Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:26

15 sutka 2 ayla əvəzlənir


Çingiz Qənizadə
Çingiz Qənizadə
-
İnzibati həbsin müddəti 2 ayadək qədər uzadılır. Əvvəl bu cəza ən çoxu 15 sutka idi.

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə baş prokuror Zakir Qaralov təqdim edib. Komitədə bəyənilən layihə qəbul olunması üçün parlamentin plenar iclasına tövsiyə olunub.

Bu haqda AzadlıqRadiosuna parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə məlumat verib. Deputat deyir ki, bu, əhalinin əksəriyyətinin ürəyincə olacaq:

«Burda nəqliyyatın sərxoş idarə edilməsindən, hüququ olmayan şəxsə nəqliyyatın verilməsindən, yol hərəkət qaydalarının pozulmasından, avtoxuliqanlıqdan, məhkəmə icraçılarının göstərişlərini həyata keçirməməkdən və s. maddələrdən söhbət gedir. Yol-nəqliyyat hadisələri ilə bağlı ikiaylıq həbs məsuliyyəti və qorxunu artıracaq. Ən azı, qəzaların sayı azalacaq».

«HAKİMİYYƏT BUNUNLA ETİRAZÇILARA MÜNASİBƏTİ SƏRTLƏŞDİRİR»

Hüquq müdafiəçisi Əshabəli Mustafayevin fikrincə, inzibati həbs müddətinin artırılması etiraz aksiyalarına çıxanların da gözünü qorxutmaq üçündür. Hakimiyyət, beləcə, prezident seçkisinin yaxınlaşdığı vaxtda etirazçı elektorata münasibətini sərtləşdirir:
Əshabəli Mustafayev
Əshabəli Mustafayev
«Bu, artıq hüquqi məsələ deyil, daha çox siyasi məsələdir. Daha çox ictimai-siyasi fəallıq göstərən insanları cəzalandırmaq üçündür. Bir tərəfdən cərimələrin artırılması, ardınca inzibati həbs müddətinin uzadılması cəzalandırmaq, çəkindirmək üçündür və etirazların qarşısının alınmasına yönəlmiş bir addımdır. Cəzalandırılanlar Binəqədidə yerləşən xüsusi məntəqədə saxlanacaqlar. Orada nə tibbi bölmə var, nə mətbəx. Hər şey gətirilmədir. Kameralar da, yəqin ki, ona hesablanmayıb».

«AKSİYALAR RAZILAŞDIRILSA, DAHA YAXŞI OLAR»

Çingiz Qənizadə nə cəza müddətinin artırılması, nə də saxlama məntəqəsi barədə deyilənlərlə razılaşır:

«Bir-iki maddənin daxil edilməsi 30-40 maddəni şübhə altına almağa əsas vermir. O aksiyalar-filanlar da razılaşdırılsa, daha yaxşı olar. O ki qaldı saxlanma şəraitinə, tamamilə əsassızdır. Orada kifayət qədər normal standartlara uyğun yerlər var. Başqa yerlər də nəzərdə tutula bilər. Həm də inanmıram ki, bu, kütləvi olsun və oradakı yerlər tam dolsun».

Ülvi Həsənli
Ülvi Həsənli
«VAXTIMIZI ALACAQLAR»

«Azad Gənclik» Təşkilatının rəhbəri Ülvi Həsənli etiraz aksiyalarına qatıldığına görə dəfələrlə sutkalıq cəzalar alıb. O deyir ki, hətta saxlanma şəraiti normal olsa da, ikiaylıq həbs vaxt itkisi doğuracaq:

«Orada yerlər də məhduddur. Səhv eləmirəmsə, 50 nəfərlikdir. Axı orada siyasi işlərdən başqa məişət məsələlərinə görə saxlananlar da var. İkinci mərtəbədə qadın və uşaqlar saxlanılır. Bir dəfə aşağıda daha çox adam olduğu üçün tutulanları oraya da yerləşdirmişdilər. Yəqin, bundan sonra daha çətin olar. Orada adamlara təzyiq göstərilmir, ancaq müddət artanda bizim də vaxtımızı alacaqlar. Axı bizim də öz işlərimiz, öz fəaliyyətimiz var».

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı layihə parlamentin yanvarın 7-də keçiriləcək iclasında müzakirə olunacaq.
XS
SM
MD
LG