saman danışan" qocalarımızın sözlərindən daha əsaslı saydığımıza görə, Qağamızın: "Ərizə yazmışam", - dediyini eşidəndən sonra Tapdıqla mənim Cümrü sarıdan qürurumuza gizlin bir qibtə qarışdı.

Qoşa konvertlərdə qoşa "qara kağızlar" gələn günü nədənsə Cümrü anasına yaxın durmadı. Cod dərili, iri əllərilə enli qayış kəmərinin toqqasını sıxaraq, topasaçlı başını dik tutub, ağsaqqalların arasında dayandı. Mənə elə gəlir ki, Tapdıq da məhz qardaşının o cür ürəkli-dirəkli dayandığını gördüyü üçün özünü ağlamaqdan saxladı. "Mənə elə gəlir ki", - deyirəm, çünki əslində mən özüm də elə Cümrüyə baxıb, göz yaşımı içərimdə boğdum.

Söylü arvad elə bil doğrudan da can verirdi, hərdən sinəsi dolub-boşalmasaydı və bu vaxt burun pərləri titrəməsəydi, biz yəqin ki, şivən qoparardıq.

Cümrünün "kartof' burnu sıxılmışdı, qaysaqlı dodaqları göyər-mişdi. Gözleri eynilə anasının gözləri kimi, bir nöqtəyə dirənmişdi.
Dillənməyə cəsarət eləmirdim. Haçandan-haçana ehtiyatla Tapdığa tərəf əyildim:
- Bəlkə Revazı çağıraq?

"İrəvaz doxdur" deyilən adam gürcü idi, elə Gürcüstanda da işləyirdi. Əmma "malareya" deyilən qaraqızdırma bizim üçpara kəndin camaatını əməlli-başlı təntitdiyinə görə Revaz - İrəvaz doxdur tez-tez Baş kənd Qurbanlıya gəlib orda Axsaq Hacıya -Feldşer Hacıya dərs deyirdi, Aşağı kənd qonaqlıda rus qızı Sestraya dərs deyirdi, bizim Orta kənddə isə həftədə iki-üç gün qapı-qapı gəzib "xinin" - qızdırma dərməni paylayırdı, "iynə" vururdu.
Mən "Revaz" deyəndə Tapdıq başını buladı.
- Revazlıq deyil, - dedi. Sonra təəccüblə üzümə baxdı.
- Sən niyə burdasan?! Dedim:
- Bəs neynəyim? Dedi:
- Anayın yanında ol! Get!
Mən cavab verməmiş, arxadan Cümrünün gur səsi eşidildi:
- Onun anası kişi qızıdı!

Başımı qaldırıb, məndən azı iki qarış hündürlükdə Cümrünün iri, parıltılı gözlərini gördüm.
Bir əlini Tapdığın, bir əlini də mənim çiynimə qoyub, sinəsilə bizi çarpayının dəmirinə sıxıb, anasına baxdı. Ağır-ağır, deyəsən, qəhərdən boğula-boğula, nəfəsini dərə-dərə dedi:
- Qara kağızı gələn tək bizimkidimi, ay ana?! Saçını-birçəyini yolub yelə verməknən atamı qaytaracaqsan?! Mən heç, bu Tapdıq balana yazığın gəlmirmi?!

Söylü arvad dillənmirdi. Oğlunun sakitlikdə otaq dolusu çıxan boğuq səsini elə bil heç eşitmirdi.
- Qoşa oğul anasısan... saçına-birçəyinə dən düşüb, neçə-neçə ölüm-itim görübsən, özünü niyə itirirsən, ay ana?!

Cümrü bu sözləri deyə-deyə çarpayının böyründən hərlənib, anasının başı üzərində durdu. Qaşlarını sıx-sıx çatıb, bir müddət səssiz-ünsüz dayandı. Sonra ağır-ağır çevrilib bizə necə baxdısa, Tapdıq da, mən də onun nə demək istədiyini dərhal başa düşüb eşiyə çıxdıq. Ancaq hələ qapıdan aralanmamış dayanıb geri baxmağa məcbur olduq.

Cümrü çarpayının böyründə diz çöküb, əyilib, ana uşağı kimi üzünü anasının üzünə söykəmişdi.
- Mən də dözəmmirəm axı, ay ana! Atamı mən də çox istəyirəm axı! - Birdən bütün bədəni ilə silkələnə-silkələnə hönkürdü.

O hönkürtünü ömrüm boyu unutmuyacam.
Kənd arasında, camaat içində topasaçlı başını dik tutub şəstlə dayanan, öz toxtaqlı görkəmilə Tapdığa da, mənə də nümunə göstərib ürək-dirək verən Cümrü qağamızın birdən-birə elə yana-yana hönkürməsi, müsibətimizin necə böyük olduğunu bizə yenidən anlatdı.
Tapdıqla, ikimiz də divar dibində, quru torpaq, daş-kəsək qırıntıları üstünə düşüb, baş-başa verib, bir-birimizi qucaqladıq. Qəribədir ki, atamla Muxtar əminin yoxluğunu, analarımızın bədbəxtliyini məhz belə qucaqlaşanda anlamışdım.

Gözümün yaşını silib başımı qaldıranda içəridə lampa yanırdı. Yerdə, xalça üstündə çoxlu arvad oturmuşdu. Ortalığa paltar töküb ağlaşırdılar. Vaxtilə Muxtar əminin əynində dəfələrlə gördüyüm göy kitel, qara qalife şalvan tanıyanda dərhal geri dönüb Tapdığın biləyindən yapışdım, heç nə izah etmədən, onu həyətin qaranlığına çəkdim: atasının paltarının sovxatək ortalığa töküldüyünü görməməli idi.

Hələ axşamdan arvadlar bizim qapıya da gəlmişdilər. Əmma anam onları heç içəriyə ayaq basmağa da qoymadı. Gözucu mənə baxıb dedi:
- Evimə ağlaşma salmıyacam.
Qalayçıoğlunun gəlini anbardar Zibeydə xahiş elədi ki, anam heç olmasa "Tahir müəllimin köynəyindən, şalvarından bir şey" versin. Bu kök, hörmətli gəlin vaxtilə atamın yaxşı oxuyan istəkli şagirdi olmuşdu. Ancaq anam onun xahişini də qəbul eləmədi. Atam kimi o da "Zibeydə" yox, "Ziba" deyib, sakitcə:
- İncimə, Ziba. Bir kağız yox, yüzü gəlsin, Tahirin paltarını ortalığa töküb ağlaşma qurmuyacam! - dedi.
Zibeydə ağladı. Arvadlar isə, anamdan incimiş kimi, narazı gözlərlə bir-birinə baxıb yavaş-yavaş dağılışddar.
İndi Tapdıqgilə yığışmışdılar. Məncə onlar Muxtar əmiyə yas saxlamaqdan çox hərəsi öz dərdini "qara kağız"a dönən əzizini ağlayırdı. Yoxsa, bu qədər dəhşətli sızıltı, göynərti ilə ağlaşardılarmı?

Hiss elədim ki, o göynərtilərə mən necə dözə bilmirəmsə, Tapdıq da eləcə dözə bilmirdi, elə buna görə də atasının paltarının ortalıqda görməməli idi.
Tez-tez dayanıb geri baxsa da, qolunu buraxmadım.
- Anam öləcək! Nuru, anam öləcək! - deyirdi. Tapdıq, deyəsən, bir az sakitləşmişdi.
- Cümrünün ağladığını görməmişdim, - deyib qaranlıqda geri boylandı.
Hiss etdim ki, qardaşı sarıdan da narahatdır. İstər-istəməz fikirləşdim ki, Cümrü niyə o cür hönkürdü? Arvadların o cür sızıldaşmasına niyə izin verdi?
Birdən onu darvazada gördüm. Demə, çıxıbmış.

Yolun o tərəfındən naxırçı Məsinin qaranlıqda itib-batmış daxmasından tütək səsi eşidilirdi. Məsi adətən axşamlar təklikdən darıxanda durub daxmanın damına qalxardı, orda oturub tütək çalardı. İndi də çalırdı. Görünür, yenə darıxırdı.
Cümrü vaxtilə Muxtar əminin kətilsayağı düzəldib darvaza dalına qoyduğu kötüyün üstünə çökdü. Ulduzların işığında parıldayan gözlərlə, özü də elə bil təəccüblə Məsinin daxmasına tərəf baxırdı.
Ona yaxınlaşıb dedim:
- Gedirik anamı yollayaq, gəlsin bu gecə Söylü xalanın yanında qalsın.
Cümrü dillənmədi.

Mən axşamüstü anamın arvadları qapımızdan necə qaytardığını danışdım və məsləhət gördüm ki, Cümrü qağa da o cür eləsin, yoxsa, o cür ağlaşmadan Söylü xalanın əhvalı daha da xarablaşar.
Cümrü yenə dillənmədi. Onsuz da dərdlə dolu olan bu yay gecəsində, naxırçı Məsinin tütəyinin dalğa-dalğa gələn səsi də elə bil kimə isə yas tuturdu. Cümrünü də indi elə bil o yaslı səsdən başqa heç nə maraqlandırmırdı.
Məni heyrət götürdü. Bayaqkı hönkürtü hara, indi mənim sözümə heç əhəmiyyət verməməyi hara? Qağamız birdən-birə niyə belə laqeyd idi? Xeyirli məsləhətə niyə qulaq asmırdı? Anasından əlini üzmüşdü, nə idi?!

Birdən, bu buludsuz, ulduzlu gecədə elə bil ildırım çaxdı.
-Nə baş-beynimi tökürsünüz! Cəhənnəm olun burdan! - Cümrü necə qışqırdısa, Tapdıqla mən diksinib, heyrətlə bir-birimizə baxıb darvazadan tezcə uzaqlaşdıq. "Heyrətlə" deyirəm, çünki Cümrünün heç bir səbəbi olmadan, bizlə belə kobud rəftar eləməsi görünməmiş şey idi.

Deyirlər ürəkdən ürəyə yol olur. Biz öz "gözəl qağamızla", "pəhləvan qağamızla" fəxr edirdik. O isə, həmişə bizi əzizləyirdi. Xüsusən atalarımız gedəndən sonra. Biz gündüzlər çöldə yer şumlayıb, axşamlar gah Tapdıqgilin, gah da bizim həyətimizdə qarğıdalını kətmənləyəndə Cümrü birdən böyürdən çıxıb bizi qucaqlayırdı. "Qadanızı alım, a qeyrət dağarcıqları!" - deyirdi. Və bizi yatmağa göndərib, kətməni özü götürüb, bəzən səhərə qədər kətmənləyirdi. Mən gecənin bir vaxtı yorğun düşüb taxtın üstündə uzananda, birdən yenə də Cümrünün səsini eşidirdim: "Nuru kişi necədi, Əsmət xala?.." Gəlib başımın üzərində dayandığını, diqqətlə üzümə baxdığını hiss edirdim. "Uşaqlar yaman işləyirlər, ay Əsmət xala. Yeməyinə-içməyinə yaxşı fikir ver, sən Allah. Bu gün-sabah mən də gedəcəm, yurdda bunlar qalacaqlar. Yaxşı fikir verin, üzülməsinlər, Əsmət xala".
Tapdıq da, mən də, hər yerdə, həmişə qağamızın qayğısını, nəvazişini duyurduq. Mehbalı əmi ilə Qalayçıoğlu nədənsə onu "kobud", "qabağından yeməyən" adlandırırdılar. Biz isə, Cümrüdən həssas, Cümrüdən nəcib ikinci bir adam tanımırdıq.

Bu il yazbaşı, Novruz bayramından sonra ümumi iclasda sovet sədri Qurban əmi - Qılınc Qurban təklif elədi ki, kolxozdan iki boyun kəl, bir kotan ayrılsın, hər gün bir əsgər ailəsinin "qapısı", yəni həyətyanı sahəsi əkilsin. Sədr Cəbrayıl dedi: "Malakan kəndində arvadlar şalvar geyinib kişilərnən bərabər çöldə yer şumlayırlar, axşamlar da bel götürüb qapıdakı yerlərini belləyirlər. Bizimkilər niyə belləməsinlər?.."
İclasda qarışıqlıq düşdü. Qalayçıoğlu əlini xançal dəstəyinə qoyub ortalığa çıxdı. Dedi: "Malakan malakandı, müsəlman müsəlmandı! Papağını yerə soxum o kişinin ki, əsgər arvadının əlinə bel verib yer bellədir!.."

Arvadlar özləri məsələyə qarışmasaydılar, kişilərin arasında bəlkə də əməlli-başlı qalmaqal qopacaqdı. Çünki sədr Cəbrayıl nə qədər gözəl kişi idisə, bir o qədər də qürurlu idi, yəni söz götürən deyildi; səhnədə stolun dalından çıxıb, elə özü kimi caydaq, zabitəli Qalayçıoğlu ilə qabaq-qarşı dayanıb, birdən əlini atıb briqadirin xançalını qından çəkdi: "Əvvəla, iclasa xançalla gəlməyin kişilik deyil, a bizə nakişi deyən! İkincisi, müharibə bircə il də çəksə, kənddə başıpapaqlı qalmıyacaq. Bax buna görə deyirəm işləsinlər, indidən alışsınlar zəhmətə!"

Qalayçıoğlu xançalını sədrin əlindən alanda necə oldusa tiyədən tutdu, didik-didik taxta döşəməyə al-qırmızı qan çiləndi. Həmin bu vaxt arvadlar yerbəyerdən qalxıb küy qaldırdılar. Köhnə istəkli sədrimizin - Muxtar əminin istəkli Sürməlisi səhnə ayağında görünəndə isə küy yatdı. Söylü arvad yox, elə bil Muxtar əmi özü öz nüfuzu ilə hamını sakitləşdirib dedi: "Raykomumuz Sultan Əmirli yoldaş məktəbimizin direktorundan mənim yeddincini qurtarmağım barədə yoxlama istəyib, məni kursa göndərmək istəyir ki, gəlim kəndimizdə rəhbər işdə olum. Özüm razılıq vermişəm. Qismət olar gedənlərimiz qayıdar, o vaxt, inşallah, genə arvad arvad olar, kişi də kişi. Həmişə dava olmuyacaq ha!.."
Anası belə danışanda Cümrü arxa tərəfdə, qapı ağzında, toqqasından qoşa əlli tutub dayanmışdı. İşarə ilə bizi, yəni cavanları yanına çağırıb dedi: "Gedin hərəniz bir bel gətirin. İdarənin qabağında gözlüyəcəm".

O axşamdan başlayıb, şumdan o qədər üzgün qayıtmayanda hər bir əsgər ailəsinin həyətyanı sahəsini bellədik.
Uşaqlardan bəziləri dözmürdülər. Məsələn, Məlik hərdən beli atıb, əkinin kənarında üzüüstə torpağa sərilib dərhal yuxuya gedirdi və həmişə də ağzından selik axırdı. Bu vaxt Cümrü onu ehmallıca qucağına götürüb otluqda uzadırdı, papağını Məlikin başının altına qoyur, pencəyini də üstünə salırdı.

Axırıncı gecə, səhərə yaxın iş qurtaranda qağamız əlindəki beli torpağa sancıb bircə-bircə bizi qucaqladı, yenə də: "Qadanızı alım, a qeyrət dağarcıqları!" - dedi.
Təkrar deyim ki, Tapdıq da, mən də, Müxbir də Cümrü qağamızdan həssas, pəhləvan qağamızdan nəcib ikinci bir adam tanımırdıq. Yəqin ki, elə buna görə də onun birdən-birə Tapdıqla mənə qışqırması, hətta "Cəhənnəm olun!" - deməsi məni sarsıtdı. Qağamızın hirsli, parıltılı gözləri bir müddət xəyalımdan getmədi. Nə qədər düşünsəm də Cümrüdəki bu qəribə dəyişikliyə bir səbəb tapa bilmədim.
Bilmirəm hardasa oxumuşam, ya da kimdənsə eşitmişəm ki, insanın ən böyük xoşbəxtliyi uzaqgörənliyindədir. Burdan belə nəticə çıxarmaq olar ki, demək, ən böyük bədbəxtlik bədbəxtliyi qabaqcadan görməməkdir.
Hardan biləydik həssas qağamıza, pəhləvan qağamıza Dəli Cümrü deyiləcək?!

Cümrünü darvaza ağzında, kötük üstündə qoyub, Tapdıqla yanaşı, bizim evə sarı gedəndə, mən vaxtı ilə Muxtar əminin "arvadını da qoltuğuna vurub" bizim həyətə, tut ağacının altına gəldiyi günlərimizi, Tapdıqla bir-birimizi dümsükləyib, "kartofburun, xaşalqarın" ərinə vurğun-vurğun tamaşa edən arvada baxıb pıqqıldaşdığımızı xatırlayırdım, indi donuq gözlərini tavana dikib hərəkətsiz qalmış Sürməli Söylünü Aşağı kənd Qonaqlıda Çürük aşığın danışdığı "Məsim və Diləfruz" dastanında "Məsimin həsrətindən dili tutulmuş Diləfruza" oxşadırdım. "Arvad-kişi" söhbəti olan iclasda elə danışandan sonra günlərin birində Cəbrayıl kişi müharibəyə gedəndə hökmən sədr seçiləcəyini gözlədiyim Sürməlinin gözlərindəki dəhşətin, lal-dinməzliyin keçəcəyinə şübhə eləmirdim.

Hardan biləydim ki, həssas, incə qağamız kimi həssas, incə anası da elə dəli kimi olacaq?!
Muxtar əmidən "qara kağız" gələndən sonra heç altı ay da keçmədi ki, Sürməlimiz ərə getdi. Özü də kimə?! Sədr ərinin yerində oturan sədrə! Arvadlı-uşaqlı Cəbrayıl kişiyə!
Bu əcaib xəbəri mən bir səhər Qara inəyi naxıra qatmağa gedəndə Məsidən eşitdim.

Yeri gələndə səbəbini deyəcəm. Məsiyə xüsusi hörmətim vardı. Muxtar əminin istəklisi, Qağamın, Tapdığımın anası barədə ədəbsiz sözlər, ağlasığışmaz xəbər dediyini eşidəndə istər-istəməz yumruğumu düydüm.
- Kim deyib sənə bu murdar şayəni?!
Əmma Məsi məni inandırdı ki, Sürməlimiz doğrudan da ərə gedib. Özü də, dediyim kimi, sədr ərinin yerində oturan sədrə! Arvadlı-uşaqlı Cəbrayıla! Rayonumuzun ən məşhur, ən ləyaqətli adamı Sultan Əmirlinin ən yaxın dostlarından birinə, yəni ən ləyaqətli bir kişiyə! "Murdar şayə" deməyəydim, nə deyəydim?! Ağıla sığışan şey deyil, axı!
- Ay sağ olmuş, axşamdan bəri kəndə çaxnaşma düşüb, sən də deyirsən inanmıram! - Məsi başı qarmaqlı, dəmirli çomağını çiyninə qaldırıb naxırın dalınca tələsdi.

Mən Tapdıqgilin həyətinə yüyürdüm.
Bizim kəndin cəmi iki küçəsi, daha doğrusu, sağ-solu bağ-bağçalı iki torpaq yolu vardı. Biri El yolu deyiləndi ki, tən ortadan keçib, deyilənə görə hansı əsrlərdənsə Bərdəyə, Naxçıvana, Təbrizə qədər gedərmiş. İkinci yol da geniş idi. El yolundan fərqli olaraq, haçalanırdı. Haçanın biri Qalayçıoğlunun uzun, alçaq evinin yanından ötüb kəndin ayağında Yanıq dikdir deyilən tərəfə gedirdi. İkinci haça isə günbatana sarı, Tapdıqgilin eyni ilə Qalayçıoğlunun evinə oxşayan uzun, alçaq evinin qabağından meşəyə gedirdi. Bu yolu təngnəfəs yüyürəndə mən kənddə doğrudan da bir çaxnaşma hiss edirdim. Səhər-səhər ocağı tüstülənən həyətlərdə, çəpərlərin ara-bərəsində, beşbir, üçbir olub ucadan nə isə danışan arvadları, geniş, tozlu yolda dağınıq ordu kimi səpələnib Tapdıqgil tərəfə boylanışan tay-tuşlarımı görürdüm.
Anama rast gəldim. Gözləri yaşlı idi. Qolumdan tutub, məni sakitcə geri döndərdi. Dedi:
- Ora getmə, oğul. Dedim:
- Niyə? Dedi:
- Olan olub, keçən keçib. Gedib neyniyəcəksən? Dedim:
- İnanammaram mən. Söylü xala niyə belə şey eləyib?! Nə olsun ki, Muxtar əmidən qara kağız gəlib! Bəlkə əsir düşüb, bəlkə sekretni yerdə işləyir. Bu arvad dəli olub, nədi?! Yanında qoşa oğlanları!.. Muxtar əmini çox istəyirdi axı, ay ana!
Anam kəlağayısının ucu ilə gözlərini sildi. Mənim başımın üzərindən darvazaya sarı baxıb səsi titrəyə-titrəyə dedi:
- İstəməyinə Söylu xalan indi də istəyir. Onlar bir-birini cavan oğlan, cavan qız təki istəyirdilər.
- Bə birdən-birə nə oldu bu arvada?!
Mən özüm də hiss etmədən qışqırırdım. Anam isə həmişəki kimi sakit və qəmli idi. Arada əyilib, mənim şalvarımın dizinə yapışmış pıtrağı qopardı, sonra yenə qolumdan tutdu.
- Ora getmə. Pis işdi, oğul. Çox pis! Gedək, evdə danışaram.
- Burda danış!
Arxamda Məlikin batqın, hirsli səsini eşitdim:
- Əsmət xalanı bezdirmə, ay axmaq! Necə danışsın o sənə o cür biabırçılığı?! Tapdıq səni soruşur axşamdan bəri. Gəl deyim necə olub.
Anamdan ayrılıb Məlikin üstünə cumdum.
- Budu bax, yazmışam hamısını, - deyib əlini pencəyinin qoyun cibinə atdı, qeyri-adi uzun, sarı sifəti kimi uzun, sarı bloknotunu göstərdi. - Revaz doxdur deyir əvvəl mənə oxu görüm düzmü, yazıbsan, sonra göndər qəzetə. "Kommunist" qəzetinə göndərəcəm bu dəfə! Bilirsən, Nuru, əsgər ailəsini dağıtmaq çox ağır cinayətdi...
Mən səbirsizlikdən boğulurdum, Müxbir isə elə hey çərənləyirdi.
- Əşi, dayan! Bloknotunu cibinə qoy! Olanı danış! - dedim. Dedi:
- Olan çoxdan olub, heç kəs xəbər tutmayıb. Muxtar əmidən qara kağız gələn günü olub, ey! Cəbrayıldaymış, demə, qara kağız. Revaz doxdur deyir NKVD-nin "Emadin"ində üç adam gəlmişdi sizin rayondan bizim Qaratəpəyə - Qardabaniyə. Cəbrayıl da yanlarındaydı, deyir. O cür kişi uşaq təki ağlayırdı, deyir. Lap belə, hönkürürmüş ki, "belə kağızı mən necə verim Muxtarın arvadına?!" Gələnlərdən biri Revaz doxdurdan bir boçqa çaxır alıb, Qaratəpədən də bir quzu alıb, kəsdirib, soydurub, gəliblər bura -Tapdıqgilə. Söylü xalaya deyiblər Muxtarnan kef elədiyimiz günlər yadımıza düşdü, gəldik qardaşımızın evində yeyək-içək, sənnən söhbət eliyək, oğullarıyın, özüyün ehtiyacını bilək. Söylü xala razılıq eləyib. Deyib oğullarım işdədilər. Özü setka* taxıb başına, Arıdan qorunmaq üçün dəmir tor yeşikdən rumka çıxardıb, təzə bal kəsib, yağ qoyub, fətir qoyub. Ocaq qalayıb, gətirdikləri quzudan kabab çəkib, qalanını doğrayıb, qazan asıb ki, bozartma eləsin. Bozartma hazır olanda, yəni evə girəndə görüb Cəbrayıl ağlayır, içir, ağlayır, içir. Deyib bizim sədr heç belə içən deyildi, niyə bu kökə saldınız onu, ay qardaşlar? İstəyib adam çağırsın kənddən, Cəbrayılı evinə aparsınlar. Əmbə o gələnlər gülüşüblər, deyiblər sədriniz lazımdı bizə. Elə sən özün də lazımsan, yaxın gəl, əyləş.
*Arıdan qorunmaq üçün tor

Söylü xala deyib bizlərdə arvad oturmaz kişi məclisində... Revaz doxdur deyir çox pis gülüşürdülər o gələnlər. Cəbrayıl ağlayırdı, deyir, onlar gülüşürdülər. Ürəyimə nəsə dammışdı, deyir. Bir də onu gördüm ki, biri qalxıb qapını bağladı, ikisi Cəbrayılı yıxdı, ciblərindən konyak şüşəsi çıxartdılar, yerə vurub boğazını sındırdılar şüşənin, konyakı tökdülər Cəbrayılın boğazına. Sonra da, deyir, Söylü bacını yıxdılar Cəbrayılın yanına, bir şüşə konyak da onun boğazına tökdülər. İkisini də, deyir, soyundurdular, lüt-üryan, tulladılar bədbəxt Muxtarın "təxti-xab" dediyi kravatın üstünə. Gülüşdülər ki, indi deyə bilərsən qara xəbəri. Çıxdılar getdilər, deyir. Darvazada maşına minəndə məni qorxutdular, deyir. "Dilindən çıxsa, əl-qolunu bağlayıb Kürə tulluyarıq", - dedilər, deyir. Axşamacan ac-susuz, qapı-qapı düşüb xinin payladım, deyir, qızdırmalılara, əmbə Söylüynən Cəbrayılın başına gətiriləni heç kəçə danışammadım. Çünki maşın NKVD-nin maşınıydı, deyir. Axşama yaxın Cəbrayıl "qara kağız"ı stolun üstünə qoyub, geyinib, sürünüb çıxıb evdən, doxdura deyib: "Arvad açmıyacaq bu sirri. Sən də özünnən qəbrə aparmalısan". Niyə? "Çünki bu NKVD səmumdu, - deyib, - "NKVD-nin sirrini bilənləri səmum aparar əvvəl-axır", - deyib. Yazıq İrəvaz əsim-əsirdi danışanda. Min dəfə dedi: "Bax, açma ha heç kəsə. Bilsələr danışırıq, mənnən bərabər sən də yoxa çıxarsan!" "Cəbrayılın, Söylünün təəssübünü çəkmə, - dedi, - çünki təəssüb çəkənləri də aparar səmum". Söylü xalaya dönə-dönə təpiniblər özləri ki, "Oğulların səs-küy salsalar, ikisini də nemesin gülləsinin qabağına basarıq!" Gör ey, Nuru! İndi bildinmi yazıq Sürməli niyə o haldaydı o axşam, biz "qara kağız"ları oxuyanda?! - Yenə bloknotunu göstərdi. - Başdan "qara kağız"ı yazmışam: "Sizin əriniz Muxtar Əlmədədoğlu vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak oldu. Ali Baş Komandan İosif Stalin". Sonra yazmışam ki, Rayon Partiya Komitəsinin birinci katibi Sultan Əmirli yoldaş bu qızıl əsgər arvadını partiya kadrları kursuna göndərməli idi. Lakin...
- Dayan! Məlik... de görüm... "qara kağız" gələli altı aydı. Biz niyə bilməmişik bu əhvalatı?!
Məlik arsız-arsız güldü.
- Hardan biləcəydin? Revaz doxdur açmayıb, arvad özü açmayıb. İndi mən də açmazdım. Əmbə bilirəm ağıllı oğlansan, ağzı möhkəmsən... yoxsa səmum səni aparar.
- Dayan! NKVD otuz yeddinci ildə qorxuluydu. Onu bilirəm. İndi yenə qorxuludusa, bəs Revaz özü niyə danışıb bunu sənə?
- Deyir partlayaram, a bala. Ölərəm yazdırmasam. Qoy gəlsinlər əl-ayağımı bağlasınlar, necə deyiblər, o cür, Kürə tullasınlar, əmbə cəzalarına çatsınlar o insanlıqdan məhrumlar!.. Qılınc Qurbana danışıb, ordan ikisi də gedib Sultan Əmirliyə xəbər verib...
- Sultan Əmirliyə?!
- Hə də! Gör ey, Nuru! Qeyrətə bax kişidə!.. Sultan Əmirli deyib özüm gələcəm kəndə. Siz, deyib, daha heç kəsə deməyin, açıb-ağartmayın öldürərlər ikinizi də. Gəlib ordan ki, Cəbrayılı görsün...
- Sultan Əmirli?
- Yox, ey! Revaz! Gəlib Cəbrayıla da tapşırıb ki, Sultan Əmirlinin tapşırığıdı, açıb-ağartma. Altı ayda hər həftə, hər ay dönə-dönə tapşırıram, deyir. Dünən Cəbrayılı heç yerdə tapammayıb. Bir uşaq deyib Muxtar əminin evindədi sədr, qonaqlar var orda. Ürəyimə nəsə damdı, deyir, yüyürdüm getdim, gördüm hamanca adamlardı. Sədrnən Söylünü genə leş eləyib, soyundurub basıblar "təxti-xaba". Gülüşə-gülüşə bal yeşiyini açıb tüstüynən arını boğa-boğa bal çıxardırmışlar. Revaza deyiblər: "Hazırlaş, Kürdən qarın dolusu su içib gəbərməyə!" "Sultan Əmirli kimdi bizim yanımızda ki, əbləh-əbləh gedib danışıbsan ona?!" - deyiblər. "Elə Sultanınızın özünü də bu dostu Cəbrayü kimi eliyəcəyik! Niyə?! Revaz deyir baş açmaq olmur niyə belə qəddar düşməndilər?!"
- Dayan, Məlik! Tapdıqgil bilirlərmiş ki, o adamların işidi?
- Yox, əşi! Nə danışırsan?! Dəlinin biridi Tapdıq, desəm, gedər birbaş NKVD-yə, güdaza verər özünü. Cümrü qağamız da gedər. Bə nə!.. Demə onlara bu danışdığımın heç birini! Qoy elə Cəbrayılnan düşmən olsunlar...
- Dayan! Məsi, axı deyir özləri evləniblər!
- Hə! Orası elədi. Revaz deyir sədr deyib: "Belə namussuzluğu götürəmmərəm daha. Arvadımı günü bu gün boşuyacam, sənnən kəbin kəsdirəcəm". Söylü xala deyib: "Mən ölüyəmmi kəbin kəsdirəcəksən?!" Sədr deyib: "Razı olmasan əvvəlcə sənə bir güllə çaxacam, sonra özümə!" Arvad deyib: "Muxtarın balalarına nə cavab verəcəksən?!" Sədr deyib: "Nə olar, olar". Revaz deyir: "Mən də dedim evlənin". Əmbə sonra özüm də qorxdum, deyir, öz məsləhətimdən. Nal səsi eşitdim, deyir, pəncərədən baxdım, gördüm Qılıncdı, tez çıxdım qabağına. Qılınc Qurban nəsə yaman qaş-qabaqlıymış. Soruşub ki, "genə neynirsən sən bu qapıda?!" Revaz deyib: "Muxtarın arvadı da qızdırmalıdı, ay ispalkom, iynə vururam". Deyib: "Gözündən görürəm yalan danışırsan. Yuxusuzam, gedirəm dincəlim. Bir azdan gələcəm Muxtarın arvadını görməyə, evdə olsun". Yazıq Revaz, elə orda, darvazanın dalında vurnuxa-vurnuxa qalıb, bilməyib neyləsin.
Neyləyə bilərdi Revaz? Söylü xala razılaşıb. İşləri korlayıb Muxtar əmimizin istəkli arvadı! Heç təsəvvür eliyəmmirəm, Nuru, necə uzanıb Cəbrayılın altına!
Mənim canımdan üşütmə keçdi.
- Ağzını dağıtma! - dedim, - "Altına uzanmaq" nədi?! Zəhləm gedir Müxbirin bu xasiyyətindən - yersiz hırıldamağından. Gülüb dedi:
- Altına uzanıb, mən də deyirəm uzanıb! Nə tərs-tərs baxırsan üzümə! Axşam qışqırtı-bağırtı düşəndə birinci elə mən eşitdim, sonra Məsi gəldi, gördük iş-işdən keçib. Tüpürdüm mən Söylü xalamıza! Məsi lap betər tüpürdü. Hamı tüpürdü ey, Nuru, hamı"... Tapdıq səni gözləyir. Qapılıbsan Şöşü balaynan öz qapı-bacana, dünyadan xəbərin yoxdu. Özünü öldürər Tapdıq ey, bilirsən?! Gedək. Bu gün hamımız işdən qalmışıq. Sabah Qalayçıoğlu dədəmizi yandıracaq. Vaxtım varkən, deyirəm, gedib stansiyadan yola salım məqaləmi. Tapdığı heç kəsə etibar eləmə, özün apar evinizə, Əsmət xala öyüd-nəsihət versin, sakitləşdirsin.

Darvazanın ağzında çoxlu arvad-uşaq vardı. Yalnız burda başa düşdüm ki, Tapdıqgilə üz vermiş bədbəxtlikdən təkcə mən xəbər tutmamışam.
Demə, bütün kənd gecəni yatmayıb!
Evin həyətə baxan dörd pəncərəsinin dördünün də taxtaları qırıq-qırıq olmuşdu. Qapı yəqin ki, balta küpü ilə döyülməkdən əzilib çatlamışdı. Bunlara göz gəzdirib, vurnuxub Tapdığı axtardım. Əmma nə onu tapdım, nə də Cümrünü.

Qalayçıoğlunun briqadasından o biri kotançıların, səpinçilərin manqabaşçısı, həmişə elə söyüş söyən "ağızdan avara" Bolu mənlə hərlənib-fırlanırdı:
- Əclaf köpəyoğlu, Əzrayıl oğlu Əzrayıl məhv elədi Muxtar əminin ailəsini! - deyirdi.
- Cəbrayıl deyil daha, Əzrayıldı! - deyirdi. Məlik dedi:
- Bura bax, Bolu! Mən tələsirəm, getməliyəm. Sən danış Nuruya burda olanları. Sonra da Tapdığı tapın.
Məlik getdi. Bolu məni həyətin nisbətən sakit tərəfinə, arı yeşiklərinin üzərindəki çardağın altına çəkdi.
- Sən bizdən yaxınsan Tapdığa, Cümrüyə. Heyif, öz gözünnən görmədin nələr oldu burda. Yaxşı qulaq as, bil hər şeyi, kömək elə Tapdıqgilə, bu Əzrayıl köpəyoğlu bir də ayaq basmasın bu qapıya... Hə qulaq as.
Dünən Cümrü dedi işdən bir az tez gedək, bizim bağçada bir az qurdalanaq. Gəldik, gördük pəncərələrin taxtaları örtülüb yayın bu istisində, daldan bağlanıb. Üstəlik, qapı da bağlanıb daldan. Demə, köpəyoğlu gəlib girib arvadın yanına ki, Tapdıqgil gəlsinlər görsünlər iş-işdən keçib.

Arvadlar deyirlər, elə çöldə, işin üstdə də fürsət düşdükcə arvadı yanlayırmış, əmbə arvad bac vermirmiş.
Hə, onu deyirdim, qapını daldan bağlı görəndə gördüm Cümrünün rəngi ağarıb. Dedi: "Evim yıxılıb, yəqin anam özünü öldürüb".

Deyirəm, kaş elə olaydı, Nuru, o Əzrayıl köpəyoğlunun altına yıxılmaqdansa, özünü öldürsəydi, min dəfə bundan yaxşı olardı. Ev yıxıb ey, ocaq qaraldıb köpəyoğlu!
Bolunun sözünü kəsib xəbər aldım ki:
- Bəs bu qapı-baca niyə bu kökdədi? Cümrügil eləyiblər?
- Bə kim eliyəcəydi! Cümrü baltanı götürdü, cumdu qapıya. Bir balta da Tapdıq götürdü... Quruyub qalmışdıq hamımız, Nuru.

Deyirdim bu yazıq qardaşlarınkı heç gətirmir. Ataları belə getdi, indi də girib içəridə analarının meyidini görəcəklər. Elə bunu fikir eləyirdik, bir də gördüm nə?!
-Nə?!
- O Əzrayıl köpəyoğlu pəncərənin qırıq yerindən əlini uzadıb Cümrünün baltasının küpündən yapışdı, dedi: "Biz evlənmişik!"

Cümrü bilirsən beş eləsinə cavab verər. Baltanı çəkdi aldı, elə endirdi ki, Əzrayıl vaxtında çəkilməsəydi, cəhənnəmdəydi indi. Çəkildi, əmbə elə o dəqiqə də qabağa durdu, genə tutdu Cümrünün baltasını, dedi: "Qanuni evlənmişik. Ailəmdən çıxmışam, ailəyə gəlmişəm. Siz qardaşları yaxşı tanıyıram mən. Rəhmətlik Muxtar zahirən nə qədər rahat adamıydı, daxilən o qədər sərtiydi. O rəhmətliyə çəkibsiniz siz ikiniz də. Bildim ki, lap ayaqlarınızdan öpsəm də razı olmazsınız belə işə. Muxtar sandan yaramız təzədi hamımızın. Mən özüm də belə şey eləməzdim, ananız da. Bir işdi olub. Qardaşını da çək qapıdan. Vaxt gələr, söhbət eliyərik..." Bir sicilləmə nitq dedi köpəyoğlu. Bir də onda gördük Cümrü sol əlini uzatdı qırıq yerdən, xirtdəyindən yapışdı. Gözləri kəlləsinə çıxdı o tir boyunlu, çinar boylu köpəyoğlunun. Xırıldadı, Nuru! Elə xırıldaya-xırıldaya dedi: "Bərk bas! Müqavimət göstərmirəm. Bas, öldür. Haqqın var! Olmamalıydı bu iş". Elə dedi, elə bil doğrudan da peşmanıydı köpəyoğlu. Cümrü nə gördü onun üz-gözündə, Allah bilir. Əlini çəkdi Əzrayılın xirtdəyindən. Baltanı divara çırpdı. Gərək özün öz gözünnən görəydin nə hala düşmüşdü o gözəl qağamız. Üz-gözü əyiş-üyüş olmuşdu, Nuru! Hamımız qorxduq, Tapdıq əlindəki baltanı necə atdısa, o qırıq yerdən Əzraydın düz gicgahından tutdu. Dala çəkildi, yıxıldı əclaf. Bir də ta Qılınc Qurban gələnə qədər səs çıxmadı heç birimizdən. Məlik quyunun üstündən vedrədə su apardı, qaldırdı vedrənin qırağını Cümrünün ağzına söykədi, yalvardı ki, içsin. Bir qurtum da içmədi. Sonra Tapdığın ağzına tutdu vedrəni, o da içmədi. Burda olsaydın, deyərdin ölüblər ayaq üstə, dişləri kilidlənib. Qurban əmi də çox çalışdı, su içirdəmmədi heç birinə. O gördüyün Qılınc Qurban da elə bil ayaq üstəcə ölmüşdü. Qapqaraydı. Vedrəni yerə qoyub, daha əl-qolunu da tərpədəmmirdi. Dillənəndə səsini də tanımadıq: "Cəbrayıl, çıx!.. Cəbrayıl, çıx!.. Cəbrayıl, çıx!.." - Elə buydu dediyi.
Lap sonradan-sonraya hərəkətə gəldi. Tüfənginin küpüynən qapını döydü.
Demə, başı lap pis çapılıbmış əclafın. Qapını açıb kandara çıxanda başdan-ayağa qan içindəydi. Beşaçılanı əlindəydi. Qurban əmi baxdı, dedi:
- Tüfəngnən niyə çıxırsan camaatın qabağına?! Dedi:

- Vərdiş eləmişəm. Tüfəngsiz günüm olmayıb heç vaxt... - Sınmışdı köpəyoğlu.

Qurban əminin milisəneri də burdaydı. Deyəsən başa düşdü iş nə yerdədi, yeridi, beşaçılanı aldı əclafın əlindən.
- Qurban əmi dedi:
- İyirminci ildə bəylərin adamlarıynan vuruşmada bir yoldaşımız təsadüfən öz yoldaşımızı vurmuşdu. Tüfənginin lüləsini sıxdu ağzına, ayağının baş barmağıynan tətiyi çəkdi, qurtardı. Nəydi o yoldaşımızın adı, yadındadımı?
Əclaf dedi:
- Yadımdadı. Müslümüydü adı. Revkomun şoferiydi. Qurban əmi dedi:
- Bundan sonra da yaddan çıxartma Müslümün kişiliyini. Lazım olar.
Güldü əclaf, Nuru! Güldü. Dedi:
- Müdrik adamsan. Yaxşı məsləhət verdin. Qurban əmi hirsləndi. Dedi:
- Tribunala verirəm səni! Əskər ailəsi dağıdıbsan sən! Çəkmələrini çıxart! Qonaqlı meşəsinin qaratikan yoluynan aparacaq səni milisənerim! Qaratikan dolsun ayaqlarına! Muxtarın arvadıynan kef çəkməyin əvəzində ta güllələnə qədər yatammıyacaqsan ayaqlarıyın sızıltısından!
Əyildi, soyundu çəkmələrini əclaf. Milisənerin atının döşündə, tüfəngin qabağında, ayaqyalın getdi.
- Getdi?! Bəs Məlik deyirdi burdadı?!
- Düz deyir Məlik... Ayaqyalın yeriyəmmirmiş heç ərköyün "gözəl kişi" nakişi! Taxta-tuxta qırıntılarına ayağını basandaca əyildi, çökə-çökə getdi. Ürəyimizdən tikan çıxdı. Ağsaqqallar gəldilər. Qalayçıoğluynan Mehbalı əmi. Cümrüynən Tapdığı apardılar. Biz də dağılışırdıq. Bir də gördük, budu ha Əzrayıl! Milisəner nədi, zad nədi?! Sultan Əmirlinin "Emadin"indən düşdü nakişi! Ayaqlarında qəttəzə qara xrom çəkmə! Belində naqan! Başında eyniynən Qılıncımızın şapqası təki qabağı ulduzlu qara meşin şapqa! Maşının işığında, təzəbəy təki, sağdışlı, soldışlı. Sağında şəxsən Sultan Əmirli, solunda bayaq "tribunal" deyən Qılıncımız! Yer qaçdı ayağımızın altından, Nuru! Mat-məəttəl, baxa-baxa qaldıq.

