Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:31

Yeni təhsil nazirinə xeyli sual var


Bakıda məktəb
Bakıda məktəb
-
«Müəllimə düz-əməlli maaş verilsə, o dərsini də sevəcək, lap o yana da keçəcək».

Yevlax rayonundakı 9 saylı məktəbin tarix müəllimi Aydın Ələkbərov deyir ki, yeni nazirlə görüşsə, ilk sualı maaşla bağlı olacaq.

«SEÇKİYƏ DƏ MÜƏLLİM, İMƏCİLİYƏ DƏ»

Tarix müəlliminin nazirə ünvanlayacağı daha bir sual da var:

«İkincisi, onu deyəcəyəm ki, müəllimi əlavə yüklərdən azad edin. İlk növbədə məktəb və müəllimlərin icra hakimiyyətindən asılılığını aradan qaldırın. Axı təhsil şöbəsindən başqa müəllimi yoxlamayan qurum yoxdur. Gör, iş hara gəlib çıxıb ki, maliyyə şöbəsi də müəllimin davamiyyətini yoxlayır».

Aydın Ələkbərov təhsil şöbəsinin icra hakimiyyətindən ifrat asılılığına da diqqət çəkir:

«Seçkiyə müəllimi göndərirlər, iməciliyə müəllimi göndərirlər. Bütün işlər müəllimə buyurulur. Dədə-babadan görmüşük ki, məktəbi həmişə yoxlayan təhsil şöbəsi olub. O şöbə təhsildən başqa bütün işlərlə məşğuldur».

QORXULU YOLLARLA İMTAHANA

Salyan rayonu Pambıqkənd orta məktəbinin riyaziyyat müəllimi Elman Rəsulovun da yeni nazirə bəzi sualları var. Deyir, naziri görsə, ondan xahiş edər ki, mərkəzləşdirilmiş imtahanlar məktəbə yaxın yerlərdə keçirilsin. Məsələn, 9-11-ci sinif şagirdlərinin kənddən 35 kilometr aralı olan Salyan rayon mərkəzinə aparılmasına son qoyulsun:

«Uşaqları oraya aparıb-gətirmək problemdir. Yollar təhlükəlidir. Gündə bir hadisə olur. İstəyirik ki, mərkəzləşdirilmiş imtahanlar məktəbimizə yaxın yerdə olsun. Ən ciddi problemimiz budur».

Foto: Arxiv
Foto: Arxiv
Maaş məsələsi Elman Rəsulovun da yaralı yeridir. Deyir, 6 nəfərlik ailəsi onun 350 manat aylıq maaşı ilə yaşamaq məcburiyyətində qalıb:

«Üçü məktəblidir, iki nəfər evdədir, bir də mən, hamımız o 350 manata baxırıq. Xeyir də, şər də onun içərisində...».

MÜƏLLİMLƏRİN NAZİRƏ DEMƏK İSTƏMƏDİYİ...

Riyaziyyat müəlliminin nazirə deməyə ehtiyac görmədiyi bəzi məsələlər də var:

«Dərsliklərdə, görürsən, bəzən balaca nöqsanlar olur, onu özümüz müzakirə edirik, başqa yerə deməyə ehtiyac görmürük. Amma dərsliklərlə təminatımız yaxşıdır, bundan razıyıq».

«MƏN PROFESSORAM, 4-CƏ YÜZ MANAT MAAŞ ALIRAM...»

Gəncə Aqrar Universitetinin professoru Qurban Əliyevin də ürəyi doludur. Orta məktəblərdə təhsilin səviyyəsindən tutmuş, müəllimlərin dolanışığınadək xeyli təklifi var. Düşünür ki, təhsildəki bütün problemlərin kökündə orta məktəblərdəki təhsilsizlik dayanır:

«Orta məktəblərdə tədris və təhsil intizamı və neqativ hallar aradan qaldırılmalıdır. Bu iş ali məktəblərdə də davam etdirilməlidir. Yeganə yol budur! Orta məktəblərdə təhsil olmadığına görə, ali məktəblərdə oxuyan tələbələr də normal təhsil ala bilmir. Axı onların bazası yoxdur».

