Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:59

'Baghlan' – Məmmədovları bağlayan nəqliyyat biznesi


Hafiz Məmmədov (sağda) Bakı futbol klubunun stadionunu Nəqliyyat naziri Ziya Məmmədova göstərir.
Hafiz Məmmədov (sağda) Bakı futbol klubunun stadionunu Nəqliyyat naziri Ziya Məmmədova göstərir.

.


Avtobus gecikir?
Taksi bahalıdır?
İctimai nəqliyyat yaxşı işləmir?
Gündəlik çörəkpulu qazanmaq üçün taksi sürməyə icazə ala bilmirsiniz?
Gec tikilib, tez dağılan yollardan şikayətçisiniz?


Azərbaycanda nəqliyyata ayrılan milyonların sizin gediş-gəliş problemlərinizi niyə həll etmədiyini necə, düşünürsünüz?



Taksi sürücüsü Elman Məmmədov problemlərin kökündə dayanan açar sözü bildiyini deyir – Monopoliya.

Bu yazıda sizə Azərbaycanda nəqliyyat sektoruna hakim mövqeyə malik iki ailə haqqında danışacağıq. Onları birləşdirən çox şey var – ortaq soyaddan tutmuş, sənədlərdə əks olunan biznes maraqlarınadək.

MƏMMƏDOV & MƏMMƏDOV

Nəqliyyat Nazirliyinin ən böyük partnyoru Baghlan şirkətlər qrupudur. Bu özəl şirkətlə Azərbaycanın strateji önəmli dövlət qurumunu – Nəqliyyat Nazirliyini təkcə işgüzar əlaqələr birləşdirmir, nazir Ziya Məmmədovun ailəsi ilə Baghlan qrupunun qurucusu Hafiz Məmmədovun ailəsi arasında da sıx biznes bağlantıları var. Bu, təbii ki, qanuna ziddir, çünki maraqlar toqquşur.

Baghlan Group-un sahibi Hafiz Məmmədov, Nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycan prezidenti İlham Əliyev
Baghlan Group-un sahibi Hafiz Məmmədov, Nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycan prezidenti İlham Əliyev


AzadlıqRadiosunun OCCRP (Mütəşəkkil cinayətlərin və korrupsiyanın araşdırılması layihəsi) təşkilatı ilə birgə apardığı araşdırma müəyyənləşdirib ki, Baghlan qrupu Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə Azərbaycan dövlətinin həyata keçirdiyi bir çox önəmli və bahalı layihələrə cəlb olunub.

Məsələn, Bakıdakı beynəlxalq avtobus vağzalının tikintisi, London takislərinin alınıb Azərbaycan paytaxtına gətirilməsi, magistral yolların çəkilişi…

Dövlətin Baghlan qrupuna olan bu sifarişləri və biznes imkanları nəticəsində ailə-biznes şəbəkəsininin üzvləri nəhəng gəlirlər əldə etməklə yanaşı, ölkə nəqliyyatında sərnişin və yük daşınmalarında, nəqliyyat tikinti sahəsində inhisarçı mövqe tuta biliblər.

ORTAQLAR

"Baghlan Group FZCO" holdinqini 2007-ci ildə Birləşmiş Ərəb Əmirliklərində Hafiz Məmmədov yaradıb.

Soyadları eyni olsa da, Hafiz Məmmədovla Ziya Məmmədovun hər hansı qohumluq əlaqəsinə dair sübut yoxdur. Amma hər iki Məmmədovun sıx biznes bağlantısını göstərən sənədlər var. Onları uzun illər boyu "Bank of Azerbaijan"da şəriklik, nəqliyyatda ortaq layihələr birləşdirir. Hətta idmanda da ortaq maraqları var.

Beynəlxalq Bakı Avtovağzalının tikintisini də iki ailə birgə gerçəkləşdirib – Hafiz Məmmədovun Bağlan Group-una daxil olan Arcon MMC və Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi ZQAN holdinq.

Avtovağzalın sahibi olduğunu nəqliyyat nazirinin qardaşı Elton Məmmədov özü AzadlıqRadiosuna müsahibəsində etiraf etmişdi.

Bir müddət əvvələdək Baghlan Groupun İnternet səhifəsində nəqliyyat nazirinin oğlu Anar Məmmədovun şirkətlərinin adı da keçirdi.


Bir sözlə, açıq mənbələrdə Məmmədovlar arasındakı bağlantıları təsdiqləyən yetərincə məlumat var.