Raykom katibimizi üzbəsurət görməmişdim mən əvvəllər. Yaman zəhmli-zabitəli adamıymış. Hamı özünü yığışdırdı həyətdə. Hirsli-hirsli, salamsız-kalamsız, soruşdu ki:
- Cəbrayıl kişi tribunala verilsə, kim olar kolxozunuzun sədri? Qılınc Qurban sovet sədridi, üçpara kənddə qanun-qaydaya baxır. Təsərrüfat adamı deyil. Başqa bir adamınız varmı?!
Nə deyə bilərdik? Qalayçıoğlu - qoca. Mehbalı əmi - qoca. Bizdən iki-üç yaş böyük cavanların hamısı - çağırışçı. Biz də ki, özümüzü "kişi" saysaq da, sədr çıxarmı bizdən?
Sultan Əmirli dedi:
- Möhtərəm Qılınc Qurbanınız həqiqətən qılıncdı. Ədalət mücəssəməsi adını düz veriblər ona. Harda bir əyrilik gördü, gərək kəssin əyriliyi, namussuzluğu, qeyrətsizliyi. Əmma bu dəfə səhv eləyib Qılıncımız!..
Çox şey dedi katib. Bir başqa vaxtda danışaram. Bədbəxtçiliyimizə bax ki, Cümrüynən Tapdıq maşını görübmüşlər. Maşının işığında da Əzrayılı!.. Mehbalı əminin həyətindəymişlər. Bir də onda ayıldıq ki, yenə bir balta Cümrünün əlində, biri də Tapdığın əlində! Biri sağdan cumdu maşının üstünə, biri-soldan. Tarrak! Tarrak!
- Maşını?! Katibin maşınını?!
- Hə, Nuru, hə!.. Ömrümdə elə yüyürməmişdim. Uşaqlar da mənnən barabar, töküldük Cümrünün üstünə, baltanı aldıq əlindən. Əmbə Tapdığı tutammadıq. Əlimizdən çıxdı, şığıdı Əzrayıl vursun. Yaxşı ki, Qurban əmi iti tərpəndi, qucaqladı, baltanı əlindən aldı, qışqırdı ki, bir dəfə qanını tökübsən, onun özü də cinayətdi. Əmbə bağışlanır o cinayət. Öldürsən, heç kəs bağışlamaz səni. Mən də bağışlamaram. Atan gedib, anan bədbəxt olub. Sən də getsən, ikiqat bədbəxt olmazmı anan?!

O yandan Cümrü gəldi, nə gəldi! Üz-gözü yenə elə əyiş-üyüşdü ki, heç tanınmırdı. Daha nə biz tərpəndik, nə də Qurban əmi dillənə bildi. Ağır-ağır, səndələyə-səndələyə yeridi yapışdı Sultan Əmirlinin kitelinin yaxasından.
- Cümrü?!
- Hə, Nuru, hə! Ağzını açırdı, yumurdu, səsi çıxmırdı. EIə silkə-ləyirdi Sultan Əmirlini! Elə silkələyirdi! Dəmir məngənəydi, daşıydı qağamızın əlləri. Heç birimiz qopardammadıq o əlləri katibin yaxasından. Katib özü də itələyirdi bizi: "Dəyməyin! İşiniz olmasın!.." Silkələdi, silkələdi, taqətdən düşdü, qollarını saldı yanına, ikiqat oldu, elə o cür ikiqat, Tapdığın əlindən tutdu, çəkdi apardı. Mehbalı əmi də dallarınca getdi.

Tutulub qalmışdıq hamımız. Bilmirdik neyliyək.
Əzrayıl əyildi, Sultan Əmirlinin kitelinin düymələrini yığışdırdı yerdən, Muxtar əminin, Cümrünün, Tapdığın yox, elə bil öz evinin qapısını açdı:
- Buyurun, - dedi. - Buyurun, yoldaş Əmirli.

İçəridə nə dedilər, nə danışdılar, orasını bilmirəm. Təxminən bir saat çəkdi söhbətləri. Çıxanda katib yenə dedi:
- Cəbrayıl öz vəzifəsində qalmalıdı. Hərbi vəziyyətdi. Kolxoz nizamnaməsinə rəayət eləmirik. Yəni sədrləri seçmirik, təyin eləyirik. Arxa cəbhədə sədr də komandirdi indi. Komandirinizə tabe olmalısınız, əmrlərinə sözsüz əməl eləməlisiniz!
Mindi maşınına, çıxdı getdi.
- Sonra nə oldu?
- Nə olmalıydı ki? Dağılışıdıq getdik.
Bolu cibindən qəzet parçası, maxorka* çıxartdı. Atalarımız gedəndən sonra "kişi"lərin hamısı "eşmə", yəni öz əllərilə kağıza bükdükləri maxorka çəkirdilər.
Bu səhər mən də ömrümdə ilk dəfə "eşmə" çəkməyə başladım...

*Maxorka – ucuz rus tütünü.



ƏZRAYIL

Demə, müsibətimiz hələ təzə başlanırmış.

Rayonumuzun Sultan Əmirli kimi zəhmli-zabitəli rəhbərinin heç bir etiraza yol verməyən "arxa cəbhədə sədr də komandirdi" sözləri hamının dilində-ağzında gəzsə də Bolunun "Əzrayıl" kəlməsi rəhbərimizin dediyindən doğru çıxdı. O dəhşətli gecədən sonra gözləri titrəyə-titrəyə, sifəti əyilə-əyilə, lal-dinməz, Qalayçıoğlu ilə işə gedən, Qalayçıoğlu ilə işdən qayıdan və Qalayçıoğlunun evində qalan qağamızla birlikdə Tapdıq da, mən də, Məlik də, Bolu da, bütün başqa kotançılar, səpinçilər də "komandir"ə tabe olmadıq. "Komandir sədr" isə on-on beş gün heç bir əmr vermədən, qaraqabaq gəzəndən sonra birdən-birə təzə dil açıb, Boludan da betər söyüş söyməyə başladı. Sonra şallağının şaqqıltısını da söyüşə qatdı və beləcə, əməlli-başlı Əzrayıla çevrildi. Bunu gördüm, dərk elədim, əmma günlərin birində o Əzrayılın öz qanadlarını mənim üzərimdə də gərəcəyini bilmirdim. Çünki mən hamının hörmət bəslədiyi Tahir müəllimin oğlu - direktor Tahirin oğlu idim. Qəti inamım vardı ki, nə qədər zalımlaşsa da Cəbrayıl məni incitməz. Əmma nəzərdən qaçırırdım ki, mən də Cəbrayıla Əzrayıl deyənlər arasında, tabe olmayanlardan biri idim və mənim bu vəziyyətim nəinki Tahir müəllimi, hətta "qara kağız"ı, yəni dərdlilərdən olduğumu da unutdurmuşdu.

Hadisə mənim birdən-birə üzülməyimdən başlandı.
Səhər-səhər yaxşı işlədik. Hava qızanda hiss etdim ki, gözlərim torlanır. Bədənim ağırlaşmışdı. Kotanın arxasınca qıçlarımı güclə çəkirdim. Əmma həmişə olduğu kimi, yenə də inadla macdan yapışıb buraxmırdım.
Şum meşədə - talada gedirdi.
Kəllər boyunduruqdan açılanda tezcə özümü kölgəyə verib oturdum və... daha qalxa bilmədim. Şumun ətrafındakı seyrək, hündür palıdlar yerlərindən oynayıb başıma fırlanırdı. Budaqların arasından görünən günəş gah saralır, kiçilib uzaqlaşır, gah da sürətlə yerə yaxınlaşıb parlaqlaşırdı.
Mehbalı əmi ilə Tapdıq qarşımda peyda olub mənə baxırdılar. Dodaqlarının tərpəndiyini gördüm, səslərini isə eşitmirdim. Arada Mehbalı əminin tək bir kəlməsini - "Yat!" - dediyini qulağım aldı. Bununla da gözlərim qapandı. Böyrü üstə göy otluğa düşəndə, yer ortasından yavaş-yavaş çökəlib elə bil məni uddu, dünyadan uzaq, rahat bir aləmə apardı.

Nə qədər yatdığımı bilmədim. Oyananda günün nə vaxtı olduğunu müəyyənləşdirməyə fürsət tapmadım: keçən il "Nemes"lər -almanlar rayonumuzdan harayasa sürgün olunanda Cəbrayılın bir almandan on min manata aldığı "Xarle" adlı ildırım sürətli hündür atı başımın üzərini almışdı.

Bu "Xarle" çox göyçək at idi. Gecə-gündüz arpa yeməkdən kökəlib, tükünü töküb daha da gözəlləşmişdi. Hələ Muxtar əminin vaxtında səhərlər Cəbrayü kəhəri su quyusunun üstünə çəkib çimdirəndən sonra kəndin arasında "cövlan eləməyə" buraxardı. "Xarle" isə, doğrudan da cövlan eləyərdi. Havalı-havalı süzüb, insan kimi, gözlərindən gülə-gülə kəndin arasında itləri, toyuqları qabağına qatıb qovub pərən-pərən salmaqdan zövq alırdı. Bu vaxt mən onun uzun, qüvvətli boynu üzərində qürurla dikələn balaca başına, par-par yanan tünd qırmızı sağrılarına tamaşa eləməyi xoşlayardım.

Bu gün birinci dəfə "Xarle" mənə Cəbrayılın özü kimi - Əzrayıl kimi heybətli göründü. Şallaq şaqqıllayanda at üzərimdə şahə qalxıb kişnədi. Mehbalı əmi qolumdan yapışıb geri çəkməsəydi, bu harın at məni vura bilərdi.
- Qudurubsan nədi?! Uşağı niyə ayaqladırsan!.. - Mehbalı əminin səsi idi. Yuxudan kal qalxdığıma görə yenə başım fırlanırdı, ətrafındakıları yaxşı görmürdüm.
Mehbalı əmi bar-bar bağırırdı:
- Çək bunun cilovunu! Hamımızı qırmaq niyyətindəsən, nədi?! Cəbrayıl daha pis bağırırdı:
- Mən qırmasam da qırılacaqsınız! Az-çox insan olanlarımızın hamısı ərizə verib, könüllü gedib ön cəbhəyə! "Arxa cəbhə" deyiləndə qalanların hamısı xalq düşmənidi, müharibə vəziyyətindən istifadə eləyib cib doldururlar! Tək-tük qalan ləyaqətlilərinizin hamısını mənim kökümə salırlar! Qanmırsınız! Havadar olmaq əvəzinə murdarların dəyirməninə su tökürsünüz. Gün doğandan gün batana qədər bir kəlmə eşidirəm: "Əzrayıl! Əzrayıl!" Mən
Əzrayıllıq eləyim, siz də görün necə olar Əzrayıl! Niyə yatırsınız günün bu sərin vaxtı?!
- Ay Cəbrayıl, tifillər dözmürlər! Dedim bir balaca dincəlsinlər. İnsafın yoxdumu?!
- Yoxdu! İnsaf nədi?! Kəllər hanı? Niyə açıbsınız boyunduruqdan?
- Heyvan da candı, heyvan da dincəlmək istəyir, ay sədr!
- Tapın gətirin bu dəqiqə! Haydı!
- Mən özüm gedərəm. Uşaqları incitmə! Niyə bu sifətə düşdün sən, Cəbrayıl! Xəbərin varmı ki, adamlıqdan çıxıbsan?!

Havada şallaq vıyıldadı.
Bir an sonra mən özümü və hətta Tapdığı da "Xarle"nin döşündə gördüm. Kənd arasında döşləyib qovduğu itlər, toyuqlar kimi bizi də itələyə-itələyə yıxa-yıxa qovurdu.
- İt təki döyəcəm hamınızı! Döyə-döyə ağıl qoyacam başınıza! Nə atalarınız tanıyırdılar dostlarını, düşmənlərini, nə də siz tanıyırsınız! Kor uşağı kor! Beyniniz heyvanat yığnağı! Hanı heyvanlar?! Niyə uzağa buraxıbsınız? Heyvan uşağı!.. Böyüyümüzün sağında Markaryan, solunda Qriqoryan oturub, o da siz təki qanmır!..

Başımın üzərində yenə şallaq vıyıldadı. Dəstəsi çiynimi, ucunun enli yeri qarnımı tutdu. Əynimdə yalxı köynək olduğuna görə elə bil qarnıma od yapışdı. Əmma bu rəhmsiz zərbədən çox məni söyüş yandırdı: "heyvan uşağı!"

"Komandir sədr"in üzünə qayıtmağın, tabesizliyin nə olduğunu mən bütün aydınlığı ilə başa düşürdüm: bilirdim ki, bu, əməkgününə düşən gəlirin kəsilməsi, bağçamızın, qarğıdalımızın susuzluqdan yanması, anamın gedib Əzrayda yalvarması, daha nələr, nələr deməkdir. Bununla belə, dözə bilməyib geri çevrildim, atılıb, "Xarle"nin cilovundan yapışdım.
- Söyüşünü geri götür! Heyvan özünsən! - deyib o biri əlimlə Əzraydın qucağında çəpəki duran tüfəngin soyuq lüləsindən yapışdım.

Son vaxtlar çölə, meşəyə atlananda Cəbrayıl beşaçılanı heç vaxt çiyninə keçirmirdi. Güllə ilə doldurub, qucağında hazır saxlayırdı. Kənddə arvadların danışdığına görə Cümrüdən qorxurdu. Kim bilir, bəlkə də təkcə Cümrüdən yox, can-ciyərimiz Muxtar əminin namusunun tapdalanmağına dözməyib üzünə qayıda bilənlərin hamısından qorxurdu: Boludan, Məlikdən, Həbəş Qara deyilən "qabağından yeməyən" yoldaşımızdan, bəlkə hətta ədalət mücəssəməsi Qılıncımızdan... Əmma bu fikirlə yanaşı, hərdən beynimdə başqa bir fikir də dolanırdı. Bayaq Cəbrayıl "sağında Markaryan, solunda Qriqoryan" deyəndə yenə həmin fikir oyanıb Əzraydı Şöşü balaya bal göndərən Cəbrayıla çevirdi. İndi isə... Cəbrayıl deyildi bu "heyvan uşağı" deyən!.. Təhqirdən boğula-boğula beşaçılanı dartışdırdım. Nə üçün? Bilmirdim. Bircə bunu hiss edirdim ki, tüfəngi ondan qopartmaq lazımdır.

Əlbəttə, qoparda bilmədim. Soyuq və zəhmli dəmir lülə əlimdən çıxdı. Əmma daha geri çəkilmək olmazdı. Atılıb "komandir"in ot rəngli təzə zabit köynəyinin yaxasından yapışdım, yəhərə bitişmiş kimi tərpənməyən nəhəng gövdəni çəkib yıxa bilməyəcəyimi başa düşsəm də, heç olmasa dırnaqlarımı onun üzünə çatdırmağa çalışdım. Əmma həmişə hər yerdə olduğu kimi, indi də Tapdıq məndən cəld tərpənmişdi. Artıq atın belində idi, fınxıra-fınxıra yerində oyur-oyur oynayan Xarlenin sağrısında dizləri üstə durub, arxadan qollarını Əzrayılın çənəsinin altına sıxmışdı.
At yenə şahə qalxdı, cilovu mənim əlimdən qoparıb yana sərpildi, o an da Əzrayılla Tapdıq çatalaqlı yerə yuvarlanddar.
Xarle hara isə yox oldu. Mən şumun arası ilə bizə doğru yüyürən Mehbalı əminin qaraya çalan sifətini, sonra pələng cəldliyi ilə atdıb yerdən beşaçılanı qapan Tapdığı gördüm.
Güllə şaqqıldadı. Uzaqlarda, meşənin dərinliklərində dolu gurultusutək xarıltı eşidildi. Əmma Tapdıq gülləni havaya atmışdı.

Mehbalı əmi özünü yetirib tüfəngi onun əlindən aldı.
Qəribə idi ki, Əzrayılın üzündə heç bir qorxu əlaməti yox idi. Beş addımlıqda dayanıb ağır-ağır tövşüyürdü...

Kəlləri Məliklə Həbəş Qaranın şumladıqları yerdən bir az aralı, bulaqlı, selli-sulu, sərin cəngəllikdən tapdıq.
Məlik əl eləyə-eləyə bizə tərəf yüyürürdü.
- Dayanın! Dayanın! Qalayçıoğlu Cümrünü zornan tutub saxlayıb o yanda. Tir-tir əsir qağamız, elə hey deyir: "O nə güllə idi?! O nə güllə idi?! Görün Tapdıq necədi? Görün Tapdıq necədi?!" Elə biz də dəli olduq ki, nə güllə idi elə?
Tapdıq cibindən qəzet parçası, maxorka çıxartdı.
- Qağama deynən qaqaşıyın kefi əladı. Dilim tutulmuşdu, danışammırdım deynən mən də elə qağam təki Əzraydı atdan yıxdım, beşaçılanı əlindən aldım, guruldatdım, dilim açddı.
Məlik gözlərini döydü.
- Demək, sən atdın gülləni?! -Hə.
- Vurmaq istəyirdin nədi?! Tapdıq eşməni yerə çırpdı.
- Nə sorğu-suala tutubsan məni?! Get deynən qaqaşın igid oğlandı, Əzraydın başının üstdən güllə atıb, qorxudub, deyib günü bu gün kənddən rədd olub getməsən öldürəcəm səni!.. Nə baxırsan üzümə?! Yeri, mən deyəni de qağama, sakit olsun.

Gözləri sorğu-suada dolu olsa da Məlik getdi. Tapdıq fikirli-fikirli, əyilib eşməni yerdən götürdü. Dodaqaltı mızıldanırdı:
- Qorxmadı... Qorxmadı. Əmbə qorxacaq! Nə dediyini başa düşsəm də soruşdum ki:
- Nə deyirsən?!
Atasına oxşaması ilə fəxr edən zarafatcıl, oynaq, şux qardaşlığım öz fikrinə necə qapıldısa, bundan sonra da mənim söz-söhbətimi eşitmədi. Yenə də elə o cür dodaqaltı mızıldanırdı:
- Getməlidi! Kənddən getməlidi! Sultan Əmirlinin maşınını yox, lap özünün başım əzərəm baltaynan!..
Beləcə aramsız, öz-özünə danışa-danışa qalmışdı. Mən isə, bütün diqqətim onun sözlərində olsa da, qəribə idi ki, eyni zamanda, ağır-ağır tövşüyən Əzrayılı görürdüm. Daha doğrusu, Əzrayılın qorxusuz-hürküsüz sifətini. Və hiss edirdim ki, nə isə çox pis hadisələr olacaq. Çox pis...



TAPDIQ

Tez-tez maxorka büküb, eşməsini sümürə-sümürə, sinəsi xışıldaya-xışıldaya elə hey "Getməlidi!" - deyirdi. - Ya ölməlidi, ya getməlidi! Ya ölməlidi, ya getməlidi!" - deyirdi. Sonra isə, Mehbalı əminin bütün günü qışqırmağına: "Çəkmə o zəhrimarı Çəkmə!" -dediyinə heç fikir vermədən, tüstüdən və eyni sözləri təkrar etməkdən böyrünü kəlin böyrünə, ayaqlarını zəncirə dirəyib, susub, ağır-ağır, əlindəki tənək çubuğunu yellədirdi...

Payız yaxınlaşdıqca hava sərnimək əvəzinə daha da qızırdı. Ayaqlarımızda çarıqlarımız quruyub dəmirə dönürdü, kəlləri cəngəlliyə aparanda əvvəlcə ayaqlarımızı isladırdıq, sonra başımızı. Mehbalı əmi yenə də mənim "nərmə-nazik müəllim oğlu" olduğumu yada salmışdı, bəzən məni heç öküzləri yedəkləməyə qoymurdu, gah "çay qaynatmağa", gah da əlimə balta verib meşədən tənək çubuğu kəsməyə göndərirdi.
Deyirdim:
- Qalayçıoğlu mənə də siznən bərabər əməkgünü yazır. Siz işləyirsiniz, mən avara-avara gəzirəm!
Tapdıq bu deyintiyə tamam laqeyd idi. Mehbalı əmi isə sallaq qaşları altından zəhmlə üzümə baxmaqla kifayətlənib, yalnız hərdən: "Kotançılıq ağırdı. Kotançalaq ağırdı", - deyirdi...
Hiss etdiyim, sıxıla-sıxıla gözlədiyim "çox pis hadisələr"dən biri heç ağıla gəlməz - gözlənilməz oldu.

O günü yenə hava od tutub yanırdı. Kəllər dillərini bir qarış çıxardıb xırıldayırdılar. Mehbalı əmi ilə Tapdıq özləri də başdan-ayağa su içində idilər. Mən gah əlimi kotanın macına atıb Mehbalı əmini əvəz eləməyə, gah da zəncirin üstünə qalxıb Tapdığı düşürməyə çalışdım, mümkün olmadı. Axırda Mehbalı əmi məni yenə "çay qaynatmağa" yolladı.

Onlar, ikisi də tutqun idi. Heyvanlara da, özlərinə də zülm eləyib fasiləsiz şumladılar. Yalnız gün əyiləndə heyvanları boyunduruqdan açdıq, zora düşmədiklərinə görə çox da təntiməyən öküzləri talaya ötürüb, kəlləri cələyə apardıq ki, çeyillikdə bir az yatışsınlar.
Cələyə yaxınlaşırdıq ki, birdən irəlidən, bulaq səmtindən Bolunun boğazının yoğun yerinə sala-sala oxuduğu dəhşətli bir mahnı eşitdik:

Ağ fətir, əmlik əti
yaxşıdımı, a kolxoz sədri?
Ağcamaya xanım... tü
yaxşıdımı, a kolxoz sədri?!

Uşaqlardan birinci Məlik hırıldadı. Sonra qalanları şaqqıldaşdılar.
Bu mahnını biz, "poyezd"lər - qatarlar yaralı əsgərlərlə dolu olduğu üçün heç kəsə bilet satılmayanda vaqonun üstünə minib Qaratəpə bazarına gedəndə alverçi uşaqlardan eşitmişdik və bizim sədr o bəzəməli sədrlərdən olmadığına görə mahnını unutmuşduq. İndi kim xatırlamışdı?
Tapdığın sifətində qan qalmadı.
- Müxbir əclafın işidi. Yaxşı ki, adını çəkməyib anamın... Mən axmaqlıq elədim, dedim:
- Əzrayıl köpəyoğlu əmlik kababı tıxışdıranlardan deyil. Tapdığın gözlərindən od çıxdı!
- Kəs səsini!

Ətraf qalın sirkənlik və qanqallıq olduğuna görə yolun ortası ilə topuğa qədər toza bata-bata yeriyirdik. Mehbalı əmi öz yorğun yabısının belində donqarlanıb qabaqda gedirdi. Yabının ayaqlarından qalxan toz havada asılıb tərpənmirdi. Mən həm bu tozdan və bürküdən, həm də öz həyəcanımdan boğula-boğula qardaşlığımın dərdinə şərik olmaq üçün sözlər axtarırdım. Onun belə ağır havada aramsız eşmə sümürməsi də məni bir yandan sıxırdı. Sinəsi xışıldaya-xışıldaya maxorkanın tüstüsünü ciyərlərinə dolduran dostumu heç bir sözlə ovundura bilməyəcəyimi dərk etdikcə lap təntiyirdim.

Necə oldusa, taxtın üstündə bardaş qurub gah süfrədəki stəkanlara, gah da otağın künc-bucağına baxa-baxa anama ürək-dirək vermək üçün söz axtaran qocalar yadıma düşdü, özümü gülünc bir rolda görüb daha da sıxıldım. Bundan bircə dəqiqə sonra isə, mən daha pis vəziyyətdə idim: Tapdıq birdən-birə, eynilə Muxtar əmi kimi qırıq-qırıq, şirin-şirin güldü!
Əlində, nazik uzun boynu, xırdaca, buğda dənəsi irilikdə başı və torbatək sallanmış xaşal qarnı olan, yaşıl rəngli bədheybət bir cücü vardı. Tapdıq barmaqlarımın ucu ilə cücünün uzun dal qıçlarından yapışmışdı. Cücü özündən iki dəfə böyük, ot rəngli qanadlarını çırpıb dartınırdı, boynunu o yan-bu yana əyib ağzından sarımtıl maye ifraz edirdi. Tapdıq isə... Bəli, gülürdü!
- Hə, çalış, çalış çıx əlimdən, beyinsiz heyvan! O boyda yam-yaşıl meşəni qoyub nə gəzirsən bu tozun içində, ay heyvan! Başdan-ayağa yamyaşıl yaradıb səni yaradan ki, orda olasan. Bə niyə tozluğa çıxıbsan, ay heyvan! İndi mən neyniyəcəm, xəbərin var? Öl-dü-rə-cəm səni, ay heyvan!

Yenə də tut ağacını gördüm. Tutun ala kölgəsində mütəkkəyə dirsəklənib gözlərindən gülən Müxbir əmini gördüm: "Xəbərin varmı indi mən neyniyəcəm, ay Sürməli? İndi qoltuğuma vuracam səni, gedəcəm... Hara?.. Təxti-xaba!.."
Mehbalı əmi atının başmı çəkib hirsli-hirsli Tapdığa baxdı. Sallaq qaşlarını bir az da sallayıb, yenə belini donqarlandırıb yabısını sürdü. Tapdıq isə bir müddət yenə cücü ilə danışdı.
- Sən elə belə adi cücü deyilsən, faşistsən, ay heyvan! Bizim o həcv yazan əlləm-qəlləm Müxbir "Kommunist" qəzetində öz gözləriynən oxuyub ki, faşistlər bizim tərəfə xəstəlik yayan zəhərli həşərat atıblar, paraşutnan. Sən o zəhərlilərdənsən, ay heyvan! Vacibdimi ki, paraşutnan atsınlar. Burdasan sən, daxili düşmənsən!

Kəndin girəcəyində, nəhayət, cücünü yerə çırpdı, çarığının burnu ilə basıb qarnını partlatdı. "Faşist" cücü söhbəti qurtardı. Əmma Tapdıq yenə də mənim nə isə deyib-danışmağıma, anlaşılmaz səbəbə görə qırılmış ünsiyyətimizi bərpa eləməyə imkan verməyib, özü yenə də gözlərindən gülə-gülə qəribə bir söhbət başladı.
- Mehbalı əminin yabısı niyə bir dəri, bir sümükdü? Bilirsən? Hardan biləsən, ay müəllim oğlu? Bu yazıq yabının arıqlığının səbəbini bilməkdən ötrü gərək biləsən ki, Mehbalı əmi bu yazığa gecələr də rahatlıq vermir. Həftədə azı iki dəfə şığanıb Qazağın İncə dərəsinə, Türfə deyilən yerə gedir. Yəni qırx kilometr o yana, qırx kilometr bu yana. Bu elədimi səksən kilometr? Səksən də üstünə gəl. Həftədə yüz altmış kilometr yol gedən yazıq yaxşı ki, sağdı hələ. Əvvəllər gecədə bir çanaq arpa verərdi buna Mehbalı əmi. İndi üyüdür arpanı.
Danışa-danışa hərdən ayaq saxlayırdı.
- Qoy getsin Mehbalı əmi. Qoy getsin deyirdi. Niyə? Bunun səbəbi kəndə çatanda məlum oldu.

Meşə yolu Baş kənd Qurbanlı səmtindən gələn kanalın arxın körpüsündən keçib kəndə girəndə solda Dağdağan Alının kimsəsiz "qaçaq damı" ilə çal-çəpəri dağılmış xaraba bağı və bomboş əkin sahəsi, bir də naxırçı Məsinin damı görünürdü, sağda isə, qabığı tökülmüş dümağ, uzun kərənsayağı ağac budaqları ilə hasarlanmış mülk - Muxtar əminin evi, alma, armud, ərik, şöytəli, gavalı ağaclarından ibarət beş cərgə bağı, nəhəng çardaq altında tünd yaşıl rənglənmiş an yeşikləri görünürdü. Məktəb illərində biz bu mülklə Dağdağanın "qaçaq evi"nin arasındakı genişliyə yığışardıq, Cümrü qağamızla Tapdığın ciblərində gətirdikləri meyvələrdən yeyə-yeyə birbaş yerdə - quru torpaq üstündə oturub direktorun - atamın "Müəllimlər otağı" adlanan otaqdan payladığı, təpinə-təpinə oxutdurduğu kitabları şapkalarımızın, kepkalarımızın üstünə qoyub "dirə-döymə", "çilikağac", "sümükatma" oynayardıq. İndi, bunlar hamısı, dörd gözlə oxuduğumuz "Kapitan qızı", "Tom Soyerin macəraları", "Dəfinələr adası" və sair maraqlı kitablarla birlikdə uzaq xatirələrə dönmüşdü. Kotanları, zəncirləri, boyunduruqları şumun üstündə qoyub, kəlləri, öküzləri kəlotaranımıza təhvil verib, gəlib körpüdən keçib genişliyə çıxanda həmişə kitablı, "dirədöymə"li, "çilik-ağach", "sümükatma"h günlərimizi, sevimli direktorumuzu, istəkli sədrimizi xatırlayıb qəmlənirdik. "Cəbrayıl-Əzrayıl" müsibətindən sonra isə, mülkün qabağından keçəndə, ağsaqqalların Tapdıqla Cümrünü öz aralarında apardıqlarına baxmayaraq, hökmən gərginləşirdik, mənim gözlədiyim "pis hadisələr"i hamı eyni gərginliklə gözləyirdi.
Bu dəfə necə oldusa Mehbalı əmi Tapdığa iki kəlmə: evə gəl ha! - deyib irəli getdi, Qalayçıoğlu isə, ikinci, üçüncü kotanların kotançıları ilə, o cümlədən Cümrü ilə arxada qaldı. Mənə elə gəlir ki, məhz ağsaqqalların birinin irəli getdiyinə, o birisinin geridə qaldığına görə "pis hadisə" üçün şərait yarandı və mülkün qabağından keçəndə Tapdıq birdən eşməsini yerə çırpıb, darvazaya yaxınlaşıb, eynilə qağamız kimi, üzü əyilə-əyilə, dodaqları əsə-əsə, Bolunun cəngəllikdə oxuduğu həmin mahnını qışqırdı:

Ağ fətir, əmlik əti yaxşıdımı,
a kolxoz sədri?
Ağcamaya xanım …tü
yaxşıdımı, a kolxoz sədri?!

Yolun qırağından daş-kəsək yığa-yığa, pəncərə taxtaları təzələnmiş, balkon dirəkləri palıdı rənglənmiş evin qapısını nişan ala-ala əlinə keçəni oraya yağdırmağa başladı.
- Çıx, Əzrayıl köpəyoğlu! Namussuz, qeyrətsiz, heyvan, çıx rədd ol bu evdən! Mən qoymaram sən bu evdə binələnəsən! Öz evindəkilər də nifrət eləyilər sənə, ay heyvan! Qızların çəngə-çəngə saçlarını yolurlar, yelə verib qarğayırlar. "Ahımız tutsun səni, ay namussuz atamız!" - deyirlər. Arvadın görücü Abıdan soruşub, Abı deyib "gözləmə ərini", oradaca yıxılıb arvadın, can verir, ölür, ay heyvan! Gör neçəsini bədbəxt eləyibsən, ay heyvan! Getməlisən sən bu kənddən! Getməlisən! Yoxsa, sağ qalmıyacaqsan! Eşidirsənmi?! Sağ qalmayacaqsan!..
Tapdıq hönkürdü.

Mən özümü itirmişdim. Yazıq qardaşlığımın hər kəlməsi bir daşa dönüb bədbəxt Söylü xalanın qapısı ilə bərabər mənim beynimə çırpılırdı, bütün bədənimi tir-tir əsdirirdi.
Neyləyə bilərdim?

"Xarle"nin uzun, dərin, parıltılı rus yəhəri arı yeşiklərinin qabaq tərəfində köhnə pətək ramkalarının üstündə idi, "Xarle" özü isə hündür alma, armud cərgələrinin arasındakı yaşıllığa hörüklənmişdi. Bəri başdakı ağaclardan birinin haçasına qoyulmuş ulduzlu şapqadan da məlumdu ki, Əzrayıl da bağda idi, ya da içəridə... Əmma eşiyə çıxmırdı ki, çıxmırdı.

Tapdığın daş-kəsək atmaqdan lap taqətsizləşdiyini, qışqırmaqdan, hönkürməkdən lap boğulduğunu görəndə daha özümü saxlaya bilməyib ona qoşuldum. "Nərmə-nazik müəllim oğlu" da, nəhayət, özündən - iradəsindən asılı olmayaraq, sözün həqiqi mənasında mübarizəyə girişdi. Qəzəbdən, kindən, nə qədər daş-kəsək yağdırdığımı bilmədim. Bir də o vaxt ayıldım ki, Mehbalı əmi mənim, Qalayçıoğlu isə Tapdığın üstünə cumub, qollarımızdan yapışıb tozun içində sürüyürdülər...

Bu hadisə ertəsi gün də təkrar olundu, o birisi gün də, üçüncü gün də. Dəhşət bunda idi ki, yoldaşlarımızın bizə qoşulduğuna baxmayaraq, qağamız əlini də tərpətmirdi. Gözləri titrəyə-titrəyə, kənardanca baxıb, baxıb, üzünü döndərib gedirdi. Niyə? Hardasa kimlərsə "havalanıb Cümrü, havalanıb" desə də, laqeydliyini mən heç cür anlamırdım. Dəhşət bir də bunda idi ki, Tapdıq o mahnını hər axşam qışqırırdı. Diqqət yetirin, "oxuyurdu" demirəm. Məhz qışqırırdı. Səsi haçalana-haçalana. Mən buna da dözmürdüm. İçərimdə kəskin etiraz, qışqırtıya qarşı qışqırtı hiss edirdim. Əmma "nərmə-nazik müəllim oğlu" qışqırmırdı. Əksinə, Tapdığın xətrinə dəyməkdən qorxa-qorxa, astadan: "Ananı təhqir eləmə", - deyirdim. Tapdıq dillənmirdi.
Dəhşət bir də bunda idi ki, nə mahnıya cavab gəlirdi, nə də qapının üstünə yağan daşa, kəsəyə. Ev susurdu. Bağ, həyət-baca susurdu.

Dördüncü axşam, nəhayət, qapı açıldı.
Əzrayıl dolu kimi yağdırdığımız daş-kəsəkdən qətiyyən çəkinmədən, başına, alnına, üzünə dəyən daşların qabağında əlini üzünə tutmağı da lazım bilmədən, ağır-ağır üstümüzə gəlirdi. Son vaxtlar Tapdığın səsinə səs verənlərin, sədri görəndə: "İşləməyin, ə!" -deyib bir növ tətil edənlərin sayı artdıqca, Əzrayıl öz ildırım "Xarle"sinin belində gah pambıqçıların, suçuların, gah da kotançıların ara-bərələrində qəfil burulğan kimi burulub-fırlanırdı, arvadların qarğışlarını, öz qızları Nisə ilə Gülnisənin nə isə deyə-deyə ağlaşdıqlarını eşidəndə hökmən hamıya, hamıya cavab verməyə çalışırdı: "Bədbəxtlikdi bu! Bədbəxtlikdi, olub! Bəladı, düşmüşəm! Mən adamlıqdan çıxmışam, siz adam olun, işdən soyumayın!.." -və sair belə-belə sözlər bağırırdı. Sözü keçməyəndə isə şallağını işə salıb kotançıları, suçuları döyürdü.

Gəlişinə baxdım.
Belə gəlişlə indi də döyməyə gəlirdi? Məlum deyildi.
Lap, lap ağır-ağır yaxınlaşıb Tapdığın biləyindən tutdu, ovcundakı iri, çəlpəşikli daşı alıb yerə tulladı, dayanıb üzünə baxdı. Mən hətta sevinəntəhər oldum: "Qorxur! Axır ki, qorxdu köpəyoğlu!.." Əmma elə o an da bunun əksinə fikirləşdim. Çünki bu vaxt Tapdıq artıq yerdə - Əzrayılın çəkməsinin altında idi.
Hər tərəfdən tökülüb o nəhəng gövdəni toz-torpağa bələnib yumaq kimi yumrulanmış arıq-cılız bədənin üzərindən kənara itələdik. Mən Tapdığı qucaqlayıb yerdən qaldırdım və bu həngamənin içində üst-başının tozunu çarpmağa başladım. Yəqin ki, elə bu yersiz hərəkətimə görə Tapdıq məni çox pis itələdi, yıxılıb özüm də toz-torpağa batdım.

CƏBRAYIL

Kanalın o tərəfındə, təxminən yüz-yüz əlli addımlıqda traktor guruldadı. Sonra molotilkanın uğultusu o gurultuya qarışdı. Muxtar əminin həyətində pas atmış qırıq traktorun əvəzində təzəsinin, üstəlik də camaatı cana doyduran yorucu, üzücü xırmanlar əvəzində molotilka gətirilməsi Əzrayılın xidməti olsa da, o gurultu, uğultu bizi azmaz da olsa sevindirmədi. İyundan, iyuldan bəri kanalın o tayında analarımızın, bacılarımızın təmizlədikləri xırman yerlərində "ilanyalı taya" vurulub qalmış buğda, arpa, kəndigələn dərzilərinin, nəhayət, indi - avqustda molotilka ilə döyülməyə başlanması bu deməkdi ki, əgər gecə-gündüz fasiləsiz döyülsə, taxıl məhsulumuz uzaqbaşı on günə, yarım aya hazır olacaq. Əmma bundan, dediyim kimi, sevinmədik. Əzrayıl quyunun üstündə vedrədən üzünə su çırpıb, qurulanmadan, yəhəri götürüb "Xarle"nin belinə qoyub, qayışları bərkidər-bərkitməz, minib "xırman yeri"nə -molotilkanın yanına səyirdəndən sonra, qocalarımızın qışqır-bağırına baxmayaraq, Tapdığın ardınca biz də oraya yönəldik.
"Molotilka" deyilən dörd avtomobil təkəri üstündə vaqonsayağı şeyi biz keçən il sürgün edilən "Nemes" kəndlərində görmüşdük.

Vaqonsayağının qabaq tərəfındə dəyirman boğazına - su navalçasına oxşayan quyu kimi bir yerində qarmon kimi dilim-dilim enli dəmirlər silkələnə-silkələnə dərinə gedirdi. Taxıl dərzinin "bəndəm"ini - kövşəni açıb o silkələnən dəmirlərin üstünə tullayırdılar, dəmirlər dərzi aşağıya sürüyəndə quyu kimi yerdə nə baş verirdisə, sünbülün dəni ayrılıb vaqonsayağının dalından çuvala, kisəyə tökülürdü, saman kimi doğranmış kövşən isə havaya sovrulub beş addımlıqda qalaqlanırdı.
Gəlinlərdən, qızlardan canları az-çox saz olanlar hər on beş-iyirmi dəqiqədən bir dolan çuvalı, kisəni kənara çəkib, sürüyüb aparıb xırman yerlərində uc-uca calanan kilimlərin üstünə töküb yayırdılar ki, taxıl qurusun. Yaşlı arvadlar isə samanı "yığan" dediyimiz dəstəkli taxta parçası ilə yığanlayıb -kürüyüb apanb yenə xırman yerlerinə qalaqlayırdılar.

Əzrayıl "Xarle"ni həmin saman qalağının üstünə buraxıb, çuval, kisə daşıyanlara kömək edirdi. Toz-torpaq içində, tövşüyə-tövşüyə gəlib molotilkanın yanında nəfəsini dərən Tapdıqla kotançılara gözucu da baxmadan, alnından, çənəsindən qan damcılaya-damcılaya işləyirdi. Uşaqlar isə, Tapdığın dalınca necə yüyürmüşdülərsə, necə deyərlər, nəfəslərini çiyinlərindən ala-ala dayanıb, nə isə olacağını gözləyirdilər.
Nə ola bilərdi?

Bolu, Məlik, Həbəş Qara, hamımız bir-birimizə baxırdıq. Gözlərimiz sualla, həyəcanla dolu idi.
Tapdıq, nəhayət, yerindən tərpənib, belindən kəmərini açıb, molotilkanın böyründə qıjıltı ilə fırlanan enli çarxa doğru gedəndə də mən bir şey anlamadım. Bir enli çarx da on addım o yanda guruldayan traktorun böyründə fırlanırdı. Örkənsayağı uzun, qalın, möhkəm bir brezentin bir tərəfi o çarxa, bir tərəfi bu çarxa geyindirilmişdi. Traktor o çarxı fırladırdı, çarx brezenti fırladırdı, brezent də molotilkanın çarxını fırladırdı. Tapdıq kəmərinin ortasını brezentin dalına keçirib necə çəkdisə, brezent çarxdan çıxıb şaqqıltı ilə yerə düşdü, ilan kimi qıvrıla-qıvrıla traktora doğru süründü. Molotilkanın içindəki motorun qıjıltısı kəsildi. Yuxarıda, molotilkanın "ploşşadka" deyilən enli taxtası üstündə dərz açan qızlar əllərini saxlayıb aşağıya, çarxın yanında əli kəmərli duran Tapdıqla alnı, çənəsi, əlləri qanlı Əzrayıla baxdılar. Uşaqlarla birlikdə, mənim gözüm də üz-üzə dayanıb tövşüyən düşmənlərin üzlərində idi.

Traktorun gurultusu da kəsildi. Və bu qulaqbatıran sükut içində Tapdığın dilindən çıxan "ana söyüşü"nü eşitməyən qalmadı.
Kəmər şappıldayıb Əzrayılın qanlı alnında qırmızı şırım saldı.
- Sənin ananı! Sənin arvadını! Sənin qızlarını! Sənin bütün ölənlərini, qalanlarını!
Bu dəhşətli söyüş yağmuru nə qədər uzandısa, kəmərin şaqqıltıları da bir o qədər uzandı.
Əzrayıl tərpənmirdi. Şişmiş, göyərmiş dodaqları da tərpənmirdi, əmma o dodaqların arasından bir kəlmə eşidilirdi:
- Vur!.. Vur!.. Vur!..

Arada, necə oldusa, gözüm uşaqlara sataşdı və burda birinci dəfə hiss etdim ki, Əzrayıl nə qədər Əzrayıldırsa, Tapdıqla mən və elə hamımız da eləcə Əzrayıllarıq, bu adamı kənddən qovmayınca, ya da canını almayınca əl çəkməyəcəyik.