Foto: Arxiv
Foto: Arxiv
Qurban Əliyev bu məsələdə müəllimlərin də payı olduğunu söyləyir. Deyir, müəllimə normal maaş verilmədiyindən o, başqa haradan və necə pul qazanmaq haqqında düşünür:

«Mən professoram, Azərbaycan və Rusiyanın elmlər doktoruyam. Mən 400 manat maaş alıram, DÖRDCƏ YÜZ MANAT!».

TƏHSİLDƏKİ ZƏNCİRVARI MƏSƏLƏLƏR

Təhsil Nazirliyinin rəsmisi Elvin Rüstəmov maaşların artırılması ilə təhsildəki bütün problemlərin həll olunacağına inanmır və bunu düzgün yanaşma saymır. O, hələ bir müddət əvvəl AzadlıqRadiosuna müsahibəsində, maaş artımından tutmuş digər problemlərədək, bütün məsələlərin bir-birinə zəncirvarı bağlandığını bildirmişdi. Nazirlik rəsmisinin fikrincə, elə bu səbəbdən bütün məsələlər ardıcıl çözülməlidir:

«Motivasiya üçün maaş artırıldı. Sonrakı addım atılmadı, çünki məktəbdə mühiti dəyişmək lazımdır. Yəni, məktəb özü-özünün ağası olmalıdır. Ancaq bu gün məktəbin maliyyəsini məktəb özü xərcləmir. Vəsaitləri rayon təhsil şöbələri xərcləyir, təhsil şöbələrini də rayon icra hakimiyyətləri idarə edir».

«MƏKTƏB DİREKTORLARI İCRA HAKİMİYYƏTİNDƏN ASILIDIR»

«Cəmiyyət-Məktəb Əməkdaşlığına Dəstək» İctimai Birliyinin sədri Rəsul Abdulov o fikirdədir ki, qətiyyətli addımlar ata bilən nazir, az da olsa, təhsildə nəyisə dəyişə bilər. O bu işin elə asan başa gəlməyəcəyinin də fərqindədir:
Foto: Arxiv
Foto: Arxiv

«Hansısa nazirin sehrli çubuqla problemləri tez bir zamanda həll edəcəyinə inanmıram. Ancaq yeni nazir qətiyyətli mövqe nümayiş etdirsə, korrupsiyanın səviyyəsini önəmli səviyyədə aşağı sala bilər. Siz baxın, əslində, Təhsil Nazirliyi indiki halda təhsil strukturunun 50 faizindən çoxuna nəzarət və rəhbərlik edə bilmir. Ali məktəblərə rektorları prezident təyin edir. Orta ümumtəhsil məktəblərində də ikili rəhbərlik var. Məktəblərə rayon icra hakimiyyətləri nəzarət edir. Məktəb direktorları onlardan asılıdır».

«10-15 İLLİK STRATEJİ PROQRAM HAZIRLANMALIDIR»

Rəsul Abdulov sadalanan problemlərin həllini struktur dəyişikliyində görür. Deyir, həmin dəyişiklik olmasa, nazir boşuna fırlanan çarxa bənzəyəcək:

«Dövlət təhsillə bağlı 10-15 illik strateji plan hazırlamalıdır. Təhsil nazirinin səlahiyyətlərini artıracaq əhəmiyyətli normativ-hüququ baza yaradılmalıdır. Bəlkə ondan sonra nazirlik nə isə iş görə bilər».

Yeni nazirdən maaş artımı uman müəllimlərə gəlincə, Rəsul Abdulov bunun təkcə nazirdən asılı bir məsələ olmadığını deyir. Birlik sədrinə görə, nazir, uzaqbaşı, müəllimlərin maaşlarının artırılması barədə hökumətə təklif verə bilər.

Riyaziyyat müəllimi Elman Rəsulov, bütün problemlərə baxmayaraq, vəziyyətin müəllimlərin xeyrinə yaxşılaşacağına ümid bəsləyir:

«Həmişə inamla, ümidlə yaşayırıq, inşallah, yaxşı olar».
XS
SM
MD
LG