Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:15

5 otaqlı evin sahibəsi qəbiristanlığa niyə sığındı


Solmaz Abbasova
Solmaz Abbasova
-

«Rəfiqəmlə həyat yoldaşı birləşərək onlara kirayəyə verdiyim evi saxta sənədlərlə əlimdən aldılar. Anadangəlmə ruhi xəstə olan oğlumla küçədə qaldım. Qış-yay qəbiristanlıqlarda yaşadıq. Gördüm mümkün deyil, onun-bunun köməkliyi ilə kirayə ev tutdum. İndi o evi də sahibi satır. Bundan sonra hara gedəcəyimizi bilmirik».

3 MİN DOLLARIN BİR AİLƏYƏ GƏTİRDİYİ MÜSİBƏT

Bakı sakini Solmaz Abbasova. Orta yaşlı bu xanım «Qaynar xətt»ə vəfat etmiş ərindən ona və anadangəlmə ruhi xəstə olan övladına miras qalmış 5 otaqlı mənzilini necə itirməsindən danışır. Söhbət Bakıxanov qəsəbəsi, Bünyadzadə küçəsindəki 15/72 saylı evin 97-ci mənzilindən gedir. Solmaz xanım bir qoltuğunda xəstə övladı, o biri qoltuğunda ərindən ailəyə miras qalmış mənzilin Çıxarışı və başqa sənədləri ilə dolu qovluq, 13 ilə yaxındır ki, küçələrdə qalıb.

Səbəbindən danışır: «Ərim vəfat etdi, ilini yola vermək üçün borca düşdüm. Sonra da özüm avtomobil qəzası keçirtdim. Rəfiqəmdən aldığım borclar 3 min dollara çatdı. Onların qalmağa evləri yox idi. Dedim gəlin qalın mənim evimdə, ödəməli olacağınız kirayə pulunu mənə verməyin, sizə olan borcumdan silin. Razılaşdılar və 5 otaqlı evimə köçdülər. Mən isə atamın aldığı 1 otaqlı evə köçdüm. Beləcə, düşünüm ki, borc problemimi bu yolla həll edirəm. Ancaq bir gün eşitdim ki, evi saxta sənədlərlə öz adlarına keçiriblər. 13 ildən çoxdur məhkəmələrdəyəm, ancaq sənədi əlimdə olan evimi özümə qaytara bilmirəm. Rəfiqəmgil o evi başqalarına, o başqaları isə bir başqalarına satıb. Ev əldən-ələ keçir, bu ona satır, o buna, mən isə məhkəmə qapılarında. İş orasındadır ki, məndən sonra o evdə yaşayanların heç birinin sənədi yoxdur. Məhkəmə də görür ki, sənəd mənim əlimdədir, heç kəslə alqı-satqı etməmişəm, evi heç kəsə bağışlamamışam, bununla belə yenə rüşvət alıb qanunsuzluğa qanuni don geydirirlər».

Solmaz Abbasovanın sözlərinə görə, 2005-ci ildə Sabunçu rayon Məhkəməsinə müraciət edib. Məhkəmə onun iddiasını təmin edib. Sonrakı məhkəmələr isə hər dəfə çıxardıqları qərarları ilə qarşı tərəfin maraqlarını qoruyub.

«RUHİ XƏSTƏNİN ADINDAN SAXTA RAZILIQ ƏRİZƏSİ YAZMIŞDILAR»

Namizəd Səfərov
Namizəd Səfərov
Hüquqşünas Namizəd Səfərov deyir ki, yerli qanunvericilik ruhi xəstənin yaşadığı və vərəsəlik haqqı olan mənzilin başqasına satılmasına yol vermir.

Solmaz Abbasova isə deyir ki, evin alqı-satqısı zamanı anadangəlmə ruhi xəstə olan övladı Emin Abbasovun adından saxta razılıq sənədi düzəldilib. Guya ruhi xəstə mənzilin satılmasına vərəsə kimi razıdır. Namizəd Səfərov isə ruhi xəstənin hər hansı sənədləşmədə iştirakını qanunvericiliyə zidd hesab edir: «Anlaqsız şəxsin adından yazılmış hər hansı ərizə, razılıq etibarsız sənəd hesab olunmalıdır və belə bir sənəd vardısa, məhkəmə bunu etibarsız saymalı idi».

Solmaz Abbasovanın sözlərindən və təqdim etdiyi sənədlərdən bəlli olur ki, onun şikayətləri əsasında bir neçə dəfə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Ancaq o, rəfiqəsinin həyat yoldaşı, mənzilini əlindən aldığını iddia etdiyi Cabir Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına nail ola bilməyib:

«Çünki hər yerdə söz rüşvətindir. Gedirəm istintaq orqanına, dərdimi danışıram, özü də elə-belə yox, sənədlə-sübutla danışıram, baxırlar, deyirlər, sən haqlısan, adam sənə qarşı dələduzluq edib. Ancaq nəticəyə gələndə, qarşı tərəfdən rüşvət alıb, özləri başladıqları cinayət işinə özləri də xitam verirlər».