Mən bunu hiss edər-etməz, əlim elə bil öz-özünə işləyib kəmərimi belimdən açdı. Kəmərin ucundan tutub ağır dəmir toqqalı tərəfıni necə rəhmsizliklə fırlatdımsa, dəmir Əzrayılın gicgahını parçalayanda uşaqlarla birlikdə özüm də qorxdum. Eyni vaxtda Bolunun dəmir toqqası da elə haman yerə dəyəndə arvadlardan, qız-gəlindən qışqırtılar qopdu:
- Öldürdünüz! Öldürdünüz, a bədbəxtlər!
- Çataq-çataq eliyəcəklər hamınızı! Belə də qansızlıqmı olar?!
- Dağılışın! Tez! Dağılışın! Qılınc gəlir! Qılınc Qurban gəlir!
- Bu oxlanmışınızı da aparın, gedin burdan!..
Tapdığı bizim üstümüzə, bizi körpü tərəfə itələdilər. Əmma Əzrayılın gözlənilməz hərəkəti yenidən sükut çökdürdü.

O, saman yığınından sünbül seçə-seçə, dodaqları sünbüllü, başını qaldırıb bizə baxan "Xarle"sinə doğru getdi, yəhərin qaşından asılmış tüfəngin çaxmağını qorxunc şaqqıltı ilə açdı, köynəyinin döş cibindən bir "daraq"* qızılı, zəhmli patron çıxarıb darağa basdı, çaxmağı irəli verib lüləyə patron saldı.

Xırman yerlərində hamı heykələ dönmüşdü. Cınqırını çıxaran yox idi. Çaxmağın şaqqıltısı, çaqqıltısı ilə birlikdə, dodaqları sünbüllü, dimdik, hərəkətsiz duran, gözləri böyümüş "Xarle"nin uzaq, batqın kişnərtiyə oxşayan heybətli səsi də eşidilirdi.
Növbəti "pis hadisə"ni at bizdən əvvəl bilirdi. Buna görə də Əzrayıl əyilib çəkməsinin bir tayı ilə corabının bir tayını çıxaranda at birdən titrədi. Əzrayıl tüfəngin küpünü yerə qoyub, lüləni ağzına saldı, çılpaq ayağının baş barmağı ilə tətiyi çəkəndə at necə hərəkət elədisə, güllənin açıldığı anda tüfəng Əzrayılın əllərindən qopub kənara düşdü. Eyni anda Qurban əmi - Qılınc Qurbanın Boz atı da kişnədi, ardınca qışqırtısı eşidildi:
- Boğaza güllə sıxmaq kişi işidi! Uşaq-muşağı niyə qana salırsan, ay nakişi?! Özünü vuran idin, o gecə, Muxtarın "təxti-xab"ında sərxoşluqdan ayılanda vuraydın, biz də rəhmət oxuyaydıq ki, bəs, rəhmətliyin qeyrət damarı da varmış!
Əzrayıl arxasıüstə samanın yanına yıxılmışdı. Yüyürüşüb, ətrafına yığışıb aydın görürdük ki, güllə ağzının bir tərəfıni aparmışdı.

*Bir daraq - beş güllə patron




Başının altında qan göllənirdi. Qurban əmi - Qılınc Qurban isə atdan düşmədən elə qışqırıdı:
- İrəvazı tapın, ay uşaq! Minin bunun Xarlesinə tez tapın gətirin doxduru! Əsgidən-zaddan yandırın, içəridən, eşikdən basın yarasına, qan aparmasın bu iti! Sultan Əmirli yoldaşın dediyinə görə lazımlı itdi bu it! Qoymayın ölsün!

Bizlərdən heç kəs Xarleyə yaxın durmadı. Gah Nisə, Gülnisə, "Böyük Nisə", "Bala Nisə", "almayanaq bacılar" adlandırılan, hərəsinin yanaqlarında bir cüt qıpqırmızı alması olan bacılardan biri qıymaçasını hardasa yandınb, alovlu-alovlu gətirib ovucları ilə basdalayıb alovu söndürüb qığılcımlı qara külü atasının sol üzünün içərisinə, eşiyinə bir az da toqqalardan dağılmış gicgahına basdı. O birisi bacı - Bala Nisə ətəklərini çirməyib, kişi kimi yəhərə atılıb körpüyə tərəf fırlanmadan, kanaldan tullandırıb Aşağı kənd Qonaqlı Sestrasının köhnə kümxanada - barama damında açdığı ambulatoriyaya doğru çapdı.
Xırman yerləri ilə ambulatoriyanın arası çox deyildi: kanalın böyük, yastı təpə belində idi. Bir gözümüz qan boğazına dolduqca xınldayan, öskürən Əzrayılda, o biri gözümüz Xarle ilə bala Nisədə, gördük ki, Bala Nisə hələ ambulatoriyaya çatmamış qışqırırdı:
- Ay İrəvaz, dədəm özünü vurdu! Ay İrəvaz doxdur, dədəmi qan aparır! - deyirdi.
Buna görə də qız hələ təpəyə çatmamış, Rəvaz doxdurun gödək, gombul qaraltısı, çantası böyründə təpədən aşağı yuvarlandı. Bala Nisə hamımızı açıq heyran qoyan, eyni kişi hərəkətilə yerə atılıb, Revazın dalından qaldırıb yəhərə yıxdı. Xarle kanalın həmin yerindən bəri tullanıb, yəhərdən qoşaəlli yapışmış sifəti avazımış həkimi yaralıya çatdıranda bala Nisə də kanalın həmin yerindən şığanıb, yayın bürküsündə bütün qız-gəlin kimi yalxı geyindiyi çit donunun ətəklərindən su süzülə-süzülə özünü yetirib Əzrayılın böyründə yerə çökdü.
- Qorxma! Qorxma, ölmüyəcəksən, ey bizi öldürənimiz! Qurban əmi düz deyir, nakişi nakişidi! Əmbə bu gün kişilik elədin, yerə soxduğun başımızı dik tuta bilərik daha!..
Bu həngamənin içində hamını heyran edən Bala Nisənin islaq çit donun altından dərisinin rənginə qədər görünən qadın gözəlliyi də bir heyranlıq yaradıb, bayaqkı yerindən - malatilkanın böyründən tərpənməyən Tapdıqdan başqa hamımızın qıpqırmızı qızarmağımıza səbəb oldu. Mənə elə gəlir ki, növbəti pis hadisədə nə isə, hələ heç birimizin anlamadığımız yaxşı, sevindirici bir cəhət də vardı, məhz bu cəhətə görə də, sarsıntıdan özümüzü itirsək də, Bala Nisənin gözəlliyini də gördük.

Xırman yerindəki ikitəkərli "qara araba"nı, yəni dağda-daşda da işlədilməsi mümkün olan arabanın içinə küləş yığdılar, kilim saldılar, bütün sifəti, başı ağ bintlə çalın-çarpaz sarınmış yaralını qaldırıb kilimin üstünə qoydular.

Bolu böyrümdə fısıldayırdı.
- Ona bax! Uzunluğuna bax köpəyoğlunun, ayaqları arabadan eşikdədi! - dedi.
Bu "köpəyoğlu" o günü Bolunun dilində sonuncu söyüş oldu. Ağsaqqallarımız çörək yeyib, dincəlib bütün kəndi sevindirən gurultuya, uğultuya gələndə birinci Tapdıq dillənib:
- İndi görün necə işliyəcəyik! - dedi. Və hamımızın ilk dəfə gördüyümüz, boy-buxununa yaraşmayan mötəbərliklə "ümumi iclas" elan eləyib, eynilə atası, anası kimi, yaşlı adam ciddiyyəti ilə, Məlikin sözü ilə desək, "əməlli-başlı nitq irad elədi": - Arvadlar... qızdı-gəlinni hamısı getsin. Biz qalırıq.

Qalayçıoğlunun briqadasından kotançılar, səpinçilər, bir də ki, aydın mesələdi, traktor. Əsəd... işıqlaşanacan işləyəcəyik. O başdan çörəyimizi yeyib elə burda da yuxumuzu alarıq, qalıb genə işləyərik. Bircə xahişimiz var, hörmətli briqadirimiz sədrliyi öz üstünə götürsün, izin versin şumu dayandıraq on-on beş gün, taxılı keçirək mala-tilkadan ki, ayın axırında həm vayenni fondun taxılını verək, həm də camaata paylayaq, arvad-uşaq ac qalmasın.

Qalayçıoğlu ilə Mehbalı əmi qaş-qabaqlı susurdular. Tapdıqdan bu dəfə hikkəli qışqırtı qopdu:
- Nə var?! Nədi genə xoşunuza gəlməyən?! Qocaların əvəzində Qurban əminin qəhqəhəsi eşidildi:
- Ay camaat, bu lap Muxtardı ki! Gəlsəniz elə bunun özünü sədr seçək? - Qəhqəhə xırp kəsilib birdən-birə tənbehə çevrildi:
-Çox baş aparma! Ana uşağısan sən hələ! Şumu dayandırmaq olmaz. Çünki taxıl planı üç qat artırılıb. Şum ləngisə səpin də ləngiyər, qışa düşər, toxum yeriməz don torpağa, şaxta vurar, bu günki xeyriniz sabah şərə dönər! Qandın?! Bir də belə hoqqabazlıq görməyim səndən! "Ümumi iclas elan eliyən"imizə baxın! - Boz atın başını çəkib, bir az susub, yenə danışdı: - Cəbrayıl vayenni tribunala getməlidi! Gizlin sözü, açıq sözü, nəyi var, hamısını danışıb ya bəraət almalıydı, ya güllələnməliydi. Elə olmadı, belə oldu. Hamısının taqsırı özündədi. Özünü vuran kişi vaxtında vursaydı, namus güdən oğullar da əl-qol tərpətməzdilər. Tribunaldan, NKVD-dən-zaddan adam gələndə belə danışın hammız. - Yəhərdən əyilib, Məlikin köynəyinin çiynindən yapışıb, qəribə - hədsiz qəzəblə atın yanınca çəkə-çəkə bizdən aralandı. - Sən dilini dişiyin arasında saxla! - dedi. - İrəvaz da, sən də lal olun! Kimdilər o adamlar, bilirsənmi?! Niyə elə eləyiblər, bilirsənmi?! Heç nə bilmirsən! Heç nə! Mən, sinəsi ordennən dolu bolşevik, köhnə atryad nəçənniyi, indi istrebitelni batalyon komandiri, onların qabağında sluşu* dururam. Zor nəçənnik deyirlər o üçlüyün başçısına. Zor! Bildin?! Elə itirər, izin-tozun da qalmaz!
Qurban əminin bu sözlərini Məlikdən başqa tək mən başa düşdüm. Revaz doxdur arabayla getməsəydi, bir də o başa düşərdi.

*Tabe, müti

Fikirləşdim ki, Qurban əminin Məlikə xəbərdarlığı mənə də aiddir: Cəbrayıl özü müsibətə düşə-düşə heç kəsə heç nə açmırsa, hətta Qılıncımız da "dili dişin arasında saxlamağı", "lal olmağı" bu qədər vacib sayırsa, mən necə aça bilərəm?

Traktor guruldayıb, molotilkanı da uğuldadıb fikrimi qırdı. Qılıncımızın tapşırığına baxmayaraq, Tapdıq əli çuvallı Zibeydəni molotilkanın dalından qırağa itələyib özü çuval götürəndə biz də işə girişdik. Kimi nərdivanla "ploşşadka"ya qalxdı ki, dərz açsın, Kimi "yığan"dan yapışdı ki, samanı yığanlasın, kimi "ilanyah" tayadan molotilkanın yanına dərz daşımağa getdi, kimi də yaba götürüb hazır dayandı ki, daşınan dərzləri "ploşşadka"ya qaldırsın. Mən isə Tapdığın yanında qaldım ki, növbəti çuval dolanda kilimin üstünə aparmağa kömək eləyim. Əmma etiraf etməliyəm ki, Tap-dıqdan aralanmamağımın başqa səbəbi vardı: bayaqdan bəri fikrimdə "Əzrayıl" deyə bilmirdim, elə "Cəbrayıl" deyirdim. Nədənsə hədsiz səbirsizliklə öyrənmək - bilmək istəyirdim ki, görüm, zabit köynəyinin döş cibindən çıxan o bir "daraq" patron, çaxmağı elə şaqqddadıb "darağ"ı "maqazin"ə basan, çəkmənin bir tayını çıxarıb atıb, lüləni ağzına salan o möhkəm, sakit əl, sahibini o cür sevən o ağıllı heyvanın gözləri, hərəkətləri tək məni yox, elə ha-mını sarsıdıbsa, hələ də kinli görünən Tapdıq bu sarsıntıya necə baxır? Daşdır, divardır nədir mənim bu can-ciyər qardaşlığım?! Mənlə bərabər, indi yəqin ki, bütün uşaqlar daha "Əzrayıl" deyə bilmədiyi
halda, bu daşda, divarda heç olmasa cüzi bir dəyişiklik əmələ gəlməyibmiş?!

Hava ağarışlanana qədər işləyib elə ordaca quru torpaq üstünə döşənişəndə yanaşı düşdük. Gün doğanda oyanıb, Traktorçu Əsədə xüsusi göndərilmiş buğda xəmrəlilərindən bala batıra-batıra acgözlüklə doyunca yeyib, üstündən yarpız çayı içəndə, yəni əhvalımız az-çox yaxşı olanda da yanaşı olduq, ayaq üstə şirin-şirin mürgü vura-vura şuma gedəndə də qoşa getdik, əmma bircə kəlmə soruşmağa da cəsarətim çatmadı: Tapdığın daimi qıyılı, xırdaca gözlərinə, ovurdları batıq, quru, boz sifətinə heyrətli zəhm, zabitə gəlmişdi.

Bu yeni Tapdığa heç kəs, o cümlədən ağsaqqallar da yaxın düşə bilmirdilər. Şumdan sonra gəlib körpüyə yaxınlaşanda baxışlarımız açıqca yalvarırdı ki, sola - xırman yerinə doğru dönməsin, əmma Tapdıq hər axşam eyni inadla sola burulurdu və biz də hərəsi bir dolu çuval ağırlığında qıçlarımızı zorla tərpədə-tərpədə onun dalınca gedirdik ki, arvadları, qız-gəlini evlərinə göndərib gecə növbəsində də özümüz işləyək.

On günmü keçdi, yarım aymı? Bilmirəm. Bir axşam yenə körpüyə yaxınlaşıb sola burulanda xırman yerindən Bala Nisənin qışqırtısını eşitdik:
- Gəldi! Sədr gəldi, ay camaat!
Adətən "dədəm" deyərdi. Hətta müsibətdən sonra da. İndi isə "sədr" dedi və Bala Nisə ilə birlikdə, molotilkanın dövrəsindəki arvadlar, qız-gəlin, hamı:
- Sədr! Sədr... Cəbrayıl! Cəbrayıl! - dedi.
Xarle kanalın qırağı uzunu ağaran cığırla rahatca yorğalaya-yorğalaya, çənəsində bint sarğı ağaran sahibini açıq-aşkar sevinişən qız-gəlin yığnağına gətirirdi.

Mən köksümdə çırpıntı, təlatüm hiss etdim. Çünki qız-gəlinlə, ahıl arvadlarla birlikdə bizim ağsaqqallar da açıq-aşkar sevinirdilər. Sədr molotilkaya yaxınlaşanda Mehbalı əmi hətta əlini qaldırıb sədrə salam verdi.

- Allaha şükür, xata sovuşdu! Həməşə ayaq üstə, ay Cəbrayıl! - dedi.
Yalnız bundan sonra məlum oldu ki, Tapdığın üzündə donmuş zəhm, zabitə əbəs deyilmiş. Dabanı üstə fırlanıb körpüyə doğru elə qətiyyətlə getdi ki, hamımız çaşbaş qaldıq: bizdən də döndü?! Dalınca gedək, getmiyək?..
Diqqətimizi yenə Cəbrayıl çəkdi.
- Şad xəbər gətirmişəm, - deyirdi. - Sabah gəlib vayenni fondun taxılını aparacaqlar. Zibeydə qapan-tərəzini işə salsın, bu gecə çəkək, hesablayaq fondun taxılını. Sonra vedemost tutaq, sabah axşama əməkgününə taxılınızı ahıl!

Arvadlardan alqış eləməyən, qız-gəlindən sevinməyən qalmadı. Xəbər, əlbəttə, məni də, yoldaşlarımı da sevindirirdi, hardan biləydik ki, məhz bu şad xəbər - "əməkgününə taxıl" xəbəri pis hadisələrdən daha birinin başlanğıcı idi!

Bütün gecəni tər içində, dinməz-söyləməz, çuval, kisə daşıyıb, hava ağarışlananda Traktor Əsədin mazutlu, his-paslı üzündə qənd kimi ağaran dişlərini heç vaxt örtməyən dodaqlarını tərpədib: Həvəsdi, bəsdi! Həvəsdi, bəsdi! - dediyini eşidər-eşitməz, üstünə taxıl sərilmiş kilimlərin qıraqlarına döşənişdik, həqiqi, mənada ölü kimi hərəkətsiz qalıb, bir də üzümüzdə, başımızda, boynumuzda Günəşin hənirini hiss edəndə gözlərimizi açıb Aşağı kənd Qonaqlının əkin sahələrinə gedən kanalın o tayından traktor gurultusundan da qat-qat güclü gurultu eşitdik, sonra rayon mərkəzi ilə Qonaqlının arasındakı Kəsəyolda uzun bir maşın karvanı gördük. Sanadıq, on iki "vayenni maşın" idi.
Məlik dedi:
Belələrinə top qoşurlar. Kuzasına da topçular özləri minirlər. Bunlardan yekə maşın yoxdu dünyada.
"Yekə maşınlar" hamımızı heyrətləndirə-heyrətləndirə, toz-duman qaldıra-qaldıra kanal boyunca yaxınlaşanda gördük ki, nə dallarında top var, nə də kuzalarında topçu əskərlər.

Cəbrayıl Xarlesinin belində, əks tərəfdən - ambulatoriya səmtindən gəldi. Atdan düşdü, birinci maşının ayaqlığında durub o yan-bu yana boylanan ağsaçlı, ucaboy kapitana əl verdi.
- Bax hazırıq, yoldaş kapitan, - dedi. - Əmbə maşını çox gətiribsən. Beş-altısı da bəs elərdi.

Kapitanın qaşları da ağappaqdı. Çənəsinin altı - buxağı qırış-qırış olub sallanmışdı. Qonaqlı meşəsində, Palıdlıq adlanan yerdə "Zemlyanka"ların* qapılarından başlamış zenit toplarının ətraflarında "snaryad"* yeşiklərinə qədər yarpaq rəngində boyanmış "vayenni çast"a süd, qatıq aparıb, əvəzində "buxanka" - çörək aldığımız bir günümüz olmuşdu. O vaxt bu qoca kapitanı orda görüb, "buxanka"ları da elə ondan almışdıq: "Bir də gəlməyin. Diviziya göndəriblər bura. Çörək çatdırammırıq", - demişdi. Cəbrayılla danışanda indi də çənəsi titrədi, səsinə hıqqıltı qarışdı:
- Mən əmr quluyam, Cəbrayıl. Əmr verildi ki, on-on iki maşın apar, nə var doldur gətir. Rayon hökumətinin qərarıdı.
Cəbrayıl şallağını çəkməsinin boğazına sancıb əlini üzünün sarğısına atdı, binti yuxarı-aşağı dartdı, parta-part qırıb tökdü. Dərin yara yerinə - şırıma qan doluşdu. Sinəsi heyrətli hündürə qalxıb çö-kəldi. Yara yeri kimi, gözləri də gözümüzün qabağındaca qan çəkirdi.
- Necə yəni "hökumətin qərarı?!" Hökumətin bu camaatı ac qoyarmı, a kişi?!

Kapitan dillənməmiş maşın karvanının dalından toz içindən qara "Emadin" peyda olub, xırman yerinin hamarlığında səssiz-səmirsiz axıb, birinci maşından bir az aralı dayandı. Günün altında parıldayan şüşənin dalında nəhəng bir adamın qaraltısı o yan-bu yana yırğalandı, əmma çıxmadı.
Arxamda Məlikin qısıq, xoflu pıçıltısını eşitdim:
- Zorra, Gülənovdu. Zor nəçənnik deyiləndi. Gözüm nəhəng adamda, dodaqlarım titrədi:
- Zor?! Demək, budu Sürməlimizi qəhbə eliyən! Zor nəçənniyin hər kəlməsi güllə kimi açılırdı:
- Bura bax, ey! Əxlaqsız! Hökumətin adresinə bircə kəlmə də desən, bu naqanın yeddi gülləsinin yeddisi də qarnına dolacaq! Əsgər acdı! Səni alman faşizmindən qanı bahasına qoruyan əsgər! Sənin camaatıyın qarğıdalısı var həyətyanı sahələrdə! Gəzmişik, baxmışıq! Qarğıdalı əkinlərinin aralarında lobya var, maş var! Yaman gündə jmıx* da yeyər sənin camaatın! Qızıl Orduya jmıx yedirtmək olmaz! Qandın?!

*Qazma
*Mərmi
* J m ı x - Günəbaxan qabığından hazırlanmış malqara yemi

Nə demək olardı?! Əmma Cəbrayıl dedi:
- Azdan-çoxdan var qanacağım, nəçənnik. Qəzet yazır, radio danışır. Ukrayna, Belorasiya, Don sahili... Volqa boyu qaratorpaq zona... taxıl verən torpaqların hamısı faşistin çəkməsinin altındadı. Ermənilər, gürcülər taxıl becərmirlər. Bir Orta Asiya respublikalarıdı, bir də bizik. İkiqat, beşqat artıq taxıl verməliyik. Əmbə üçqat, beşqat artıq işləməkdən ötrü də tox qarın lazımdı, nəçənnik.
Qarğıdalımız sentyabrın axırında yığılır. Qurunması, üyünməsi oktyabrın axırına çəkir. O vaxtacan nəynən dolansın bu gördüyün quru-taqqanaq skelet arvad-uşaq?! Fondun taxılını da artıqlamasıynan verək bu saat, icazə olsa, MTS-in naturplatasını da. Məhsulun heç olmasa beşdən biri qalmalıdı!
Zor nəçənniyin qaraltısı yenə o yan-bu yana yırğalanıb çıxmaq istədi, köklükdən çıxa bilmədi.
- Arestovat naxaqa padlesi.
Maşınlardan ikisinin qapısı taraqqa-taraq açılıb-örtüldü, köynəklərinin boyunluqlarında "kubik"ləri, şapqalarının qabaqlarında ulduzları parıldayan iki zabit, ikisi də qoburlarını açıb, naqanlarını çıxarıb Cəbrayılın üstünə cumdu.

Əmma Cəbrayıl, necə deyərlər, bir göz qırpımında Xarlenin yanına atılıb, beşaçılanı yəhərin qaşından götürdü, eynilə özünü vuranda olduğu kimi, köynəyinin cibindən bir "daraq" patron çıxarıb "maqazin"ə basdı, çaxmağı bağlayıb, barmağı tətikdə:
- Mən istrebitelni batayondanam, ə - dedi, - özümü, qanun-qaydanı silahnan qorumağa haqqım var!

Şüşənin dalında qaraltı yenə o yan-bu yana yırğalandı və bu dəfə çox çətinliklə sürünüb "Emadin"dən düşdü. Arxamda Məlikin pıçıltısını eşitdim:
- Vurar bu sədri! Vurar! Zorun özü də dedi:
- Vurram səni, ay əxlaqsız naxaqa!
Qabaq tərəfi yuxarı dartılmış parusin kitelin altında yekə bir nağaradan da yekə qarnı vardı. Kitel islanıb arvad döşləri kimi nəhəng döşlərinə yapışmışdı. Parusin şalvarın paçasının arası da su içində idi. Hər biri bir alma gözlərinin dövrəsindəki çökəklərə də tər dolmuşdu.

- Tüfəngi təhvil ver! Təslim ol! Yoxsa vurram deyirəm! Cəbrayıl ağır-ağır başını buladı.
- Ölümündən qorxanlardan deyiləm mən, nəçənnik.
Zor, necə deyərlər, istidən ölürdü. Gözlərini qıyıb, günəşə doğru baxıb:
- Uzatma! - dedi. - O tüfəng mənim imzamnan verilib sənə. Sədrliyinə də raykomun bürosunda dostun Sultan Əmirliynən bərabər mən də razılıq vermişəm.
Cəbrayıl dodaqlarını əyib, üzünün bir tərəfilə güldü.
- Sultan Əmirlinin yetirdiyi partiya kadrlarının başlarını yeməknən məşğulsan sən, nəçənnik. Bilirik! Əvvəl-axır mənim də başımı yeyəcəksən. Əmbə bu gün bir şey eliyəmmiyəcəksən. Naqanını qobura qoy. Fondun taxılını çəkmişik qapan-tərəzidə, çuvalların üstünə yazmışıq yeddi yüz altmış kilo. Yəni fond planımız nədi, onu veririk. Meşəyə diviziya dolduğunu, sənin özüyün gəlməyini nəzərə almaq lazımdı, əlbəttə. İdarə heyətinin iclasını çağıraram günü bu gün, razılıq alıb bir ton da özümüz göndərərik arabalarımıznan. Çıx get, nəçənnik. Acizanə yalvarıram, çıx get. Bu afiserlər apararlar fond taxılını...

Cəbrayıl çox danışdı. Hər kəlmədən-kəlməyə fəxrimizə çevrilə-çevrilə, köksümüzü qürurla qabarda-qabarda kişiliyini-mərdliyini, insanlığını-ləyaqətini göstərdi. Axırda Mehbalı əmi ilə Qalayçıoğlu da, arvadlar da, nəhayət, hətta xırman yerinə sürünə-sürünə gələn, ikiqat belini düzəldə bilməyən yüz on yaşlı Qadı kişi ilə tay-tuşları da söhbətə qarışanda, başdan-ayağa su içində olan Zor qızlardan su istəyib, içib, daha bir kəlmə də demədən "Emadin"inə minib getdi.
Məlik pıçıltı ilə.
- Gəlin ura qışqıraq! Ura qışqıraq! - deyirdi. Əmma mən Tapdığın unutmamışdım.
- Olmaz, - dedim.
Sevincimizi başqa cür ifadə elədik. Bolunun keçən il almanların sürgünündən bir-iki gün əvvəl "Nemes" kəndindən gətirdiyi on iki illik "boçka" çaxırı bir-birimizə xəlvəti göz vura-vura, yəni Cəbrayılın sağlığına içə-içə keflənib, elə kefli-kefli işlədik. Əmma axşam qayıdanda qanımız qaraldı. "Əsli və Kərəm"dəki kimi "Lələ köçmüşdü, yurdu qalmışdı": taxıl büsbütün aparılmışdı. Cəbrayıl isə həbs edilib "vayenni kanvoy" qabağında aparılmışdı.
Gecələr yuxusuzluq bahasına dəmiryol stansiyasında, vaqonlarının belləri də adamla dolu olan "Yerevan-Bakı", "Tiflis-Bakı" qatarlarının "poyezd ayağında" meyvə satıb pul qazanmağı bacaran "əlli-ayaqlılar"ımızdan hansılarsa, Alverçi Xeyrə deyilən məşhur çaxırsatan arvaddan bir on iki litrlik "boçka" da gətirdilər. Kefdən - "dəm"dən yox, bu dəfə "qəmdən içən" on beş yaşlı kişilər Muxtar əminin evi ilə Dağdağan Alının "qaçaq damı"nın arasındakı genişlikdə, qabaq-qarşı qoyduğumuz iki kərən üstündə qabaq-qarşı oturub, gecəyarıdan keçənə qədər içdik. Naxırçı Məsi qazmasının damında biz dağılışana qədər tütək çaldı. Tapdıq Məsinin bir tərəfində, Cümrü qağamız o biri tərəfində oturub, donqarlanıb, öskürüşə-öskürüşə "eşmə" çəkirdilər. Çağırırdıq, gəlmirdilər. Yalvarırdıq, gəlmirdilər. İstəyirdik çaxırımızı, pendir-çörəyimizi yığışdırıb onların yanına - dama gedək, icazə vermirdilər. Göndərdiyimiz çaxırdan isə, hərəsi bir dolça içib daha içmirdilər. Hamımız hiss edirdik ki, qardaşlar yavaş-yavaş bizdən ayrılırdılar. Cismən yox, əlbəttə, daxilən başqalaşıb, daxilən də ayrılırdılar.




CÜMRÜ

Müharibədən əvvəl Cümrü qağamız da tütək çalardı. Revaz doxdurun və analarımızın qəti qadağasına görə "vərəmli gədə" ilə, yəni Məsi ilə heç kəs ünsiyyət bağlamırdı. Təkcə qağamız "vərəmdən-zaddan qorxmayıb" axşamlar Məsi damda tütək çalanda tez-tez gedib ondan tütək çalmaq öyrənmişdi.

"Tütək" deyəndə, əslində buna mən şərti olaraq "tütək" deyirəm. Məsi özü "şümşəd" adlandırırdı. "Tütək deyil bu, şümşəddi", - deyirdi. Yarım metr uzunluğunda, baş barmaq yoğunluğunda "fleyta" - yantütəyisayağı, dəmir "truba" - boru idi. Üçpara kənddə kim "şümşəd" çalmaq istəyirdisə, Baş kənd Qurbanlıda dəmirçi İsfəndiyarın dəmirçixanasına gedirdi və cavanlıqda Aşağı kənd Qonaqlıda Çürük Aşığın şagirdi olub, sonra aşıqlığı atıb dəmirçi olan İsfəndiyar kişi "pulsuz-parasız" düzəldirdi, üstəlik, "şümşədə daha yaxşı çıxan saz havaları" öyrədirdi ki, "ustada rəhmət oxun-sun". Deyilənə görə yaşı "otuz yeddiynən qırx arasında olan" Məsi də "mən cavan gedəcəm bu dünyadan" - deyə-deyə məhz özünə "rəhmət oxutdurmaq" üçün, naxırı hərdən Qonaqlı meşəsindəki "Qamışlı göl" səmtinə aparıb, ordan qarğı-qamış kəsib "şümşəd" düzəldib həvəsi olanlara çalmaq öyrədirdi.

Əmma qağamızın öyrənməsi heç də həvəsə görə deyildi.
Eli-obası, yəni hardan gəldiyi, ata-anası, qohum-əqrəbası barədə bir kəlmə də danışmayan bu gəlmə adam öz sirrini nədənsə təkcə qağamıza danışmışdı, qağamız isə heç kəsə heç nə deməyib, yalnız Tapdıqla mənə açmışdı ki, "Bəy oğludu naxırçımız. Atasını, qardaşlarını beş il bundan əvvəl güllələyiblər. Anasını, bacılarını Sibirə sürüblər. Tək özü qaçıb, üç il Dağdağan Alıynan hərlənib, sonra adını dəyişib, atama pənah gətirib. Atam deyib: "Nə qədər ki, Sovet hökuməti var, otuz yeddinci ildə güllələnənlərin oğul-uşaqlarına yer yoxdu bu torpaqda. Naxıra get, çöldə ol. Axşamlar da gözə dəymə". O vaxtdan Məsi naxırı səhər lap tezdən çölə aparıb, bir də qaranlıq qarışanda gətirirmiş, Muxtar əminin bir gecəyə tikdirdiyi qazmaya qapılıb, şümşədini də elə orda çalarmış. Yalnız müharibə xəbərindən sonra səfərbərlik günü Tahirlinin bütün qız-gəlini on yeddi-on səkkiz yaşlarında yüz nəfər cavanlar dəstəsinin sağ-solu ilə ağlaşa-ağlaşa "vayenkomat"a gedəndə Məsi naxırı başlı-başına buraxıb "üzə çıxıb", şümşədinin səsini ağlaşanların səslərinə qatmışdı və elə o vaxtdan da: "Üzə çıxma, ay bədbəxt sinfi düşmən! Üzə çıxma!" - deyən sovet sədrinə "içəridə bağrım çatlayır", - deyib damda çalmağa başlamışdı. Cümrü qağamız da elə o vaxtdan həqiqi adı Musa olan "vərəmli gədə" Məsinin dərdinə şərik çıxıb dama ayaq açmışdı və dediyim kimi, heç də həvəsi olduğuna görə yox, Məsinin təkidinə görə çalmaq öyrənmişdi.

Nə qədər ki, məktəbdən qaçmamışdıq, dərsimiz qurtarandan sonra bizim evdə, ya da Tapdıqgildə çörək yeyib, darvaza qabağına çıxardıq, orda - kötük kətilin üstündə oturan qağamızın birinci saz havası sayılan "Divanf'dən başlamış, sonuncu hava sayılan "Müxəmməs"ə qədər, saysız-hesabsız havalarına qulaq asardıq. İşdən qayıdan qızlar, gəlinlər yolda ayaq saxlardıldar. Qağamız ciddi, təmkinli, bizə göz vurub, topa saçlı başını dik qaldırıb, gözlərini yumub daha da şövqlə çalmağa başlardı.

Qızlar, gəlinlər, yolda daş-kəsəyə toxunub səs salmaqdan da çəkinə-çəkinə yavaşca yaxınlaşıb, Cümrünün oturduğu kötüyü dövrəyə alarddar. Üzlərində, gözlərində köyrək, qəmli təbəssum, "gözəl Cəbrayıl"dan da gözəl qağamıza tamaşa edərdilər. Xüsusilə Qalayçıoğlunun sonradan anbardar olan gəlininin, hərəkətsiz dayananda da yırğalanan Zibeydənin titrəyən sinəsindən də köy-rəldiyini görərdik. Qağamız beləcə, öz "şumşəd"i - qarğı tütəyi ilə kəndimizin qız-gəlininin ürəyində gizlin sevgilərin yanğısını üzərə çıxarardı.

Tapdıqla mən, ikimiz də, heç bir şək-şübhəyə yol vermədən qəti inanırdıq ki, bütün kənddə Cümrü qağamıza vurulmayan qız, gəlin qalmayıb. Əmma orasını da bilirdik ki, bu heç də o mənada, yəni pis mənada vurulmaq deyildi. Gendən-genə baxmaq, gizlincə köks ötürmək, heç nəyi açıb ağartmamaq şərtilə, saflıqlarını qoruya-qoruya vurulmuşdular. Qoruya-qoruya deyirəm, çünki qızlarımızdan hər birinin öz nişanlısı vardı, gəlinlərimizin də hər birinin, aydın məsələdir ki, öz əri, uşağı. İşin bu tərəfınə qağamız da xüsusi diqqətlə yanaşardı. Odur ki, tütəyini çalıb qurtarandan sonra heç gözlərini də açmayıb, burnunu çəkib: "Ay uşaq, burnuma zənən iyi dəyir. Deyin məni qana salmasınlar, çıxıb getsinlər", - deyərdi və qızlar, gəlinlər də gülüşüb dağılışardılar.

Atalarımız gedəndən sonra Cümrü tütəyi çörək çantasının dibinə basıb, yalnız hərdən çıxardırdı. Hətta axşamlar dama qalxıb tütək çalan Məsiyə acığı tuturdu. Qaşlarını sıx-sıx çataraq: "Bəylərinə yas tutdu qurtardı, indi də bizimkilərə yas tutur!" - deyirdi.

Bəs necə oldu ki, özü yenidən tütək çalmağa başladı?
Bu barədə fıkirləşəndə mən qoşa "qara kağız"ı oxuduğumuz günü, Söylü xalanın "təxti-xab"da döşəli qaldığı axşamı xatırlayıram. O axşam Cümrünün darvaza ağzında, kötük üstündə oturub, yolun o tərəfındə, damda tütək çalan Məsiyə necə qulaq asdığını, bu vaxt biz ona yaxınlaşanda birdən-birə "Cəhənnəm olun!" -deyib necə qışqırdığını görürəm. Mənə elə gəlir ki, Cümrü elə o vaxt havalanmışdı. Əmma Tapdıq bu fikirdə idi ki, bədbəxtlik, Əzrayılın əli beşaçılanlı qapıya çıxıb: "Evlənmişik!" - dediyi anda olmuşdu. Tapdıq qəhərdən boğula-boğula deyirdi: "Qağamın gözlərinin titrədiyini birinci dəfə mən onda gördüm". Cümrü bütün günü gözləri titrəyə-titrəyə, sifəti əyilə-əyilə gəzib heç kəslə danışmamış, axşam yenə gözləri titrəyə-titrəyə birdən: "Məsi çalır! Eşidirsinizmi, çalır!" - qışqırıb, bu anlaşılmaz qışqırtısı ilə hamını qorxuya salmış, sonra: "Mən də çalacam!" - deyib tütəyini çan-tadan çıxarıb, evlərinin damına qalxıb, səhərə qədər "Rufani"1 çal-mışdı. Səhər camaat evin qabağına toplaşıb, hələ də damdan düşmək istəməyən və hey tütəyini piləyən bədbəxti səsləmişdi. Ancaq Cümrü heç kəsin səsini eşitməmişdi. Mən xəbər tutub həyətə yüyürəndə o, hələ də çalırdı. Tapdıq adamların arasında, üzünü Mehbalı əminin böyründə gizlədib ağlayırdı.

Bir azdan qapı açıldı. Cəbrayılın bintlə çalın-çarpaz sarıqlı sifəti göründü.
- Bədbəxtliyimiz azıydı... bu yandan da bu bədbəxtin başına hava gəlib. Çıxın gedin işinizin dalınca! - dedi.
İri bir daş parçası Cəbrayılın bintli başına toxunub keçdi, açıq qapıdan içəri düşüb orda nəyi isə sındırdı. Mehbalı əmi ilə Qalayçıoğlu, yerdən ikinci daşı qapıb Cəbrayılın üstünə cuman Tapdığı tutdular və zorla çəkib, sürüyüb həyətdən uzaqlaşdırdılar.
Əvvəllər qağamıza "cavanların qağası" deyən camaatımız hələ ordan - həyətdən dağılışmamış "Yazıq havalı!", "Yazıq dəli!" - dedi. Çünki "yazıq havalı" Cümrü hələ də "Rufani" çalırdı!
Mehbalı əmi ilə Qalayçıoğlu Tapdığı haraya isə ötürüb qayıtdılar. Bir-birinin ardınca, nərdivanla dama qalxdılar.

Mehbalı əminin balaca, sonsuz qarısının əli ürəyinin üstündə qalmışdı.
- İtəliyəcək!.. Kişini damdan itəliyəcək, ay camaat! - deyirdi və titrəyə-titrəyə "ovsun" pıçıldayırdı.
Əmma yazıq havalı itələmədi, əksinə, qocaların yaxınlaşıb qollarından tutduğunu da hiss etmədi. Mehbalı əmi ilə Qalayçıoğlu onu damdan endirib apardılar.

Cümrü qağamızdan belə ayrı düşdük. Həm daxilən, həm də cismən ayrı.
Daha Cümrü ikimizi də birdən qucaqlayıb: "Qadanızı alım, a qeyrət dağarcıqları!" - demirdi. Daha bizim əvəzimizdə gecələr səhərə qədər kətmən vurmurdu. Mehbah əmi ilə Qalayçıoğlu bizi ona yaxın getməyə, dindirməyə də qoymurdular.

Gecələr Mehbah əmi Cümrünü həyətdə - ocağın qırağında oturdub saatlarla nə isə danışırdı. Sonra, hədsiz arıq-quru, hədsiz enli çiyinlərini qabağa əyib sinəsini çökəltmiş bədbəxt "vərəmli gədə" səssiz-səmirsiz gəlib ocağın bir tərəfində otururdu. Mehbalı əminin qarısı öz qədim, "cehizlik" samovarını gətirib dəyirmi "cehizlik sini"sinin bir tərəfinə qənd əvəzinə armud qaxını, o biri tərəfınə "yarpız çayı" qoyandan sonra Məsinin özünün dediyi kimi, "ölünü də dirildib söhbətə qoşurdu". Nə danışırdı? Bilmirdim. Çünki mən ocağa yaxınlaşanda Məsi hökmən səsini kəsib gah dəmir tütəyini çıxarıb elə bil qəsdən çalardı ki, başqa söz-söhbət olmasın. Mən orda - ocağın qırağında çox oturanda isə: "Sən get Tapdığın yanında ol. Təkdi Tapdıq", - deyirdi. Ya da: "get yat", -deyirdi. Yəni məni Cümrüdən aralamağa çalışardı. Mehbalı əmi isə elə həmişə: "Dəlilik deyil, Cümrününkü dəlilik deyil", - deyirdi.
Qarı elə orda - ocağın yanında yer döşəyirdi. Mehbalı əmi Cümrünün bir tərəfində, Məsi o biri tərəfındə yatırdı. Mən hərdən çox nigaran - narahat qalıb, gecənin bir vaxtı öz həyətimizdən baxıb görmüşdüm ki, Cümrü oyanıb "su üstünə" gedəndə Mehbalı əmi ilə Məsi də o dəqiqə dikəlib, qağamızın sağ-solu ilə gedirdilər.

Bütün bunlar çox şübhəli şeylərdi.
Çöldə, şumda Tapdıqla mənim susqunluğumuza fikir verdikcə Mehbalı əmi yenə həmin sözləri təkrar edirdi:
- Cümrününkü dəlilik deyil... Cümrününkü dəlilik deyil...
Bir dəfə Tapdıq qamçı kimi dartılıb dodaqları titrəyə-titrəyə qışqırdı:
-Necə yəni deyil?! Mən uşaq-zadammı aldadırsan?!
- Uşaq olmuyanda nəsən? - Mehbalı əmi də qışqırdı. - Baban yaşda adam sənə deyir: "Dəlilik deyil!" Cümrü bir az havalanıb, keçib gedəcək. Sizi görəndə yadına ayrı şeylər düşür. Siz ona yaxın getməyin, doktorsuz-filansız, biz özümüz sağaldacağıq. Gərək ara-dan keçsin, soyumalıdı o. Başa düşdünüzmü?

Başa düşməyinə düşürdük. Əmma Mehbalı əminin sözlərini adi təsəlli hesab edirdik. Çünki Cümrünün "havalanması" gündən-günə şiddətlənirdi.
Birinci günlər gözləri titrəyə-titrəyə, heç kəslə danışmadan, hirsli-hirsli gəzib-dolananda bunun doğrudan da adi havalanma olduğuna və müəyyən vaxtdan sonra keçib gedəcəyinə ümid bəsləmək olardı. Əmma Məsi ilə yoldaşlığındakı qəribəliklər bizi dəhşətə gətirirdi.

Bu bürkülü avqust gecələrində, taxtda, hətta gözlərimə yuxu gedəndən sonra da tütək səsi eşidirdim. Arada nədənsə diksinib hövlnak oyanırdım. Şöşünün böyründə gözləri açıq uzanmış anama baxırdım, ehtiyatla, pıçıltı ilə:
- Bunun axın nə olacaq, ay ana?.. Nə olacaq?.. - deyirdim. Yazıq anam hardan biləydi nə olacaq?..
Avqustun iyirmisindən iyirmi birinə keçən gecə həmin kərənlərin üstündə qabaq-qarşı oturub, pendir-çörəyimizi "boçka"mızı, stəkanlarımızı qəzetlərin üstünə qoyub çaxır içəndə Məlik dedi:
- Bu gecə quyruq doğur. Quyruqlu ulduzu görmək istəyən yatmasın, otursun burda.