Xaricdən taksi və avtobuslar alınması və yolların çəkilməsi kimi bahalı dövlət sifarişlərinin rəqabətsiz, tendersiz Baghlan Groupa həvalə olunması, lisenziya verilməsi qərarlarının arxasında nazir Ziya Məmmədov durur. Nazirliyin sözçüsü Namiq Həsənov da deyir ki, bu dövlət qurumunun icazəsi olmasa, həmin layihələr həyata keçirilməz:


“Ölkəyə yeni taksilər gətirilirsə, o taksinin fəaliyyət göstərməsi üçün icazəni, lizensiyanı Nəqliyyat Nazirliyi verir. Nazirliyin icazəsi olmadan heç kim bu taksiləri, avtobusları gətirə bilməz”.


Əslində, dövlətin mənafeyini qorumaq üçün bu yüksək vəzifəyə təyin olunan məmur hər imzası ilə öz ailə üzvlərinin iqtisadi maraqlarını da güdüb.

TAKSİ MONOPOLİYASI

Baghlan Groupun vebsaytında prezident Hafiz Məmmədov şirkətin nəqliyyat sektorundakı rolu haqqında bunları yazır:


"Bizim fəaliyyətimizin başlıca məqsədlərindən biri – ölkənin nəqliyyat infrastrukturunun yaxşılaşmasına, ictimai nəqliyyatın optimallaşdırılmasına nail olmaqdır".


Hafiz Məmmədovun ailə biznesinin nəqliyyat infrastrukturunun optimallaşdırılmasındakı rolu ilə bağlı mübahisələrə girmədən bu biznesin ictimai nəqliyyatdakı miqyasına nəzər salaq.

Mindən artıq taksiyə malik Bakı Taksi MMC və 500-dən çox marşrut avtobusunu idarə edən Transgate Baghlan Group-a daxildir
Mindən artıq taksiyə malik Bakı Taksi MMC və 500-dən çox marşrut avtobusunu idarə edən Transgate Baghlan Group-a daxildir


Baghlan Groupun sözçüsü Aygün Qədirli AzadlıqRadiosuna müsahibəsində deyir ki, qrupa daxil olan Bakı Taxi MMC azı 1000 "London taksi"sinə malikdir. Ümumilikdə isə Bağlan paytaxtda sərnişindaşımanın 20 faizini həyata keçirən avtobus şirkəti var.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov Bakıda cəmi 1200 lisenziyalı taksi olduğunu bildirir. Bu o deməkdir ki, 2010-cu ilin aprelində yaradılan Bakı Taksi MMC qurulandan cəmi bir neçə ay sonra nazirliyin və prezident İlham Əliyevin xeyir-duası ilə şəhərdə taksi biznesində inhisarçı paya, təqribən taksi biznesinin 85 faizinə yiyələnib.

Bakı Taksi MMC-nin direktoru İlqar Qasımov buna necə nail olduqlarını belə nəql edir:


"2010-cu ildə müxtəlif növ avtomaşınlar prezident İlham Əliyevə təqdim olunmuşdu. Dövlət başçısı maşınlar arasından məhz bu modeli və "bənövşəyi" rəngli bu taksiləri seçdi. Seçimdən sonra bu taksilərin ölkəyə gətirilməsi məsələsi aktuallaşdı. Və bu zaman təbii ki, ilk olaraq bizim şirkət - "Bakı Taxsi" MMC “London Taksi” ilə danışıqlar apardı, London taksilərinin yerli operatorluğu və distribütorluğuna dair müqavilə imzaladıq.

Bakıda fəaliyyət göstərən digər taksi şirkətləri kimi biz də Nəqliyyat Nazirliyindən taksi xidməti üçün lisenziya alıb, fəaliyyətə başladıq."


İlqar Qasımovun “təbii ki” deyərkən şirkətin hansı özəlliyini, hansı iş təcrübəsini nəzərdə tutduğu bəlli deyil. Hər halda biri 28 min dollara alınan və bənövşəyi rənginə görə xalq arasında “badımcan” ayaması qazanan taksilərin kütləvi şəkildə bazara buraxılması üçün lisenziya verilərkən heç bir tender keçirilməyib.

OLİMPİYA İMKANLARI

2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Oyunları Məmmədovlar ailəsi üçün yeni imkanlar açır. Bu tədbirin təşkili barədə 2 fevral 2013-cü il tarixli müşavirədə nəqliyyat naziri 2 min yeni taksiyə, 1200 yeni avtobusa ehtiyac olduğunu söyləyib.

