Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:59

Azərbaycanda mülkiyyət hüququ - qanunlarda və reallıqda


Yeni tikilən Olimpiya stadionun yaxınlığında yaşayanlar narahatdırlar
Yeni tikilən Olimpiya stadionun yaxınlığında yaşayanlar narahatdırlar
-
Bakı 2015-ci ildə I Avropa Olimpiya Oyunlarına hazırlaşır. Yeni tikilən Olimpiya stadionun yaxınlığında yaşayan Veysəl Qurbanov bu xəbəri eşidəndən bəri narahatdır. Deyir ki, burada yaşayan digər ailələr kimi onun da ailəsi bu gün, sabah gəlib evlərinin söküləcəyi qorxusundadırlar:

«Sökəcəklərsə, söksünlər, ancaq bizim evləri dəllalların əlinə verməsinlər. Pul, ya da ev versinlər. Deyirlər evləri hissə-hissə sökəcəklər ki, pul verməsinlər, camaatı hərəni bir yerə dağıtsınlar. Camaat özünə yurd-yuva qurmalıdır da. Biz elə ömürboyu qaçqın olacağıq? 20 ildir Füzulidən qaçmışıq, buradan hara qaçacağıq? Ömürboyu elə təzəbinə olacağıq?».

Yeni stadion Böyük Şor yaşayış massivinin yaxınlığında salınır. Bu ərazilərdə məskunlaşanlar, əsasən, məcburi köçkün ailələridir. Sakinlərin evlərinin ətrafı işarələnib, evlərin tezliklə söküləcəyi barədə şifahi məlumat verilib. Olimpiya stadionun layihəsi hazırdır, amma sakinlərə evlərinin sökülməsi ilə bağlı hələ rəsmi bildiriş və ya sənəd verilməyib. Yeni stadionun layihəsindən görünən odur ki, bu evlərin yerləşdiyi ərazidən yeni stadiona yol çəkiləcək.

Sakinlər evləri müqabilində nə qədər kompensasiya alacaqlarından, haraya və nə vaxt köçürüləcəklərindən xəbərsizdirlər.

SON 5 İLDƏ ƏN ÇOX POZULAN HÜQUQ

«Bütün bunlar onu göstərir ki, bu ərazidə də bundan əvvəlki kimi söküntülər qanunsuz aparılacaq» - mülkiyyət hüquqları üzrə ekspert İntiqam Əliyev bu fikirdədir. O, əlavə edir ki, sakinlərlə razılaşdırılmadan layihənin hazırlanması, icrası onu göstərir ki, burada satan tərəfin yox, alan tərəfin şərtləri diktə olunacaq.

Bakıda kütləvi söküntülər 2000-ci ilin əvvəlindən başlanıb. 2007-ci ildən bəri daha da genişlənib. Mülkiyyət hüququ son 5 ildə ən çox pozulan hüquqlar sırasındadır.
Zöhrab İsmayıl
Zöhrab İsmayıl
«Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin Azərbaycanda mülkiyyət hüququnun vəziyyətinə dair hesabatında belə deyilir. Hesabatda bildirilir ki, məcburi söküntülər zamanı əksər hallarda qanunlar pozulub. «Azad İqtisadiyyata Yardım» İctimai Birliyinin sədri Zöhrab İsmayıl hesabatın nəticələrini belə şərh edir:

«Ümumiyyətlə, mülkiyyət hüququ deyəndə, bir qanunda göstərilənlər yadıma düşür, bir də son illər hökumət tərəfindən vətəndaşların zorla evlərindən necə çıxarılması ilə bağlı etdikləri vəhşiliklər. Qanunlarda deyilənlər və reallıq arasında fərq o qədər böyükdür ki, hətta müqayisə belə edilməz. Hesabat hazırlanarkən biz məcburi köçürülmələr zamanı çox az hallarda qanuni hallarla rastlaşdıq. İstər kompensasiyaların ödənilməsi zamanı, istər mülkiyyətçilərlə razılıq əldə olunması, istər söküntülərin aparılması, istər də bu söküntülərin qanuni əsasının olması - heç bir halda qanunda danışıla bilməz. Məsələn, «Qış Parkı»nın salındığı ərazidə biz nəyi müşahidə etdik. 20-30 ailənin yaşadığı bir binada əvvəl 1-2 ailə ilə alqı-satqı razılaşdırılır. Bundan sonra həmin mənzillər sökülür, qonşuluqda yaşayış olduğu halda. Kommunal xətlər kəsilir, fəhlələr, polislər tərəfindən sakinlər evlərindən çıxmağa məcbur edilir. Məsələn, bizim təşkilata bir neçə nəfər müraciət etmişdi - hansı ki, onlar evdən çıxmaq istəmədiklərinə görə, polis bölməsinə aparılmış. Qayıtdıqda isə evləri sökülmüş, əşyaları isə ya fəhlələr talan etmiş, ya da uçqun altında qalmışdır. Məhkəmələr bir mənalı şəkildə bu insanların haqqını tanımır, onların iddialarını təmin etmir. İşləri bilərəkdən yubadırlar ki, yuxarı instansiya məhkəmələrinə getməsin».