Məlik hər il eyni vaxtda belə deyəndən sonra məclisimiz gecə saat ikiyə qədər uzanırdı. Əmma hər il gecə saat birlə iki arasında günbatan üfüqdən bir az hündürdə peyda olub, uçub gedib kəhkəşana qovuşan "quyruqlu ulduz"u tək bir dəfə Qaratəpə bazarının hündür yerindən görüb heyrətdən qışqırışandan sonra nədənsə daha görmürdük. Əmma "quyruğun doğduğu"na heç kəs şübhə eləmirdi. Çünki o dümağ, uzun quyruqda nə hikmət vardısa, gecə saat birlə iki arasında avqustun bürküsü birdən-birə "sınıb" elə soyuyurdu ki, hətta pencək geyinməli olurduq. Və bundan sonra daha orda -kərənlərin üstündə oturmurduq.

Müxbirimizin bu ilki xəbərindən sonra isə oturmalı olduq.
Səbəb Məsi ilə Cümrü idi.
Qoşa tütəkdə "Rufani" çala-çala gəlib, gözlənilmədən yanımızda - kərənin üstündə oturub, dinməz-söyləməz, stəkanları doldurub içən Məsi ilə Cümrü biri-birinin sözünü kəsə-kəsə:
- Bu havanı hamı çalmalıdı! Hamı! Hamı! - deyəndə bu sözlərə qapılıb qalıb tərpənmədik.
Məlik bir az keyflənmişdi. Elə hey "hürufani" mızıldanırdı.
- Cümrü havalıdı, Tapdıq davalıdı. Cümrü havalıdı, Tapdıq davalıdı! - deyirdi.
Əmma ona fıkir verən yoxdu. Fikrimiz-diqqətimiz "bəy balasında idi.

"Bəy balasının əynində dümağ, yaxası biləkləri, ətəkləri qızılı naxışlı Ukrayna köynəyi, ayaqlarında sarı-qızılı "bəynişin" xrom çəkmə, belində də sarı-qızılı, enli kəmər vardı. Naxırçı Məsi birdən-birə dəyişib, ovurdlan çökək, uzun, ağ üzünə işıq saçan iri, yaşıl gözlərinin gözəlliyi ilə hamını heyran qoyan orta yaşlı bir bəyə çevrilmişdi.

Yerevanda pedaqoji institutun tarix fakültəsini qurtarıb evə diplomnan gedəndə atam dedi: "Gizlət bu diplomu. Çünki Musa deyilsən sən, bu gündən etibarən Məsisən. Familyanı özün seç, heç biz də bilmiyək. Təzə adnan, təzə paspotnan gedib Tahirli adında kənddə qohumunu tapacaqsan. O qohumuyun, Qılınc Qurban adında çox ədalətli, vicdanlı bir bolşevikin himayəsində qalacaqsan. Qismət olsa, bir də, inşallah, Stalin adında cəllad cəhənnəmə vasil olandan sonra görüşəcəyik..."
"Stalin adında cəllad?!" Mənim canımdan elə üşütmə keçdi ki, hətta büzüşüb hərəkətsiz qaldım.
Uşaqlar məndən betərdilər. Direktor Tahirin dilinin əzbəri, Muxtar Əminin, Qılıncımızın gözlərinin işığı, böyük rəhbər Stalin yoldaşa "Stalin adında cəllad" demək olar?! Alman faşizminə qarşı ədalət müharibəsinin Ali Baş Komandanı haqqında belə ləyaqətsiz sözlər danışan bu sinfi düşmən aramıza necə soxulmuşdu?! Qurban əmi - Qılınc Qurbanın belə bir adamı, hamımızı çaşdırıb, sarsıdıb, nə hala saldısa, nəinki etiraz edən, heç dillənən də tapılmadı.
Qağamız, Məsinin çörək çantasından bir qoşa ovuc dolusu qarğı tütək çıxarıb, səssiz-səmirsiz, hərəmizin əlimizə bir tütək basdı.
- Çalın! Çalın! - deyib, özü yenə də "Rufani" çalmağa başladı. Məsi isə ayağa qalxıb qoşa kərənlərin arasında gəzinə-gəzinə, elə bil ilk dəfə gördüyümüz sirli, anlaşılmaz bir möcüzəyə çevrilmişdi. Səsi elə qəmli idi ki, elə bil "Rufani" üstə oxuyurdu:
- Min doqquz yüz ikinci ildə Qazax qəzasının Dağ Kəsəmən kəndində Xoyxanuşağı deyilən məşhur Xoy xanının yaxın qohumlarından birinin ailəsində anadan olmuşam. Qazax seminariyasında həkimin fikrincə ikinci ildə yox, beşinci ildə anadan olmuşam, buna görə də, soruşan olanda o inadkar həkimi xatırlayıb deyirəm: "Yaşım otuz yeddi ilə qırx arasındadır". Həqqəpnəs, yəni həqdən verilən yaşım düz qırxdı. Bu qırx illik vərəmli sinəmə əsrimizin bir möhürü basılıb. On səkkizinci ildə Xoyxanı ilə Doktor Nəriman Nərimanovun qurduqları milli dövlətin möhürüdür. Xalqımızın oğullarından kim sinəsini açıb möhürü göstərirsə, o sinəyə güllə çaxılır. Buna görə də siz görmürsünüz elə adamları.
Birini indi tanıdınız. Güllə çaxılmayıb hələ sinəmə. Əmma çaxılacaq.

İkinci bir möhürlü ilə üçüncüsünü indi tanıyacaqsınız.

On doqquzuncu ilin yazında Nəriman Nərimanovun özü ilə Hümmətin bolşeviklər partiyasından on beş atlı gəldi. Dağ Kəsəmən kəndində Xoy xanı Fətəli Xanın gizlin evində iclas oldu. Nərimanovdan dərs alıb Fətəli xanın yanında siyasi fəaliyyət göstərən otryadçılar o on beş nəfər Hümmətçi ilə "Məramnamə" imzaladılar, möhür basdılar. O "Məramnamə"yə görə Fətəli xannan Azərbaycan Cümhuriyyətinin başçıları Nəriman Nərimanovun yazdığı Azərbaycan Respublikası "Proqramını qəbul edib, həmin gündən etibarən vahid dövlətdə birləşmişdilər. Həmin "Məramnamə"ni imzalayan otryadçılardan biri bizim indiki sovet sədri Qılınc Qurban idi. İkincisi Muxtar Əlmədədoğlu idi. Cümrü ilə Tapdığın atası - Muxtar əmi adlı istəkliniz mənim böyük bacım Sürməlini, sonradan Söylü çağrılanı Xan əmim Fətəli xanın evində görüb vurulmuşdu. Zəmanə başqa zəmanə idi - təlatümlü idi. Həmin iclasın səhərisi, Nərimanovun şəxsi icazəsi ilə, otryadçılar əlavə bir gün də Dağ Kəsəməndə qalıb, otryadçı Muxtarla Sürməliyə toy elədilər. Bunu mən əsrimizin böyük hadisələri sıra-sına daxil edirəm. Çünki həmin gün mənfur “sinfı düşmən" ideyasının əksinə, Xan qızı Sürməli ilə rəiyyət sayılan Muxtar Əlmədəd-oğlu, sinfı mənsubiyyəti nəzərə almadan, kəbin kəsdirdilər. Böyük Hümmət partiyasının təşkilatçısı, Azərbaycan Respublikasının rəh-bəri - doktor Nəriman isə Qazax Qəza İnqilab Komitəsində çıxış edib, bu ilk Şura ailəsinin üzvlərini "Əsrin qaranquşları" adlandırdı. O ilk bahar müjdəçilərinin biri arxadan vurulub. İkincisi, mənim gözəl bacım tapdalanıb, o evdə döşəli qahb. Çörəyini mən bişirirəm.
Bir hadisəni də bilin.
On yeddi il sonra, otuz yeddinci ilin yanvarında ailəmizin bir hissəsi İrəvanda idi, qalanı Dağ Kəsməndə mənim yanımda. Gündüzlər seminariyada proqramdankənar, gizlin "hürufı" dərsi deyirdim. Axşamlar Xan əminin ailəsindən Dağ Kəsəməndə qalan cavanlarla görüşürdüm. Məşhur Aşıq Sadığın şagirdi sifətilə çalıb-oxuyurdum, guya ailəvi şənlik eləyirdim, əslində isə, "qərəvəlli" danışıb məclisi güldürə-güldürə, arada indi burda hər gün eşitdiyiniz "Rufani" - "Hürufani", "Mansırı" - "Mənsuri" üstündə Yunis İmrənin, Nəsiminin şeirlərini şərh eləyirdim, yəni həqiqət dərsi keçirdim. Dünyanın keçmişi və gələcəyi haqqında həqiqət əsərlərinə "Cavidannamə" deyirdik onda. Bir vaxt gələcək, sadəcə olaraq, Elm deyəcəyik... Mətləbdən uzaqlaşmıyaq. Bir axşam seminariyadan qayıdanda gördüm Xan əminin həmin gizlin evinin yan otağından atamın qışqırtısı gəlir. İrəvanda idi atanı o vaxt. Qışqırtını eşidəndə bildim ki, gəlişi boş-boşuna deyil.

Qapıda köhnə Hümmətin otryadçılarından qoca bir kişi dayanmışdı. Məni tanıdı, buraxdı.
Atam qışqınrdı ki, "Həle iyirmi-iyirmi üçüncü illərdə Doktor sizə nə qədər dedi "Stalin kommunist deyil! Bolşevik deyil! Casusdu Stalin! Hər gün istintaqa çağırtdırır məni xəstə ürəyimə hər gün bir cür zərbə vurur!.." Yazıq doktor nə qədər xəbərdarlıq elədi ki, inanmayın Stalinə! Erməni, Gürcü adında casuslardan ibarətdi Bolşeviklər partiyamız!.." Gördüm Muxtar yeznəm ağlayır! Qılınc Qurban! Hamısı!.. Atam qışqırırdı, onlar ağlayırdılar. Böyüklərimizin işinə qarışmaq istəməsəm də, özümü saxlıyammadım. Cibimdə komsomol bileti, dilimdə rəhbərimiz Stalinin adı, Əzrayıl kimi yeridim atamın üstünə: "Necə yəni Stalin kommunist deyil, ata?! Sən nə danışırsan?!"
Atam yapışdı çiynimdən, necə silkələdisə, dişlərim şaq-şaq elədi. "Ayıl! - dedi. - Qəflət yuxusundasınız hamınız! Muğanlı kənd sakini Rus Qurban Moskvada Krupskayadan xəbər gətirib ki, Doktoru öldürtdürüb Stalin. Kirovu öldürtdürən də odu! Maksim Qorkini öldürtdürən də odu!.. Krupskaya xəbər göndərib ki, bütün SSRİ-də kommunistləri qırırlar. Yoldaşlara çatdır, yaşayış yerlərini, iş yerlərini dəyişdirsinlər, gizlənsinlər..."

Sizin heç nədən xəbəriniz yoxdu. Otuz yeddinci ildə Tiflisə, İrəvana, Daşkəsənə nə qədər məsul vəzifəli işçilərimiz köçdü. Əmma gizlənəmmədilər. Stalinin osobı otdeli* qırdı-çatdı hammı!

Keçən ildən bəri hər gün, hər gün qara kağız gəlir gedənlərimizdən. Hamanca Stalinin osobı otdelçiləri "yoldaşı" deyirlər bizimkilərə. Yəni faşistin yoldaşı! Mənə hər gün xəbər gəlir cəbhədən. Hər gün! Bütövcə bir diviziyamızı arxadan vurub qırıb Osobı otdel! Mənim əzizim-gözüm, sizin istəkliniz Muxtar əmi də, dedim, arxadan vurulub! Tahir müəllim də! "Stalin" adında, adı-sanı bəlli olmuyan bir casus oturub Kremldə Nərimanovçuları qırır. Bizim əzizimiz Qılınc Qurban da otryadını Məhərin budkasına yığıb: "Yaşasın Ali Baş Komandan Stalin yoldaş!" - qışqırır! Dalınca da "İnternasional" oxuyurlar: "Qalx ey lənətlə damğalanmış ac və çıplaq məzlum dünya!.." Gözləriniz dəyirmilənməsin! Keçən il yüz nəfər cavan yola saldıq burdan. Səfərbərlik günü. Bir nəfər də gizlənmədi. Hanı, niyə məktub gəlmir heç biridən? Qara kağız! Qara kağız! Niyə? Çünki qırıblar qardaşlarınızı, ay on beş yaşlı "qeyrət dağarcıqları!" Cümrü yuxusunu itirib, səhərə qədər həqiqət havası çalır, ədalət istəyir göydən. Gözləriniz dəsdəyirmi, baxırsınız ki, bəs, dəli olub yazıq qağamız! Necə dəli olmasın?! Məlik guya sirr saxlayır, ona-buna xəlvəti pıçıldayır, sonra da deyir: "Açmayın heç kəsə. NKVD qırar hamımızı". Qırmırmı?! Dağdağan Alı niyə qaçaq düşüb?! Bütün mahalda igidlik timsalı olan İskəndər ağa gəzərdi ağ at belində bu kəndlərdə. Hanı o İskəndər ağa?! Niyə qaçaq düşüb?! Gözümüzün qabağında Cəbrayılınızı öz dilinizdə Əzrayıla döndərən, sonra da qara maşına basan mənəmmi?! Mənim mələk misallı bacımı damın altında döşəli qoyan kimdi?! Tapdığı gözü yaşlı qoyan kimdi?! Gecə də heyvan kimi işləyirsiniz gündüzü də. Bəs niyə acsınız?! Hanı sizin qazancınız?! Necə yəni "diviziya gəlib?!" Diviziya nədi, bir kavaleriya polkudu, onun da özünün azuqəsi, pşenosu-filanı! Bu gün-sabah Arazın o tayına adlayacaq polk, azuqəsini də ordan alacaq. Bəs bizdən gedəni kim yeyir?! Bəsdi əbləh-əbləh gecə-gündüz dəridən çıxa-çıxa quru çörəyə də möhtac qaldınız!

Çal, Cümrü! Sən çal, mən də danışım, ayıldım bu əbləh qeyrətliləri!..
Cümrü başı sinəsində, topa saçı alnında, gözlərimin qabağmda, ağır-ağır əlini uzadıb, Məsinin kəmərinə sancılı şümşədi çıxartdı. Bu dəmir tütəyə burda mən ilk dəfə yaxından baxıb gördüm ki, qarğı tütəkdə, zurnada, balabanda olan, hər birisi bir dırnaq sədəfinə oxşayan, sapla qarın-qarına sarıqlı qoşa qamış - "cırtdağan" əvəzinə bu dəmir tütəyin ilan boğazı kimi uzun boğazında nə vardısa, Cümrü barmaqlarını bir-birindən azca aralı deşiklərin - dillərin üstünə düzüb, sinəsini qabardıb nəfəs verəndə o uzunluqda, o qalınlıqda dəmir elə bil titrəyib inildədi. Nə çaldı Cümrü? Fikir vermədim. Çünki o Məsi də inildədi və sinifdə gəzinən müəllim kimi gəzinə-gəzinə, ağır-ağır danışmağa başladı:
- Sizin düşdüyünüz müsibət bütün millətin müsibətidi, ay uşaq-lar. Qədim müsibətdi.
Yaxşı-yaxşı dinləyin.

Qədim əyyamda, İskəndər Zülqərneynin zəmanəsində, dildə-ağızda bir nağıl varmış. Nizami Gəncəvi "Sirrlər xəzinəsi"ndə yazıb o nağılı. Oxuyubsunuz: "İskəndər və bərbər".
İskəndər Zülqərneynin buynuzu varmış. Dəlləklər İskəndərin başını qırxanda buynuzu görürmüşlər. İskəndər hamısını öldürürmüş. Dəlləklərdən biri İskəndərin ayaqlarına yıxılıb, yalvarır ki, öldürmə məni, sirri açmaram. İskəndər razılaşır, buraxır dəlləyi. Bir müddətdən sonra dəllək görür qarnı şişib və şişidikcə şişir. Loğmana gedir dəllək. Loğman deyir qarnında sirr var. Şişməyi o sirrdəndi. Get bir kor quyu tap, sirrini o quyuya danış, şiş çəkiləcək. Dəllək gedir çöldə-biyabanda bir quyu tapır, üzüüstə döşənir, nə ki var deyir: "İskəndərin buynuzu var. İskəndərin buynuzu var". Ayağa qalxanda görür şiş çəkilib. Sevinir, çıxır gedir.

Ay keçir, il dolanır. Yağış yağır, o kor quyudan qarğı-qamış bitir.
Bir çoban, sürüsünü çəkib quyunun yanından keçəndə bıçağını çıxarıb bir qamış kəsir, tütək düzəldir, dodağına söykəyib çalanda tütəkdən səs gəlir: "İskəndərin buynuzu var, buynuzu! İskəndərin buynuzu var, buynuzu!"

Nə deyir bu nağıl? Sirr yerdə qalmaz? Bəli, sirr yerdə qalmaz.
Bəs o buynuz nədi? Necə yəni "İskəndərin buynuzu var?" Divdi nədi İskəndər?
Bəli divdi, qaniçəndi.
Fars təbəələri Qrek İskəndərin adını göylərə qaldırıblar. "Peyğəmbərdi" deyiblər. Çünki İskəndər farsa hakimiyyət verib, bizim qanımızı içib!
Öyrənin, çalın Cümrü qağanızın payladığı tütəkləri. Həqiqət havası çalın! El-oba içində deyəmməzsiniz, heç olmasa öz-özünüzə deyin: "Stalinin buynuzu var, buynuzu! Stalinin buynuzu var, buynuzu!"
Zəmanəmizin İskəndər Zülqərneynidi Stalin. İskəndər öz zamanında neyləyibsə, Stalin də onu eləyir: qanımızı içir!.. - Məsi yenə inildədi: - Doymur Div! Doymur!..

Hamımız xoflanmışdıq.
Mən hətta üşürgələnirdim: "Necə yəni qanımızı içir?! Rəhbərimiz, Ali Baş Komandan Stalin bizim qanımızı içir?! Direktor Tahirin, Nur Məhəmməd babamın qanlarını içən ağaları, bəyləri qırdıran Stalin bizim qanımızı içir?! Qurban əmi - Qılınc Qurbanın səcdəgahı Stalin bizim qanımızı içir?!"

Məncə, uşaqlar da elə bu cür, içərilərində danışa-danışa qalıb, istəkli naxırçımız, "vərəmli gədəyə", şümşəd çalan "bədbəxt sinfi düşmənə" etiraz edə bilmirdilər.

Məsi isə susub, qaşlarını çatıb bizim halətimizə baxırdı. Hərdən köksünü ötürürdü, öskürürdü. Əlini ağzına tutub ağır-ağır nəfəs alırdı.
- Belə getmiyəcək... Ayılacaqsınız... Ayılacaqsınız, - deyirdi. Sonra yenə susub, yenə öskürüb, əlini ağzının üstünə tutub, elə bil bizdən kiminsə nə isə deməyini gözləyirdi. Əmma uşaqların donu açılmırdı ki, açılmırdı. Hətta Tapdıq da, kərənin üstündə ikiqat olub, dizlərini qucaqlayıb, dodaqlarının arasında sönmüş eşməsi kimi, özü də sönmüş-soyumuş, hər şeyə laqeydləşmiş kimi görünürdü.
Cümrü də hərəkətsizdi. Əmma ay aydınlığında aydın görürdüm ki, qağamızın yenə də gözləri titrəyirdi, üzü əyilirdi.

Qışqırtısı elə gözlənilməz, elə heybətli oldu ki, hamımız diksindik.
-Niyə dillənmirsiniz?! Niyə dillənmirsiniz?! Niyə dillənmirsiniz?! -Azı beş dəqiqə "Niyə dillənmirsiniz?!" -deyə-deyə qışqırıb-bağırıb, dümağ olub suya batdı. Sonra, burda ilk dəfə tütəklərimizi bircə-bircə ciblərimizdən, kəmərlərimizin altından çıxarıb, dodaqlarımızın arasına soxa-soxa taqətsizlikdən titrəyə-titrəyə daha heybətli oldu. -Çalın! Niyə çalmırsınız?! Həqiqət havası çalın! Həqiqət! Stalinin buynuzu var, buynuzu! Stalinin buynuzu var, buynuzu! Çalın!..
Çalmağı bacarsaydıq da, əlbəttə, çalmazdıq.


Lap təntiyib, üzülüb susdu. Əmma daha bizim yanımızda oturmadı. Özü tütəyini çıxarıb, üzünü kəndə tutub, "Rufani" çalmağa başladı. Elə bu vəziyyətdə də yavaş-yavaş, addım-addım bizdən aralandı.
Mehbalı əminin uzun qaraltısı evinin qabağında əllərini dizlərinə çırpırdı.
- Evin yıxılısın, a vərəmli! Ocağın qaralsın, a bəy! Tahirlini xaraba qoyacaqlar, ay evin xaraba qalsın! Səsini kəs onun! Sənin sözündən çıxmır, ağzını yum onun!..
Dəhşət oldu ki, Tapdıq da səsini qardaşının səsinə qoşdu:
- Stalinin buynuzu var, buynuzu! Stalinin buynuzu var, buynuzu!.. Kərənlərin yanında hələ də heç kəsin donu açılmırdı. Heç kəs dillənmirdi. Mən nə hala düşmüşdümsə yanımızda təkcə Məlikin hərdən mızıldandığını: "Biri havalıdı, o biri davalıdı", - dediyini evə gedəndən sonra xatırladım.
Gözlərimə qor dolmuşdu. Şöşü oyanıb "pəpə, pəpə"yə başlamışdı. Əmma beynimi döyəcləyən "pəpə, pəpə" ilə birlikdə Məsinin, Cümrünün, Mehbah əminin səsləri də səslənirdi. Tapdığın qışqırtısı hamısından qorxunc idi: "Stalinin buynuzu var, buynuzu! Stalinin buynuzu var, buynuzu!.."



HAVALI QARDAŞ

Xurcunun bir gözü dolusu buğda unu qurtarmışdı. Çuvalımızın dibi dolaması arpa unu isə eləcə dururdu. Çünki səhərdən axşama qədər arpa çörəyindən ancaq tək biri kəsilirdi, o da demək olar ki, heç yeyilmirdi, nə anam bir əlcədən artıq yeyə bilirdi, nə də mən. Şöşü isə anamın zorla yedirtdiyi pencərdən - "əvən kövənci", "unnuca" sıxmasından sonra həmin vaxtda - gecənin yarısında oyanıb "pəpə, pəpə"yə başlayanda, quru-taqqanaq çörəyi əlindən salıb bir tikə də yemirdi.
Belə gecələrdən birində Şöşü "pəpə, pəpə"sini dəhşətli inadla sızıldayanda mən daha heç cür dözə bilməyib, taxtdan atıhb, nəyin bahasına olursa-olsun buğda çörəyi tapmaq fikrinə düşdüm və eşiyə çıxar-çıxmaz gözüm Mehbalı əminin həyətində ocağa dirəndi.
Bizim evin arxası gündoğana, "ağ yel" deyilən şiddətli küləyə qarşı idi, qabağı "qara yel" deyilən, həmişə bulud, yağış gətirən asta küləyə qarşı, Mehbah əminin evi isə tərsinə - üzü ağ yelə tikilmişdi ki, istəkli qonşusu Tahir müəllimlə "həyət-həyətə" olsun.
Bizim həyətlə çardağın altındakı ocaq yeri ilə Mehbalı əminin həyətində çardağın altındakı ocağın arası, sanamışdım, düz yüz addım idi. Gecələr o həyətdə, o çardağın altında ocaq qalananda orda, necə deyərlər, adamın dişləri sananırdı. Buna görə də eşiyə çıxar-çıxmaz Mehbalı əmi ilə Cümrünün əllərində qarğı qaşıq, qatıq doğraması yediklərini və süfrədəki bütöv çörəyi görüb, ayaqlarım o tərəfə getməsə də, istər-istəməz, məhz o tərəfə meylləndim.

Əmma getmədim. Şöşünün sızıltısmdan aralanıb, El yolunun qıraqlarında, Məlikgillə Bolugilin qarğıdalı əkinlərinin səmtindəki kimsəsizlikdə, sonra yenə o süfrədəki o çörək səmtində, hərdən ayaqüstə mürgüləyə-mürgüləyə üfüq ağarana qədər gəzindim. Bir də o vaxt ayıldım ki, çörək çantam çiynimdə idi, uzun hoqqar Qalayçıoğlu ilə Mehbalı əminin arasında gedən Cümrüyə, daha doğrusu, Cümrünün papaq götürməyən topasaçlı başma və kürəyinin heyrət doğuran qeyri-adi eninə tamaşa edə-edə işə gedirəm. Yeridikcə beynimin qapağı tərpənirdi, zoqquldayırdı, Şöşünün səsi: "Pəpə, pəpə!", "A mənə pəpə!" - deyirdi və mən Cümrünün kürəyinə baxa-baxa o süfrədə o çörəyi görürdüm.

Sağ-solumda, arxada kimlərinsə toz layı içində küt ayaq səslərini eşidirdim. Ağladığımı görən vardımı? Vardısa, niyə soruşmurdular ki, niyə ağlayırsan? Görən yoxdusa, niyə yoxdu? Hərə öz dərdini çəkirdi? Əlbəttə... Fikirləşdim ki, on beş yaşlı kişilər deyəsən heç kişiləşə bilmirdilər. Həqiqətən kişi olsaydılar, öz-özünə axıb ağzına dolan selə laqeyd qalardılarmı? Şapqasının qabağındakı ulduzu kimi parıltılı, qəzəbli gözlərlə atın belindən Cəbrayıla baxıb: "Bu ev kimin evidi?! O göynəyən uşaq kimin uşağıdı?!" - deyən Qurban əmi - Qılınc Qurbamn kişiliyinə bərabər bircə kişi olsaydı, "Bu ağlayan oğlan niyə belə ağlayır?" - deyən tapılsaydı, əlbəttə, Şöşü bala bu dəfə də səsini kəsərdi. Kişi nədi, on beş yaşlılar bəlkə hətta adamlıqdan çıxmışdılar. Qalın toz layı içində ayaqları küt-küt tappıldayan adamlar elə bil heç biri-birindən əziz məktəb yoldaşlarım deyildilər, Mehbalı əminin, Qalayçıoğlunun, Cümrünün, analarımızın, qız-gəlinlərimizin ayaqlarından qalxıb havada asılan toz içində, səssiz-ünsüz qaraltdardı. Məhsulumuz o yekə maşınlara doldurulub apanlandan, Cəbrayıl tutulandan sonramı belə olmuşdular? "Sinfi düşmən"in dilindən elə sözlər eşidib, Ali Baş Komandanımıza, direktor Tahirlə Muxtar əminin, Qılınc Qurbanın, müəllimlərimizin dillərinin əzbəri Stalin adına yaxın da gəlməyən o sözlərə etiraz edə bilməyəndən sonramı belə olmuşdular?.. Kimdir o nəhəng "Zor nəçənnik?! Kimdilər o boyunluqları "kubik'ljlər, Cəbrayıla silah çəkənlər?! Məliklə Revaz doxdurun Qıhnca, Qılıncın Sultan Əmirliyə şikayətindən niyə cavab çıxmırdı?! Hərbi fondun taxıh ilə birlikdə kolxozun - camaatın taxılını silib-süpürüb aparanlar, üstəlik, o mərd, o igid sədri də aparanlar niyə heç qorx-murdular, çəkinmirdilər ki, bu görünməmiş ədalətsiziliyi nəinki Bakıya, lap Moskvaya, Ali Baş Komandanın özünə yazan ola bilər?! Doğrudanmı "əsgər acdır?!" Acdırsa, Cəbrayıl niyə etiraz eləyir?!

Zoqqultulu başımdan nə "pəpə, pəpə" çıxırdı, nə də "pəpə" ilə bağlı cavabsız suallar.
Şum yerindəki seyrək palıd ağaclarından birinin kölgəsinə çatanda yerə döşənib, bütün günü döşəli qaldım. Çörəyimi yarpız çayına batıra-batıra yeyib, hələ də zoqquldayan beynimdə "pəpə, pəpə" kəndə qayıdanda da evə baş salammadım.
Yenə də o ocaq, o süfrə səmtində gəzinirdim.
Mehbalı əmi ocağın yanında bozaran kilimin üstündə, mütək-kəyə dirsəklənib mürgüləyirdi. Cümrü süfrənin qırağında hərəkətsiz oturmuşdu. Bir azdan qarı "qatıq sərnici" dediyi, gümüş kimi ağ, balaca sərniclə iki dərin dəmir cam, iki qarğı qaşıq, üç xamralı çörək gətirib o süfrəyə qoymalı idi, Mehbalı əmi mürgüdən oyanıb Cümrünün qaşığı ilə Cümrünün camma öz qaşığı ilə öz camına qatıq qoyandan sonra çörəyin birini Cümrünün camına, o birini öz camına doğramalı idi. Gecə yandan keçəndən sonra, kənd yuxuda olanda o süfrənin qırağına bir başqası da gəlib o çörəkdən bir parça yeyib, büzüşüb qardaşının böyründə yatırdı!
Alaqaranlıqda, böyrümdə eşmə işıldadı.
- O çörəyə baxırsan? Diksindim.
- Yox! - dedim.
- Baxırsan!.. - Tapdıq bu dəhşətli kəlməni bir neçə dəfə təkrar edib, necə səssiz addımlarla gəlmişdisə, eləcə də getdi...
Sürməli müsibətindən üç-dörd gün sonra zəncirlərimizi ara-baya qoyub aparıb Baş kənd Qurbanlının dəmirçixanasında düzəlt-dirib qayıdanda Mehbalı əmi hardansa arabaya gözləri açılmamış boz bir küçük qoyub evə gətirmişdi. Yazıq sonsuz qarı küçüyü arxa salıb toz-torpağını yuyanda məlum olmuşdu ki, küçük boz deyil, qumraldır, boynu, başı qaraya çalır.
Qan baxıb: "Qarabaş", - dedi. Və küçüyün adı Qarabaş oldu.
Günlərin birində Mehbalı əmi cibindən ülgüc çıxartdı. Qarabaşı dizlərinin arasında sıxıb, qışqırda-qışqırda qulaqlarını kəsdi. Qarı xəkəndazı götürüb ocağm qırağından qızğın qorla doldurdu və gətirib küçüyün yarah qulaqlarımn üstünə səpdi.
Qarabaşdan tükürpərdici çığırtı qopdu.
O gün, o gecə və səhərisi küçüyün zingiltisi ara vermədi.

Gah divar dibində, toyuqların eşələndiyi çuxurlara qısılıb yaxınlıqda adam görəndə titirəyə-titirəyə zarıyırdı, gah da yeridikcə qalxıb-düşən yumşacıq qulaqlarının əvəzində qalmış güdmülləri ota-ələfə sürtə-sürtə, evin dövrəsində vurnuxub, başının üzərində bulud-tək qaynayan milçəklərdən yaxasını qurtarmağa çalışırdı.
Bir axşam küçük gəlib bizim eyvana çıxmışdı. Əllərilə başını qucaqlayıb, dirəyin dibində sızıldayırdı.
Gözlərim doldu. Küçüyü qucağıma aldım və birdən fikirləşdim ki, bunu aparmağı bəhanə eləyib Mehbalı əminin həyətinə getsəm nə olar?
Getdim.
Tapdıq da ordaydı. Çörəyini yeyib, dizlərinin üstünə yoğun, sarı-qızılı qamışlar qoyub, firəngi* ilə qamışların qabıqlarını soyurdu.
Mehbah əmi kilimin küncündə bardaş qurmuşdu. Onun da dizlərinin üstündə bir dəstə təzəcə kəsilib gətirilmiş qamış vardı. Qoca kəmərinə qayışla bağlı bıçaqla qamışın başını, ayağını kəsirdi, qabığını təmizləyib ocağın alovuna tuturdu. Qamış tünd palıdı rəngə düşüb, ordan-burdan pələng dərisi kimi xal-xal olanda, Mehbalı əmi onu Cümrüyə ötürürdü.
Mən niyə birtəhər idim, Cümrünün üzümə baxmağa niyə cəsarət etmirdim?
Küçüyün qulaqlarının diblərini sığallaya-sığallaya elə hey süfrəyə üst-üstə yığılmış boş camlara baxırdım.
Mehbalı əmi sallaq qaşlarını sallayıb yalnız əlindəki qamışla məşğul olsa da, mənə elə gəldi ki, fikri məndədir.


*Faransa ilə ticarət zamanlarından qalmış bıçaq.


Küçük qucağımda zığıldayıb əlimi yaladı. İndicə gördüm ki, yazığın yaraları şişib. Sükutdan sıxıla-sıxıla nə isə bir söz demək xatirinə dedim:
- Olmazdımı bunun qulaqlarını kəsmiyəydin? Mehbalı əmi nədənsə narazı fısıldayıb dedi:
- Olmazdı.
Yenə də nə isə demək xatirinə dedim:
- Niyə olmazdı?
Mehbalı əmi bu dəfə lap bərk fısıldadı.
- Müəllim oğlu olanda yəni kənd uşağı deyilsənmi? Bilmir-sənmi itin qulağını niyə kəsirlər? Kəsilməsə itlərnən boğuşanda qulağı dişə keçər!

Cümrü böyrümdə dərindən nəfəs aldı, köksünü ötürdü. Onun beləcə, bizim hamımız kimi köksünü ötürməsi mənə çox qəribə gəldi. Demək nə isə düşünürdü? Demək bizim hamımız kimi nəyinsə dərdini çəkirdi?.. Cümrü qağamız əvəzində böyrümdə tamam başqa, ordları Məsinin ordları kimi çökmüş, sifəti uzanmış, göz qapaqları şişmiş yad, anlaşılmaz bir adam oturmuşdu. Köksünü ötürməsi, Mehbalı əminin hərəkətlərindən heç də fərqlənməyən adi hərəkətlərlə əlindəki fırəngi ilə qamışı təmizləməsi, sevindirmək əvəzinə, məni vahimələndirirdi. Dəli deyildi?! Havalanmışdı?! Bəs gözləri niyə titrəyirdi, üzü niyə əyilirdi?!
Qarabaş qucağımda bir də zığıldadı. Ehtiyatla qulaqlarının dibini sığalladım. Yenə də sükutdan sıxıldım. Dedim:
- Bəlkə bunun qulaqlarına bir şey sürtək? Mehbalı əmi dedi:
- Nə sürtəcəksən? Dedim:
- Nə bilim, qatrandan-zaddan. Heç olmasa çivin* yığılmasın. Mehbalı əmi hey narazı fısıldayırdı.
- Lazım deyil. İt ağrıya tablı olmalıdı.
Mənə elə gəldi ki, Mehbalı əmi küçüyü bəhanə eləyib gəldiyimi də duyur və elə buna görə belə acıqlı-acıqlı "it ağrıya tablı olmalıdı" deyir.
Mən - it?! Əlbəttə! İtdən də pisdim! Mehbalı əmi belə şeyi götürərdimi?!

Bu cür dəhşət içində, birdən Cümrünün həmişəki köhnə - diqqətli baxışını üzümdə hiss etdim:
- Şöşü oyanıb yenə?
Özümü necə itirdimsə, necə axmaqladığımı bilmədim:
- Qağa, sən də eşidirsən onu?!
Cümrü dillənməyib başını qamışın üstünə endirdi. Tapdıq bozardı:
- Kar deyil!
Belə qəfil bozluq-sərtlik məni daha da sıxdı. Qan-tər içində dedim:
- Mən nə sürtüm indi bunun qulaqlarına? Demə, Mehbalı əmi hövsələdən çıxıbmış:
- Əşi, nə yapışıbsan bu küçüyün quyruğundan, ay rəhmətliyin nəvəsi! Qoymazsan dərdimizi çəkək?!

Gözümün qabağında, təzəcə düzəldilmiş bir tütək gördüm. Ocağın oynaq işığında Cümrünün dodaqları da titrəyirdi.
- Apar ver Şöşü balaya... oyananda... Çal, qulaq assın. Sonra öyrət, üfürsün.
Qağamızın bizdən uzaqlaşdığını, yadlaşdığını, hər gün hər yerdə görüb nə qədər sarsılırdımsa, indiki bu sərbəst danışığından bir o qədər çox sarsıldım: ağlı başında idisə, bu sifətin sahibi nələr çəkirdi?!
Cümrünün çənəsinin sağ-solunu qara, sıx saqqal basmışdı. Gözlərinin altı çökmüşdü, yanaqlarının sümükləri qabarmışdı. Boğazında seyrək, qara tüklər arasında iri hülqumu ağarırdı. Mənim tanıdığım, sevdiyim, bircə baxışından ürəyini oxuduğum qağamız yox olmuşdu, əvəzində, öz qapalı dünyasında yaşayan, yalnız cismən mənə yaxın olan bir adam meydana gəlmişdi. Mənim tutulub, qapanıb qalmağıma da qəribə diqqətlə baxıb, birdən tütəyi dodaqları-mın arasına soxdu.
-Çal!
Başımı aşağı saldım. Dedim:
- Çala bilmirəm axı.
Tapdıq da bir tərəfdən:

- Çal! - dedi. - Hamı öyrənir, çahr! Çala bilmiyənlər də çalır-lar. Sən niyə çalmırsan?

Arada Mehbalı əminin deyintisini də eşidirdim:


- Çal deyirlər çal də. Görmürsənmi məni də qoşublar özlərinə. Hər axşam qarğı-qamış arıtlayıram tütək düzəldirəm! Naxırçı bəyimiz məni də bədbəxt eliyəcək siznən bir yerdə. Neynəyim? Elnən gələn toy-bayramdı deyirlər. Olsun! İskəndərin buynuzunun yerinə ayrı buynuz deyək, gəlsinlər kürüsünlər, aparsınlar hamımızı! Dünə-nəcən pis adamlanydı milləti güdaza verənlər, indi yaxşılar da pislərə qoşulublar! Bolşevik Muxtarın oğlu Tapdıq nə deyir gör: "Stalinin buynuzu var!" Bolşevik Tahirin oğlu niyə qıraqda qalsın?!
Mehbalı əmi ümumiyyətlə deyingən olsa da, bu dəfəki deyintisi qurtarmırdı.

Cümrünün gözləri tir-tir əsirdi.
Əlacsız qalıb, tütəyi dodaqlarıma yapışdınb var gücümlə pilədim, dillərin üstündə barmaqlarımı oynatmağa çalışdım. Tütəkdən necə əcayib, həm də məzəli səslər çıxartdımsa, əvvəlcə Tapdıq güldü, sonra Cümrü, sonra isə, hətta qocamız qəh-qəhə çəkdi.
- Allah səni güldürsün, ay müəllim oğlu! Cümrü əlini çiynimə şappıldatdı. -Çal!.. Çal!..
Heç bir havacata uyğun gəlməyən hamanca əcayib səslərlə hər üçünün beynini dəng eləyə-eləyə bir xeyli "çaldım".
Nəhayət, Mehbalı əmi əlindəki qamışı tütəyin üstünə vurub:
- Yaxşı, bəsdi, bəsdi, - dedi.
Tütəyi dodaqlarımdan aralayıb Cümrüyə sarı uzatdım. Yenə gözləri titrədi.
- Mənə niyə verirsən?
- Bə kimə verim?
- Şöşü balaya! Dedim ki, ona ver bu tütəyi üfürsün. Biz qoymarıq Şöşü bala ağlasın!
Qağamız tamamilə sağlam bir adam kimi danışırdı və bu, lampa işığını əvəz edən ocağın işığında işıldaşan qamışlarla, hamıya paylanan tütəklərlə "Stalinin buynuzu var, buynuzu!" - qışqırtısı ilə heç uyğun gəlmədiyinə görə, "qaniçən" kəlməsini Məsinin dilindən eşidəndə necə üşürgələnmişdimsə, indi də eləcə üşürgələnib, Cümrü əvəzində elə bil heybətli qaçaq Dağdağan Alıya baxdım. Necə yəni "Biz qoymarıq Şöşü bala ağlasın?!" "Tamamilə sağlam" - "ağlı başında" qağamız dəli deyildisə, bəs bayaqkı o "çal, çal" nə idi?!

Ocaqda saqqız odunu yanırdı. Qıpqırmızı köz alovun altından sürüşüb, yayılıb köhnə ağ küllüyə yığılmış qamış qabıqlarını da alışdırır, ətrafımız aydmlaşırdı, bir az kənarda isə qaranlıq qatılaşırdı. El yolunda, toz içində küt tappıltılar eşidə-eşidə Qalayçıoğlu ilə Mehbalı əminin arasında gedən Cümrünün kürəyinə baxa-baxa gözlərimdən sel axıdanda tənhalığımı xatırladım və qamış qabıqlarının alovu ilə qaranlıq arasında gəzən gözlərimdə yenə də hamanca selin ilk damcılarını hiss etidim. Çünki qara dərin dəmir cam üstündə bir dənə də xamralı buğda çörəyi gətirib, dizlərimin qabağına qoyub, "ye", - deyib gedən qarı qağamız barədə fikirləşdiklərimi dağıdıb, bütün varlığımı Şöşüyə, elə bil lap uzaqlardan qərib durna səsi kimi gələn "əppək, əppəyə" bağlamışdı.
Küçüyü qucağımdan götürüb kilimin küncünə qoyub, qamış qabıqlarının alovunun işığından qaçmağa, yəni üzümü gizlətməyə tələsdim.
- Ey!.. Noldu?! Qan qismət qoyub bura! - Mehbalı əminin səsi idi. Elə bil pıçıldaşdılar. Sonra Tapdığın səsi gəldi:
- Əylən! Qağamı gözlə!
Güman elədim ki, bayaq "biz qoymarıq Şöşü bala ağlasın" deyən qağamız indi o çörəyi də gətirir.
Demə, bayaq evdən çıxanda qapını açıq qoymuşam.
Müharibə xəbəri çıxandan sonra koprativin, yəni yeganə dükanımızın qabağındakı "boçka"da - çəlləkdə neft yoxa çıxdığına görə, Ağtəpə, Qaratəpə bazarlarından "od qiymətinə" doldurduğumuz altı litrlik neft qabımız boşalanda anam lampanı yalnız axşamlar bir-iki saatlığına yandırıb söndürürdü. Buna görə də hələ eyvana çatmamış, açıq qapıdan içəri boylananda yeddiillik lampamızın sarımtıl işığını görüb başa düşdüm ki, kibrit dənəsinə də qənaət etdiyimz halda, gecənin bu vaxtı lampanın yanmağı boş-boşuna deyil. Revaz doxdurun balaca boyunu, bir az irəli əyili boğazını, uzun burnunu lampanın altında, atamın xırdaca yazı stolunun yanında görəndə nəinki Cümrünü, hətta bayaq "qərib durna səsi"nə oxşatdığım səsi də unutdum: anam xəstələnmişdi?! Revazı kim çağırmışdı?
Özümü içəri salıb anamı ayaq üstə, sağ-salamat görüb, diksinib Şöşüyə baxıb Şöşünü də öz daimi yerində sağ-salamat görüb, gözlərimi Revazın üzünə dikdim. Əmma həkimimizin üzündə həmişəki, adi yorğunluqdan-üzgünlükdən başqa heç nə görmədim. Kəndin arasında, çöllərdə-sahələrdə necə burnu uzunu - yerə baxa-baxa gəzirdisə, indi də eləcə çıxıb getdi. Demə, bir vaxt Qurban əmi - Qılınc Qurban necə Şöşünün səsinə gəlmişdisə, Revaz da eləcə, səsə gəlibmiş. Uşağın xəstəlikdən-filandan yox, aclıqdan ağladığını başa düşüb, indi gedir ambulatoriyadan çörək gətirsin.