Ziya Məmmədovun çıxışından sonra prezident Əliyev deyib: “Biz bu məsələni ardıcıl olaraq həll etməliyik. Əlbəttə, mövcud nəqliyyat vasitələri tez-tez yenilənməli, yeni avtobus və taksilər alınmalıdır”.

London taksiləri Bakı küçələrində peyda olandan dərhal sonra həm prezident İlham Əliyev, həm də nazir Ziya Məmmədov kütləvi çıxışlarında bu sövdələşməni tərifləməyə başladılar. Həmin taksilər gətiriləndən sonra nazirlik yubanmadan taksi fəaliyyəti ilə bağlı yeni qərar çıxardı və digər taksilərin işini məhdudlaşdıran qaydaların tətbiqinə başladı. Taksi sürücülərinin etiraz aksiyası da kömək etmədi.

Nəqliyyat Nazirliyinin müfəttişləri köhnə taksiləri şəhərin mərkəzindən və metro stansiyalarının qarşısındakı dayanacaqlardan qovub “Baghlan”ın taksilərinə əlverişli şərait yaratdı.

Niyaməddin İmranov 10 ildir Bakıda taksi işlədir. Deyir ki, London taksiləri gətiriləndən sonra Nəqliyyat Nazirliyi elə şərait yaradıb ki, bu taksilərlə rəqabətə girmək mümkün deyil. Hazırda “Daewoo” markalı maşından taksi kimi yararlanan sürücü sözünə belə davam edir:

Niyaməddin İmranov
Niyaməddin İmranov

“Əvvəl dedilər ki, sovet istehsalı olan maşınlar yığışdırılmalıdır. Ondan sonra da maşınların rəngini bəhanə edib lisenziya vermirlər. Lisenziya ala bilmək üçün tək şərt maşının rəngi deyil. Maşında sayğac olmalı, naviqatorlar quraşdırılmalıdır. Bunlar haradasa 1000-1500 manat edir. Sürücü bu qədər pulu necə tapsın?

Bir sözlə, özləri bilərəkdən şərtləri belə sərtləşdiriblər ki, adi taksi sürücüləri işləyə bilməsin. Məqsəd – London taksiləri üçün şərait yaratmaqdır".


İCTİMAİ NƏQLİYYAT – BANK OF AZƏRBAYCAN DÜNYASI

Qasımov deyir ki, London taksilərində nəğdsiz hesablaşma terminalları quraşdırılıb. Müştərilər kredit kartları ilə taksinin pulunu ödəyə bilər, bütün bu ödəmələri Bank of Azerbaijan təmin edir

London taksilərində quraşdırılan taksimetr və elektron xəritələr (GPS - Global PositioningSystem) City Taxi MMC-dən alınıb. Bu şirkəti 2008-ci ildə Nizami Ağa oğlu Rəfiyev təsis edib. Şirkətin qeydiyyat ünvanı Baghlan Group-un və Nəqliyyat Nazirliyinin bir neçə digər özəl partnyorunun qeydiyyat ünvanı ilə eynidir (Həsən Əliyev kücəsi 24).

Bank of Azərbaycan nəqliyyat biznesində həyata keçirilən az qala bütün maliyyə əməliyyatlarını monopoliyaya alıb. Bakı avtovağzalında bu bankın bir şöbəsi, dövlət qurumu olan Nəqliyyat Departamentində başqa bir şöbəsi fəaliyyət göstərir. Avtovağzalda bütün POS-terminallar, valyuta mübadiləsi nöqtələri “Bank of Azərbaijan”ındır.

Taksi sahiblərinin hamısı lisenziya və vergilərini Bank of Azerbaijan-da ödəməyə vadar edilir.

Elman Məmmədov 30 ilin sürücüsüdür. Ötən ilin noyabrında lesinziya və vergilərini bir başqa bankda ödəyib və problemlə üzləşib.

Azerbaijan - taxi driver Elman Mammadov
Azerbaijan - taxi driver Elman Mammadov

Sürücü Elman Məmmədov:


"Dövlətin qoyduğu qanuna uyğun olaraq VÖEN alıb fəaliyyət göstərirəm. Aylıq vergi və lisenziya pulunu da ödəyirəm.

Amma qanunsuz, zorakılıqla
biz taksi sürücülərindən tələb edirlər ki, pulu ancaq "Bank of Azerbaijan"a ödəməlisiniz. Bu da mənim sübutum (əlindəki qəbzləri göstərir).