«MƏSCİDDƏN DƏ QOVULDUQ, ƏRİMİN QƏBRİNİN YANINA KÖÇDÜK»

Solmaz Abbasovanın masa üzərinə düzdüyü sənədlərin çoxluğundan içərisində azmaq olar. Qətnamələr, qərarlar, qərardadlar, şikayət ərizələri, rəsmi qurumların şablon cavab məktubları... Deyir, məsciddə, qəbiristanlıqda yaşadığı vaxtlarda da bu sənədləri başının altında saxlayırmış. Necə də olsa, özünün və xəstə oğlunun taleyinə işıq sala biləcək son ümidləri bu kağızlardır:

Solmaz Abbasova və oğlu Emin Abbasov
Solmaz Abbasova və oğlu Emin Abbasov
«Bir az da o günlərdən danışım sizə. Oğlumu Maştağadakı ruhi xəstəxanada döyüb, başını yarmışdılar deyə, mən onu ordan çıxarıb öz yanımda saxlamalı oldum. Kirayə haqqını verə bilmədik, evdən çıxardıb çölə atdılar bizi. Məcbur olub Bakıxanovdakı məscidə sığındıq. Ordan da qovulandan sonra məcbur olub Bakıxanovdakı qəbiristanlığa - ərimin qəbrinin yanına köçdük. Uzun müddət orda yaşadıq. Gördüm belə də mümkün deyil, bir müddət əvvəl yenə ev kirayələdim. Ancaq ev sahibi xəbərdarlıq edib ki, yaxın vaxtlarda evi boşaldaq».

Cabir Hüseynov isə bildirib ki, nə o, nə də həyat yoldaşı əvvəllər Solmaz Abbasovanı tanımayıblar. Ev almaq istəyərkən Şahin adlı bir nəfərin vasitəsilə Solmaz Abbasova ilə tanış olublar. Solmaz Abbasova evini satmaq istədiyini bildirib. 4 avqust 2000-ci il tarixdə aralarında alqı-satqı müqaviləsi bağlanıb. Bu müqaviləni 16 saylı notariat kontorda rəsmiləşdiriblər. O, evi Solmaz Abbasovadan 12.800 dollara aldığını bildirib. Alqı-satqıdan və Solmaz Abbasova əşyalarını yığaraq həmin evdən başqa yerə köçdükdən sonra ailəsi ilə həmin mənzilə köçdüyünü, o ünvana yaşayış qeydiyyatına düşdüyünü deyib. 2003-cü ildə o, mənzili Zəminə Nəzərova adlı şəxsə satıb.

QARŞI TƏRƏF DEYİR Kİ, PUL VERİB EV ALMIŞAM

Cabir Hüseynov bildirib ki, Solmaz Abbasova həmin ünvanda yaşayış qeydiyyatından çıxmadığına görə sonradan bundan sui-istifadə edərək evə iddiaçılıq edib. Sabunçu rayon Məhkəməsi Solmaz Abbasovanın iddiasını təmin etdikdən sonra o, həmin qətnamədən apellyasiya şikayəti verib. Apellyasiya instansiyası Sabunçu məhkəməsinin qətnaməsini ləğv edib. Ali Məhkəmə apellyasiya qərarını qüvvədə saxlayıb.

Solmaz Abbasova isə Cabir Hüseynovun məhkəmələrə təqdim etdiyi sənədlərin saxta olduğunu iddia edir.

Arxiv foto
Arxiv foto
Solmaz Abbasovanın oğlu Emin Abbasov anadangəlmə ruhi xəstə olduğuna görə, Sabunçu rayon icra hakimiyyətinin qəyyumluğundadır. İndi Sabunçu rayon İcra Hakimiyyəti qəyyumluğunda olan şəxsin yaşadığı mənzilin satılmasına və məhkəmələrin ruhi xəstənin həmin mənzilə hüquqlarını bərpa etmədiyinə görə Konstitusiya Məhkəməsinə müraciət edib. İcra Hakimiyyəti Konstitusiya Məhkəməsinə ünvanladığı ərizəsində isə cavabdeh kimi Solmaz Abbasovanı qeyd edib. Çünki qurumu mənzil alqı-satqısının kimlər tərəfindən və hansı qaydada həyata keçirildiyi yox, ruhi xəstənin mənzil hüquqlarının bərpa edilməsi maraqlandırır.

Solmaz Abbasova deyir ki, son ümidini Rusiyanın prezidentinə bağlayıb:

«Aprelin 25-də Moskvaya, Putinə şikayət etməyə gedirəm. Öz prezidentimizə yaxın düşmək belə müşküldürsə, qoy vətəndaşının dərdini ona başqa ölkənin prezidenti çatdırsın. Putinə deyəcəm İlham Əliyevə çatdırsın ki, ruhi xəstə ilə qəbiristanlıqlarda yaşamaq istəmirəm. Mənzil hüquqlarımın bərpa olunmasına kömək eləsin».
XS
SM
MD
LG