«QIŞ PARKI»NIN AÇILMASI EVİNDƏN ZORLA ÇIXARILANLAR ÜÇÜN BAYRAM DEYİL

«Qış Parkı» üçün söküntülər
«Qış Parkı» üçün söküntülər
Azərbaycan qanunlarına görə, məcburi köçürülmələr, dövlət əhəmiyyətli layihələrin (sərhədlərin genişləndirilməsi, yolların çəkilişi və s.) icrasına görə aparıla bilər. Bu halda isə söküntü ilə bağlı məhkəmənin qərarı olmalı. Köçürülmə üçün qanuni əsas göstərilməlidir. Hər halda Azərbaycan qanunları bunu tələb edir.

Heydər Əliyev adına Saray ilə Azərbaycan Dövlət Dram Teatrının arasında yerləşən ərazidə azı 3 min ailə evindən köçürülüb. Bu ərazidə «Qış Parkı» salınıb. Parkın altında isə 2 mərtəbəli avtomobil dayanacağı inşa olunub. Bundan başqa, Dövlət Bayraq Meydanın genişləndirilməsi layihəsi çərçivəsində yüzə qədər ailə evindən köçürülüb. «Eurovision» mahnı yarışmasının keçirildiyi «Cristal Hall»a qədər yol çəkilib. Başqa bir misal Sulutəpədə Neft Şirkətinin qanunsuz tikililəri sökülməsini göstərmək olar. Bununla bitmir - Bakıda prezident iqamətgahının tikildiyi Xutor yaşayış massivinin yaxınlığında evlər söküldü. Beləliklə, son 5 ildə aparılan söküntülərlə bağlı siyahını artırmaq da olar. Söküntülər tək Bakıda yox, regionlarda da aparılır. Təkcə yaşayış sahələri yox, o cümlədən sahibkarlıq obyektləri də sökülüb. Beynəlxalq və yerli təşkilatların hesabatlarında söküntülərin qanunsuz aparıldığı bildirilir.

Elə ötən həftə, mayın 6-da «Human Rights Watch» təşkilatı Azərbaycanda söküntülərlə bağlı yeni bəyanat yayıb. Təşkilat Azərbaycan hökumətini Bakının mərkəzindəki kütləvi söküntünü və sakinlərin məcburən evlərindən çıxarılmasını dərhal dayandırmağa çağırıb.

Bəyanatda mülklərindən çıxarılanlara ədalətli kompensasiya verilməsi də istənilib.
Dövlət Bayrağı Meydanı üçün söküntülər - oktyabr 2011
Dövlət Bayrağı Meydanı üçün söküntülər - oktyabr 2011

Bildirilib ki, «Qış parkı»nın açılması heç də evindən zorla çıxarılanlar üçün bayram deyil.

Təşkilat narahatlıqla qeyd edir ki, evindən çıxarılanların bəziləri çətin vəziyyətə salınıblar. Hətta xəbərdarlıq edilmədən gecə evindən çıxarılanlar olub. Hakimiyyət orqanları söküləcək evlərin bəzən işığını-qazını da kəsib ki, sakinlər məcbur olub evlərindən çıxsınlar.

DEPUTAT QANUNLARIN MÜKƏMMƏL OLDUĞUNU DEYİR

«Qış Parkı» mayın 10-da sabiq prezident Heydər Əliyevin 90 illiyində istismara verilib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılov AzadlıqRadiosuna müsahibələrindən birində mülkiyyət hüququ məsələsinə də toxunub. Bildirib ki, bu gün Azərbaycanda mülkiyyət hüququ ilə bağlı mükəmməl qanunvericilik bazası var:

«Qanunda mülkiyyət hüququnun məhdudlaşdırılması halları göstərilir. Bu hüquq məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarı ilə məhdudlaşdırıla bilər. Bir də ki, dövlət ehtiyacları üçün mülkiyyət satın alına bilər. Əvvəl qanunun müvafiq maddəsində həm də ictimai ehtiyaclar üçün qeyd olunurdu və bu ifadənin düzgün anlaşılmaması ucbatından çoxunun mülkiyyət hüququ pozulurdu. Amma son referendum dəyişikliyindən sonra biz həmin ifadəni qanundan çıxardıq. Bundan başqa, hazırda Azərbaycanda transmilli layihələrin həyata keçirilməsi, qaz, neft, dəmiryol xətlərinin çəkilməsi, yolların genişləndirilməsi heç kimə sirr deyil. Bütün bunlar bu və ya digər şəkildə mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Amma bu məsələlərə fərdi yanaşmaq lazımdır.
Rafael Cəbrayılov
Rafael Cəbrayılov
Yasamaldakı ət bazarı ilə bağlı isə onu deyə bilərəm ki, oradakı köşklərin böyük əksəriyyəti qanunsuz idi. Bu cür obyektlərin sökülməsinə görə dövlət siyasətinin bu şəkildə qınanması düzgün deyil».

Mayın 10-da sabiq prezident Heydər Əliyevin doğum günündə prezident İlham Əliyev «Qış Parkı»nın açılışına da qatılıb. Bir neçə il öncə 20-dən çox tarixi memarlıq abidələrinin də yerləşdiyi bu ərazidə indi fəvvarələr quraşdırılıb, yaşıllıq salınıb, müasir kafelər inşa olunub. Minlərlə ailənin köçürüldüyü ərazidə söküntü işləri hələ tam başa çatmayıb. Yarımçıq qalan söküntülərin qarşısı üzərində gül rəsmləri olan böyük tablolarla örtülüb. Bir neçə il öncə Azərbaycan tarixindən silinən tarixi memarlıq abidələri sayılan binalar kimi...
XS
SM
MD
LG