Orada növbə çox olduğuna görə mən bir dəfə pulu "Kapital Bank"a keçirdim. İndi Bakı Nəqliyyat Deprtamentinin işçiləri "Kapital Bank"ın qəbzlərini qəbul etmirlər ki, bu, qanuni deyil. Departamentin işçiləri bütün taksi sürücülərinə deyirlər ki, siz ancaq "Bank of Azerbaijan"a ödəniş etməlsiniz. Nəyə görə?

Mən müstəqil ölkənin azad vətəndaşıyam, bu qədər banklar varsa, hansı bank mənə daha rahatdır ora da ödəyərəm. Nəqliyyat Departamentinin işçiləri niyə mənə deyirlər ki, "Kapital Bank"ın verdiyi qəbz qanunsuzdur, "Bank of Azerbaijan"ın verdiyi qəbz qanuni? Cavabı mən deyim sizə: çünki monopoliya var.

Dövlət də bununla mübarizə apara bilmir. Gücü çatmır".


Yanvarın 22-dək nəqliyyat nazirinin oğlu Anar Məmmədov Bank of Azerbaijan-ın sənədlərində səhmlərin 81 fazinin sahibi kimi göstərilib. 2012-ci ilin avqustunda Bakı Valyuta Birjasına təqdim olunan səhm satışı üzrə emissiya prospektində Bank of Azerbaijan-ın müşahidə şurasının üzvləri arasında Hafiz Məmmədovun da adı keçib. Baghlan Group-un əvvəlki İnternet səhifəsində həmin bankın adı Baghlan holdinqə daxil şirkətlər sırasında yer alıb. Hafiz Məmmədovun qardaşı Mübariz Məmmədov bank səhmlərinin 18 faizinin sahibi olub.

Nəqliyyat nazirinin oğlu Anar Məmmədov Bank of Azerbaijan-nın səhmlərini satandan sonra (səhmlərin satıldığı barədə məlumat bir neçə həftə əvvəl élan olunub) bank Hafiz Məmmədov və onun qohumlarının əlində cəmləşib. Bu ilin yanvarına olan məlumata görə, səhmlər ailə üzvləri arasında belə bölünüb – Hafiz Məmmədovun oğlu Kənan –43 faiz; digər oğlu Sənan – 43 faiz və qardaşı Mübariz –13 faiz.

Anar Məmmədovun Bank of Azerbaijan-dan tam uzaqlaşdığını demək olmaz. Bankın rəhbərliyində Anar Məmmədovla bağlı ən azı iki adam var. ZQAN holdinqin meneceri Seymur İsmayıl Bank of Azerbaijan-ın direktorlar şürasının sədridir. Bu şuranın bir başqa üzvü, ZQAN Holdinqin hüquqşünası Ruslan Məmmədov isə Anar Məmmədovun qohumudur və bir sıra məhkəmə işlərində onun vəkili kimi çıxış edib.

Bir detal da var: London taksilərində hərəkət etdiyiniz zaman “GarantSığorta”da sığortalanmış olursunuz. GarantSığorta da ZQAN Holdinqin tərkibindədir.

SƏRNİŞİNDAŞIMADAN AXAN MİLYONLAR

Baghlan Groupa daxil olan Transgate şirkəti Bakıda hərəkət edən 2400 sərnişin avtobusundan 500-ə sahibdir. Bunu Baghlan Groupun sözçüsü Aygün Qədirli deyir.

Transgate avtobusları
Transgate avtobusları

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov bildirir ki, dövlət vəsaiti hesabına xaricdən 186 yeni avtobus alınıb və şirkətlər arasında bölünüb. “Bunun üçün dövlət büdcəsindən 30 milyon 445 min manat pul xərclənib” – Həsənov belə deyir.

Lakin o, dövlət hesabına alınan avtobuslardan hansı şirkətə nə qədər verildiyini açıqlamır:

“Mənim heç marağım da yoxdur ki, öyrənəm”.


“Bağlan”ın sərəncamında olan avtobusların sürücüləri şirkətə gündəlik 120-180 (marşrutun yüklənməsindən asılı olaraq) manat plan ödədiklərini, maşının istismarı üzrə bütün xərcləri də özlərinin qarşıladığını deyirlər. Bu o deməkdir ki, şirkət beş yüz avtobusdan gündə 60 min və ildə təqribən 22 milyon manat qazanır.

Gündəlik 28 manat plan ödəyən min taksinin gətirdiyi gəlir on milyon manat civarındadır. Şirkətin başqa yükdaşımalardan nə qədər qazandığını hesablamaq daha çətindir.