Anamın gözləri qupquru, göyümtül şüşə kimi idi. Sifəti ava-zımışdı. Elə soyuq, elə laqeyd danışırdı ki, elə bil söhbət lap adi bir şey üstündə idi. Yazıq, bədbəxt, həssas, incə anam da bədbəxtliyinin son həddində kütləşmiş kimi görünürdü.
Necə yüyürdüyümü, El yoluna doğru gedən balaca qaraltıya çatıb, Revazın iri, ağır, tüklü əllərini qamarlayıb necə öpdüyümü, necə yalvardığımı bilmədim.
- Qurbanın olum, ey gözəl insan! - deyirdim.
- Lazım deyil çörək! Gətirmə! Cümrü gətirdi. Vallah, var! Gətirdi! - deyirdim.
Yazıq Revaz da elə bil eynilə anam kimi, bədbəxtliyin son həddində, soyuq-soyuq: "Hə, yaxşı... Hə, yaxşı", - deyirdi.

Evə qayıdanda elə hey gözlərimi silirdim. Yoldaşlarımın fikrincə "direktorun kitab tərəcəsindən kitab oxumaqdan savayı, əlindən heç nə gəlmiyən", zəif, aciz "müəllim oğul"luğuma görə, özümə nifrət edə-edə, üzümü anamdan gizlətməyə çahşıb, taxtın qabağında hərəkətsiz duran Cümrüyə doğru getdim ki, Şöşünün səsini kəsən qağamıza da nə isə deyim. Əmma... çörək əvəzində, Şöşünün əllərinin arasında qarabaşı görüb, duruxub, sonra qəribə, anlaşılmaz sevinclə güldüyümə özüm də məəttəl qaldım.

Qarabaş Şöşüyə baxırdı, Şöşü də Qarabaşa. Şöşü qarnı dingildəyə-dingildəyə güldükcə elə bil Qarabaş da gülürdü.
Məsinin şümşədi kimi uzun, yoğun qamış tütək astadan səslənəndə Şöşü ilə birlikdə Qarabaş da Cümrüyə baxdı. Bir az sonra ikisinin də gözləri süzüldü.
Dərd içində məni də yuxu tuturdu. Cümrü hələ də asta-asta çalırdı.

Səhərə yaxın açıq pəncərənin arxasında, tut ağacının sağ-solunda üfüq ağaranda Tapdığı qağamızın böyründə gördüm. Eşməsi dodaqlarının arasında, sifəti dümağ, gözləri qıp-qırmızı, qaşları düyünlü dayanıb Cümrünün çalıb qurtarmasını gözləyirdi...








DAVALI QARDAŞ


Birdən-birə məlum oldu ki, "düzü-dünyanı", yəni hər yeri şumladığımıza baxmayaraq, az-maz arpa toxumluğundan başqa, səpin üçün bir çuval da taxılımız yoxdur. Mehbalı əmi, Qalayçıoğlu, Revaz doxdur, bir də Qadı kişi kimi çox yaşlı qocalar, yığışıb əvvəlcə MTS-ə getdilər ki, gələn il "naturplata" ilə bir yerdə qay-tarmaq şərtilə borc toxumluq alsınlar. Demə, o üç nəfər pis adamdan biri elə MTS-in direktoru imiş; qocalarımızın Tahirlidən, "Cəbrayılın kolxozundan" olduqlarını eşidəndə əlini naqana atıb: "Bir də ayağınız dəyməsin bu kabinetə! Stalin yoldaşı təhqir eləmisiniz! Elliknən sürüləcəksiniz!" - deyib.

Qocalar raykoma, Sultan Əmirlinin qəbuluna gediblər ki, bəlkə katibin özünün xahişilə kolxozlardan toxumluq yığsınlar, əmma orda da o üç pis adamdan birinə - MTS "Politatdelinin* nəçənniyi" ilə rastlaşıblar; o da əlini naqana atıb: "Nə hünərnən gəlibsiniz rayona? Sultan Əmirli sizə toxumluq versə, onu da siznən bərabər sürərik!" - deyib. Qocalar öz aralarında məsləhətləşiblər ki, NKVD-nin həyətindəki dustaqxanada "yatan, gözləyən" Cəbrayılla görüşüb məsləhət alsmlar. Əmam orda o üç pis adamdan lap pisi - Zor nəçənnik özü naqana əl atıb: "Yurdunuzda turp əkdirəcəm!" - deyib.

Bu hadisədən sonra əlimiz işdən soyudu.
Qurban əmi - Qılınc Qurban Sovetliyin o biri kəndlərindən ayağını çəkib, bizim idarədə oturub sədri əvəz eləyirdi. Səhərlər, axşamlar hirsindən qarala-qarala qışqırırdı ki, "Pambığı kolun üstə qoymaq cinayətdi! MTS-in Politatdeliynən NKVD bura vayenni tribunal gətirəcək". Bilirdik ki, Qılınc Qurban düz deyir. Əmma hamı eyni sözləri təkrar edirdi: "Toxumluq versinlər!" "Cəbrayılı buraxsınlar!"

Sıxıntı, üzüntü içində, bir səhər ertə biri-birindən gözlənilməz xəbərlər yayıldı: Məsi qaçıb Dağdağan Alıya qoşulub; Qurban əmiyə tapşırıq verilib ki, "istrebitelni batalyon"u səfərbərliyə alıb qaçaqları tutsun; Mir Cəfər Bağırov Sultan Əmirlini Bakıya çağırıb töhmət verib, əmr eləyib ki, "naxırçı Məsi" adı ilə gizlənən təhlükəli

*Siyasi şöbə - ən yüksək hakimiyyəti təmsil edən partiya təşkilatlarından da üstün səlahiyyətləri olan operativ orqan.

sinfi düşməni himayə edən adamların, o cümlədən Qılınc Qurbanın "silistə" çəkilməsinə özü cavabdeh olsun; əgər Qılıncı tutdurmasa Sultan Əmirlinin özü məsuliyyətə alınacaq... Bu xəbərləri kəndin arasına dağıtmış naxırı buzovlardan ayırmağa çalışan yoldaşlarımdan eşidib, qara inəklə danası qabağımda, həyətə qayıdanda Məliklə rastlaşdım və daha qorxunc bir xəbər də eşitdim:
- Tapdıqnan Cümrü də qaçaq düşəcəklər. Dağdağan Alı ismarıc eləyib ki, əl-ayağı tutan gəlsin silah verim, Türkiyəyə keçirim. Yoxsa eşalona basıb sürəcəklər hamını! Kənd xaraba qalacaq, deyib, nemes kəndi təki...

Məlik özü də Dağdağan Alıya qoşulmaq fikrində idi.
- Əmbə heç bilmirəm anamdan, bacımdan ayrı dözərəmmi, Nuru? Tapdığa dedim bəlkə elə arvad-uşaq da getsin biznən. Sibirdə çürüməkdənsə, sərhəddə qırılmaq yaxşıdı. Əsmət xalaynan danış, Nuru. Anan razı olsa, mən də danışaram anamnan, deyərəm direktorun qucağı körpəli arvadı da gedir, sən niyə getmiyəsən...
İnəklə dana cığırdan burulub Mehbalı əmigilin qarğıdalısına girirdi. Əvvəllər mən belə şeylərə yol verməzdim, kəmərimi açıb qara inəyi döyməkdən də çəkinməzdim. İndi isə, birdən-birə hər şey gözümdən düşdü. Heyvanları Mehbah əmi ilə qarısının min bir əzabla becərdikləri qarğıdalının içində qoyub evə tələsdim ki, görüm anam bilirmi bu xəbərləri, nə fikirləşir, nə deyir?
Əmma anamın əvəzində gözlənilməz bir adamla, eyvanda məni gözləyən "soyğunçu dayı" Molla Gülənlə danışmalı oldum.
"Soyğunçu dayı" Molla Gülən kəndimizin ən uzun adamı Qalayçıoğlundan da uzun idi. Burmabuynuz qoç kəlləsinə baxa-baxa dirəyin yanında dirək kimi durmuşdu. Mənə elə gəldi ki, o kəlləni aparmaq istəyir. Əmma, demə "soyğunçu dayı" bu dəfə daha qiymətli şeylər üçün gəlibmiş.
- Anan o qara kağızı göndərilən, allah yanında üzü qara bolşevikinizin sovxasını qıymır mənə. Ağzı dualı bəndəyə qıymıyacaqsa, kimə veriləcək o günahkar bəndənin pal-paltarı?! Genə soyğunçu deyir can-ciyər dayısına! Sən də anan təki qıyımsızlıq eləsən sovxa sandığının qıfıhnı sındıracam. Çünki, əslində, mə-nasız gəlməmişəm. Komsomol Tahirin naqanı hökumətə təhvil verilməlidi! Gəl, sovxa açarı al anandan, aç o sandığı! Naqan nədi, "soyuq silah" deyilən xançal, bıçaq da yığışdırılır bu kənddən! Könüllü ver, dokumentə yazüsın ki, könüllü təhvil verdi. Yoxsa, xatası var. Gəl!

Mən duruxub, atamın hər şeydən, hətta tərəcədəki kitabların-dan da qiymətli, demək olar ki, müqəddəs saydığı naqanını tələb edən adamın qara üzünə baxa-baxa qaldım.
- A gədə, eşitmirsənmi?! Verməsən, xatası var deyirəm! Qarda-şım özü gəlsə, pis olar!
Nə qədər təəccüblü olsa da, Molla Güdən dayının bir bacı ilə bacı qızından başqa qardaşı olduğunu birinci dəfə eşidirdim.
- Zor nəçənniyin zoruna bələdsən ki! Qohum-qardaş tanımır mənim o zır qardaşım! Söz vermişəm ki, kənddə qohum-əqrəbadan özüm yığacam silahı. O kafirinizin naqanını burda qoysam, mənim özümü də damlıyar ey, bala! Hökumətin göstərişi var! Gəl xoşluq-nan ver. Yoxsa, qıfılı sındıracam!
Eyvanımızın bir tərəfində buxarı vardı. Qış aylarında çardağın altındakı ocaq yeri əvəzində anam buxarıya od salırdı, yazda, yayda isə damımızdan sərin hava çəkib eyvanımızı yaylağa döndərən buxarının çökəyinə sacayağı, sac, oxlov, maşa, dəhrə və sair belə-belə şeylər yığırdıq. Soyğunçu dayı heç də hədə ilə yox, sakit qətiyyətlə "sındıracam" deyib, ağır-ağır gedib buxarıdakı dəmir şişlərdən birini götürəndə mən də istər-istəməz o tərəfə yönəlib, buxarının böyründəki küncdən yabamızı götürdüm və nədənsə onun sakit qətiyyətini təqlid elədim.
- Sandığa yaxın getsən bu dörd barmaq yabanın barmaqlarını diblərinə qədər qarnına soxacam! - dedim. - Dəmir şişi qoy yerinə, çıx get, - dedim. - Necə vaxtdı başa düşəmmirəm nə təhər dayısan sən, əri əsgərlikdə olan bacın qızının qapısından iki qoyun istədin, verdim. O iki qoyundan başqa, özgə nə aparıbsan burdan? Niyə soyğunçu qalıb adın? Qismət olar, atam qayıdar, özü soruşar səndən. İndi get, bir də bu tərəfə ayaq basma - dedim.

Anam kandarda əlləri üzündə donub qalmışdı.
Soyğunçu dayının isə, deyəsən, heç tükü də tərpənmirdi. Ağır-ağır yeriyib, yabanın sapını qoşa ovuclarımdan asanca çəkib çıxarıb, küncə tullayıb, sol əlinin arxasını ağzımın üstünə necə çırpdısa, qabaq dişlərimin xırıltısını eşitdim. Ağzım qanla dolub yaxama, yerə töküldü.
Nədənsə gözlərim qaralsa da, nəhəng qaraltının nəhəng əlinin anamın yaxasına uzandığını, rəngi getmiş ipək lentdən asılı açar topasını qopardığını aydınca gördüm. Soyğunçu içəridə, tutacağı səmtinə açılan pəncərənin altında əlvan naxışlı dəmirləri işıldaşan sandığın qabağında əyilib, açar topasının içindən açar seçəndə mən də içəridə idim, yabanın barmaqlarının işlənməkdən ağarmış uclarını soyğunçunun ürəyinə dirəmişdim.
Yabanı bərk basmasam da, dəmir barmaqların dibləri qızardı, qan yayılıb sarımtü əsgər köynəyinin kürəyini islatdı.
Soyğunçu bir əli qıfılda, o bəri əli açarda, tamam hərəkətsiz qalıb, lap astadan:
- Öldürrəm, yabanı çək, - dedi - Mənim kəsdiyim başa sorğu yoxdu, a başın batsın, - dedi.
Qıçlarımı titrətmə götürdü. "Əlini çək sandıqdan, qalx, çıx get" demək istədim, dilim söz tutmadı. Ömrümdə belə hala düşməmişdim. Bir gözüm soyğunçunun qızartısı artan kürəyində, bir gözüm anamda, deyəsən, nə isə bir məsləhət, kömək gözlədim.

İndi təsəvvür edin ki, bu vəziyyətimdə qarabaşla Şöşünü yanımda gördüm. Sonra soyğunçunun əlinin uzanıb Şöşünün boğazını qamarladığını gördüm. Anam hıçqırıb, kandardan üzü bəri, yerə sərildi. Yabanın sapını buraxıb, başdan-ayağa titrəyə-titrəyə, anamı qucaqlayıb arxasıüstə çevirib, o dəqiqə də yenə yabanı qapdım. Əmma kim isə yabanı əlimdən aldı.
O axşam Revaz doxdurun dediyi kimi, "ürəyim zəif imiş", buna görə də soyğunçunun əlini Şöşünün boğazında görəndə anam necə yıxılmışdısa, əlimdən çıxan yabanın yuxarı qalxıb-enib çırpıldığı yerdə uzun, qara qıllı biləyin şaqqıltı ilə sınıb sallandığını görəndə, eynilə anam kimi birdəncə heydən düşüb üzüüstə sərilmişdim.

Gözlərimə işıq gələndə Tapdığı gördüm. Yabanı qoltuğuna alıb, anamın yanında çöməlib dizinin üstündə saxladığı sənəkdən* qurtaqurt su töküb anama içirtdi.
Soyğunçu qan içində idi. Sandığa söykənib, sinəsi atlana-atlana, köynəyin biləyindən kənar bir şey kimi sallanan göyərmiş sağ əlinin ikiqat biləyinə baxırdı.

*Səhəng

Tapdıq sənəyin ağzını qanlı ağzıma, qırılıb tökülmüş qabaq dişlərimə söykəyəndə ağrıdan inildədim, "lazım deyil" demək istədim, deyəmmədim.
Bir inilti də böyürdən eşidildi:
- Mənə də su ver, a gədə!
Tapdıq sənəyin dalını qaldırıb, özü içib öskürə-öskürə:
- Sən dur süpürül burdan! - deyib, soyğunçunu dala itələyib döşəməyə yıxdı. Açar topasından açar seçib sandığımızın qıfılını açdı, atamın paltarlarının üstündən barabanında güllələrin sarı "piston"ları parıldayan "revolver"i götürüb, barmağını tətiyə saldı.
- Çıx! Sənin ananı...
Soyğunçu sol əlilə sağ əlini yerdən qaldırıb, ayağa qalxıb, səndələyə-səndələyə eyvana çıxdı. Kürəyinin qanı şalvarının dalını da qızartmışdı.
Tapdıq qana baxırdı.
- Əlinə qurban olum, a müəllim oğlu! İndi həqiqətən qeyrət dağarcığısan! - dedi.
Sonra "revolver"in barabanını fırlada-fırlada bir xeyli susub, kandara qalxıb, gedə-gedə dedi:
- Silahları yığırlar. Qurban əmi istəyəndə gizlətmə mənim apardığımı. Qoy bilsin ki, Komsomol Tahirin tapançası qaçaq Tapdığa qismət oldu.
- Qaçaq?! - Yönəlib qolundan yapışdım. -Nə danışırsan?! Sarsaqlama, Tapdıq! Muxtar Əlmədədoğlunun, Komsomol Tahirin yetirməsi qaçaq?! Qılıncımız qoyarmı sən qaçaq düşəsən?!
Cavab vermədi, Revolveri aparıb getdi.


QILINC

Sentyabrın axırına yaxın, demək olar ki, hər il eyni ağ yel əsməyə başlayanda, qarğıdalı şaxlarını bircə, ikicə gündə sapsarı saraldıb, hətta tamam qurudurdu. Belə günlərdə "on beş yaşlı kişilər" oraqla, dəhrə ilə silahlanıb həyətyanı sahələrə cumurdular. Keçən il, müharibənin başlanmasından cəmisi üç ay keçdiyinə və "gedənlər"in, yəni səfərbərliyə alınanların yerləri hələ o qədər bilinməsə də, biçib şaxlarını bir yana, özünü bir yana yığırdılar. Buil, "qara kağızı" gələnlərin sayı artandan sonra, gedənlərin çoxunun evlərini "pəpə, pəpə" dəhşəti götürdüyünə görə "kişilər" "kolxozun işinə tüpürüb" gündüzləri də, ağ yelin altında vıy-vıy vıyıldayan qarğıdalının arasından çıxmırdılar. "Gecədə bir qapını" yox, indi "sutkada iki, üç qapını" biçib yığırdılar, üstəlik, qarğıdalını sərib qurumağa qoyurdular ki, tezliklə dənələyib çuvallara doldurub dəyirmana aparsınlar, üyündükcə çanaq-çanaq, yəni tez-tez gətirib arpa cadını, şirin, köyrək, sarı kəhrəba cadla əvəz eləsinlər.
Şöşü baladan iki-üç yaş böyük "Şöşü balalar" da vardı ki, bunları nə Cümrünün payladığı tütəklər ovundururdu, nə də "Qarabaşlar". Həyətdən həyətə keçib dəhrələri, oraqları şaxlara şaqqaşaq döyəcləyən "kişilər"in külək vıyıltısına qarışan bu şaqqıltılarından başqa bir kəlmə də eşidilmirdi. Hərdən yalnız Bolu Dağdağan Alını söyürdü.

Ağ yel başlayandan bəri gecələr soyuq olduğuna görə Mehbalı əmi ilə Cümrü daha eşikdə yatmırdılar. Tapdıq isə, revolveri, güllələri ilə birlikdə, köynəyinin qoynuna qoyduğu gündən "qaçaq damın"nda qalırdı. Məlik Tapdıqla bizim aramızda gedib-gəlib əlaqə saxlayırdı ki, Dağdağan Alıdan "gəlsinlər" xəbəri gələndə yığışıb gedib silahlanaq, Qurban əmi - Qılınc Qurbanla rəsmi danışıq aparıb razılıq alaq ki, "istrebitelni batalyonun biznən işi olmasın", gecənin birində Tovuz-Göyçə yolu ilə kəsəsinə gedib sərhəd səmtinə toplanaq, Məsi orda bizi Dağdağana təhvil versin, Dağdağan isə bizi sərhəddin harasındasa açıq yerindən Cənubi Azərbaycana, ordan da Türkiyəyə ötürsün. Məsinin yoxa çıxdığı gündən, Məlikin hər gün təkrar etdiyi bu "plan"ı əvvəlcə anam, sonra da mən "havayı söhbət" adlandırsaq da, nəinki "kişilər", hətta qocalarımız da bu fikirdə idilər ki, "buynuz" əhvalatının axırı ya sürgün idi, ya da "o taya addamaq" - Türkiyəyə keçmək. Məhz buna görə də qarğıdalı xışıltıları içində, külək vıyıltısı altında şaq-qaşaq dəhrə, oraq döyəcləyənlər gərgin sükuta dalmışdılar. Bolunun söyüşləri sükutu daha da dərinləşdirirdi. Dinməz-söyləməz, yalnız baxışlarla danışan "kişilər"in bir-birinə nə dediklərini mən sözsüz də başa düşürdüm: "Xəbər gedib Bağırova çatıbsa, Sultan Əmirliyə töhmət verilibsə, Qılınc Qurbanın "silistə çəkilmək" - tutulmaq təhlükəsi yaranıbsa "istrebitelni batalyon" boş durarmı?!
Növbə bizim qarğıdalıya çatanda axşama yaxın idi. Külək, nəhayət, yavaşımışdı. Anam atamın, Muxtar əminin vaxtında olduğu kimi, tutun altına gəbə saldı, mütəkkə düzdü, alov püskürən samovarı, dəmkeşində yarpız ətirli dəm çayniki ilə birlikdə gətirib siniyə qoydu, öz bağımızın bal kimi şirin yay armudundan kəsib qurutduğu qaxla dolu nimçələri süfrəyə düzüb, yalnız Muxtar əmi ilə direktorun evində salamat qalmış "Təbriz stəkanlarına", yəni armudu stəkanlara çay süzəndən sonra, gözlənilmədən bir yekə tava dolusu "unnuca dovğası" gətirdi.

Əmma nə o çaydan içən oldu, nə də o dovğadan.
Tapdıqla bizim aramızda gedib gələn Məlik El yolu səmtindən yüyürə-yüyürə, tər içində: - Vurublar! Vurublar! - dedi. - Dağdağannan Məsini, ikisini də vurublar! Gətirirlər!
Uşaqlar gəbənin dörd dövrəsindən dik atıldılar.
Dediyi xəbərin dəhşətinə baxmayaraq, Məlik süfrəyə, samovara göz gəzdirdi.
- Kefə baxırsınız! Tapdıqnan Cümrü El yolunun ortasında qucaqlaşıb ağlayırlar, siz burda kefə baxırsınız! Məsinin, deyirlər, sinəsi deşik-deşikdi güllədən. Dağdağanın səlamət yeri yoxdu bədə-nində. Əvvəlcə Cəbrayıl atıb, deyirlər, sonra "istrebitelni batal-yon"un yüz üzvünün yüzü də, hərəsi bir güllə atıb ki, Dağdağanın qanı tək Cəbrayılın üstə qalmasın.
Bolu bir əlilə Məlikin boynundan tutub, o biri əlini ağzına basdı.
- Hüdüləmə! Ağılnan-başnan de görək... Necə yəni Cəbrayıl atıb?! Cəbrayıl NKVD-nin türməsində... bu gün-sabah sürülməlidi camaatıynan bərabər. "İstrebitelni batalyon" hara, o hara?!
Məlik El yolunu göstərdi.
- Odu bax! İki meyitin ikisi də arabada! Dustaq sədrimiz də arabanın qabağında, çiynində beşaçılan, belində patrondaş! Dağdağanın qohumlarını dağıdır yoldan: "Yaxın gəlməyin! Sizi də onun yanına uzadaram".
Bolu gözlərini döydü.
"İki meyidin ikisi də arabada", "El yolunda idisə", "dustaq sədrimiz də arabanın qabağında idisə", "çiynində beşaçılan, belində patrondaş, Dağdağanın qohumlarını dağıdırdısa", bunu eşidənlər Məlikin daha nə dediyinə qulaq asa bilərdilərmi? Tutun altından həyətə güllə kimi atılıb, ordan da yola cumduq. Əmma Məlik bizdən geri qalmayıb, tövşüyə-tövşüyə qışqırırdı:
- Dayanın! Qulaq asın! Siz axı bilmirsiniz iş nə yerdədi. Cəbrayıl günahsızdı! Vallah, billah! MTS-in politetdelinin nəçənniyi Moskvaya teleqram vurub ki, Azərbaycanda sinfi düşmənlər peyda olublar, antisovet təbliğat aparırlar, şəxsən Stalin yoldaşın adına təhqiramiz sözlər deyirlər, erməni millətinə mənsub olan NKVD nəçənniyi Gülənovdur camaatın arasında milli ədavət salanlar... Eşidirsinizmi?! Dotələblik eləməyin! Əvvəl bir eşidin, görün iş nə yerdədi. Sultan Əmirli Bakıya zəng vurub. Mir Cəfər Bağırov deyib "Azərbaycanın daxili işlərini Azərbaycan rəhbərliyi həll etməlidir. Moskvaya teleqramın təşəbbüsçülərini cəzalandırın". Sultan Əmirli də çağırıb o politotdel köpəyoğluynan Zor nəçənniyi, raykomun bürosunda müzakirə eləyib, delolarına yazümaq şərtiynən partiya töhməti verib. Onlar da Cəbrayılı çıxardıblar dustaqxanadan, deyiblər "Dağdağan Alıynan "naxırçı bəyin" gizləndikləri tərəfiəri iki adam yaxşı tanıyır, "istrebitelni batalyon" üzvlərinin arasında. Biri Qılınc Qurbandı, biri də sən. Gedin tapın, öz əliniznən güllələyin, meyitlərini aparın Tahirlidə, Qurbanlıda, Qonaqlıda gəzdirin, göstərin, oralarda dinc oturmuyan cavanlara dərs olsun. Xüsusən, deyiblər, naxırçı bəynən əlaqədə olanlara yaxşı-yaxşı başa salın, cızıqlarından çıxmasınlar. Yoxsa, həqiqətən sürərik hamısını", deyiblər. Qandınızmı?! Qurban əmi çağırmışdı məni. Dəmiryolunda, Məhərin budkasının qabağında yaxamdan yapışdı, sürüdü o arabanın yanına, meyitləri göstərdi. "Budu, bax, aqibətiniz belə olacaq! - dedi. - Get başa sal yoldaşlannı, özün də yığışdır müxbirliyini-filanını!" - dedi. Nə vaxtacan belə dotələblik eliyəcəksiniz, "qeyrət dağarcıqları?!" Özümü gözə soxmadığıma görə hamınız yaddan çıxarıbsınız kimdi bu zəvzək Məlik. Bu xarabanın komsomol təşkilatçısı deyiləmmi mən?! Bu əllərimnən komsomol bileti paylamamışammı mən sizə?! On dörd-on beş yaşlılarınızı on altı yaşlı yazmışam anketlərinizdə ki, təşkilatımızda komsomolçunun sayı çox olsun, sözü ötə olsun, məktəbdə, kolxozda əyri iş görənlərin əleyhlərinə əl qaldıranda hesablaşsınlar siznən! Adam yerinə qoymursunuz məni, səsimi çıxartmıram. Siz təki elə mən özüm də Cümrü qağamıznan Tapdığın sazına oynayıram. Əmbə qaydası var axı hər şeyin, a "qeyrət dağarcıqları!" Məsələnin məğzini öyrənib-bilməmiş daşa tutduq Cəbrayılı, "Əzrayıl" elədik. Mən bax bu istəkli müəllim oğlumuzu başa saldım iş nə yerdədi, umud elədim ki, qardaşlığı Tapdığın əl-qolunu yığar, siz də özü-nüzə yığışarsınız. Tərsinə elədi Nuru! "Əzrayıl" ha "Əzaryıl!" Davanız, qalmaqalınız dünyanı ağzına götürdü. Sədrimiznən bəra-bər taxıhmız, toxumluğumuz da getdi. Nə yaxşı ki, atası rəhmətlik Qılıncımıznan Sultan Əmirlimiz varıymış, belə müsibətnən qaytarıblar indi sədrimizi. Səhvinizi təkrar eləməyin! Tapdığın tərəfıni saxlamayın bu dəfə! Məni adam yerinə qoymur Tapdıq. Revaz doxdurnan getdik qaçaq damına, istədik birtəhər qandıraq ki, Cəbrayıla günahsızdı. Tapança çəkdi üstümə: "İtil burdan! Süpürül burdan!.." Daha dil tapammıram mən onnan. Umud sizədi!..
Ürəyim elə pis çırpınırdı ki, nə hamıdan irəlidə qulac-qulac addımlayan Boluya bir kəlmə çatdıra bilirdim, nə də Bolunun arxasınca yortanlara. Nəfəsim qarala-qarala, tək Məlikin özünə:
Mən sənin tərəfindəyəm. Sənin tərəfindəyəm! - deyirdim.
Yola çatıb dayandıq.

Dəmiryol, Məhərin budkası deyilən yer Baş kənd Qurbanlıdan o yanda - gündoğanda idi. Cəbrayılla araba və "istrebitelni batal-yon"un üzvləri də günbatan tərəfdən gəlirdilər. Məlikin məlumatından məlum oldu ki, Məsi Aşağı kənd Qonaqlının sədri, Sultan Əmirlinin qardaşı Mədəd Əmirli ilə də yaxın imiş, naxırımızı Qonaqlı şumları səmtinə aparanda oralarda Mədəd kişinin kotançıları ilə də söhbət eləyirmiş - təbliğat aparırmış ki, müharibəyə aparılanda elə birinci gündən "nemes" tərəfə adlansınlar, Türkiyəyə keçsinlər. Demə Qonaqlıdan da Dağdağan Alıya qoşulmaq fikrinə düşənlər varmış. Buna görə də Qurban əmi - Qılınc Qurban Dağdağanlı dağ deyilən yerdə vurduqları qaçaqların meyitlərini Məhərin budkasının qabağına gətirib, oraya drezinlə gedən NKVD işçilərinə göstərib raykoma məlumat yazdırandan sonra arabanı birbaş Qonaqlı səmtinə sürdürüb, işdən qayıdan camaata göstərib, deyilməli sözünü-söhbətini deyib, kəndə girmədən, qaytarmışdı ki, burada və Qurbanlıda da gəzdirib, yenə Məhərin budkasının qabağına aparsın və drezinlə rayon mərkəzinə göndərsin. Məlik məsləhət görürdü ki, sağdan-soldan El yolunun qıraqlarına axışıb arabanı gözləyən "arvad-uşağa qarışaq, batalyonnan gələn NKVD işçilərinin gözlərinə görünmüyək".
Yola çatıb dayananda da Məlik sözünə ara vermirdi:
- Tapdığnan Cümrünü də qırağa çəkin. Aranızda saxlayın ikisini də. Tapançanı alın Tapdıqdan! Cümrünün cibində bıçaq var. Tütək qayırdığı fırəngi. Bülöyləyib almas təki eləyib. Bacarsanız onu da alın!..
Mən yenə də üşürgələnirdim. Ürəyim sıxılırdı. Soyuq tərdən köy-nəyimin islandığını hiss edirdim.
Məlikə baxdım. Yazıq Müxbir məndən betər idi.
"Kişilər" bizi təlaş içində qoyub irəli getdilər. "Tapdıqnan Cüm-rünü qırağa çəkmək", "aramızda saxlamaq", "tapançanı almaq" üçün? Xeyr! Yolun ortasına yeriyib, orda gözlərini, yanaqlarını silə-silə arabanı gözləyən qardaşların sağ-solunda cərgələndilər.
- Evimiz yıxıldı, Nuru! Tapançanı alammazsanmı ondan? Yazığın əli titrəyirdi, mənim qolumu da titrədirdi.
- Verməz, - dedim. - Tapdığı tanımırsanmı? Qolumdan çəkdi.
- Gəl, köməkləşək alaq, - dedi. - Məsini çox istəyirdilər bu havalı, davalı bədbəxtlər. Cəbrayıldan çox yanıqlıdılar! Gəl!
- Yox! - dedim. - Tapdıqdan tapança istiyəmmərəm mən.
- Niyə axı?! Direktorun deyilmi tapança! Niyə alammırsan? Məlikin suallarının cavabında Molla Gülənin köynəyinin biləyindən kənar bir şey kimi sallanan əlini gördüm. Dedim:
- Tapdığındı indi o tapança, atamın deyil.
Məlik, yəqin ki, hər şeyi bildiyinə görə, sözümü başa düşüb əlini qolumdan çəkib yola meylləndi.
- Bəlkə Bolu...
Əmma nə Boludan kömək istədik, nə də o birilərdən. Aydın görürdük ki, boy-buxunca Cümrü ilə tən gələn Boludan başlamış, sifətcə əsil zənci - kobud, bədəncə mən kimi cılız Həbəş Qaraya qədər, hamısı sarsüıb, tutulub kütləşmişdi; Məlikin sözlərindəki təhlükəni heç kəs hiss eləmirdi.
Qarğıdalılan biçiləndən sonra çılpaqlaşmış kəndin hər iki tərəfindən axışıb, eni mənim addımımla otuz addım olan yolun hər iki tərəfındə dirək-dirək, hərəkətsiz duran camaat da eynilə "kişilər" kimi tutqun və küt idi. Müxtar əminin mülkü ilə Qaçaq evinin arasındakı genişlikdən toz içində tıqqıltısız gələn arabanın qabağında qara meşin şapqası, qara meşin pencəyi işıldayan Qılınc özü də, atları yedəklərində, tüfəngləri çiyinlərində, nizami qoşun qay-dasında - iki sıra batalyon üzvləri də tutqun və küt kimi idilər.

Bütün kənddə və bütün yolda elə dəhşətli sükut vardı ki, hətta iki, üç yüz addımlıqdan yolu döyəcləyən nal guppultuları, atların fınxırtüarı da eşidilirdi.
Guppultular, fınxırtılar yaxınlaşdıqca, yolun ortasında hasar kimi hərəkətsiz duran cərgədə az-maz əl-qol tərpənişləri də azalırdı. Məliklə məndən başqa, on ikiyə qədər altıncı sinif şagirdi, məncə, bir-birindən xəbərsiz, qeyri-iradi, çiyin-çiyinə söykənirdi, on iki nəfər kotançı kişi kotanla hodaq, arasında zəncir kimi tarımlaşıb, kəndimizdə adi hadisəyə çevrilmiş növbəti pis hadisənin bu dəfə necə baş verəcəyini gözləyirdi.
Cəbrayıl yorğun, səssiz addımlarla yaxınlaşıb, toz-torpaq içində də tər-təmiz - qapqara qalmış, yumşaq, gözəl xrom çəkmələri biri-birindən xeyli aralı, meşin pencəyin qollarından sallaqlı, şişgin əlləri zindan ağırlığında, qaməti əyili, gözləri yerdə, dayanıb köksünü ötürdü.

Üzündə yara yerindən - şırımdan başqa, boyun-boğazından gözlərinin içinə qədər sarılıq çökmüşdü. NKVD-nin dustaqxana-sındamı belə xəstəhal olmuşdu, Məsiyə, Dağdağana güllə atandan sonramı? Niyə dillənmirdi? Yolundakı hasarın ortasında Tapdığın qıyılıb görünməyən gözlərindəki hədsiz düşmənliyi, Cümrünün tir-tir əsən gözlərindəki hədsiz düşmənliyi görmürdümü?!
Mən sonradan-sonraya hadisə olub qurtaranda başa düşdüm ki, Cəbrayılın dayanıb susduğu, Tapdıqla Cümrünün nə isə eləməyə hazırlaşdıqları saniyələrdə arabaya baxmırdım. Yalnız Qurban əmi arabanın arxasından irəli yeriyəndə, enli taxta üstündə yanaşı uzadılmış üzləri açıq meyitləri gördüm və o anda Cəbrayılın qarşısındakı hasara, daha doğrusu, Tapdığa baxmalı oldum. Soyğunçu dayının biləyini sındıranda sifəti necə idisə, indi də elə idi: dümağ, sakit, rəhmsiz, öskürə-öskürə xırıldayırdı:
- Sən nə hünərnən qayıtdın bura?! Əlmədədoğlu Muxtarın oğlanları yəni bu qədərmi ölüdülər ki, anamızı zorluyan heyvan sağ-salamat qalsın, üstəlik, başımızın üstündə ağalıq eləsin?!
Qurban əmi Cəbrayılla yanaşı dayanıb papiros çəkirdi.
- Sən əvvəl mənə qulaq as! - dedi. - Bu gün mən danışıram hər yerdə. Çünki Muxtarın ailəsinin namus məsələsindən başqa dərdlərimiz də var. Tahirlinin cavanlan gediblər. Yerdə qalan yeni-yetmələr, açıq deyirəm, böyüksüz-başsız qahb cızıqlarından çıxıb-lar. Odu ki, sizə aid sözümü əvvəlcədən komsomolunuza demişəm. Tərbiyəli oğlandı o. Bilirəm çatdırıb sözümü. İndi dalına qulaq asın iş nə yerdədi... Boş-boşuna deyilməyib ki, yaman yeyənin olsun, yaman deyənin olmasın... "Vərəmli gədə" dedik, yazığımız gəldi sinfı düşmənə. Hörmətimizi qanmadı, qudurdu, sarı-qızılı bəy çəkmələrini geyindi, qızd ilana döndü, zəhərlədi cavanlarımızı! "İsgəndərin buynuzu var!.." O birisi sinfi düşmən Mollaya da elə bu lazımmış. Gizlin agentliyi açıq oldu, getdi rayonda car çəkdi ki, Qılınc Qurbanın sovetliyində antisovet təbliğat gedir!
Məktəbinizdə "İsgəndərin buynuzu"ndan başqa şeylər də oxuyubsunuz:
"Vur, vur ki, gətirməyibdir arpa! İnsan da dözərmi bu şarpa-şarpa?"

Haman bu bəylərin dilindən yazmayıbmı bunu Mirzə Ələkbər Sabir? Atalarınızın, babalarınızın kürəyindən zol çıxardanlardan deyilmi bu naxırçı bəy?! Qılınc Qurban niyə mauzer bağladı belinə, niyə beşaçılan aldı çiyninə?! Bu Cəbrayıl da mənnən, Muxtarnan, Tahirnən çiyin-çiyinə vuruşmayıbmı dərimizi soyan bəylərə qarşı?! İndi də vuruşmada vurduq bunlan. Bəli, vuruşmada!.. Dağ-dağan mağazini qırx güllə tutan PPŞ avtomatnan yatmışdı qaya dalına. Gülləni elə yağdırırdı başımızı qaldırammırdıq. Bəy balası qayanın belinə çıxıb, qorxusuz-hürküsüz, nitq irad eləyirdi: "Rusiyanın axırı çatıb! Nemes Moskvadadı! Ağlınızı başınıza yığın! Bizə güllə atmayın! Nemes gələndə divara söyküyərik hamınızı!.." Eşidirsiniz?! Faşistə arxalanırdı, bizdən qorxmurdu bu naxırçı bəy! Kin yerdən-göydən çıxanda qorxu olmur insanda. Qılınc Qurban yaxşı bilir belə şeyləri. Çox kinni düşməniydi bu naxırçı bəy! Kini gözünü görün necə tutmuşdu ki, bu üçpara kəndin sürülmək təhlükəsini də görmürdü. Dedim: "Azdan-çoxdan qeyrətin varsa, o vərəmli canına qurban vermə bu sovetliyin min altı yüz ailəsini!" Nə desə yaxşıdı? "O min altı yüz ailənin içində bir nəfər də insan yoxdu. Heyvandı hamısı!" - dedi. Bax elə bu məqamda Cəbrayılın tüfəngi açıldı. Dağdağanın gülləsi qurtarmışdı. Bəyini yaralı qoyub, atlanıb qaçmaq istəyirdi. Cəbrayılın gülləsi onu da yıxdı... Bilirsiniz, mən tribunala verirdim bu adamı. Rayonumuzun rəhbəri, dostum, qardaşım Sultan Əmirlinin bunu xilas eləməyiynən də razı deyildim. Öz mərdliyiynən, öz kişiliyiynən xilas elədi özünü Cəbrayıl. Çox söz deyə billəm mən indi bu kişinin barəsində. Kəfəni boğazına dolayıb. NKVD Gülənovun, MTS politatdelinin barəsində burdan -kənddən yazılanların üstünə özü də yazıb qoyub, göndərib. Aparılan taxılınız da qaytarılacaq. Üstəlik, MTS-dən toxumluq da veriləcək, sabahda-birisigündə. inşallah, səpinə başlayacaqsınız... Bu an Məlikin pıçıltısını eşitdim:
- Nuru! Tapdığa bax!
Tapdıq əlini açıq yaxasından salıb, tərdən islaq köynəyin qoynunda revolverin dəstəsini sıxmışdı. Yaxşı ki, Qurban əminin gözü aldı o əli, meşin pencək elə bil öz-özünə aşağı sürüşüb, Qurban əminin əynindən düşüb, o an da xışıltı ilə havaya qalxıb, quş kimi uçub Tapdığın üzünə çırpıldı. Qurban əmi özü də quş kimi uçub pencəyi Tapdığın başına bürüdü. Revolver də elə bil öz-özünə çıxıb Qılınc Qurbanın enli qayış kəmərinin altına sancıldı. Kişilikdən çıxıb özlorini itirmiş uşaqların qalın toz layı içində arxasıüstə döşəli Tapdığı yerdən qaldırmağa da kişilikləri çatmadı. Qurban əmi özü Tapdığın biləyindən yapışıb qaldırdı. Əmma bunun ardınca elə bir hərəkət elədi ki, necə deyərlər, ayağım yerdən üzüldü. Şilləni necə çaxdısa, Tapdıq guppultu ilə toza batıb üzüüstə qaldı.

