Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:28

İstanbul


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin şeir 10-luğundan


Fərid Hüseyn


İstanbul



İstanbul gecələri,
Yeddi təpəlik qaranlığı var axşamlarının
Dənizlərinin 14 qolu var,
gecələr təpələrini qoynuna alıb yatar.
Mənsə durub o boyda
yolu yora-yora
sənin balığına limon sıxmağa gəlmişəm.

Rakıların üzü ağ olsun,
Çörəyin dilimi qara.
Mən kimsəsiz otellərdə
ayrı-ayrı qoyulmuş
çarpayıları birləşdirməyə gəlmişəm.

İndi qardaşlarını tərifləyən
fahişələri dinləyirəm,
yazığım gəlir eşitdiyim yalanlara.
içdiyim qəhvələrdən falıma çıxan
qaragözlü qızı gözləyirəm dayanacaqda.

Yeri dünya, yeri.
Qoy gözümü yumub yaşayım.
Mən sənə arxadan baxmaq istəmirəm.

Tarix qəhrəmanın qılıncıyla
Peyğəmbərin əsasını,
Kəbənin açarıyla,
Ləçərlərin boyunbağılarını
bir yerdə seyr etdirir bizə.

Üzüm gəlmədi,
Topqapında qılınclardan
qanları soruşum, İstanbul.
Tarix hər şeyə “olub” deyib keçir.

Küçələrində kley iyləyib
buhuş olan uşaqları,
pianqo çarxlarında fırladılan
ümidləri gördükcə,
anladım ki, qara trenlər hara aparıb kimləri

soruşdum ki, xoşbəxtsənmi, İstanbul,
Dedi ki, “Sezeni dinləyəndən
belə şey soruşmazlar”.

Klarnet ustası barmaqlarına yox,
Papağına atılan quruşlara baxıb çaldıqca,
Ovurdlarına yığdığı ağrını üfürürdü alətə.

Sənin dərdini saydıqca
barmaqlarını unudursan, İstanbul,
canını unudursan.
XS
SM
MD
LG