Dəmiryoldaşımaları Bağlan Groupun ilk bizneslərindəndir.

Şirkətin səhifəsindən oxuyuruq:

Baghlan Groupun domain ünvanı ilə Dəmiryol İdarəsinin ünvanı eynidir
Baghlan Groupun domain ünvanı ilə Dəmiryol İdarəsinin ünvanı eynidir

"BağhlanGrup" milli dəmiryol daşınmalarında aparıcı rol oynayır və planlaşdırma, cədvəl hazırlama, yükləmə və boşaltma, yük daşınmalarının idarə olunması, gömrükdən keçirilməsi də daxil olmaqla tam yükdaşıma xidmətləri paketi təklif edir. MDB və İpək Yolu boyunca Şərqi Asiyadan Qərbi Avropayadək beynəlxalq daşınmalar məkanında kiçik yerli qurumlardan beynəlxalq şirkətlərədək..“.

Yəqin elə buna görədir ki, www.baghlangroup.com İnternet səhifəsi Azərbaycan Dəmir Yolları İdarəsinin, başqa sözlə, Nəqliyyat Nazirliyinin bir departamentinin rəsmi ünvanında – Dilarə Əliyeva, 230 ünvanında qeydə alınıb.

BİR MİLYARDLIQ YOL LAYİHƏSİ

Bu holdinqin əsas fəaliyyət sahələrindən biri də avtomobil yollarının tikintisidir. Dövlət büdcəsindən 2008-ci ildən bəri ayrılan bir milyard manat hesabına inşa olunan layihədə də Baghlan iştirak edir. Holdinqin sözçüsü Aygün Qədirli deyir ki, 208 kilometrlik Bakı-Samur (Gəndob - Rusiya sərhəddi beton yolu) magistralında şirkət kiçik həcmli işlər görür. Amma o, Bağhlanın işlərinin çeşid və qiyməti barədə məlumat vermir.

Məmmədovları birləşdirən sahələr arasında tikinti və nəqliyyatla yanaşı, idman da var. Bakı Futbol Klubunun prezidenti Hafiz Məmmədov, fəxri prezidenti Anar Məmmədovdur. ZQAN, Baghlan, Bank of Azerbaijan klubun rəsmi sponsorlarıdır.

Namiq Həsənov
Namiq Həsənov

Nazirliyin sözçüsü Namiq Həsənov Hafiz Məmmədovun nazir Ziya Məmmədova yaxın olmasını problem saymır.

- Belə fikirlər var ki, nəqliyyat naziri özünə yaxınlığı və ya bağlılığı olan şirkətlərə üstünlük verir. Bu fikirlərə münasibətiniz…


- Nəqliyyat Nazirliyi ən yaxşı şərtləri irəli sürən şirkətlərə üstünlük verir.


- Məsələn, Transgeyt, Baku Taksi Company MMC, eləcə də yol tikintilərində adı keçən bir neçə şirkətin təsisçisi Baghlan Groupdur. Baghlan Groupsa Hafiz Məmmədovundur. Hafiz Məmmədovla Ziya Məmmədovun ailə üzvlərinin biznes əlaqələri var.


- Nazirə Azərbaycanın mənafeyi yaxındır. Ola bilər ki, bu bizneslər nazirin yaxın adımınındır. Bu yaxın adam səmərli təkliflər verirsə, güclü layihələr təqdim edirsə, niyə də ona üstünlük verilməsin? Nazirlə yaxın olmaq, dost olmaq olmaz ki? Elə ancaq düşmənlər gəlib lizenziya ala bilməz ki? Mən bu barədə çox danışmaq istəmirəm.


AİLƏ MARAQLARINA BAĞLAN

Namiq Həsənov bu mövzuda bundan artıq danışmaq istəmədi. Təəssüf. Bağhlan Group adının mənası ilə bağlı sualımız da vardı. Groupun səhifəsində bu adın anlamı belə açıqlanır:


“Qədim türkcədə bu ad hörmətli şəxs – cəmiyyətdə nüfuzlu və kökünəbağlı adam deməkdir. Söz bu gün də işləkdir. Bağlanmaq – bağlı, əlaqəli olmaq deməkdir. “BAĞLAN” şirkətlər qrupunun milli köklərinə bağlılığını simvolizə edir”.


Amma bəlkə də bu adda başqa simvol axtarmağa dəyər – ailə maraqları ilə vəzifə səlahiyyətlərinin bağlanması, hökumət vəzifəsi ilə biznes əlaqələrinin qarışıq düşməsi simvolunu…

XS
SM
MD
LG