Mən özümdə deyildim. Hönkürtüdən əsə-əsə yüyürüb, qardaşlığımı qucaqlayıb, qaldırıb, ömrümdə ilk dəfə özümdən böyük adama bozardım:
- Niyə vurursan?!
Və burada ilk dəfə Qılıncımızın baxışından sıxılıb "Qılınc Qurban" adının zəhmini hiss etdim.
Qılınc pencəyini geyinib, revolverə işarə elədi.
- Budu bax, buna göro vurdum! Uşaq əlində oyuncaq deyil bu!
Dedim:
- Tapdıq atmazdı!
Qılınc duruxdu.
- Atmazdı?! Necə yəni atmazdı?! Dedim:

- Adam vuran deyil o! Meşədə Cəbrayılın tüfəngini almışdıq. Tapdıq vurmadı onu. Gülləni havaya atdı.
- Niyə? Qorxdu?
- Yox. Qorxaq deyil Tapdıq. Nə qədər sərtdisə, bir o qədər də yumşaqdı. Ondakı ürək heç kəsdə yoxdu! Sən nahaq vurdun onu, Qurban əmi!
Qılınc gözlərini döyürdü.
- Başa düşmürəm, bala. Silahdı bu. Genə deyirəm: oyuncaq deyil. Adamın özünü əlində oyuncağa döndərir bu... Fikirləş gör nə deyib dostun: "Komsomol Tahirin tapançası qaçaq Tapdığa qismət oldu". Dağdağanlı dağa qaçmaq istəyirmiş. Cəbrayılı vurub, sonra qaçmaq!.. Mən boş-boşunamı danışdım bu qədər Cəbrayılın barəsində. Lazım gəlsə, canını qurban verər o sizə. Bu sovetlikdə hamıya və hər şeyə cavabdeh bir adam kimi tələb eləyirəm: bugünkü fəaliyyətinə görə buradaca hörmətinizi bildirin ona, sonra da Stalin yoldaşı yad, Hitleri doğma bildiklərinə görə qanlarına bulananların cəmdəklərinə tüpürün, mən də gedim necə lazımdı o cür daklad eləyim ki, Tahirli kənd sakinləri, böyüklü-kiçikli, hamılıqla Ali Baş Komandanımıza böyük məhəbbəti olan arxa cəbhə əsgərləridilər!..
Qılıncımıza iki nəfər diqqətlə qulaq asırdı. Biri məndim, biri də Məlik. Bütün arvadların, qız-gəlinin, hətta arabanın sağ-soluna yığışmış qocaların da gözü Tapdıqla Cümrüdə idi. Çünki Tapdıq Cümrünün yaxasından qoşaəlli yapışıb, hönkürtüdən boğula-boğula yalvarırdı:
- Öldür onu! Öldür onu! Öldür! - deyirdi. Cümrü isə, heç nə eşitməyən kimi, heç nə anlamayan kimi, küt-küt o yan-bu yana boylanırdı.
Bülövlənməkdən gümüş kimi ağarmış fırəngi Tapdığın əlində parlayanda Qılıncımız nədənsə bu dəfə tələsib-təntiməyib:
- Pah! Pah! Sən nəymişsən, ay bala! - deyib Cəbrayıla baxdı. -Mən necə deyim ki, taqsır yoxdu səndə?! Özüm taqsırkar bilə-bilə səni, bir aləm şey dedim, bugünkü qeyrətinə görə əvvəlki qeyrətsizliyini bağışladım. O bağışlamır! Görürsən ki?! Bir dəfə demişəm, genə deyirəm: ya genə Müslüm təki elə, ya da diz çök bu qeyrətli balamızın qabağında, vursun bıçağını, sənin də canın qurtarsın, o bədbəxtin də, bizim də! Yoxsa, bu nədi?! Havaxta qədər çəkəcək bu, Cəbrayıl?! Niyə lalsan?! Heç olmasa, bir söz de buna, biz də bilək fikrindəki nədi?
Cəbrayıl hey köksünü ötürürdü. Yorğun-üzgün:
- Nahaq danışdırırsan məni, - dedi.
Sonra birdən başını qaldırıb, səsini də qaldırdı:
- Fikrimdəki budu ki, camaatımızın nə ağsaqqalında ağıl var, nə də qarasaqqalında! Bu səhər qanına buladığım rəhmətlik düz deyirdi. Heyvansınız! Başda sən, Qılınc Qurban, ayaqda da bax bu "qeyrətli balamız", hamınız heyvansınız!
Qılıncımız bir neçə dəfə diksinib dik atıla-atıla qışqırdı: -Cəbrayıl!.. Cəbrayıl!..
- Nə "Cəbrayıl!" Hanı Cəbrayıl?! Yoxam mən daha! Əzrayılam, canalanam! Qatiləm! O günahsız bəynən o igid qaçağın canını alan sənin bu "qeyrətli bala"yın da canını alar! Sənin özünün də!..

İrəli yeriyib, sol əlini bıçağın qabağına verib, sağ əlilə Tapdığın yaxasından yapışıb Cümrünün üstünə tulazladı. Yarıbayarı arıqladığına, rənginin saraldığına baxmayaraq, Cəbrayılın sinəsində, qollarında dəhşətli qüvət görünürdü. Sol ovcunu qanla doldupmuş uzun firəngini yerə çırpıb, çəkməsinin nallı dabanı ilə vurub sındırdı. Dili də elə o nallı dabanı kimi idi, Qılıncımızı sındırırdı:
- Sən ikiqat Əzrayılsan, Qılınc Qurban! İyirminci ildən bəri keçməyibsən! Revkomda Sultan Əmirlidən dərs alanda necə yekə-başıydınsa, indi eləcəsən! Mənim ağlım çatdı, gördüm rusun, erməninin əlindədi Şura hökuməti, Sultanımızın burda necə əli cardadı, Nərimanımızın da Bakıda əli cardaydı. Yalvardım-yaxardım, dedim "Hümmət" firqəsinin adı qalıb, özü yoxdu, bizim deyil daha bu hökumət, Allaha-tarınya bax, gedək Qazağın Türfəsində Nəqşi-bəndi alimlərindən dərs alaq, öz millətimizin oğullarına qoşulaq, Mustafa Kamal paşaynan birləşək, gələk rədd eliyək burdan bu içərimizə dolan Gülən-müləni! Dəli oldun, bar-bar bağırdın, revkomu başına götürdün: "Gülənuşağı qaynayıb-qarışıb biznən! İnternasyonalçıyıq biz, millətçi deyilik!" Və sairə və ilaxirə! Sultannan gizlin getdik, həftədə bir gecə dərs aldıq, ta iyirmi beşinci ildə Nəriman öldürülənə qədər elm öyrəndik! Sən qanmazdan gizlin alim olduq. Sən ağzı otdu heyvanıydın, heyvan olaraq da qaldın! Şura iti!..
Qılıncımızın gözləri qıyümışdı.
- Cəbrayıl! Dəli olma, Cəbrayıl! Sən antisovet deyilsən! Məni təhqir eləmə! Qanmaz adam deyiləm mən! Xalq "Ədalət mücəssəməsi" deyirmənə!..
Cəbrayılın qızları ilə Revaz doxdur yerdə tozun içində açdıqları dərman çamadanının yanında quruyub, barmaqlarının uclarından qan axan yaralıya yalvarırddar. Yaralı isə nə yarasının dərinliyini görürdü, nə Revazı, nə də qızlarını.
- Xalqın səndən betər heyvandı! Uşaqlarımızın göbəyi qurumamış "kirvə" erməni girir ötürür ocağımızın başında, dişimizi sanayır, sən "Ədalət mücəssəməsi" - "ədalət qılıncı" da yapışırsan yaxamızdan ki, "deyin görüm naxırçı Məsinin Musa bəy olduğunu kim çuğullayıb NKVD-yə?!" "Deyin görüm plandan artıq taxıl əkməyimizi kim çuğullayıb politotdelə?!" "Deyin görüm Dağdağan Alının Dağdağanlıda qaldığını kim çuğullayıb?!" Sənin özündən soruşan lazımdı ki, de görək, Mola Gülənin molla məktəbini bağlıyandan sonra niyə elçi düşdün erməni qızı Asmik - Əsmətə?! Komsomol Tahiri niyə göy elədin Gülənuşağına, ay beyinsiz "internasional?!" "Otryad"dakı - bu "istrebitelni batalyonda"kı beyinsiz "bolşevik"lərin beyinsizliyindən deyilmi ki, "rekomendasiya" verdilər, partiyaya doldurdular Gülənuşağını?! Get bir erməni rayonu tap ki, NKVD nəçənniyi, MTS politotdeli, vayenkomu bizdən olsun! Tapammazsan! "Pekarnı"sına gedirlər bu uşaqlar erməninin, üçqat, beşqat artıq qiymətə çörək istəyirlər körpələrindən ötrü, çörəkçi erməni soruşur: "hayes, turkes?!" "Turka çorakımız yoxdu" deyir! Sənin burda toxumluğunu da yığışdırıb aparırlar! Niyə?! Çünki başda Mir Cəfər Bağırovun "internasiyonal"çı heyvandı, ayaqda da sən - sovet sədri Qılınc Qurban! Köpəyoğlusan indi əgər məni öz əlinnən güllələməsən!

Qılıncımızın dodaqları titrəyirdi.
- Ağzından nə çıxdığını bilmirsən! Günü bu gün çatdıracaqlar Bağırova! Tək özünü yox, belə ərrik boylu gözəl-gözəl qızlarını da güdaza verirsən, Cəbrayıl! Xəbərdarlıq eləyirəm, arvad-uşağını da damlıyacaqlar! Başlarına pis iş açacaqlar! Ayıl! Yoldaş Bağırovun adresinə dediyinə görə üzr istə bu dəqiqə!
Arabanın yanından Mehbalı əminin səsi gəldi:
- Düz deyir Qurban! Ağlını başına yığ, üzr istə!
Qurban əmi pencəyinin cibindən papiros qutusu çıxartdı, açıb irəli uzatdı.
- Al! Çək! Özünə gəl! Mir Cəfər Bağırov söyülməli adam deyil! Üzr istə!
Cəbrayıl üzünü kənara tutdu.
- Heç başa düşəmmirəm, vuruşmalarda igidliyinnən bu qorxaqlığın necə uyuşur. Mənim arvad-uşağımın yox, özüyün tutulmağından qorxursan! Tülkü!
Qurban əmi papiros yandırıb müşdüyü Cəbrayılın dodalarının arasına soxdu.
- "Şura iti" dedin, dözdüm. "Tülkü" deyirsən Qılınc Qurbana, buna da dözürəm. Özümə görə yox, mən bu camaata görə qorxuram, Cəbrayıl. Asta danışıram indi, eşidən olmasın. Qulağını bəri tut. Muxtarnan Tahir niyə elə tez-tələs ərizə verib könüllü getdilər müharibəyə? Deyəcəksən onlar da sən təki beyinsiz bolşevikdilər? Xeyr, elə deyil, Cəbrayıl! Sultan deyir Bağırovun sağında, solunda oturan Markaryannan Qriqoryan otuz yeddi-otuz səkkizinci illərdə öz əllərinnən güllələyiblər bizim "Hümmət"çiləri! Naxırçı Məsinin - Musa bəyin gəlib burda binələnməyi qurğuymuş deyir Sultan. Qəsdən toxunmayıblar bu "Hümmət"çi bəyə ki, sovetliyi antisovet elan eləsinlər, Sibirə, Qazaxıstana sürsünlər. Bütün Azərbaycanda bu cür qurğuları var, deyir, Markaryannan Qriqoryanın! Cəbrayıl mənim sağ əlimdi deyir Sultan, ona görə ləkələdilər, deyir. Muxtarnan Tahir qalsaydılar, onları da ləkəliyəcəydilər, deyir. Sən ki bilirsən bunun hamısını. Niyə artıq söz danışırsan?!
Cəbrayıl papirosu tez-tez sümürüb, tüstüdon boğula-boğula:
- Mənim günahsızlığımı qandır bu qanmazlara! - dedi. - "Cəmdəyə tüpürmək"-filan söhbətini də yığışdır! Bəsdi milləti ağzı otlu heyvana döndərdiyimiz! Həqiqəti aç bu qardaşlara, tanısınlar düşmənlərimizi!
Bir az sükut oldu.
Qurban əmi nə isə düşünüb-daşınıb, sonra birdən yenə qılınclaşdı.
- Xəbərdarlığımı qanmadın, Cəbrayıl! İşin üstünü açsan, bil ki, doğrudan da öz əlimnən gülləliyərəm səni! Sən də öl, Sürməlimiz də ölsün, bu cavanlar buynuzlularnan döyüşə girişib güdaza getməsinlər!
Cəbrayıl lap boğulub papirosu da sınıq firənginin yanma atıb, xıncıb elə bil acığını soyutmağa çalışdı.
- Tək bu cavanlar yox, hamı bilməlidi həqiqəti! Elliknən ayağa qalxmalıyıq! Sultanın başçılığıynan, hökumətin özünün kağız üzərində qalan qanunlarına əsaslana-əsaslana hər yerə yazmalıyıq, mübarizə eləməliyik! Yuxanda Mikoyandan, Markaryandan, Qriqor-yandan, aşağıda burdakı qudurmuş qaniçənlərdən xilas olmalıyıq, ya da elliknən sürgünə getməliyik!

Bu sözlər də Cəbrayılla Sultan Əmirlinin "Nəqşi-bəndi alimliyi" kimi, elə gözlənilməz və maraqlı idi ki, bütün camaatla birlikdə hətta qardaşını qucağına sıxıb buraxmayan Cümrünün qolları arasında Tapdıq da gözlərini Cəbrayıla dikib duruxub, yəqin soruşmaq istəyirdi ki, o nə həqiqətdir, biz qardaşlar nəyi bilməliyik?
Əmma heç kəs dillənmədi.
Cəbrayıl özü dedi:
- Eşidin! Ağsaqqallı, qarasaqqallı, uşaqlı, böyüklü, oğlanlı, qızlı, hamı eşitsin, bilsin. Stalinin sağ əli, vəzifəsi "xalq komisarı", özü xalq düşməni Mikoyanın başçılığıynan bütün əhalimizin sürülməsi haqqında qərar hazırlanıb Ali Baş Komandanın təsdiqinə verilib. Biz Nəqşi-bəndi alimləri, haman bu bədbəxt Dağdağanımızın köməyiynən Türkiyəyə məktub göndərdik. Türkiyədən SSRİ-nin müttəfiqləri İngiltərəyə, Amerikaya yazıblar, müttəfiqlər də Stalinə yazıblar ki, Azərbaycan xalqı İrana, Ermənistana, Gürcüstana, Rusiyaya verilən torpaqlarının qaytarılmasını tələb eləyir. Stalin yaralı ilana dönüb, Bağırovun üstünə qışqırıb ki, bu tələbnamənin təşkilatçılarının "milli dişi"*, yəni milli qeyrəti sındırılmalıdı. Odu ki, gözünüzün qabağında belə bədbəxtliklər baş verir. Arvadından savayı zənənə gözünün ucuynan da baxmıyan Cəbrayıl öz silahdaşı, dostu Muxtarın arvadını zorlayır, Muxtarın oğulları da başlarına dəstə yığıb Cəbrayılın qəsdinə dururlar! Kimdi bu işin təşkilatçısı? Bədbəxt "vərəmli gədə" naxırçı Məsi baxtına kor olub o damın belində şümşəd çala-çala əcəl gözləyirdi. Niyə bəy paltarı geyindi birdən-birə?! Niyə Nəqşi-bəndi havamı çaldı, niyə dedi "Stalinin buynuzu var?!"

*Rusca "националъный зуб"dan hərfi tərcümə



Qurban əmi Cəbrayılın çənəsinin altına gəlmişdi.
- Bəsdi! Bəsdi! Bəsdi! - deyirdi.
- Mən sənin komandirinəm, əmr eləyirəm! Səsini kəs! - deyirdi. Cəbrayıl daha da kükrəyirdi:

- Eşidin! Bilin! Lenini öldürən də o buynuzludu! Nərimanımızı öldürən də odu! Erməniləri qabağa verib "Hümmət"çiləri qırdıran da odu! "Cəmdəyə tüpürmək" nədi?! Musa bəynən Dağdağan Alını bu torpaqdan kənara verməməlisiniz! Qəbirləri ziyarətgah olmalıdı!..
Atamın revolveri kəmərin altından çıxanda mən, özümü dəhşətə gətirən dəhşətlə qışqırdım:
- Qurban əmi! O tapançanı düşmənə atarmış atam! Vurma Cəbrayılı! Vurma! Düşmən kəsilərik sənə! Hamılıqnan düşmən kəsilərik!

Mənə elə gəlir ki, məhz mənim dəhşətli qışqırtıma görə tapançanın lüləsi tərsinə çevrildi, güllə əvəzinə dəmir "rukoyadka" -dəstək Cəbrayılın yaralı üzünə şırımın üstünə çaxıldı.
Tozun içinə elə bil tir döşəndi.
Qızlar hönkürüşdülər.
Qılınc revolveri yenə kəmərinin altına taxıb, qocalara: - Çəkilin ordan! it leşləri təki sürütdürəcəm yernən bu itlərin meyitlərini! -dedi.

Və dediyini elədi: sarı-qızılı çəkmələrlə Dağdağanlı dağın yovşanlıqlarında bozarmış qara xrom çəkmələri yolun qırağına tulazlayıb meyitlərin ayaqlarına çatı bağladdar və doğrudan da "it leşləri təki" çəkib, tappıltı ilə yerə salıb, arabanın dalınca sürüdülər. Mən yalnız o çatılı ayaqları gördüm. Batalyon üzvləri ilə atlarının ayaqlarından çıxan toz dumanı yolun sağ-solunda camaatı da dumana bürüdü.
Araba xeyli aralanandan sonra da hamı dirək-dirək quruyub qalmışdı. Tərpənən yalnız yara üstündən yara alıb, toz-torpaq içində oturan Cəbrayılla qızları, Revaz, bir də səssiz-səmirsiz surə oxuya-oxuya əlini üzünə çəkən, səlavat çevirən Mehbalı əmi idi. Nal tappıltıları aralanandan sonra sükutu birinci pozan da Mehbalı əmi oldu; surəsini oxuyub qurtarıb, qəfildən qollarını qaldırıb əllərini şappıltı ilə dizlərinə çırpdı, üzünü göyə tutub, hönkürtü ilə Allahı çağırdı:
- Ay gözəgörünməz! Ay gözəgörünməz! - dedi. - Yaxşıynan yamanı gözün seçmirmi, ay gözəgörünməz?! Nə vaxta qədər pisin əli yaxşının üstündə olacaq?!
Cəbrayıl ağır-ağır başını bulayırdı.
- Gözəgörünməz cavab versəydi nə dərdimiz olardı, ay ağsaqqal! - dedi. - Həqiqəti gizlətməyin bu cavanlardan! Qılıncımız kəsir mənim dilimi. Söylünü də qorxudub: "Oğullarını güdaza vermə!" - deyib. Bədbəxtliyimizin şahidini də qorxudub: "Dilini dişinnən tut!" - deyib. Həqiqət açılmasa, belə ağır günah sahibi, əxlaqsız, murdar adam sədrlik eləyə bilərmi burda?! Pambıq çöldə qalıb! Şum dənsiz qalıb! Mühasiblikdə iş getmir! Svodka göndərən, çek yazdıran, bankdan pul alan yoxdu! Qış qapının ağzını alıb. Tək quru qarğıdalıynan necə dolanacaq bu heyvanat?! Evləri gəzmişəm bircə-bircə, sabun almağa da imkan qalmayıb! Uşaqların canına bit daraşıb! Arpa çörəyi yeməkdən bağırsaqlan quruyub hamısının. Budu, Revazı danışdırın, görün necə bədbəxtsiniz!
Mehbalı əmi də elə hey başını bulayırdı.
- Düzəlmiyəcək, ay bala. Düzəlmiyəcək, düzəlmiyəcək, -deyirdi.
Cəbrayıl onun sözünü kəsib qışqırdı:
- Necə yəni "düzəlmiyəcək?!" Niyə düzəlməsin?! Mehbalı əmi yavaş-yavaş yaxın gəldi.
- Çünki pis adamlar var, ay bala. Pis adamlar var, - dedi. Cəbrayıl kiçik qızı Bala Nisənin güc-bəla ilə bükdüyü eşməni Revazın eşməsinin odundan yandırıb, sağlam əlilə həkimin çiynindən tutub ayağa qalxdı.
- Bu gün neçə dəfədi təhqir eləyirəm sizi. "Heyvanat" deyirəm, dillənmirsiniz! Bu qədər məzlumlaşmaq olmaz! Bəri yığışın. Özüm danışım hər şeyi. Başımıza açılan oyunu lap açıq danışacam! Sonra gedin Söylünü danışdırın, görün necə "evləndiriblər" bizi!..

Araba səmtində, toz-duman altında beşaçılan guruldadı. Demə Qılıncımızın qulağı biz tərəfdə imiş. Uzaqdan-uzağa qışqırdı:
-Nə çərənləyirsən orda?! - dedi. - Sənin sədrliyə qaytarılmağın səhvdi! Başın beşdi, nədi sənin, kimə böhtan atırsan?!
Yenə hamı dirək-dirək qurudu. Yenə sükut çökdü...


KİŞİLƏR

Gün batdı. Təzələnmiş ay da batdı. "Razvedçik" təyyarənin dərin göy dərinliyində növbəti arı vızıltısından və zenit toplarının növbəti gurultularından sonra Qılıncımızın əmri ilə pəncərələr qara pərdə tutulduğuna görə kəndə elə zülmət çökdü ki, yol tərəfdən ayaqlarını sürüyə-sürüyə gəlib eyvanda qarşımda dayanan adam səsini çıxardana qədər qaraltısını tanıyammadım.
- Məsinin damına köçmüşəm. - dedi. - Cümrünü buraxmadı Mehbalı əmi. Xəbərimiz olmayıb, tək qalanda özünü döyür qağam... O firəngini boş-boşuna itiləməyibmiş. Ağsaqqallar yollarda sağ-soluynan gedib-gəldikləri vaxtdan bilirmişlər ki, qağam özünü öldürmək istəyir... Qorxma. Bir dəqiqə də gözdən qoymur Mehbalı əmi. Deyir: "çox danlayıram, qəmlənir, yumşalır, tütək çalır, ağlayır..."

Anam, yəqin ki, Tapdığın səsini eşidib qapını açdı.
Kim isə bazara gedəndə bizim neft qabını da aparıb doldurub gətirmişdi. Əmma anam, hətta belə qaranlıqda da, Şöşünü yatırandan sonra o dəqiqə lampamızın fitilini aşağı çəkirdi; kolxozdan pul paylanmağına ümidi yoxdu, atamın məvaciblərindən "qırtıb yığdığı" pul isə, dediyinə görə, "qəpik-quruş" qalmışdı; fıtili lap axşamdan endirib neftə qənaət eləməkdən başqa çarəsi yoxdu. Yalnız qonum-qonşu, tanış-biliş gələndə fitili qaldırıb qapını açırdı ki, eyvana işıq düşsün, gələn adamı görsün, soyğunçu dayı-filan kimilərini evə buraxmayıb elə eyvanda danışsın.
Tapdığı, əlbəttə, içəri çağırdı.
Tapdıq getmədi.
El yolundakı hadisələrin üstündən cəmi üç-dörd saat keçdiyinə baxmayaraq, işıq zolağında elə bil tamam başqa-tanınmaz bir adam dayanmışdı: gözləri quyuya düşüb, daha da xırdalaşıb, elə bil hətta qaralığını itirib bozarmışdı. Zarafatla "kartof' elədiyimiz bir az yumrutəhər burnunun sağ-solundan çənəsinin sağ-soluna doğru iki uzun xət-qırış əmələ gəlib Tapdığın yaşını birdən-birə beş-altı yaş artırıb, əməlli-başlı dünyagörmüş adama döndərmişdi. Hətta səsi də durub-toxtamış adam səsi idi - dərdli, yorğun:
- İki aydan çoxdu canıma su dəymir. Dəyişəyim orda qalıb, Əsmət xala. Lap ölürəm... nurunun dəyişəyindən bir dəst... vedrə, dolça... bir də, mümkünsə, qara çırağınızı ver bu gecəliyə. Sabah Ağtəpədən alaram, sizinkini qaytarram.

Anamın dodaqları tir-tir əsdi. Gözlərindən yaş ələndi. Beləcə, səssiz-səmirsiz ağlaya-ağlaya evlə çardağın arasında vurnuxdu. On-on beş dəqiqə də çəkmədi ki, üç tərəfinə qarğıdalı şaxı döşəyib xırdaca otağa çevirdiyimiz çardağın altında ocaq qalayıb, qazanda su qızdırdı. Payız, qış aylarında dördüncü tərəfıni kilimlə örtüb hamam elədiyimiz çardaq çimmək üçün hazır olanda Tapdıq, barmaqlarının arasında gödəlmiş eşməni yerə atıb birdən-birə, bayaqkı səsin əksinə, lap körpə uşaq səsi çıxara-çıxara ağlayıb, anamın əllərindən yapışdı, gah bu, gah o biri əlini öpə-öpə yalvardı:

- Bağışla! Bağışla, əziyyət verirəm, Əsmət xala. Məlik danışdı hər şeyi. Sonra da Revaz doxdur gəldi danışdı. Bilirəm indi, necə olub. Əmbə mən qayıdammaram daha o evə. Məlik "anan", "anan" deyəndə başımdan ağrı qalxdı. Ana deyəmmərəm mən daha ona, Əsmət xala. Heç bir günahı olmasa da üzünə baxammaram daha... Mehbalı əminin qarısı əldən-ayaqdan düşüb. Deyinir. "Özüm-özümə yüküydüm. qardaşın da bir yandan yük oldu, çəkəmmirəm" dedi, öldüm yerə girdim. Burya da ölə-ölə gəldim! İt iyi verir paltarım! Bağışla məni, ayağıyın altında ölüm, Əsmət xala! Bircə bu gün çək əziyyətimi. Sabah sabun da alıb qoyacam o dama. Vanna, qazan, qab-qacaq, hər şey yığacam ora, qağamı da aparacam...

Yazıq anam nə qədər ağladı! Nə qədər yalvarıb-yaxardı ki, Tapdıq dama-zada getməsin, elə burda - bizdə qalsın, qarıya yük olursa, Cümrü də gəlsin; Muxtar Əlmədədoğlunun ailəsilə direktor Tahirin ailəsi elə həmişə birevli olub, indi də olsun; Tapdıq razılaşmadı. Çimib, qurulanıb, mənim iki dəst alt paltarımdan birini, özünün üst paltarını - "kotana", yəni işə geyindiyi köhnə, qalın boz köynəklə köhnə, boz kəstümünü geyinib, anasının qara ipək saçı kimi yumşaq, uzun saçını arxaya darayıb, armud qaxı ilə yarpız çayı içəndən sonra, qarnı kürəyinə yapışdığına baxmayaraq, bir tikə də çörək yeməyib qara çırağın fitilini ocaqdan yandırıb getdi.

Çırağın yelləndikcə uzanıb gödələn alovu yol boyunca uzaqlaşıb, sağa burulub Məsinin damının qabağında yoxa çıxana qədər balkonda dayanıb, arada bir qədər yadlaşandan sonra yenidən doğmalaşmış qardaşlığımın dalınca boylandım.
Şöşü içəridə zıqqıldayırdı. Qara inək, eynilə keçənilki kimi, sentyabrın əvvəlində buğaya gedib öynəlik-gündəlik südünü bir litrə endirəndən sonra anam qatığı daha tavada yox, yarımlitrlik bankada çalırdı, qalan yarım litr südü isə Şöşü ilə mənim aramda bölüb, qaqaşımın tələbatı çox olanda paylarımıza su qatdığına görə axşamlar bu vaxtlar yarıyuxulu zıqqddayıb "pipi, pipi" deyirdi ki, "pipi"sini eləyəndən sonra daş kimi düşüb, bir də düz saat üçdə oyanıb "pəpə, pəpə"sini desin, arpa çörəyinin acılığını elə bil əlində hiss eləyib, yerə atıb, növbəti ağlamağını da ağlayıb yorulub yatsın.

"Zıqqıldayırdı" deyirəm. Əslində, "zıqqıltı" nədir, elə bil haray təpirdi ki, nə qədər qatıq, süd doğraması yemək olar?! Nə qədər "unnuca" dovğası içmək olar?! Nə qədər "pəpə" gözləmək olar?!
Beynimdəki bu haraya qapılıb, dalınca boylandığım çıraq işığını unutmuşdum. Əmma birdən yenə uzanan, gödələn alov gördüm: kəndin harasındansa gedib damın qabağında yox oldu, yəni dama girdi. Sonra bir elə alov da gördüm. Sonra birini də! Daha sonra birini də! Bu nə idi?! Məsinin damında nə baş vermişdi ki, belə zül-mət içində o qədər gedən vardı?!
Çıraqsız getmək çətin olsa da, yerimdən qopub yüyürdüm.
- Ay bala! Hara?.. - Anam idi. "Cehizliyim" adlandırdığı, "yeləni", yəni dörd dövrəsi və "gölü", yəni ortası qara xaçlarla bəzənmiş san kilimin arasına yorğan-döşək büküb mənim qucağıma qoydu.
- Apar, - dedi.
Yüyürüb, El yolu ilə getdiyimi ayaqlarımın altında qalan toz yumşaqlığından bilə-bilə Məsinin damı səmtinə çatıb o yana keçdiyimi qoşa kərənlərin ağartısından görüb, bir az geri qayıdıb alçaq, dar çardağa çatanda ürəyim çapaladı: damın-qazmanın dərinliyində on-on beş qara çıraq alovlanırdı. Alovların ara-bərəsi adamla dolu idi.
Yüyürüb özümü içəri saldım və... nə gördüm? Qalayçıoğlunun briqadasının kotançıları, bütün "kişilər", hərəsinin yanında bir palaz, kilim, yorğan-döşək, qab-qacaq, maddım-maddım mənə baxırdılar.
Birdən Məlik pıqqıldadı. Bunun ardınca hamısı şaqqıldaşıb güldü. Məni də gülmək tutdu.
Məlik xüsusi ləzzətlə gülürdü.
- Hamısı yorğan-döşək, qab-qacaq gətirib. Birinin də yadına düşməyib ki, yemək gətirsin. Tahirli kənd komsomol təşkilatı adından həm təşəkkür elan edirəm hamınıza, həm töhmət elan edirəm, həm də təklif edirəm ki, səhvimizi düzəldək.
Heç yarım saat da çəkmədi ki, Bolu çaxır "boçka"sını alverçi Xeyrənin evində "silələmə doldurub" damcılada-damcılada gətirib damdakı orta dirəyin dibinə söykədi. İki camışları sağıldığına görə kənddə hamıdan varlı sayılan Qaralar - Həbəş Qara ilə kiçik qardaşı Qora bir ləyən dolusu "duzunu yemiş", yəni bərkimiş pendirlə beş dənə kəhrəba kimi sapsarı qarğıdalı cadı gətirib süfrə açdılar. Qalayçıoğlunun özü kimi uzun-hoqqar oğlu Ləzgi bir qazan qarğıdalı, lobya hədiyi gətirib kəl boyunları kimi qalın qabarlı əllərini qaynar qazana basa-basa hərənin qabağına bir qoşaovuc hədik qoydu, cibindən dədəsinin köhnə tütün torbası dolusu göy duz çıxarıb, Məsinin qara ocaq daşları, ağ külü qalmış ocaq yerinə baxa-baxa susan Tapdığı dümsüklədi.
- Anam tapşırdı ki, duzu mıxdan-zaddan assın, yerdə qalsa nəm çəkər, - dedi. - Dədəm də tapşırdı ki, gecə burda sənin yanında qalım.
Ləzginin bu sözlərindən sonra Məlik yenə pıqqıldadı.
- İndi ki, bu qədər palaz-malaz, yorğun-döşək, qab-qacaq-filan gətirilib, təklif var ki, elə hamımız burda qalaq!
Bolu dedi:
- Hələ bir stəkanlarınızı hortdadın! Mısmırıqlı müəllim oğlunun suyu sıçrayıb Tapdığa, o da mısmırıqlı olub. İçək onun sağlığına, qaş-qabağı açılsın!
Qalın, qara dodaqlarını biri-birindən aralamayan Həbəş Qara da ağzını açdı:
- Biz səni nə təhər istəyirik Allah da elə istəsin, ay sədr oğlu. Məndən olsaydı, vallah, elə sənin özünü sədr seçərdik öz aramızda, - dedi.

Və kiçik qardaşına göz-qaş elədi ki, o da bir söz desin. Qora isə, həmişə, hər yerdə olduğu kimi, böyük qardaşının sözünü təkrar elədi:
- Vallah, elə səni sədr seçək, ay Tapdıq. Qara Qoranın səhvini düzəltdi:
- Aramızda sədr!
- Hə, öz aramızda! Məlik dedi:
- Kim razıdı, əlini qaldırsın! Bolu dedi:
- Hortdadın! Sədrimizin sağlığına!
"Kişilər"in bu sözləri və bundan əlavə çoxlu sözləri beynimə həkk olunub. Çünki bu gecə damda səslənən bu adi sözlərdə qeyri-adi qayğı vardı. Hamıya, hər şeyə diqqət yetirən "mısmırışlı müəllim oğlu"ndan başqa, bütün "kişilər" danışırdı.
Tapdıq isə gözlərini ocaq yerinə zilləyib dillənmirdi.
Çiməndən sonra payız gecəsinin soyuğundan soyuqlamış kimi tez-tez öskürürdü. Əlini yavaşca uzadıb qara-qırmızı çaxırla dolu stəkanı götürdü.
- Məsinin ruhunun sağlığına, - dedi. Bir az susub, sonra:
- Məsiynən Dağdağanın ruhlarının sağlığına, - dedi. Bir az da susub, sonra:

-Qara kağızı gələnlərimizin... qırılan diviziyada qırılanlarımızın hamısının ruhlarının sağlığına, - dedi.
Ruh sağlığına içəndə stəkanı-stəkana vurmaq əvəzinə, stəkan tutan əllərinin arxalarını bir-birinə vuran ağsaqqalarımızın adətinə ciddi riayətlə, sükut içində içib, məclisimizi belə gözlənilməz axara salan hörmətli sədr oğlunun çörək kəsməyini gözlədik ki, biz də çörək kəsək. Əmma, demə, damın girəcəyində dayanıb bizə fikir verən varmış.
Cəbrayıl idi.
Dar, alçaq girəcəkdə başını əyə-əyə içəri endi.
- Ayılırsınız! - dedi. - Yoldakı o "it leşi"-filan söz-söhbətindən sonra Məsinin, Dağdağan Alının ruhlarının şərəfinə içirsinizsə, deməli, yaxşını yamandan seçirsiniz.

Üzü eynilə xırman yerindəki kimi sarıqlı idi. Sarğı başının üstündən, sol qulağının dalından gəlib çənəsini sıxdığına görə, yaralı tənzifli əlini üzünə tutub sağ əlində eşməni dodaqlarına söykəyib, tez-tez, az-az çəkirdi.
- Mən sizdən hörmət-izzət gözləmirəm. Daha doğrusu, istəmirəm mənim hörmətimi saxlıyasınız. Çünki ağsaqqalınızın dediyi pis adamlardan da pisəm mən. Eşidin, qulağınızda qalsın: "kirvə erməni", "dost erməni" deyə-deyə casusu ocağının başında oturdan millətə nifrinim var mənim! Nəqşi-bəndi alimindən soruşublar: "Düşmənin kimdi?" Deyib: "Kim cahildi. odu düşmənim". Bir vaxt gələcək, yaşa dolanda siz də nifrət eliyəcəksiniz öz doğma xalqınıza! Bax o vaxt adam olub yavaş-yavaş qanacaqsınız müsibətlərimizin səbəblərini...
Məlik, bir gözü Tapdıqda, Cəbrayılın sözünü kəsdi:
- Başa düşmüşük... Bilirik hər şeyi... Cəbrayıl çox kəskin:
- Yox! - dedi. - Siz hələ heç nə bilmirsiniz!.. Məsinin bu balaca damında dünya dolusu sirr var. Müharibə xeyirliknən qurtarsa, məktəbə qayıtsanız, bu dam da o vaxta qədər salamat qalsa, açaram burdakı sirrləri, onda deyərsiniz: "Bilirik hər şeyi..." Gördüm yığışırsınız, gəldim deyim ki, işə çıxmasanız pis rəftar eliyəcəm siznən. Çox pis!.. Döşünüzə önlük bağlamalısınız, analarınıznan, bacılarınıznan bir yerdə, səhər gün doğmamış sahədə olmalısınız. Adambaşı yüz kilo pambıq yığmamış çıxmıyacaqsınız kolun arasından. Bu on beş nəfərdən sabah axşam Zibeydənin anbarının qabağında ton yarım pambıq təhvil almalıyam mən. Gecəynən rayona svodka verməliyəm yığım barədə, səhərisi gedib toxumluq tələb eləməliyəm ki, çisəkli günlərdə pambıq islaq olsa, yığım dayansa səpinə gedəsiniz!.. Yük sizin belinizdədi. Neyləyək! Muxtar, Tahir, mən, ÇTZ deyilən İskəndər Qılınc Qurbanın otryadına qoşulub döyüşə gedəndə sizdən yaşlı deyildik. Baxtımız gətirmədi, Nərimanov əlimizdən getdi, pis adamlar daraşdılar stollara. Pislərin əmriynən yaxşılarımızı güdaza veririk indi. Bizim taleyimizdən ibrət götürün! Dara düşəndə bax bu cür yığışın, tutun bir-birinizi, dayaq olun!.. Qılıncımız bir yandan kəsir, siz də bir yandan. Bir dəfə boğazıma güllə sıxdım, bir də sıxım, nə olsun?! Azdan-çoxdan ağlınız varsa, fikirləşin, məndən də, Qılıncımızdan da betər gözü kölgəli, vicdanı ləkəli qalarsınız!..
Demə, girəcəyə bir adam da gəlibmiş.
- Məni özünə tay eləmə! - dedi.
Qılıncımız idi; sol əli sol döşündə - tüfəngin qayışında, sağ əli asta-asta çəkməsinin boğazına çırpılan şallağın dəstəyində, bizə, süfrəmizə baxırdı.
Bir də dedi:
- Tay eləmə məni özünə!
Aşağı endi, qayışı çiynindən çıxartmağı ilə tüfəngin küpünü "boçka"ya çırpmağı bir oldu; "boçka" çilik-çilik dağıldı, qara-qırmızı çaxır sellənib, hələ əlimizi də vurmadığımız "cad"ları, pendiri, hədiyi də qara-qırmızı boyadı.
- Yaz başmın işıldaquşu təki işıldaşa-işıldaşa yığışırsınız naxırçı bəyin damına! Bu boyda kənddə bir nəfərin də xəbəri yoxdu ki, gecələr bu damın bacası pusulurdu. Pusquçu Dağdağanın qohum-əqrabalarının sinfi düşmənnən pıç-pıçlarına qulaq verib burdan gedirdi Qonaqlı meşəsində vayenni çastın komandirinin telefonunu zırıldadırdı: "Alyo! NKVD-ni ver!" Bəyənmədiyin Qılınc Qurban xəbərdar elədi bura yığışan qanmaz uzunqulaqları! Qılınc Qurban qaçırtdı istəkli Məsinizi!.. Mən bilmirəm, Cəbrayıl, sən nə vaxt qanacaqsan ki, bu hökumətnən gizlənpaç oynamaq olmaz! Nə vaxt qanacaqsan ki, vayenni vremyadı, vayenni tribunal zəmanəsidi?! Yazıq canım, gecələr sənin o təzə məskəniyin həyətində samovarın trubasından çıxan qığılcımı da gözdən qaçırtmırdım ki, çuğul görər qığılcımı, deyər gedim görüm kimdi Cəbrayılın qonağı! Söylüyə neçə dəfə xəbərdarlıq eləmişəm ki, naxırçını evə çağırmasın Cəbrayıl, çağırsa da tez yola salsın. Qaçırtmasaydım, batalyonu sənnən bir yerdə üstünə aparmasaydım, bilirsənmi nolardı?! Eşalondaydı indi bu kənd, sənnən, mənnən, bu yetim-yesirlərnən bir yerdə tırıqqa-tırıq yol gedirdik indi Sibirə!.. Dəridən çıxdım mən bu işi axıra çatdırana qədər! Əmbə indi sən genə xataya salırsan camaatı! Necə yəni "ayılırsınız?!" Ayıldıb bu bədbəxtləri də özün təki antisovet eliyəcəksən?! Çıx burdan! Hamı çıxsın! Qapını bağlayıram! Bir də ayağınız dəyməsin bu xarabaya!

Cəbrayıl tənzifli əlini tənzifli üzünə söykəyib, başını endirib birdən-birə qəmlənmişdi. Daha bir kəlmə də deməyib, dönüb ağır-ağır çıxdı.
Sonra biz palazları, yorğan-döşəyi, qab-qacağı yığışdırmağa başladıq. Yalnız çıraqları da yerdən, harmalardan götürüb qapıya meyllənəndə gördük Tapdıq bayaqdan necə oturmuşdusa, eləcə də oturur və qalxmaq fikrində deyil.
Qılıncımız:
- Qalx! - dedi.
Tapdıq yenə tərpənmədi.
Məlik qoltuğundakı yüngül yorğan-döşəyi, əlindəki çırağı yerə qoyub, təhlükənin qabağını almağa tələsib, özünü Tapdığın üstünə saldı.
- Qurbanın olum, qalx gedək! - dedi. Tapdıq yenə tərpənmədi.

Daha elə pis, qorxunc sükut çökdü ki, mən hətta eşikdə boz atın fınxırıb ağzında yüyənin gəmini cingildətdiyini eşitdim və bundan daha da vahimələndim; dəfələrlə görmüşdüm ki, sahibi əlini, şallağını, tüfəngini işə salmağa hazırlaşanda boz at həsmişə tez-tez fınxırıb yüyənin gəmini çeynəyirdi. Fınxırtı, cingilti təkrar olundu. Mənim vahiməm lap həddini aşdı, yəqin elə buna görə də birinci kişiliyi mən göstərdim: əlim-qolum titrəyə-titrəyə yeriyib Tapdığın böyründə oturdum.
- Mən də çıxmıram! - dedim.
İkinci kişiliyi Qalayçıoğlunun oğlu Ləzgi göstərdi: gəlib Tapdığın o biri tərəfində oturdu.
- Mən də çıxmıram! - dedi.

