Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:35

Rüstəm İbrahimbəyovdan siyasi ssenari


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
-
Milli Şuranın yaradılması haqda söhbət aylardır davam edir. Hətta ideyanın puça çıxdığını düşünənlər də var.

Bu ideyanın təşəbbüskarı Rüstəm İbrahimbəyovun özü də aprelin 26-da partiya və hərəkat liderlərinə ünvanladığı müraciətdə Milli Şuranın yaradılmasına və hətta yaradılarsa, normal fəaliyyətinə şübhə edənlərin olduğunu dilə gətirib. O bu şübhələrin partiya və hərəkat rəhbərləri arasındakı mürəkkəb münasibətlərdən qaynaqlandığını bildirib.

Rüstəm İbrahimbəyov düşünür ki, Milli Şuraya Müsavat və Xalq Cəbhəsi partiyaları, «EL» və «REAL» hərəkatları ilə yanaşı, Lalə Şövkətin liderlik etdiyi Liberal Partiya, Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyası da daxil olmalıdır. Onun fikrincə, vətəndaş cəmiyyəti liderləri – hüquq müdafiəçiləri, KİV nümayəndələri, qeyri-hökumət və gənclər təşkilatları da şuraya qatılmalıdır.

İbrahimbəyov danışıqlarda iştirak etməsə də, ümidvardır ki, maraq toqquşması önlənəcək və nəhayət, Milli Şura işə başlayacaq:

«Partiya və hərəkat liderləri başa düşməlidirlər ki, onların birləşə bilməsi cəmiyyətin ciddi islahatlara hazır olmasını əks etdirir. Bu da onların çiyninə tarixi məsuliyyət qoyur. Milli Şuranın işində mənim iştirakıma gəlincə, yalnız bir halda bununla razılaşa bilərəm ki, ölkənin əsas demokratik qüvvələri qurumda yetərincə geniş təmsil edilsin və cəmiyyətin etibar və hörmətini qazanmış şəxslər şuraya daxil olsun».

Əvəz Temirxan
Əvəz Temirxan
LİBERAL PARTİYA BƏRABƏRHÜQUQLU ƏMƏKDAŞLIĞA HAZIR OLDUĞUNU BƏYAN EDİR

Liberal Partiyanın lideri Lalə Şövkətlə danışmaq mümkün olmasa da, partiyanın sədri Əvəz Temirxan onun dilindən bəzi məqamları çatdırdı:

«Birincisi, biz müxalifətin daha geniş spektrdə birliyinin tərəfdarıyıq. İkincisi, biz müxalifətin birliyinin təməl prinsiplərini müəyyənləşdirmək şərtiylə bərabərhüquqlu əməkdaşlığa hazırıq».

Əvəz Temirxan deyir ki, indiki məqamda Lalə Şövkət birlik barədə çəkişmələrə qatılmaq istəmir. Amma Milli Şura yaranarsa, Liberal Partiya öz töhfəsini verməyə də hazırdır.

SÜLHƏDDİN ƏKBƏR: «BƏZİ QÜVVƏLƏR ÇALIŞIR Kİ, MİLLİ ŞURADAN ONLARIN NAMİZƏDİ ÇIXSIN»

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər bu ideyanı ilk gündən dəstəklədiklərini bildirir. O, partiya olaraq da müxalifətin geniş koalisiyasının yaradılması yönündə iş apardıqlarını söyləyir, digər tərəfdən də Milli Şura ideyasının gerçəkləşməsinə şübhələrini də gizlətmir:
Sülhəddin Əkbər
Sülhəddin Əkbər

«Bəzi qüvvələr çalışır ki, Rüstəm müəllimin irəli sürdüyü bu təşəbbüsü öz əllərinə alsın, bu yolla öz maraqlarını reallaşdırsın. Heç kimə sirr deyil ki, bəzi siyasi qüvvələr özünün vahid namizədi çıxan Milli Şura istəyir. Bu, yanlış yanaşmadır. Müxalifətin birliyinə aparan yol deyil. ACP lideri də açıqca bildirdi ki, belə Milli Şurada biz yoxuq».

ƏLİ KƏRİMLİ: «MƏN ONUN UĞRUNDA ÇALIŞIRAM Kİ...»

AXCP sədri Əli Kərimli birlik ab-havasının yarandığına ümidlidir və bu yöndə səylə çalışdığını deyir:

«Bu saat onun uğrunda çalışıram ki, ölkədəki situasiyaya təsir edən real qüvvələr bir araya gələ bilsin. Sonra da bunu birgə müzakirə edək... Həmin 50-60 adam bir yerdə konsensusa gələk.
Əli Kərimli
Əli Kərimli
Bundan sonra vahid namizədlə bağlı meyarı müəyyənləşdirək. Daha sonra bu meyarlara daha çox uyğun gələn namizədi aramızdan seçək. İstisna etmirəm ki, hər hansı siyasi lider də, indiyədək siyasi iddialarını ortaya qoymamış ictimai xadim də kompromis namizəd ola bilər».

Əli Kərimli öz siyasi iddialarını da gizlətmir. AXCP sədri deyir ki, birləşmiş müxalifət onu müdafiə edərsə, o, seçkilərdə iştiraka və bu prosesin məsuliyyətini üzərinə götürməyə hazırdır. Ancaq birləşmiş müxalifət vahid namizəd kimi başqa siyasətçini seçərsə, həmin namizədi müdafiə edəcək.

GÜLAĞA ASLANLI: «MÜSAVATIN SEÇKİ QƏRARGAHI MİLLİ ŞURANIN NAMİZƏDİNİN QƏRARGAHI KİMİ DƏ İŞLƏYƏ BİLƏR»

Ümumi birlikdən danışıldığı vaxtda Müsavat Partiyası artıq İsa Qəmbərin seçki qərargahını yaradıb.
Gülağa Aslanlı
Gülağa Aslanlı
Bəzi müşahidəçilərə görə, bu, partiyanın birliklə bağlı müzakirələrdə qeyri-səmimiliyinin göstəricisidir. Partiya başqanının müavini Gülağa Aslanlı elə düşünənlərlə razı deyil:

«Milli Şurayla bağlı, hələlik, müzakirə gedir. Burda Azərbaycanın mənafeyinə uyğun razılaşma əldə olunmalıdır. Milli Şura yaranarsa və əsas namizədi müəyyənləşərsə, Müsavatın seçki qərargahı həmən namizədin qərargahı kimi də işləyə bilər. Bundan qorxmaq lazım deyil».

Politoloq Zərdüşt Əlizadə Milli Şuranın yaranmasına şübhə edənlərdən sayılır. O, Müsavat və AXCP liderlərinin dəfələrlə bu cür birliklərin yaranmasına mane olduqlarını deyir:

«Düşünmürəm ki, Milli Şura yaranacaq. Yaransa da, nəsə edəcəyinə inanmıram. Hər halda, bu, bir cəhddir. Xalqın bu olmazın ağır vəziyyətində korrupsioner rejimdən qurtulmaq üçün yol göstərirlər - birlik yolu. Bilmirəm, alınacaq, ya yox. Alınsa, ciddi qüvvə ola bilər».
XS
SM
MD
LG