Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:56

Astaranın 94 yaşlı müharibə veteranının giley-güzarı...


Sərvəz Tarverdiyev
Sərvəz Tarverdiyev
-

94 yaşlı Sərvəz Tarverdiyev Astara rayonundan ikinci cahan müharibəsinə gedən 5612 nəfərdən biridir. Onlardan yalnız 950 nəfəri geri qayıdıb. Sərvəz Tarverdiyev də müharibə od-alovundan sağ- salamat çıxa bilib. O, müharibəyə aparıldığı günləri belə xatırlayır:

«MACARISTANDA AĞIR YARALANMIŞAM»

«Astaradan müharibəyə ilk aparılanlardan olmuşam. Bizi əvvəlcə apardılar Nikolayovkaya, ordan gəmi ilə Kerçə apardılar. Faşistlər atırdı, camaat qaçırdı. Rumıniyaya, Macarıstana qədər getmişəm. Macarıstanda ağır yaralanmışam».

Döyüşdə ağır yaralanan Sərvəz Traverdiyev 1944-cü ildə evə buraxılır. Amma az sonra həbsxanaya düşür. 5 il azadlıqdan məhrum edilən müharibə veteranı qələbə sevincini də elə həbsxanada keçirib.

HƏBSXANADA QƏLƏBƏ SEVİNCİ...

«5 il həbsdə yatdım, kürəkənim oğurluq etmişdi, boynuma qoydular, dedilər, sən partiyaçısan al boynuna. Həbs müddətində Bakıda oldum. İndiki Hökumət Evinin tikintisində iştirak etmişəm».

Sərvəz Tarverdiyevin sözlərinə görə, həqiqəti dediyi üçün həmişə təqiblərə məruz qalıb. İndi də uçuq-sökük evdə yaşayır. Sərvəz kişinin xahişi ilə yaşadığı evinə baş çəkdik.

53 YAŞLI EVDƏ YAŞAYAN 94 YAŞLI MÜHARİBƏ VETERANI

Sərvəz Tarverdiyev
Sərvəz Tarverdiyev
Evin arxa hissəsi dağılmaq üzrədir. Dam örtüyü tamamilə dağılıb. 60-cı illərin sonlarında inşa edilən evinin bərpası üçün hər il yerli icra orqanları daxili imkanlar hesabına ona yardım edirlər. Lakin bu yardımla evi tam bərpa etmək mümkün olmur:

«Heç yerə şikayət etməmişəm. Yalan deyə bilmərəm».

MƏRKƏZDƏN KÖÇÜRÜLƏN ABİDƏ

Astara, cənub bölgəsində yeganə rayondur ki, mərkəzdə ikinci cahan müharibəsinin iştirakçılarına həsr olunmuş abidə yoxdur. Bir neçə il bundan əvvəl şəhərin mərkəzində yerləşən «1941-45-ci illər» abidəsini söküblər. Abidənin bərpa olunması ilə bağlı söz-söhbətlər bu günə kimi səngimir.

Astara şəhər sakini, ikinci cahan müharibəsi iştirakçısının oğlu Elçin İbrahimli deyir ki, abidənin götürülməsinə etirazlar olsa da, ona əhəmiyyət verən olmayıb:

«Əvvəllər abidə var idi, onu bir neçə dəfə köçürdülər. Sonra da birdəfəlik ləğv etdilər. İndi bizim rayonda veteranlara, müharibə iştirakçılarına hörmət deyilən şey yoxdur».

TARİX YAZANLARIN UNUDULMASI

Sərvəz Tarverdiyevin döyüş dostları
Sərvəz Tarverdiyevin döyüş dostları
Elçin İbrahimli müharibədə həlak olanların, vaxtilə tarix yazanların unudulmasından gileylənir. Onun bildirdiyinə görə, rayonda elə ailə yox idi ki, onun yaxınlarından biri müharibədə həlak olmasın.

Rayonun Ərçivan kənd sakini Vaqif Əhmədoğlu atasının müharibədə 5 il vuruşduğunu, Berlinə qədər getdiyini söyləyir:

«Abidə Astarada var idi, onu söküblər. O yerləri satıblar. Şəhidlər Xiyabanında, bir yerdə yerləşdiriblər. Buna münasibətim pisdir. Bunun fərqi yoxdur. O abidə olmalıdır, o tarixdir. Mənim atam da zabit olub, Berlinə qədər gedib. İkinci cahan müharibəsində, bəlkə də yeganə adamdır ki, bir gündə iki dəfə Stalinin fəxri fərmanını alıb».

Vaxtilə şəhərin mərkəzində olan «1941-45-ci illər» abidəsi bir müddət əvvəl şəhər kənarına köçürülüb.

VETERANLARA YARDIM VERİLƏCƏK, ŞİKAYƏTƏ BAXILACAQ

Astara rayon icra hakimiyyəti başçısının müavini Xanverdi Şirinov isə həmin xiyabanın genişləndiriləcəyini, həmçinin «1941-45-ci illər» abidəsinin də yenidən bərpa olunacağını deyib.

Rayonda 25 nəfər sovet-alman müharibəsinin iştirakçısı olduğunu bildirən Xanverdi Şirinov, onların hamısına birdəfəlik 700 manat pul və hədiyyələr verildiyini deyib. Sərvəz Tarverdiyevin evinin təmiri üçün hər zaman yardım olunduğunu bildirən icra hakimiyyətinin rəsmisi, təmir üçün veterana yeni yardım nəzərdə tutulduğunu da bildirib.
XS
SM
MD
LG