Bayaq Cəbrayılın sifəti necə ağarmışdısa, indi Məlik də elə ağardı. Yerindən atılıb, Qılıncımızın əlini qamarlayıb tüfəngin qayışının üstündə dönə-dönə öpməyə başladı:
- Qurbanın olum, Qurban əmi, hirslənmə! Cəbrayıla söz vermişik, gün doğmamış sahədə olacayıq, adama yüz kilo yığmamış çıxmayacayıq kolun arasından! Səpin də bizim boynumuzdadı! Qapılarımızdan yığdığımız qarğıdalı çox nəmdi. Evlərə odun daşımalıyıq ki, peç qalasın, hamı, qarğıdalını qurutsun, dəyirmanlıq eləsin. Bütün kəndə odun yarmaq asan deyil, Qurban əmi! Uşaqların xətrinə dəymə, qurbanın olum!
Ömrümdə Məliki belə görməmişdim. Həmişə böyüklərin sözlərinə qüvvət verə-verə özünü də böyük adam yerinə qoyan Müxbir əməlli-başlı ağlayırdı.
Qılıncımız əlini qayışdan çəkmədən Məlikin əlini dala itələdi.
- Bu damda adam qalmamalıdı! O gorbagorun sözü-söhbəti olmamalıdı! Ümumiyyətnən, Məsi, Musa deyilənin izi-tozu da silinməlidi bu kənddən! O tütəkləri də yığışdaracam, ocağa tökəcəm!
- Tütəkləri də?! - Tapdıq idi. Başını qaldırıb ağır-ağır, bircə-bircə bizi gözdən keçirdi.
- Bu kişi nə dediyidi?! Verərsinizmi tütəkləri?!
Yenə həmin pis, qorxunc sükut çökdü. Yenə də fınxırtı, cingilti eşidildi.
Bu dəfə də birinci mən kişilik elədim:
- Tütəkləri vermərik, Qurban əmi, - dedim. Sonra Bolu kişilik elədi:

- Bacılarımın boğazından kəsib cad satmışdım poyezd ayağında, pul yığmışdım ki, dəyişək alım uşaqlara. Çaxıra verdim! Çaxıra ki, Muxtar Əlmədədoğlunun yurdunda qalan oğlunun dərdini dağıdaq burda! Vurdun sındırdın boçkanı. Ömrümdə yadımdan çıxmıyacaq sənin bu qətrəhmliyin, Qurban əmi!
Bolu da oturdu.
Vahiməli sükut uzandıqca uzandı.
Uşaqlar dinməz-söyləməz, biri-birinin ardınca palazlan, yorğan-döşəkləri yerə, çıraqları harmaya qoyub oturduqca Qılıncımız da dinməz-söyləməz, ona-buna baxırdı.
Axırda lap astadan, Qılınca yaraşmayan boğuq, hətta elə bil qəhərli səslə:
- Sürüləcəyik... Qoymazlar qalaq. Sürəcəklər! - dedi. Birdən-birə yorulmuş, lap üzülmüş kimi hıqqıltı ilə əyilib dirəyin dibinə çökdü. Pencəyin qoyun cibindən "palazqulaq" deyilən uzun-uzun qara yüzlüklər çıxarıb Bolunun dizlərinin üstünə atdı.
- Xeyrə arvadın özündə var bu boçkalardan. Yaxşı çörəyi, konservası-zadı da var o soyğuncu qancığın. Al gətir... Qılıncımı sındırdınız, bu gecə içəcəm siznən!

Beləcə, vahimə şadlıqla əvəz olundu.
Əmma bu şadlığın ömrü bircə gecəlik idi.
Səhər, hələ gün doğmamış, sədrin Qalayçıoğluna "naryad"ından* məlum oldu ki, yığılan pambığın sahədən daşınması üçün təmir edilən arabalarından birini Tapdıqla mənə, birini də Məliklə Boluya veriblər ki, "qapılara" - həyətlərə odun paylayaq və qurudulub "dəyirmənlik" olan qarğıdalının ununu dəyirməndə "nobat"a, yəni növbəyə qoyub üyündükcə ləngitmədən sahiblərinə gətirək.
Bütün kənddə Revazla anamdan başqa heç kəs bilmirdi ki, mənim ürəyim balta vuran ürək deyildi. "Naryad'lı biləndə anam yaman qorxdu, istədi gedib idarədə etiraz eləsin. Qoymadım.

* Gündəlik iş üçün rəsmi tapşırıq.

Gündəlik iş üçün rəsmi tapşırıq
- İndi elə hamı cansız deyilmi, ay ana! - dedim və eyni zamanda fikirləşdim ki, düz demirəm; səhərdən axşamacan əlinə keçəni ağzına təpən gombul Həbəş Qara ilə ona-buna odun yarmaqdan dəmirə dönmüş quru Qaranın əvəzində, odunun Tapdıqla mənə tapşırılması səhvdir. "İdarə həyəti adlanan", ətrafı taxta hasarh meydanda köhnə araba ələngələri, təkər, şin qırıqları arasında "hərəsi bir batman" paslı dalta yığını içindən balta, nacaq seçəndə də başa düşdüm ki, yox, bu nə mənim işimdir, nə də Tapdığın.
Dedim:
- Bəlkə sədrə deyək? Tapdıq başını buladı.
- Qılıncımızın işidi bu. Bizi qəsdən ayırıb uşaqlardan. İstər-istəməz soruşdum ki:
- Niyə?
Tapdıq hirsləndi:
- Necə niyə?! Başın var işlət, gör niyə ayırıb!
Bu hirs mənə qəribə-anlaşılmaz göründü. Əmma "başımı işlətdim" və bütün aydınlığı ilə dərk etdim ki, dünən gecə yarıdan keçənə qədər bizlə stəkan döyüşdürdüyünə baxmayaraq Qılıncımız heç də sınmayıb, əksinə, bu odunçuluğu Tapdıqla mənə cəza kəsib ki, El yolunun sağ-solunda bütün evlərə odun çatdırmaq üçün gecəni gündüzə qatıb, yoldaşlarımızdan ayrılıb təklənək, yorulub-üzülüb, Məsi, tütək, buynuz söhbətlərinə imkan tapmayaq.
"Siznən stəkan döyüşdürürəm... Unnu bəyin mülkündə nökərçilikdə hər gün belə içib lül olan bəylərin çəkmələrini çəkdiyimi, iyindən baş çatdıyan ayaqları yuduğumu görürəm. Naşükür olmayın! Sovet hökumətinin qədrini bilin! Lümbülüm-lüt proletariat balalarına məktəb verən Stalin konstusyasına*, Stalin yoldaşın özünə səcdə eləyin!.." - Nə qədər belə nəsihət eləmişdi! Və mən özlüyümdə Qılıncımızın sözünə qüvvət vermişdim ki, "kolxoz", "MTS", "politatdel", "NKVD" və sairə belə-belə şeylər camaatı cana doydursa da, hamının dilində-ağzında gəzən "ağa, bəy zülmü"nü yaddan çıxarıb, ağa, bəy düşməni Stalinin başına buynuz qondarmağımız, əlbəttə, ədalətsizlikdir.

*Konstitusiya

Kəlləri boyunduruğa qoşduq. Baltaları, nacaqları laydıra* taxıb, çörək çantalarımızı da üstündən asıb, arabanın qabaq tərəfində yanaşı oturub, bəribaşdan yorğun, könülsüz, yola düşdük.
Tapdığın çatılı qaşları, çökək sinəsi, boğuq öskürəyi, hamısı Məsi idi. Fərqi bunda idi ki, eşməni eşmənin oduna yandırırdı və bir kəlmə də demirdi.
Körpüdən keçəndə El yolundan sola burulmalı, kanal boyunca Qonaqlı meşəsinə getməli idik. Əmma kəllər bizim kotan kəllərindən olduğuna görə, vərdiş elədikləri yolla düzünə çəkdilər.
Tənək* məndə idi, sağdakı kəli vurmaq istədim ki, sola bassın.
Tapdıq, nəhayət, dillənib:
- Dəymə, - dedi. - Qoy hansı cəhənnəmə çəkir çəksin! Məni heyrət götürdü.
Dedim:
- Öz meşəmizdə quru odun yoxdu axı, ay Tapdıq. Adı meşədi, özü uzaqbaşı yüz palıd, o da sanı qoz təki, hamısı ərbeşiklərin gözünün qabağında! Bircə budaq da kəssək yeri ağappaq görünəcək. Bu boyda kənddə odun verməkmi olar ordan?
Qardaşlığım yenə anlaşdmaz oldu; yenə də qəribə hirslə:
- Olar!.. Hər şey olar! - deyib tənəyi əlimdən aldı, arabanın qolu üstündə dik qalxıb kəlləri döyəcləyə-döyəcləyə bağırmağa başladı: - Allahın, bəndənin hayıfını sizdən alacam! Gündə iki ayaq, üç ayaq yaş odun daşıyacam o xaraba meşədən bu xaraba kəndə! Doldursunlar peçlərə, üfürsünlər, ətəkləsinlər, gözləri tökülsün tüstüdən, canları çıxsın! O qırılan diviziyada qırılanlardan sonra niyə yaşasınlar burdakılar?! Adammı var burda! Düz demirlərmi ki, heyvanatdı?! Boyunduruqdadı hamısı! Hansı cəhənnəmə sürürsən sür!..

*Arabanın sağ, sol söykəkləri
* Çubuq əvəzi nazik tənək



Bağırmaqdan, öskürməkdən boğulub qolun üstünə çökdü, toz-torpaqdan bozarmış, çör-çöpdən didilib ordan-burdan dərisinin ağı çıxmış tufliləri yolun kələ-kötürlərinə dəyə-dəyə ayaqlarından düşəndə də arabanı saxlamayıb, hələ də nə isə deyirdi.
Araba gedə-gedə yerə atıldım, tufliləri götürüb, yüyürüb mindim. Yazıq Tapdıq nə hala düşmüşdü! Soyuq tər elə bürümüşdü ki, Arabanın sağ, sol söykəkləri Çubuq əvəzi nazik tənək
sifəti, boynu müşəmbələnmiş kimi işıldayırdı. Kotançılığımızın lap birinci günü şumladığımız meşəətəyi sahəyə çatanda kəllər dayandılar. Qaşlarının düyünü açılmayan qardaşlığım yerindən tərpənmədən, şumun yancağındakı yoğun, yastı-yappa palıdları göstərdi. Dedi:
- Camaatımız bu il elə bil əlini dünyadan üzüb, uzun-uzun illərin mala, qoyuna, keçiyə palıd çırpmaq vərdişini də tərgidib.
Ağaclarda yarpaqların araları palıdla dolu idi. Şabalıd kimi qonurlaşmış iri-iri palıd hətta o vəziyyətində Tapdığı da tərpətdi.
- Çırp... qara inəyin südünü artırar, - dedi.
Fikirləşdim ki, palıd çırpmağın nə mənası var? Axı, çuvaldan -kisədən-zaddan heç nə gətirməmişdik; istər-istəməz, təəccüblə üzünə baxdım. Əmma çuval, kisə barədə dilimi tərpətməyə də qoymayıb, yenə həmin qəribə hirslə:
- Nə baxırsan! - dedi.

İtaətlə başımı endirib, ayaqqabılarımı çıxarıb, şagird vaxtlarımızda "turnik"də "meymunluğumuz"u yada salıb, əlimi alçaq, sallaq budaqlardan birinə atıb, corablı ayaqlarımı qalın, cod qabıqlı gövdəyə dirəyib ağacın haçasına çıxdım, ordan da təpiklə silkələnməsi mümkün olan nazik budaqların aralarına qalxdım. Üç-dörd təpik də bəs elədi ki, yetişib ötmüş palıd qozadan çıxıb dolu kimi tarappa-tarap yağsın.
Yuxarıdan, yarpaqların aralarından baxdım ki, yer dolub, azı bir çuval palıd var.
Dedim:
- Bəsdimi?
Dedi:
- Bəsdi.
Nacaqları laydırdan çıxarıb ağacın altına tulladı. Baltalardan birini kəmərinə sancıb arabadan endi, gəlib ağır-ağır, lap üzülə-üzülə mənim yanıma çıxdı. Nəfəsini dərib əkin sahələrimizin aralarındakı şırım-şırım yaşıl güzdəklərə*, uzaq, hamar çöllərdə pambıq sahələrinin aralarında da şırım-şırım görünən yaşıllıqlara boylandı.

* Yaz başını xatırladan təzə payız otu

- Hə, müəllim oğlu, odunçu oldun! - deyib köksünü ötürəndə tamam başqa, elə bil min il görmədiyim əziz, doğma adamımın

Yaz başını xatırladan təzə payız otu üzünü gördüm: qəminə təbəssüm qarışmışdı. - Vaxt varıydı, kitab əlindən düşməzdi. "Tom Soyerin macəraları", "Dəfinələr adası", "Başsız atlı", "Kapitan qızı". Nələr, nələr!.. Dədəm də, dədən də qağamı bizdən çox istəyirdilər. Əmbə sənnən, mənnən də fəxr eləyirdilər: "Çox elmli olacaqlar bunlar, ay Tahir!" Qulağımdan getmir dədəmin sözləri... Yaman elmli olduq, ay müəllim oğlu! Qılınc Qurban qoymuyacaq oxumağa! Əmbə yaxşı tanımır o məni! Muxtar Əlmədədoğlunun Tapdığı Unnu bəyin nökərinə nökərçilik eləmiyəcək! Ağzıotdu heyvan olmaram onun qabağında! Baltanı kəmərinin altından çıxarıb yerə atdı.
- Bax belə!.. Düş arabanın içinə bir-iki qucaq ot döşüyək, palıdı yığaq dolduraq, gedək! Məlikin sözü olmasın, təklif edirəm. Razı deyibsənsə, o biri baltanı da gətir, hıqqırhahıqqır, qan-tərə bataq, düşək nacaqlan götürək, arıtdıyaq kəsdiyimizi necə lazımdı, odunçuluq eliyək, gedək Qurban əmimizin tərifinə qulaq asaq, sonra da gedək qan qusaq!..
Boz at hardan, necə gəlmişdi?! Qılıncımız cin idi, şeytan idi, nə idi ki, belə birdən-birə ağacın altında peyda olmuşdu?!
- Oduna yox... Çörəyə göndərmişik sizi... Şöşü baladan ötrü çörəyə! - dedi.
Bir az susub, sonra:
- Mənə yox, camaatınıza nökərçilik eliyəcəksiniz! - dedi. Bir az da susub, sonra:
- Qılınc Qurban nəkaradı sizi qoymasın oxumağa?! - dedi. Qardaşlığım mənə baxdı, mən qardaşlığıma. İkimiz də başımızı endirib, necə deyərlər, dirigözlü öldük. Qılıncımız deyinirdi:
- Böyük, kiçik qalmadı! Yanı milisənerli sovet sədrini də sayan yoxdu! Zor nəçənnik qənim olsun sizə! Bax elə bu yaşıl ağacı doğramağın üstündəcə həbs cəzası düşür. Bəhanə axtarır zor Zorra ki, ananızı ağlar qoysun! Ondan qoruyuram mən sizi! Özgə neynəyir bu Qılınc bədbəxt?! Düşün, palıdınızı yığın, sürün Meyvəliyə. Orda gözlüyəcəm. Ləngiməyin!
Boz at yorğa süzüb, necə səssiz gəlmişdisə, eləcə də uzaqlaşdı.
"Meyvəlik" deyilən yer də meşə idi. Kəndin ayağında məktəbimizdən o yanda sıx qaramıx, göyəm kolluqları ilə başlayıb, getdikcə qalınlaşan moruxluqdan, iydəlikdən, qızılcalıqdan ibarət idi. Yalnız orda-burda cır alma, armud, yemşən ağacları vardı ki, bu da odun üçün yaramazdı. Təəccüb içində getdik.
Qılıncımız Boz atı qalın boz otluğa buraxıb, bir kötüyün üstündə oturub, əyilib dirsəklərini dizlərinə dayayıb, başı aşağı, papiros çəkirdi.
Arabanın tıqqıltısına dikəlib bizə baxanda donub qaldıq: Qılıncımız ağlayırdı! Nə olmuşdu, nə müsibət baş vermişdi ki, Qılınc Qurbanın gözlərindən yaş çıxmışdı?! Əlbəttə, çox maraqlandıq. Əmma dillənəmmədik.
Gözlərini silmədən, qaramıxlığı, göyəmliyi göstərdi.
- Bura selavdı bir vaxt. Su çox gölləndi, iri ağaclardan biri də kökü üstə qalmadı. Baltalarınız, nacaqlarınız qalsın, girin bu selava baxın, görün nə qədər hazır odun var! Kəndin qulağının dibidi. Axşamacan üç-dörd qapıya odun verə bilərsiniz.
...Meyvəlik meşəsinin girəcəyindən düz yarım ay, gündə dörd-beş ayaq odun daşıdıq. Əmma Qılınc Qurbanın yaşlı gözləri gözlərimizin qabağından getmədi. Fürsət tapdıqca ondan-bundan soruşurduq. Heç kəs, hətta Məlik də heç nə bilmirdi. Təkcə Mehbalı əmi, yəqin ki, nə isə bildiyinə görə müəmma ilə başını yırğaladı.
- Pis adam çoxdu... çoxdu, ay bala. Pis adam!.. Qılınc Qurban təki kişiləri də ağladırlar! - dedi...








"PƏPƏ, PƏPƏ!"

Peçlərin sağ-solunda kilimlərin, palazların üstünə sərilib, quruduqca çuvallara doldurulan qarğıdalıdan dişimizə vura-vura, yəni dişləyib dəyirmənliyini yoxlaya-yoxlaya evləri gəzdik. Malyareyadan - qızdırmadan üzülüb, elə o peçlərin sağ-solunda döşəli qalıb işə çıxmayanların və Şöşübalaları olanların hərəsindən yarım çuval qarğıdalı götürüb arabamıza yükləyib, Qonaqlı meşəsində Qarasu yaxası adlanan yerdə İskəndər ağanın dəyirməninə getdik və gözlərimizin qabağından getməyən göz yaşlarının səbəbini yalnız orda bildik.

Uzun mal töyləsindən seçilməyən dəyirmənin belində Qurban əminin, Cəbrayılın pencəyinin eyni olan qara meşin pencəkdə, qara meşin şapqada, bu qaralığın arasında çox yaraşıqlı görünən sarı köynəklə sarı qalifedə və Məsinin çəkmələrini yada salan sarı-qızdı çəkmələrdə, beli patrondaşlı, çiyni qoşalülə tüfəngli, bəstəboy bir adam dayanıb diqqətlə bəriyə - yola baxırdı.
Bizim arabanın dalınca gedən arabada Məlik dəhşət içində "booy" elədi.
- Booy! Unnu bəy! Bolu qorxdu:
- Ola bilməz!
Tapdıq çuval qalıqlarının üstündən geri baxdı.
- Nə sarsaqlayırsan, ə! - dedi. - Dədəmin dilindən eşitmişəm ki, Unnu bəy otuz səkkizinci ildə Arazdan şığanıb keçib o taya. Ordan da gedib Türkiyəyə paşa olub, yəni general!
Məlik çuvallarm üstündən tappıltı ilə tullanıb, gəlib bizim arabaya dırmandı.
- Muxtar əmi onu da demirdimi ki, Unnu bəy, bolşevik kamandirləri təki meşin geyinərdi, sultanı bığ qoyardı. Odu bax sultanı bığ!
Dəyirmənlə aramız xeyli olsa da, qoşalüləli adamın çənəsindən sağa-sola çıxmış sultan bığını görər-görməz mən o dəqiqə "ho, ho" eləyib, tənəyin ucunu kəllərin qabağına uzadıb arabanı saxladım.
Qoşalüləli adam dəyirmənin üstündən endi.
- Arabaları qoyun dursun, özünüz gəlin, - deyib içəri getdi. Bu nə deməkdi? Necə yəni "arabaları qoyun dursun"?! Qarğıdalımızı götürmüyəcəydi?!
Tamam çaşqın, tutqun yeriyib Qarasuyun yaxasındakı çökəkdə yoğun, uzun dirəklər qalmış köhnə dəyirmən uçuğuna enib, ordan içəri keçəndə sarı torpaqlı, gilsavağı divarların arasında çiyin-çiyinə dəydik. Çünki sağımız, solumuz saysız-hesabsız çuval qalaqları ilə elə dolmuşdu ki, alaqaranlıq dərinlikdə uğuldayan qoşa dəyirmən daşlarının yanına getmək üçün bir adam keçəsi cığır qalmışdı.
Qoşalüləli adam daşlardan bir az bəridə, bacanın işığında dayanmışdı.
- Gəlin, gəlin, - dedi. Sıralanıb getdik.
Çuval qalaqlarını göstərdi.
- Görürsünüz, nobat yoxdu, - dedi.
Bir az susub, yenə çuval qalaqlarını göstərdi.
- Baxın, görün tanıyırsınızmı? - dedi.
Baxdıq. Tanıdıq: bizim anbarın boz-ala çuvalları! Xırman yerimizdən daşınan taxılımız!
Cibindən "vayenni çast" əsgərlərinin satdıqları aliminium port-siqar çıxartdı. Portsiqardan uzun, bahalı papiros çıxartdı, dirək haçasında saralan qaraçıraqdan yandınb, dördümüzə də bircə-bircə diqqətlə baxıb:
- Tanıyıram hamınızı. Atalarınıza oxşayırsınız, - dedi. Papirosunu çəkib, bir az da susandan sonra:
- Qılınc Qurbana xəbər çatdırmışam, bilir, - dedi. Bir az da susandan sonra:
- İçəridə ard unu boğur adamı. Çıxaq eşikdə danışaq, - dedi. Çıxdıq.
Qabağımızca arabalara doğru gedə-gedə, geri baxa-baxa danışırdı:
- Bayaq eşitdim sözünüzü... Unnu bəy deyiləm mən. Ordenli şairiniz Səməd Vurğunun əmisi İskəndər ağayam... Bir vaxt varıydı... Unnu bəyi qoşa daşların arasına yıxdım, dedim tərpənsən daş beyniyin qatığını una qanşdıracaq. Heç tərpənmədi. İndiki Qılınc Qurbanınıza, o vaxtkı qurbanlıq qoyun təki boynuburuq Qurbana dedim gəl hayıfını çıx. Qurban baxdı gördü bəy başdan-ayağa una batıb, dedi "belə Unnu bəyə toxunmaram mən, özün necə tüfəngli, tapançalısan, məni də bu cür tüfəngli, tapançalı elə, bu Unnunun yeddi arxadan dolananlarını qırım-çatım, bəlkə onda günümüz ağarar..." Tüfəng də verdim, başına adam da yığdım.. Xülaseyi-kəlam, o vaxtdan o Unnunun adı qaldı Unnu bəy!.. Bu təzə dəyirməni mən tikdirmişəm. Bir dəyirmənim də Qarayazı meşəsindədi. Biri də Əskipara meşəsindədi. "Niyə bu qədər?.. Camaata yaxşı un verirəm. Yaxşı çörək!.. Səmədimiz şerinə görə qalacaq tarixdə. Mən də bu cür qalaram. Gedənlərimizin, qırılanlarımızın oğul-uşağına çörək verməknən... Əmbə indi belə oldu. Vayenni çastdan gecə də saldat gəlir, gündüz də. Qaraulunu çəkirlər taxılın. Üyüdürəm, daşıyıb aparırlar. Qurban bilir. Dedim göndər uşaqları. Dəyirməndə yer yoxdu, açığa yığdırram qarğıdalını, üstünü örtdürrəm, yağan-əsən dəyməsin. Daşıyın o köhnə dirəklərin arasına qoyun, gedin, işinizdə olun. Əmbə Qılınc Qurbanı incitməyin ha! Cəbrayıla da ismarlamışam, hamılıqnan qədrini bilin Qurbanın. Odu bu saat sizi saxlıyan. Erməni, rus dartıb yeyir xalqımızı!..
Dinməz-söyləməz, daşıyıb deyilən yerə yığdıq. Əllərimiz sallana-sallana, kor-peşman, dərd-qəm içində, arabalımıza mindik.
İskəndər ağa danışardı:
- Təkəm burda... Adam içinə çıxammıram. Əmbə xəbər gətirənlərim, xəbər aparanlarım var. Darıxmayın. Çörəyiniz olacaq. Lap tezliknən... Gedin, uğur olsun!
Getdik.
Bir həftə də çəkmədi ki, gecənin yarısında eyvanda, dirəyin dibində barmaqlarımı qulaqlarıma tıxayıb, oturub, o sultanı bığlı kişinin "lap tezliknən" sözlərini xatırlayırdım ki, birdən Tapdığın əllərini qulaqlarımda hiss etdim.
- Tıxama! Bəsdi! Gəl! Un var! Gedək gətirək.
Anam adəti üzrə, səsə çıxıb qapını aralı qoydu. Lampanın işığında Tapdığın gözləri parıldayırdı.
- Bu müəllim oğlunu yaman zəvzəv böyüdübsən sən, ay Əsmət xala. Direktorumuz ciyərli kişiydi. Kimə oxşayıb bu əfəl?
Zarafatından da hiss elədim ki, necə olubsa, işimiz düzəlib.
- Gec gələcəyik, Əsmət xala. Gözləmə, yıxd yat, - deyib qolumdan çəkdi. - Gəl, ay əfəl!
El yolunda papiros işıltıları vardı. Yaxınlaşanda eşmələrin tez-tez alovlanan qəzetlərinin işığında gördüm bütün dəstə burdadır, hamısı da sevinir.
Məlik çənəsilə məni göstərib Tapdığa baxdı.
- Bilirmi?
Tapdıq başını buladı.
- Bilsə, getməz bu. Məlik dedi:
- Bilməlidi. Gedib əliboş qayıtsa pis olar. Tapdıq dedi:
- Dədəsi ayrı cür tərbiyə eləyib bunu. Biz təki deyil.
- Məlik bir də dedi:
- Bilməlidi!
Sonra tapdığın etiraz eləmədiyini görüb açılışdı:
- Məsələ belədi, Nuru. İskəndər ağanın sözü yadındadımı? "Xəbər gətirənlərim, xəbər aparanlarım var". Dağdağan təki, Məsitəki qaçaqlarıymış İskəndər ağanın dediyi adamlar. Qarayazı meşəsindən, Ələsin qalını deyilən, yerdən ismarlayıb gətirdib. Dəmir yolunda eşalondan vaqon açıblar, itələyib qoyublar tupikə. Məhərin budkasının yanındakı tupikə. O vaqondan gətirəcəyik unu. Bir yekə vaqon dolusu undu...
Mənim canım çimildəşdi.
- Oğurluq eləyirsiniz?!
- Yox, oğurluq deyil, Nuru.
-Bə nədi?!
-Məsəl var, oğrudan oğruya halaldı. Bizim ruzumuzu əlimizdən alanlann unudu o vaqondakı.
- Vayenni fondun?!
- Yox, Nuru, yox! Məni boş-boşuna qoymayıblar komsomol təşkilatçılığına. Hökumətin əleyhinə deyiləm mən. Əmbə qırılan diviziyada qırılanlarımızın xəbəri gələndən sonra mən cəbhədən qaçanlarımızda günah görmürəm. İskəndər ağanın çağırdığı qaçaqlar bizim düşmənlərimizin düşmənləridi. O un da, dedim urzumuzu kəsən düşmənlərimizin unudu. Yüz tondumu, min tondumu, bilmirəm. Əmbə çoxdu. Sağımızda, solumuzdakılar - Qurbanlılar, Qonaqlılar qaranlıq qovuşandan bəri atlı, ulaqlı, vurhay daşıyırlar. Bizim qoca-qoltaqlar sən təki danışıblar qaçaqlarnan: "Eşalonnan daşınan un vayenni fond unudu! Acınnan qırıllıq, pencər, ot yeyərik, əsgərin ununa əl uzatmarıq!" Bizi də elə ağsaqqallar belə ləngitdilər. Bundan artıq ləngimək olmaz daha. İşıqlaşanda yəqin bütün NKVD töküləcək ora - vaqonun yanına!..
- Dayan! - dedim. - Qurban əmi niyə icazə verir belə şeyə?! Məlik qımışdı.
- İskəndər ağa axşamdan qonaq çağırıb meşəyə Qurban əmini, başını qarışdırıb ki, maneçilik eləməsin camaata.
Mənim heyrətim, dəhşətim sözlə deyiləsi deyildi. Əmma marağım da hədsiz idi.
İdarə həyətinin darvazasının qabağından keçəndə soruşdum ki, bəs arabadan-zaddan aparmırsınızmı?
- Yox, yox! - dedilər. - Taqqıltı salmaq olmaz. İri qaraltı olmaz. Xəlvət işdi axı, ay Nuru!
Özümü saxlaya bilməyib, bir də "oğurluqdu bu!" - dedim və peşman oldum: qabağımca yortan Tapdıq geri dönüb elə bağırdı ki, bütün dəstə dayanıb bizə baxdı.
- Qayıt! Get otur dirəyin dibində, barmaqlarını tıxa qulaqlarına! Uşağın boynu çöpə dönüb! Əsmət xalanın gözünün yaşı qurumur! Bu əxlaq dərsi deyir mənə! Rədd ol! Qayıt!
Başım sinəmə endi.
Bütün yolu daha dillənəmmədim.
Qurbanlı ilə dəmiryolunun arasındakı çəmənlikdə su gölməçələrində ayaqlarımız, üst-başımız islana-islana gedib Məhərin budkasının yanında dayanmalı olduq.
"Budka" deyilən yerin ətrafından başlamış, sulu-selli çəmənlikdən sağa-sola doğru yer elə ağarmışdı ki, elə bil qar yağmışdı, qatı qaranlıq gəyənimiş - işıqlanmışdı.
Vaqon, "budka"dan - yarımstansiyadan bir az aşağıda, sürtülməkdən işıldayan relslərlə yanaşı "tupik"i - qoşa, qısa relslərin üstünü bütün tutmuşdu. Yəni çox uzundu. Boz-ağımsoy dəmir vaqondu. Qapısı darvaza təki açılmışdı. Qapının dalında cırılıb dağılmış, ağızlarının tikişləri sökülmüş kisələrdən o tərəfdə toxunulmamış kisə yığını ağarırdı.
Hardasa at fınxırdı. Diksinib "budka"nın o yan-bu yanına baxdıq. Mənə elə gəldi ki, yəqin Qurban əmidir, necə deyərlər, dədəmizi yandıracaq. Əmma atm rəngi tünd idi, "budka"nın böyründəki dəmiryol tirlərindən - "şpal"lardan birinə bağlanmışdı. Diqqətlə baxanda gördük "şpal"ların üstündə qucağı beşaçılanlı bir adam oturub. Cəbrayıl?!
- Mənəm, - dedi. Əlində "vayenni çast" əsgərlərinin qatığa, suya dəyişdirdikləri xırdaca fanarı parıldadı.
- Məlik, gəl, al bunu, - dedi, - o yazını göstər oxusunlar, inansınlar ki, soyğunçuluq eləmirik, soyğunçulardan haqqımızı alırıq!
Məlik yüyürüb fanarı gətirdi.
- Tez olun! Tez! Tez! - deyə-deyə qabağımızca yeriyib vaqonun yana sürçüdülmüş dəmir qapısının üstündə, iki adam boyu hündürlükdə qara yazını işıqlandırdı. Dedi: - Biri ruscadı: "Vsyo dlya fronta". O heç, altındakına baxın, ermənicədi: "Hay, halal ela". Yəni "halalın olsun, erməni". - Üzünü mənə tutdu: - Bildinmi iş nə yerdədi, ay müəllim oğlu?! Vayenni fond adına bütün rayondan yığıblar taxılı, İskəndər ağanın Qarayazıdakı, Əskiparadakı dəyirmənlərində üyüdüblər, belə hökumət kisələrinə doldurublar, hamısınm da üstünə yazıblar: "Hay, halal ela". Baxın!
Baxdım. Qapının ağzındakı partlamış, sökülmüş kisələrin hamısının üstündə qara rəngdə çap hərfləri vardı: "Hay, halal ela".
Mənim beynimdə sual pərçimlənmişdi: "Qorxuları yoxdumu bu hayların?!"
Məcbur olub sualı dilimə gətirəndə Cəbrayıldan qəzəbli cavab aldım:
- Bir respublikanın ki, xazeyinləri Markaryannan Qriqoryan ola, orda kimdən qorxsunlar sənin baban Gülənin törəmələri?!
Səsim batdı.
Cəbrayıl "budka"nın belinə qalxmışdı. Tüfəng əlində, o yan-bu yana boylanırdı.
- Baban həməşə gülüb bizə: "kirvə - gir evə" deyərmiş həyasız-həyasız! İndi də törəmələri gülürlər: "Hay, halal ela". Axşamdan bəri dağıdırıq vaqonu, Zor nəçənniyin sorağı yoxdu! Heç sabah da gəlmiyəcəklər, o biri gün də. Çünki tək mən deyiləm burda əli tüfəngli gözlüyən. İşinizdə olun!
Məlik fanarın dəyirmi işığını yuxarı qaldırdı.
- İndi ora bax! "Kirovakan. Polevaya poçta nolevaya". Baxdım. Oxudum: "Kirovakan. Polevaya poçta nolevaya".
- "Nolevaya". Yəni sıfırıncı. - Məlik əlini ağzına tutub güldü. - Həqiqi sıfra döndərdi qadasm aldığım İskəndər ağa! Di götürün, kim nə qədər bacarır o qədər götürsün. Artığını tökün! Hayıfınız gəlməsin! Odey, Qurbanlının, Qonaqlının uşaqları görün nə qədər töküblər yerə-yurda!

Birinci Bolu tərpəndi. Qapınm ağzmdakı ağzı sökük, yarıboş kisələrdən birini qucağına alıb mənim belimə qoydu. Sonra dolu, ağır bir kisəni çiyninə qaldırıb:
- Gəl, Nuru! Mən sənnən getməliyəm. Tapşırıq belədi. - dedi. Vaqondan aralananda soruşdum:
- Uşaqları niyə gözləmədin? Dedi:
- İkibir, üçbir, dağınıq getməliyik. Cəbrayıl tapşırıb Məlikə. Ehtiyat igidin yaraşığıdı.

Bir az susub, sonra dedi:
- İslansaq da genə çəmənlikdən getməliyik. Ayaq izini, undan töküləni sel-su batırsın. Yola, quruya çıxsaq hökmən iz qalar. Möşöyləri* çox sürüyüblər o yan-bu yana, mıxa, taxta-tuxtaya-zada keçib, işıqda görəcəksən yırtıq-sökükdü hamısı...


* Meşok – kisə.

Bolu tövşüyə-tövşüyə, hıqqana-hıqqana elə hey danışırdı.
- Geri qalma. Ayaqlı ol bir az. Qorxma, yorulsan, möşöyünnən bir yerdə özünü də götürrəm! İraq ata-anamdan, eşşəkdən betər olmuşam bu yay. Malatilkaynan talvarın arasında çuval daşımaqdan baldırlarım elə xamlayırdı ki, sabahısı kotanın dalınca yeriyəmirdim. Budlarıma baxırdım soyunanda, deyirdim şişibdi-nədi, bu yoğunluqda da budmu olar!..
Qaranlıqdan eyməndi-xoflandı, ya nə? Niyə çox danışırdı?
Belə-belə şeylərdən o qədər danışırdı ki, mənim hələ Qurbanlıya çatmamış taqətdən düşüb yarımçıq kisənin altında xırıldadığımı eşitmədi.
Qurbanlının alt tərəfindən keçib kanal boyuna çatanda da danışırdı:
- Körpü uzaqdı. Buralarda bir yerdən şığanaq, kəsə gedək. Yaman ağırıymış bu dolusu. Azaltmağa heyfım gəlir. Ölsəm də azaltmaram. Lap iməkləsəm də azaltmaram!..
Xəbəri yoxdu ki, mən daha iməkləyirdim. Çiyinlərim elə bil doğranırdı. Dizlərim dəhşətli ağrıdan qatlanıb yerə dəyəndə əllərimi, biləklərimi, qollarımı da ağrı götürdüyünə görə əvvəlcə üzüüstə döşənib çalışdım ki, kisə belimdən aşırılmasın. Lap azca -beş-on saniyə nəfəs alıb dirəklənməyə çalışsam da ayağa qalxammadım, elə dörd əl-ayaq üstə getdim.
Nəfəs borusu deyilənim elə daralmışdı ki, boğazımdan əməlli-başlı xırıltı, uğultu, güyültü çıxırdı.
Bolu daha danışmırdı.
Kanalın qırağının alçaraq bir yerində döşünü torpağa verib:
- Bir az dincələk, - deyəndə gördüm öyüncək gombulumuz da iməkləyirmiş.
Boğazımın güyültüsü azalanda nəfəsindən hiss elədim ki, deyəsən o da boğulurmuş.

Arxada - gölməçələrdə sular şappıldadı. Sonra çaparaq gedən at nəfəsi kimi fıs-fıslar, ayaq tappıltıları eşidilə-eşidilə yaxınlaşıb, bizdən otuz-qırx addım aralı keçib getdi.
Dedim:
- Bolu, uşaqlar körpüyə gedirlər. Bəlkə biz də gedək?
Dedi:
- Əşi, Tapdıq, Məlik cürəfəsiz şeylərdi. Yəqin lap alayarımçıq möşöylərdən götürüblər, onçun elə uzaqdan hərlənirlər kəndə. Mənimki, görmürsənmi, yüz kiloluq möşöydü. Dincələk, bu saat keçərəm arxdan, qayıdıb səninkini də keçirrəm.
Dedim:
- Yaxşı, sən deyən olsun. Yazıq uşaq cadı, hədiyi görəndə yumruqlarını başına çırpır. Mən axmaq bir-iki dəfə o cür eləmişəm, görüb. İndi qəşəngcə döyür ey özünü! Kəsə gedək. Anam yatmayıb. Yoğursun, əlüstü kələfətir eləsin, yazıq qaqaşım yesin. Səndən nə gizlədim, elə özümün də ortam üzülüb!
Bolu əlinin birini kisənin qulpundan çəkib yumruğunu yerə çırpdı.
- Baisin evi yıxılsın! Düzü-dünyanı götürmüşdü taxılımız!.. Yenə nə isə demək istəyirdi ki, birdən Məhərin budkası səmtində dalbadal beşaçılan guruldadı. Bunun dalınca dəmir yolun bəri yanında və o tərəfində gurhagur, çata-çat düşdü. Qurban əminin qışqırtısı güllələrin səslərinə qarışdı:
- Eeey! Qazağın Muğanlısından Pirtökən Məhəmmədsən sən. Dəstəndəkiləri də tanıyıram! Bir faşist hökuməti yox, on beşi olsun, Sovet hökuməti yıxılan deyil! Padmaskvoydan qoparağını götürüblər faşistin! Eşidirsənmi, ay Pirtökən? Sovet ordusu hücuma keçib, ay bədbəxt! Amerika da Rusun tərəfindədi!.. İngilis də Rusun tərəfindədi! Onlar da o yandan başlayırlar hücuma! Hitlerin vayıdı! Arvad-uşağınızı bədbəxt eləməyin, təslim olun! Ya da özünüz könüllü üzə çıxın, tövbə eləyin, ay Pirtökən! Qorxma, güllələmiyəcəklər. Danışmışam, NKVD-də işliyəcəksiniz, o biri qaçaqları üzə çıxardacaqsınız! İnan mənə!
Cavab əvəzində dəmir yolunun o yanındakı xırlıqda-daşlıqda çoxlu nal səsləri şaraqqa-şaraq salıb, Qonaqlı meşəsinə doğru uzaqlaşdı.
Bir az sonra istrebitelni batalyonun atları gölməçələrdə şarappa-şarap salıb, gedib Qurbanlıya doldu.
Qurban əminin səsi "budka" səmtindən gəlirdi:
- Alimliyini gözümə soxurdun! İndi nə deyirsən, ay quldurbaşı? İskəndər ağa Vəkilovun arxasında Səməd Vurğun təki əjdaha dayanıb! Sənin arxanda duran kimdi?! Bədbəxt Sultan nə təhər çıxardacaq indi səni NKVD-nin dustaqxanasından?! Havaxtacan oyun açacaqsan sən mənim başıma, Cəbrayıl?!
Cəbrayılın səsi də lap aydın eşidildi:
- Sinən doludu ordennən. Bu Gülənuşağının əməllərini niyə çatdırmırsan yuxanlara?!
Qılıncımızın səsi alçaldı:
- Sultannan vayenni çastda palkovnikin yanındaydıq. Səkkiz çuval çıxartdıq dəyirməndən, doldurduq maşına göndərdik. Zibeydədə hazırdı toxumluğunuz. Oğrubaşılığa qarışıb başın, səpini yaddan çıxardıbsan! Sür Xarleni! Bütün sovetlikdə, evlərdə bir dənə də möşöy qalmamalıdı! İşıqlaşana qədər hamısını qaytarmalıyıq, doldurmalıyıq yerini. Gün çırtanda nə o vaqon burda qalmalıdı, nə də düzü-dünyanı ağardan tökülüntü! Erməninin kartofu da qalmayıb deyir Sultan. Gülənuşağının kəndi Vartanada it əti yeyirmişlər. Bu Zor köpəyoğlu Vartanadan bu vayenni çasta qədər başını maşının kabinkasının qapısına döyüb, palkovnikin kabinetinə girəndə yıxılıb, tir-tap, özündən gedib. Ayılanda deyib uzaqbaşı bir həftəyə, on günə çörək göndərməsən, səni də vuracam, özümü də. Fikir ver, gör iş nə yerdədi, Cəbrayıl! Bilirsən, sürgün planı ermənidən çıxıb. Çoxdan yiyələnməyə çalışırlar onlar bizim yurd-yuvamıza! Bu "kirvə - gir evə" deyənlərin qanını içərəm! Əmbə Qılınc Qurbanam mən. Ədalətim var! Ac qılınca çapar deyirlər. Sür, sür! Sabah açılır. Bir dənə də möşöy qalmasın Tahirlidə! Mən gərək hələ stansiyaya da gedim. Gürcülərə yalvarmışam, paravoz göndərsilər. Kirovakana gedən eşalon Naftuluqdadı. Parovoz tez çatdırsın bu vaqonu ora!
Qurban əmidən çox söz eşitdim. Hamısına da özlüyümdə haqq verdim. Dedim:
- Mən belə çörək yeyəmmərəm, Bolu! Boğazımdan keçməz. Qaqaşıma da vermərəm!
Boludan səs çıxmadı. Mən geri dönüb vaqona doğru iməkləyəndə o da mənim dalımca iməkləməyə başladı.

"Budka" səmtində, dəmiryolun yanında kimlərsə, əllərində la-patka, bel, kanalın bir tərəfini deşib, gurhagur axan suyu undan ağaran düzəngaha yönəldirdilər. Biz köməkləşib, kisələri vaqona qaldırıb qayıdanda su düzəngahın yandan çoxunu götürüb ağartını aparmışdı.


YAXŞI, PİS ADAMLAR

Evə baş salammadım. Çörək çantamı buynuzdan asılı qoyub, gözlərimdən yuxu tökülə-tökülə yüyürüb, dən-buğda çuvalları ilə dolu arabanın dalınca ayaqlarını sürüyə-sürüyə səpinə gedən yazıq, ölüvay uşaqlara qoşuldum.
Yenə manqalara bölünmüşdük. Üçpara kəndin üçünə də qulluq eləyən dəmirçi İsfəndiyar öldüyünə görə səpin dırmıqlarımızın tökülmüş dişlərinin əvəzində diş saldıra bilməyib, dəmirağac, qaraağac çubuqlarından "Təpən"* düzəltdik. Mehbalı əmi qarısının önlüyünü toxumla doldurub, belinə bağlayıb "Bisimillah! Bərəkətli olsun, ya Rəbbim!" - deyib, ovuc-ovuc dəni şuma şırhaşır səpə-səpə qabağımızca getdi. Tapdıq, kotançılıqda olduğu kimi, zəncirin üstünə qalxıb, gah boyunduruqda, gah da kəllərdən birinin belində otura-otura təpəni səpinçinin dalınca çəkdirdi. Mən isə, əlimdə yüngül lapatka, təpənin dalınca, üzdə qalan dənləri torpağa basa-basa getdim. Lal-kar kimi dinməz-söyləməz, tənəffüslərdə hədik, meyvə qurusu - qax yeyə-yeyə və elə qax ilə də yarpız çayı içə-içə soyuqlar başlayana - qırov düşənə qədər səpdik.

Sükutumuz, əslində sükut yox, yas kimi bir şey idi. Həvəs yox, fərəh yox, analarımız, bacılarımız, Şöşü balalarımız quru qaxac! Başımızın üzərində zenit mərmilərindən uzaq göy qatında qorxusuz-hürküsüz, cəzasız faşist təyyarəsi!.. İskəndər ağa Vəkilov yoxa çıxmışdı. Danışırdılar ki, Qarayazı meşəsində, Muğanlı kəndində ev tikdiribmiş, Novruz adında oğlu ilə iki qızını o evə köçürübmüş
ki, özünün başına bir iş gəlsə, dəyirmənləri uşaqları işlətsinlər. Əmma özü yoxa çıxandan sonra oğlunu tez-tez NKVD-yə aparırlar, danışdırırlar, əziyyət verirlər. Buna görə də üç dəyirmənin üçü də bağlı qalıb; dəyirmən daşlarını "dişəyən" - üyütmə "diş"ləri itiləyən tapılmır. Yəni kəndlərdə dəyirmənə bələd bir adam qalmamışdımı?! Bu qədər ac-yalavac insanın dərdini yüngülləşdirəsi bir rəhbər-filan yoxdumu?! Mən yəqin bilirdim ki, Mehbalı əminin də içi qaynayırdı, Tapdığın da. Əmma işimizlə bağlı qırıq-qırıq sözlərdən başqa heç nə deyəmmirdik. Mehbalı əmi tək bir dəfə dözməyib:
- Səbirli olun, ay bala. Səbirli olun, - dedi. Onda da Tapdıq bağırdı:
- "Ölmə, eşşəyim, ölmə, yaz gələr, yonca bitər!" - deyib, süfrəmizdəki soyuq qarğıdalı hədiyini ovuclayıb kənara tulazlayıb, yazıq kişinin qəddini əydi.

Mən Muxtar əmi ilə atamı hər beş-on gündənbir xəngəl bişirtdirib araq içdikləri vaxtlar anamın çardaqdan asıh ələkdə saxladığı qurutlardan qalmış duzu üzünə çıxmış bir qurut tapmışdım, qara inəklə danasının palıdından bir xeyli gətirmişdim ki, səpin yerimizdə qaladığımız ocaqda şabalıd kimi qovurub qurutla yeyək. Əslində, bu qovrulmuş palıdla qurut o qədər də pis nemət sayılmırdı; bu neməti biz dünyanın düz vaxtların da yeyirdik. Əmma Tapdıq onu da tulladığı hədiyə bərabər tutdu; süfrənin qırağından dik qalxıb, ocağın qorunun altında qovrulduqca çathaçat partlayan palıdları təpiyilə vurub toz-torpağa qatışdırdı, ayaqlayıb əzik-üzük elədi. Sonra axşama qədər hodağa minmədi. Yazıq ağsaqqala nə qaldı deməsin?!
- Tüpürüm sənin səbirinə, əkininə, səpininə! Noyabr, dekabr, yanvar, fevral, mart, aprel, may, iyun, iyul! Doqquz aydan sonra taxılı yetişəcək möhtərəm ağsaqqal Mehbah kişinin! Malatilkadan çıxacaq, İskəndər ağanın xaraba dəyirmənində nobata qoyulacaq, əgər dəyirmən işləsə! Bu da on ay!.. Toxumdan oğurlayıb qaynatdığı hədik boğazından keçmir camaatın! Qarğıdalını kirkirədən keçirirlər, yarmasını qaynadırlar hər gün! Hər gün! Hər gün! Sabah-birisigün bu da olmuyacaq! Qadı kişi deyir həftədə bir dəfə də ayaqyoluna gedəmmirəm, qarın-bağırsağım quruyub, ədalət qılıncımız özü, istrebitelni batalyon üzvləriynən bir yerdə, hər ay payok alır hökumətdən! Un! Ət konservası! Balıq konservası! Qənd! Yağ! Hər şey! Boyunları təkər topudu hamısının! Niyə qoymadılar dağıdaq o "hay, halal ela" vaqonunu?! Neyniyək indi, akişi?! Zor nəçənniyin it əti yeyən hayı buğda çörəyi tıxışdırsın, direktor Tahirin balaları Qara inyəin axurunda palıda diksinlər gözlərini?! Əsmət xala deyir axşamda-sabahda vaxt tapın gəlin dananı aparın Qaratəpə bazarına, görün hazır un tapılarmı orda, dəyişdirin una, yoxsa uşaq əldən gedəcək!.. Soraqlaşdım, belə ikiillik danaya - yazabuğaya ikicə pud arpa verirlər Qaratəpədə! Buğda deyənin qulağını kəsirlər! Neyniyək, deyirəm?! "Səbirli olun, ay bala! Səbirli olun!" Əkin-səpindimi səbir, əkək-səpək, yığaq, səbirli olaq?! Sən arxayınsanmı ki, bu səpdiyimizdən yığılandan bir şey qalacaq əlimizdə?! Muxtar Əlmədədoğlu on beş sürüyə çatdırmışdı qoyun fermasını, indi heç ikisi də qalmayıb sürünün! Hara daşıyır o yekə maşınlar bizim qoyunu, malı?! Pendirə, yağa niyə həsrətdi bu camaat, a kişi?! Niyə "arxa cəbhə" deyirlər bizə?! Həqiqətən arxa cəbhədisə, niyə bu kökə salıblar bu arxanı? On altı yaşım tamam olur indi mənim, on yeddiyə keçirəm. Hay Arşaluys çağıracaq həkim kəmisyəsinə salsın, təzə yaş versin, bassın eşalona! Gedərəmmi?! Qırılan diviziyanı ön cəbhədə qırsınlar, arxadakıları da arxada qırsınlar, gözümüz görə-görə, ağlımız kəsə-kəsə gedək biz də qırılaq?!
Hətta şər qarışana yaxın kəndə qayıdanda da soyumamışdı.
- Altmış yaşlılara əlli yaş verdirir Arşaluys, raboçi batalyona basır!* Əlli yaşlılara qırx yaş verdirir, on-on beş gün "ras-dva"* keçdirib ön cəbhəyə basdırır, basmadığını da soğan qabığı təki soyur, lüt eləyir! Məlik deyir yuxarılara yazmaqdan barmaqlarım qabar olub, elə bil kor quyuya daş atıram, səsi də çıxmır! Açıq imzaynan yazır ey! Deyir qoy mənə də çoyutma güllə dəysin, kəndimizin bu gününü görməyim! Qılınc Qurbanın üzünə qayıdır Qurban əmisinin istəkli Müxbiri, ay "səbir", "səbir" deyən!..
Beləcə, bütün günü öskürə-öskürə, boğula-boğula deyinəndən sonra, gözlənilmədən:

*Cəbhə xettində səngər qazmaq üçün batalyonlar
*Herbi təlim

- Özünə ayrı hodaqçı tap! - dedi və nə sabahısı işə çıxdı, nə də sonralar. Mən hodaqçı oldum, Mehbalı əminin qarısı lapatka götürüb, çala-çuxurlarda büdrəyə-büdrəyə, yıxıla-yıxıla təpənin dalına düşdü. Elə qarı da xəbər verdi ki, Muxtarın kiçiyi, yəni Tapdıq "Dağdağannı gədəsini", yəni Bolunu da səpindən saxlayıb, Əsmətin danasıynan bir qoyununu aparıb dəyər-dəyməzinə arpa ununa dəyişdiriblər, "Tahirin", yəni atamın çəkmələrini satıb, "uşağa", yəni Şöşüyə bulka-mulka alıblar.
Bu xəbəri eşitdiyim günün axşamısı qoşa kərənlərin yanına çatanda yoldaş burulub Məsinin damına getdim və həm məzəli, həm də fikirləşəndə adamı dəhşətləndirən bir hadisənin şahidi oldum.
Məzəli bu idi ki, kolxoz idarəsindən Muxtar əminin zarafatla "şah təkti" adlandırdığı hündür, arxası naxışlı kreslonu oğurlayıb, damın ortasında kilimin üstünə qoyub, Tapdığı "şah", damı "şah sarayı" elan eləyib, Bolunun bu dəfə vedrədə gətirdiyi çaxırdan dolça ilə, camla içə-içə "diringiyə süzürdülər", yəni qaval, dəf əvəzinə sini çala-çala oynayırdıar. Orta dirəyin haçasında və har-malarda qara çıraq çox olduğuna görə qaranlıqdan işığa düşəndə gözlərim qamaşdı, işığa alışanda isə, "şah təxti"nin dövrəsində Boludan, Həbəş Qara ilə Qoradan başqa, hətta Məliki də tamam "pyan" - sərxoş gördüm. Sonra birdən gözüm Cümrünün üzünə dirənib qaldı; qağamız orta dirəyin dibində, ocağın qırağında oturub, başını sinəsinə əyib, elə bil tüstüdən yaşarmış gözlərini silir, əslində isə çənəsinin dərisi titrəyə-titrəyə ağlayırdı.
Yaxınlaşıb Tapdığı dümsüklədim.
- Qağam niyə ağlayır?! Gözləri axa-axa güldü. Dedi:
- Əbləhdi qağam! O sən təki, sən də qağam təki axmaqsınız! Qaratəpədən qayıdanda gördük fermamızın sürüsü meyvəlikdədi, çobanın da başı qarışıb, göyəm qurusu tıxışdırır kolluqda. Qoyunun ağzını tutdum, aşırdım Bolunun belinə! Odu bax! Məsinin xançalı da odu ocağın qırağında, axşamdan bəri yalvarıram ki, kəs öz əlinnən harasından istəyirsən, külləmə elə, ye, ay qağa! Ağlayır elə axmaq!

Dirəkdən asılı qoyun cəmdəyinin bel sümüyü ilə bir budu qalmışdı.
Yumruğum öz-özünə düyünləndi. Necə vurduğumu bilmədim. Tapdığın burnundan qan töküldü.
Çıxıb gedirdim. Bolu pencəyimin boynundan yapışıb necə çəkdisə, arxasıüstə aşırıldım.
- Şah buyruğundan çıxmaq olmaz! - deyib, ayaqlarımdan yapışıb, sürüyüb aparıb ocağın qırağına tulladı. Əlini döşünə qoyub kresloya doğru baş əydi.
- Bunun cəzası nədi, şahım?
Tapdıq üst-başı qanlı, sinəsi xışıldaya-xışıldaya güldü. Dedi:
- Cəzası - kabab!.. Bizim halal qismətimizi oğurluq sayanın cəzası oğurluq ət kababıdı! Oturt orda, qaqaşının yanında, kababı bas ağzına! Üstdən də camnan çaxır!

"Qaqaşının yanında" deyəndə elə bildim Cümrünü deyir. Sonra əlini uzatdığı tərəfə baxıb, elə yıxdı-yarıuzanıqlı halımda, Şöşü ilə yeddi-səkkiz uşaq gördüm; qapıdan sağda, kilim üstündə dövrə vurub, bardaş qurub, əlləri, üz-gözləri küllü-kömürlü, vurhay ət dartışdırırdılar.

Xeyli vaxtdı Qarabaşı görmürdüm. Havaların hələ bir az istirək vaxtları Şöşünün əlindən tutub buraya - Tapdığın yanına gələndə küçük də dalımızca düşüb, ayaqlarımıza dolaşa-dolaşa gəlib getmişdi. İndi birdən-birə gördüm bu küçük daha o küçük deyil: xeyli irilənmişdi. Şöşünün böyründə üzüüstə döşənib, lap yekə bir ət parçasını - külləmə kababı əllərinin arasında sıxıb çəkişdirirdi.

Bolu sürüyüb məni Qarabaşın o biri tərəfində kilimin ütünə çaxdı, ortalıqdan uzununa kəsilmiş iri bud külləməsi götürüb ucunu ağzıma soxdu. Yedirdib, üstündən də, "Şah"ın buyurduğu kimi, bir cam çaxır içirtdi.

Sifətimə, canıma alov doldu. Ürəyim çırpındı. Başım qıjıldadı. Şöşü qalxıb gəlib, böyrümdə fısıldayıb-tısıldayıb başını dizimin üstə qoyub yatdı. Qarabaş da gəlib qucağımda sərələnib xumarlandı. Sonra məni də yuxu tutdu.
Bir də o vaxt ayıldım ki, Cəbrayıl Tapdığın qabağında dayanıb bağırırdı:
- Bax gör, neçəsini saxlayıbsan işdən?! Pambıq qozalanmalıdı!* Taxda dondurma suyu verilməlidi! Qocalı-qarılı, qızdı-gəlinli şil-kütdü hamı! Kimi işlədək?!

*Soyuğa düşüb açılmayan qozaları yığıb, dırnaqla açıb qurutmaq

Tapdıq kresloda saymazyana yayxanmışdı. Məsinin qılınc kimi uzun, ağdəstə, parıltılı xançalı əlində idi. Dili dolaşa-dolaşa:
- Get!.. Get burdan! - dedi. - Şah sarayıdı bura! Burdakılar da şahın əyanlarıdı! Öl desəm ölərlər, qal desəm qalarlar! Bildin?! Lap belə canın çıxsa da çıxmıyacayıq işə! Cəhənnəm ol!
Cəbrayıl Məlikə tərəf döndü.
- O vedrədən su vur bunun üzünə! Məlik güldü.
- Çaxırdı vedrədəki!
Cəbrayıl dedi:
- Sən ki, ağıllı oğlanıydın, niyə qoşuldun bu dəli-divanələrə?! Məlik elə gülürdü-hırıldayırdı:
- Ağlı başında olan NKVD-dən material yazarmı? Təzə-təzə başa düşürəm ki, elə mən özüm də dəli-divanəyəm. Mən də getmiyəcəm naryada! Bizim işimiz ayrıdı indi.
Gözlənilmədən Tapdıq da eynilə Məlik kimi hırıldadı.
- Niyə soruşmursan nədi işiniz? Cəbrayıl soruşdu:
-Nədi?!
Tapdıq ciddiləşdi. Dedi:
- Oğurluqdu indi işimizin adı! Hünərin var qoru kolxozuyun malını, qoyununu! Hər gün üçünü-beşini kəsib paylıyacayıq camaata! Bu əlimdəkini görürsənmi? "Soyuq silaş" deyirlər buna. İstisi də varımdı! Güllələdiyiniz "sinfi düşmən" çoxlu tüfəng, tapança yeri demişdi mənə. Bir Zor nəçənnik yox, onu gəlsin! Bir istrebitelni batalyon yox, yüzü gəlsin! Pulemyotumuz var! Çapayev təki biçib-tökərik boynu yoğunlarınızın hamısını! Çıx deyirəm sənə! O, Qılınc Qurbanıydı, biclik elədi pencəyini bürüdü başıma, tapançanı aldı. Sən alammazsan! Bax, sayıram: bir, iki, üç... beş deyəndə xançalı soğacam qarnına! Cəhənnəm ol!
Cəbrayıl başını buladı.
- Hayıf... hayıf səndən, ay oğul!.. Ayıl, danışarıq.
Tapdıq kreslonun üstündə dik qalxdı. Səndələyib xançalı əlindən saldı.
- Mən sənnən danışmıyacam daha! Niyə çıxmırsan o evdən, aköpəyoğlu?! Vurulubsan Sürməli Söylüyə! Onçun çıxmırsan!.. Ayığam mən! Lap ayığam! O vaqondan bir at yükü un veribsən köhnə arvadınnan qızlarına! Üç möşöy! Bir at yükü də təzə evinə gətiribsən! Qılınc da Zor oldu, qaytartdırdı bizimkiləri, bə səninkini niyə qaytartdırmadı?! Çünki ikiniz də bir bezin qırağısınız! Dalaşırsınız, söyüşürsünüz, sonra genə bir olursunuz! "Payok" basışdıran xainlər! Satqınlar!..

Baxdım ki, Qılıncımız da burdadır; qapının ağzında dayanıb, o da elə Cəbrayıl kimi, başını bulayırdı. Elə o cür də -başını bulaya-bulaya çıxdı. Cəbrayıl da Qılıncın dalınca çıxdı. Demə Mehbalı əmi ilə Qalayçıoğlu da gəlib çardağın altında dayanıbmışlar.
Mehbalı əmi içəri gəldi, Cümrünün qolundan tutub dirəyin dibindən qaldırdı.
- Xarab oldular balalarımız, ay oğul! Dava salanın evi yıxılsın. Adam olmaz daha bunlardan! Gəl! Sən ayrı cürsən. Qoymaram qalasan burda!
Bircə cam çaxır məni nə hala salmışdısa, uşağı götürüb evə getmək əvəzinə yenə yatdım. Bir də o vaxt ayıldım ki, burnunun deşikləri pambıqlı Tapdıq qabağımda dayanıb qıçlarımı təpikləyirdi.
- Bəs deyilmi köpdüyün, ay əfəl! Qalx, gedirik. Şöşünü yanımda görməyib hövlləndim.
Bolu dedi:
- Apardım uşağı. Başa düşmədim. -Hara?!
Bolunun domba gözləri bir az da dombaldı.
- Necə hara, ə? Üstüaçıq yatmışdı uşaq. Qorxdum soyuq dəyər. Apardım Əsmət xala dedi qaraqızdırma məni də üzdü, quyudan su çəkəmmirəm, Nurunu göndər gəlsin. Dedim qoyun almışıq Qaratəpədən, alışma böləcəyik, Nuru gec gələcək, nə deyirsən mən eləyim. Su da çəkdim, odun da yardım, ocağı da qaladım. Evdən intizarın olmasın. Tərpən! Üzünə su vur, ayıl!

Tapdıq damın dalında lapatka ilə yeri qazırdı. Qara ilə Qora o qazılan yerdən palaza bükülü şeylər çıxardırdılar, palazları açıb şeyləri yerə yığırdılar. Ləzgi o şeylərdən birini götürüb, qaranlıqdan bəri - çıraqların işığına çıxanda, həmişə birdən-birə vahimələnəndə olduğu kimi, bədənim çimildəşdi: Ləzginin əlində qılıncımızın beşaçılanı kimi "kavalerist" tüfəngi vardı! Yəni gödək, yüngül beşaçılan!

Palazları o qazılan yerdən dartıb çıxartdıqca açdılar. Hərəsi bir beşaçılan götürdü. Hərəsi belinə bir patrondaş bağladı.
Qışqırmaq, nə isə soruşmaq, bilmək istəyirdim. Əmma dilim söz tutmurdu. Axırda kim isə mənim də belimə patrondaş bağladı, bir başqası çiynimə tüfəng aşırdı. Çıraqları söndürdülər. Qapını bağlayıb qıfıl asdılar. Səhərin alaqaranlığında itidən iti addımlarla, yorta-yorta bizim evin dalından o yana - düzənliyə çıxdıq. Ordan da "Çal" deyilən çal-göy yovşanlı alçaq dağlara doğru yortduq.

Elə təngnəfəsdim ki, hava xeyli işıqlansa da, gözüm yolu seçmirdi. Yalnız üfüq qızarıb çalın aşırımlarını saraldanda gördüm, bildim ki, üçpara kəndin dağ ətəklərində qaralan yataqlarından* hansınasa yaxınlaşmışıq.

Bolu yavaşıyıb barmağı ilə alnının tərini silib çırpdı.
- Əylənin bir özümüzə gələk. Gec gəlmişik axı, ay Tapdıq. Bu vədə də heyvan çıxartmaqmı olar yataqdan? Odu bax, hamısının olacağından* tüstü çıxır. Oyanıblar çobanlar!

Tapdıq qəzet, tənbəki çıxarıb eşmə eşdi.
- Bax o bəridəki yatağın olacağında, çobanların gözünün qabağında çaxmağı çəkəcəm dabana, deyəcəm filan qədər qoyun aparmalıyam sizdən, kəsib ətini Tahirlinin evlərinin arasında alışma eləməliyik! Allah verər, vaxtı çatanda camaat qaytarar borcu, Allah verməz, halal eləyin hamıya!
Bir az sükut oldu. Sonra Məlik dedi:
Məncə, bu yataq Qurbanlınındı. Deməzlərmi gedin öz sürülərinizdən aparın? Tapdıq dedi:
- Bu gün burdan aparaq, gələn həftə özümüzkündən, o biri həftə də Qonaqlının yataqlarından.
Məlik "hm" elədi:
- O qədər çapqınçılıq eləməyə kim qoyar bizi, ay Tapdıq!
Tapdıq dedi:
- Qorxan qayıtsın! Xəbər al Boludan, gör Dağdağan bu kahalardan nə qədər erkək cəmdəyi göndərirmiş bizim bədbəxt

?Kaha (qoyun yatağı)
Yatağın girəcəyində çobanların olduğu yer camaata! Dağdağan Alının tüfəngini niyə aşırdın çiyninə, niyə gəldin bura?! Məlik dedi:
- Gəldim, çünki sizdən ayrılmaq istəmirəm. Əmbə ehtiyatlandığımı da gizlətmirəm. Qılıncımız tutdurar hamımız.
Tapdıq cibindən Qaratəpədə satılan "spiçkə" - kibrit çıxarıb eşməsini yandırdı.
- Özün getdin orda, damda NKVD-dən material yazmaqdan qorxmuyan adam indi niyə qorxur?!
Qılınc Qurban nə desən eliyər. Yəni döyər, söyər, lap belə, özünün dustaq damına da salar beş-üç gün. Əmbə NKVD-yə verməz bizi. Düzdü?! Özümüzəmi aparırıq heyvanı?!
Məlik razılaşdı.
- Yaxşı, gedək, - dedi.

Getdik və elə yatağın söyüd şivindən hörülmüş qapısını açıb içəri doluşandaca hamımız özümüzü itirdik.
Qurbanlının sədri Müxtar əmi ilə atamın qardaşlığı ÇTZ İskəndər ocağın qırağında, uzunqulaq palanının üstündə oturub, yekə, ağ bir sininin içində yekə bir bıçaqla yekə bir aşıqlı* sümüyünün ətini doğrayırdı.

Bizə bir xeyli təəccüblə baxıb, yəqin ki, tüfəngləri, patrondaşları hələ üzlərinə ülgüc dəyməmiş kişilərə yaraşdırmayıb, nəhəng qarnı, nəhəng yanaqları, nəhəng buxağı titrəyə-titrəyə qəhqəhə çəkdi.
- Bu nə yaraq-yasaqdı, a bala?!
ÇTZ İskəndərin gözləri də nəhəng və qorxuncdu. Əmma kişi güləndə o qorxunc gözlərin qəribə-zümrüdü rəngi par-par yanıb, sifətinə də əməlli-başlı yaraşıq verirdi və ÇTZ traktoru dönüb gözəl bir adam olurdu.
Gülüb, beləcə birdən-birə gözəlləşib, elə gülə-gülə də soruşdu ki:
- Çapqınçılığamı gəlibsiniz? Tapdıq dedi:
- Adını nə qoyursan qoy. Əmbə heyvan ver aparaq. Qızdırma biçdi-tökdü Tahirlini. Molla Gülən on gündən, yarım aydanbir bir evdə çənə bağlayır, Quran oxuyur. Qarnı tox olsa, bu kökə düşərmi camaat, ay İskəndər əmi?!

*Budun aşağı hissəsi

ÇTZ-nin gözlərinin qapaqları endi, sifəti çirkinləşdi.
- Bilirəm, ay oğul. Qurbanlı da, Qonaqlı da elə gündə deyilmi?! Qonaqlının sədri Mədəd də, mən özüm də, sizin təzə sədriniz də hər həftənin axırında raykomun bürosunda danışırıq. Az ağlayın, de-yirlər, ölkə sizin sovetlikdən də pis gündədi. Bakıda adambaşı dörd yüz qram çörək verirlər. Çox vaxt o da vaxtlı-vaxtında olmur deyirlər. Bu "malyariya" deyilən qaraqızdırma da götürüb hər yeri tif, qarın yatalağı, nə bilim nə?! Allahın sabunu da tapılmır! Hələ nədi bu?! Sonrası var bu müharibənin!.. Aparın. Nə qədər istəyirsiniz aparın. Özümün üç toğluluq* qoyunum var burda. Sovet hökuməti insafsız çıxdı, on qoyundan artıq qoyun vermir evbaşına. Artırmağa qoymur! O Zor-filan köpəyoğlunu yedirdirəm, qanunu pozuram özüm. Çünki dolanammıram ayrı cür. Allah belə yekə-yekə yaradıb nəslimizi-kökümüzü, hərəmizin qarnımız bir çuvaldı, neyniyim?!
Belə dərd-azar danışa-danışa birdən yenə güldü.
- Sağ-salamatdısa, yolunu bəridən salsın atın Əlmədədoğlu, onun sözləridi "Çuvalqarın İskəndər", "ÇTZ İskəndər". Direktor Tahir də çox istəyirdi mənim xətrimi. Bir vaxt varıydı, sizin bu təzə sədriniznən - Muxtarnan, indi raykom katibimiz, o zamankı revkom sədrimiz Sultan Əmirliynən Türfəyə gedirdik. Bilirsiniz, Qazaxın İncə dərəsindədi o Türfə, yəni təmiz, saf, insan saflığı, insan gözəlliyi barədə dərs keçirdik orda xəlvətcə. İsmayıl əfəndi varıydı, Mahmud əfəndi varıydı. Alim kişiləriydi hamısı. Sultan Əmirlinin nəslindən-kökündəndilər. Bax o alimlərdən elə dərs almışdıq ki, deyirdik heç bir addım da əyri addım atammarıq daha biz, bu qan-qadalı hökumətdə qalammarıq, oğul-uşağımızı da götürək qaçaq Arazın o tayına. Nə oldu?! "Qaçaq, qaçaq" deyə-deyə ilişdik qaldıq! Vəzifəli olduq! Günahsızlara zülm eləyib xirtdəyəcən günaha batdıq!.. Qurban deyirdi, Muxtarın kiçik oğlu qaçaqçılıq xəyalına düşüb, Məsiynən Dağdağan Alının məxfı cəbbəxanasının üstündə oturub, Tahirlinin yeniyetmələrini də qoşub özünə, əllərini işdən soyudub. Cəbrayıl da, deyir, gözükölgəli olub, xətrinə dəyəmmir Muxtarın oğlunun... Sənə yaraşarmı Meyvəlikdə heyvan tutasan kolxozun sürüsündən?! Gecənin bir yarısınacan Məsinin o damından aşağıda, kərənlərin üstündə oturub dərdləşmişik

* Bir toğluluq iyirmi qoyun deməkdir.

ki, neyniyək, nə əlac tapaq bir az yoluna qoyaq bu bədbəxt millətin işini?! O qədər oturduq ki, sizin kababınızın iyində, dedim sizi bilmirəm, ay Qurban, mən getdim çoban Abdullanın yatağına kabab yeməyə!.. Gülürəm də arsız-arsız mən də hortdatmışam bir az Xeyrə arvadm o çaxırından... Gəlibsiniz, oturun. Yaxşı-yaxşı kişilərin balalarısınız. Yeyin-için, halalınız olsun. Aparın alışmanızı da eləyin. Əmbə bu tüfəngləri, patrondaşları zil - düzən qaytarın qoyun yerinə, üstünü torpaqlayın, dilinizi də dişiniznən tutun! Əvvəl-axır sürmək fikrindədilər bizim milləti. Ola bilər silah da lazımımız olar. Di oturun! Canım da qurbandı sizə! Millətimin balaları!..
Tapdığın gözləri dolmuşdu. Necə birdən gəlmişdisə, eləcə də birdən çıxdı. Biz də, əlbəttə, o dəqiqə çıxdıq. Yol boyu bir kəlmə də danışmadan, qayıdıb, beşaçılanları, patrondaşları həmin palazlara büküb o qazılan yerə doldurduq, üstünü torpaqlayıb tapdaladıq.

İşimizi təzə qurtarmışdıq ki, Qalayçıoğlu, damın girəcəyində ikiqat əyilə-əyilə, əlində gödərək bir odun parçası, içəri girdi. Ləzgini o odun parçası ilə nə qədər və necə döydüyü sözlə deyiləsi deyil. Bircə bunu deyim ki, o ağır odun parçası Ləzgiyə yox, mənə dəyirdi. Briqadir o odun parçasını sönmüş ocağın qırağına tullayıb gedəndən sonra bir xeyli heç birimiz tərpənmədik. Yəni nədənsə Ləzgiyə dava-dərman eləmədik. Yalnız Revaz doxdur, yəqin ki, elə Ləzgioğlunun xahişi ilə gəlib Ləzginin əynindən paltarı çıxarıb başdan-ayağa qançır olmuş çılpaq bədənin yanında köksünü ötürüb başını bulayanda Tapdıq birdən-birə tarappıltı ilə dizləriüstə düşüb Ləzgini qucaqladı.
- Qurbanın olum, bağışla məni! Qurbanın olum! - deyib hönkürdü.

Sonra hamımız ağlaşdıq. Çünki Revaz doxdur Ləzginin boğazına nə qədər dərman töksə də, qoluna, buduna nə qədər iynə vursa da Ləzgini ayıldammadı... Qalayçıoğlu yenə ikiqat əyilə-əyilə içəri girib, eynilə Tapdıq kimi birdən-birə tarappıltı ilə dizləri üstə düşüb hönkürdü. Sonra şalvarının cibindən islaq, əzik-üzük yaylıq çıxarıb gözlərini sildi, boyca elə özü boyda, bədəncə nazik oğlunu qucağına alıb apardı.

Camaatımızın adəti ilə cənazəni həmin gün, hələ günəş batmamış yerdən qaldırıb qəbiristana qədər yüyürə-yüyürə apardılar. Biz, hamısının beli sınmış kimi, əyilib büzüşüb balacalaşmış "kişilər" dəfnə getmədik. İdarə həyətindən bir az aralı, El yolununun qırağında "yığnaq yeri" adlanan uzun, alçaraq təpə kimi yerdə Tapdığın sağ-solunda oturub qaldıq. Məktəbdən qaçıb kotançılığa getdiyimiz, əsgər ailələrinin "qapıları"rıda - həyətlərində tər içində çalışdığımız vaxtlardan bəri özümüzü boya-başa çatmış yetkin oğlanlar, atalarımız kimi yaxşı kişilər saya-saya, bu sakit, baharsayağı ilıq noyabr günü birdən-birə kiçilmişdik - uşaqlaşmışdıq, yaxşı ikən pis olmuşduq, başımızı qaldırıb bir-birimizin üzünə də baxammırdıq. Hamımız başa düşürdük ki, daha Qalayçıoğlunun, Mehbalı əminin, Qurban əmi -Qılınc Qurbanın, Cəbrayılın üzünə də baxa bilmiyəcəydik. Vəziyyətimiz necə olacaqdı? Yenə işləyəcəydikmi? Pambığı qozalamağa, əkinlərə dondurma suyu verməyə gedəcəydik, yoxsa məktəbə qayıdacaydıq? Bəs şil-küt camaatımızın, Şöşü balalarımızın axın necə olacaqdı? Məlum deyildi. Uzandıqca uzanan müharibə ilə birlikdə bizim axınmız da məlum deyildi.

Demə, Qalayçıoğlu da "istrebitelni batalyon"un üzvü imiş, tüfəng, patron da alıbmış, əmma nə batalyon komandirinə, nə də batalyon komissarı* Sultan Əmirliyə tabe olurmuş; hərdən Məhərin budkasına, "siyasi dərs"ə getsə də başqa işlərə qarışmırmış. Buna baxmayaraq, bütün batalyon yığışıb qəbiristana, dəfnə getmişdi.

Qabaqda Qurban əmi ilə Ləzgioğlu, böyür-başdan da atlılar, atlarını yedəkləyə-yedəkləyə El yolunun yuxarısından Yığnaq yerinə yaxınlaşanda Məlik birinci görüb ayağa durdu.
- Qalxın! Qalxın gedək! - dedi.
Tapdıq da ayağa qalxdı.
Əmma elə bir hadisə baş verdi ki, hamımız yerimizə mıxlanıb qaldıq.

El yolunun aşağısında, Qalayçıoğlunun evi səmtindən gələn yazıq, susqun, daimi qəmgin qağamızın boyu göründü. Buna əvvəlcə hamı adi bir şey kimi baxdı. Çünki hərdən elə bu cür susqun, əzgin gəlib yanımızda oturub, eləcə də getməyi indi daha "Dəli Cümrü" olmuş qağamızın dəliliyi sayılırdı.

Əmma bu dəfə başqa cür oldu.
Batalyon üzvləri atlarını idarə həyətinin darvazasından o yana ötürüb, beşbir-üçbir gəlib Yığnaq yerinin dikdirində şinellərinin ətəklərini altlarına yığıb, cərgələnib oturdular. Batalyonun

*Və ya "politik" - siyasi rəhbər"

paltaratonkası" sədrin təzə evi səmtindən taraqqa-taraq gəlib dayananda o maşından dörd dənə nəhəng qulplu qazanda ətri adamı dəli eləyən mal bozartması, bir nəhəng qulplu qazanda da "duzsuz", yəni halva düşürdülər. Dikdirin yastıraq beli uzunu çoxlu kilim, süfrə döşədilər. Hər kişinin qabağına bir büküm dümağ fətirlə bir cam bozartma qoydular. Molla Gülən dodaqaltı mızıldana-mızıldana dua oxuyub, əyri biləkli əlini üzünə çəkib, o biri əlini fətirə uzadanda Yığnaq yerinə elə pis marçamarç, fıshafıs düşdü ki, mən, açığı, hamımızı tamahlandıran ehsanla birlikdə, rayonumuzun, kəndlərimizin yaxşı, sayseçmə adamları sayılan bu adamların it yeyişlərindən də çiyrinib, dirsəyimi Tapdığın böyrünə ilişdirib dedim:
- Niyə ilişdik biz burda?!
Tapdıq çənəsilə yolu - Cümrünü göstərdi. Dedi:
- Odu bax, ona görə.
Qağamızın əlində Məsinin uzun, dəmir şümşədı parıldayırdı.

Ağır-ağır, üzgün-üzgün yaxınlaşıb, marçıldaşanların qənşərində dayanıb bir xeyli ona-buna baxdı. Cərgənin ortasında Ləzgioğlu ilə Qurban əminin yanında oturub yemək əvəzində papiros çəkən Cəbrayılı görəndə Cümrü şümşadı dodaqlarına qaldırdı.

Çaldığı havanın adını mən indi də bilmirəm. Çünki o vaxt orda tutulub-sehrlənib, qəhərlənib, boğulub, heç kəsdən soruşmadım. Sonralar, yəni məktəbi qurtarıb Bakıya gedəndən sonralar isə heç yerdə heç bir çalğıçıdan eşitmədiyim, çox, çox yanıqlı ürəksökən bir hava idi.
Marçıltdar kəsildi.

Kəndin ara-bərələrində dördüncü, beşinci siniflər də on iki, on üç yaşlarında, əlləri tütəkli uşaqlar göründülər. Bunlar bir vaxt Məsinin sağlığında Mehbah əminin çardağının altına yığışardılar, Məsi şümşədin dillərində üç-dörd barmaq vurub, əllərini dizlərinin üstünə qoyub uşaqlara o üç-dörd barmaq havasını dönə-dönə təkrar etdirərdi. Məsi yoxa çıxandan sonra bunlar Qalayçıoğlunun həyətində həmişə Ləzgi ilə üz-üzə şümşəd çalan qağamızın başına yığışardılar. Axır vaxtlar isə Cümrü, şümşəd dodaqlarında, kəndin arasına düşəndə bunlar da Cümrünün dalınca düşərdilər. Bizim tərk etdiyimiz yeddinci sinfin on altı oğlanı ilə iki qızından - Nisə ilə Gülnisə - Bala Nisədən, cəmisi on səkkiz şagirddən fərqli olaraq, üçüncü, dördüncü siniflərin şagirdləri əlli nəfərə qədər vardılar. Bu əlli nəfərdən azı otuzu yığnaq yerində, Cümrünün sağ-solunda yığışdı, həmin yanıqlı, qəhərli havanı tütəklərinin nazikcə, köyrəkcə səslərini güclü səsə döndərib şümşədin qalınaraq səsinə qoşdular.
Qalayçıoğlu cərgədə hamıdan hündürdə duran başını endirib, həmin islaq yaylıqla gözlərini silirdi. Qurban əmi də, Cəbrayıl da başlarını endirmişdilər.
Cümrü şümşədi dodaqlarından ayırdı.
Uşaqlar da ayırdılar.
Tapdıq böyrümdə idi.
Dedi:
- Bax, indi görək nolacaq! Soruşdum ki, sənin işindimi? Dedi:
-Əlbəttə! Gör qağam nə oyun açacaq Əzrayıl köpəyoğlunun başına!
Dedim:
-Genəmi "Əzrayıl" deyirsən?! Taqsır yoxdu axı onda, ay Tapdıq!
Dedi:
- Səsini kəs! Ora bax!

Qağamız şümşədi Cəbrayıla doğru uzadıb, dinməz-söyləməz, ağır-ağır irəli yeridi. Başı açıqdı. Saçları yapıxıb alnının, qulaqlarının üstünü tutmuşdu. Cəbrayıl şapqasını çıxarıb dizinin kündəsinə qoymuşdu. Onun saçları da yapıxıb alnının, qulaqlarının üstünü tutmuşdu. Cəbrayılın nə qədər yansa da, ağlığını saxlayan sifətində zilqara, qalın bığı olmasaydı və ya qağamızın elə bığı olsaydı, deyərdin Cəbrayıla Cəbrayıl yaxınlaşır.
Gedib iki addımlığında elə o cür - əliuzanıqlı dayandı.
Lap astadan, həmincə yumşaq, həlim səsi ilə dedi:
- Al... sən də çal. Cəbrayıl dedi:
- Mən tütək çalan deyiləm, axı, ay oğul! Cümrü dedi:

- Tütək deyil bu. Şümşəddi. Türfədə şümşəd da çalıbsan. Qaval da çalıbsan. Müridləri oynadıbsan. Özün də oynayıbsan. Al! Çal! Yanındakıları da oynat! Qurban əmini də oynat!
Cəbrayıl dedi:
- Bura yasdı, ehsandı, oğul!
Bu an böyrümdə necə sərt qışqırtı qopdusa, hamımız diksindik.
- Muxtar Əlmədoğlunun evində də yasdı! Bə sən orda niyə ağ fətir, əmlik əti, ağcamaya xanım ...tü yeyirsən! Qalx, köpəyoğlu. Çal! Oxu! Oyna!
Həmincə damda çaldığı ağ sini Tapdığın əlində peyda oldu. Pencəyinin altında kəmərinə sancıb kürəyində gətiribmiş. Dambırıla-dambır döyəcləyə-döyəcləyə qocamızın yanına yeridi.
- Qağa, çal! Ay uşaqlar çalın! O "Buynuz" havasını! Şümşəd dilləndi. Tütəklər səs-səsə verdi.
Tapdığın gözləri dərin çuxurlarda oyur-oyur oynayırdı. Qışqırtısı kəndi götürmüşdü:
- "İskəndərin buynuzu var, buynuzu!.." "İskəndərin buynuzu var, buynuzu!.." Sən o birisini de! Gəlsinlər səni da aparsınlar NKVD-nin dustaqxanasına! Bassınlar ştrafnoy batalyona! Sənin də qara kağızın gəlsin! Belə biabırçdıqnan niyə sağsan sən, ay namussuz köpəyoğlu! Oyna deyirəm sənə! Oxu deyirəm! O birisini! "Stalinin buynuzu var, buynuzu!.."
Qurban əmi ayaq üstə idi. Əli tüfəngin tətiyində idi.
- Mən vuracam bu uşağı, ay camaat! Qan qana qarışacaq! Maşina basın bunu! Tez olun! Qana salmayın! Tez basın maşına! Birbaş dəlixanaya! Döyün! Döyün, görk olsun! Sonra aparın!

Tapdığın cılız bədənini elə yerindəcə təpiyin altına salıb əzişdirdilər. Ağ sini hələ yol aşağı dığırlanırdı, Tapdıq isə artıq maşının üstündə idi. Batalyon üzvlərindən biri çəkməsinin pəncəsini yazığın belinə qoymuşdu, o birisi qıçlarının üstünə. Maşın yola düşəndə də elə o cür - pəncələri Tapdığın üstündə getdilər.
Demə, qağamız lap üzülübmüş. Gah maşının dalınca yüyürmək istəyirdi, yüyürəmmirdi. Gah geriyə - Qılıncımıza doğru yüyürmək istəyirdi, yüyürəmmirdi. Beləcə, bir neçə dəfə, təngnəfəs irəli-geri gedəndən sonra dayanıb üzüüstə döşəndi.
Uşaqlar, böyüklü-kiçikli hamımız Cümrünün başına yığışdıq. Özü arxasıüstə çevrilmişdi. Bir vaxt yolda Mehbalı əmi Allahı çağırdığı kimi, Cümrü də Allahı çağırırdı:
- Hardasan?! Hardasan, ay Gözəgörünməz! Qaqaşımı apardılar! Balaca qaqaşımı, Tapdığımızı apardılar axı, niyə qoyursan, a kişi?! Sənin də buynuzunmu var, a kişi?!

Batalyon dağılışmışdı. Körpə uşaqları da ordan-burdan səsləyib aparırdılar. Cümrü isə hələ arxasıüstə idi. Gözləri axşamın uzaq, ala-tala buludlarında gəzirdi. Üzgün səsi hey çağırırdı, elə hey deyirdi:
- Sənin də buynuzunmu var?! Sənin də buynuzunmu var?!
XS
SM
MD
LG