Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:47

«Hаrlem Shake»a görə... adam tutdular


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə
-
– Bir klipə görə kimisə tutub özünüzü niyə bu qədər biabır edirsiniz?
– «Hаrlem Shаke»a görə adam tutarlar?!
– Polis İlkini aparıb ki, onlara «Hаrlem Shake» oynamağı öyrətsin!..

Bu sözlər «Facebook» sosial şəbəkəsində İlkin Rüstəmzadənin həbs xəbərinə yazılan statuslardır.

Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə barəsində Nəsimi rayon Məhkəməsi 2 aylıq həbs qətimkan tədbiri seçib. O, Youtube-da yerləşdirilən «Hаrlem Shake» videosunu hazırlamaqda təqsirləndirilir.

30 saniyəlik bu videoda bir qrup gənc Bakının mərkəzində – dənizkənarı parkda qeyri-adi hərəkətlərlə rəqs edirlər. Mart ayında Youtube kanalına yerləşdirilən klipə qatılanlardan bir neçəsi həbsdədir. Onlar 10 Mart aksiyasında «molotov kokteyli»ndən istifadə etməkdə, qanunsuz silah və narkotik maddə saxlamaqda suçlanırlar.

«FƏAL GƏNCLƏRİ HƏBSDƏ SAXLAMAĞI PLANLAYIRLAR»

Elə İlkin Rüstəmzadə də bu gün – mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırılanda, həmin gənclərlə bağlı ondan ifadə alınacağını düşünürmüş. O, bu ehtimalını daha öncə mediaya da açıqlamışdı. Amma məlum olub ki, onu çağırmalarının səbəbi «Hаrlem Shake» videosunu çəkib-hazırlamaqda və Youtube-da yerləşdirməkdə təqsirli bilmələridir.

İlkin saxlanma qərarından bir neçə dəqiqə öncə AzadlıqRadiosuna müsahibəsində həbs olunacağını istisna etmir, amma həbsin məhz bu tezlikdə gerçəkləşəcəyinə inanmırdı:

«Məni bu gün, ya sabah həbs edəcəklərinə inanmıram. Hələ ki, şahid qismində istintaqa çağırıblar. Bundan əvvəl də məni «Facebook»da aksiya təşkiletmə və qanunsuz silahdaşıma, yayma maddələri ilə həbs etmək istəyirdilər, amma nə oldusa, fikirlərini dəyişib, 10 sutka inzibati həbs qərarını seçdilər. Sadəcə, nə olur-olsun, prezident seçkilərinədək aktiv gəncləri həbsdə saxlamağı planlayırlar».

Vəkil Nemət Kərimovun dediyinə görə, İlkin Rüstəmzadənin «Hаrlem Shake» videosuna görə təqsirləndirildiyini eşidəndə, təəccübünü gizlədə bilməyib.
Ülvi Həsənli
Ülvi Həsənli
O gülərək, həmin video ilə İlkinin yaxından, ya uzaqdan əlaqəsi olmadığını bildirir. Amma videodan bir qədər sonra bəhs edərik. Hələlik, İlkin Rüstəmzadənin özündən söz açaq.

«VİDEOMONTAJ HAQDA ANLAYIŞI OLMAYAN BİR ADAM VİDEONU NECƏ MONTAJ EDƏ BİLƏRDİ?»

İlkin Azərbaycan Dövlət İqtisad Universiteti Maliyyə fakültəsinin 4-cü kurs tələbəsidir. Ailədə iki uşaqdırlar. Atası bərbər, anası müəllimdir. Gələcək maliyyəçi ötən ilin sentyabrında gənclər təşkilatları ilə maraqlanıb və bir müddət sonra Azad Gənclik Təşkilatına üzv yazılıb. Həmin təşkilatın sədri Ülvi Həsənli İlkin Rüstəmzadə ilə tanışlığı belə xatırlayır:

«İlkinlə ilk dəfə 2012-ci ilin avqust-sentyabr aylarında tanış olmuşam. Ötən ilin dekabrında bizim təşkilata üzv olmaq istədiyini bildirdi. İstəyi – ədalətli cəmiyyətdə yaşamaqdır. İlkin çox fəal gəncdir və 12 yanvar – «Əsgər ölümünə son» aksiyasının təşkilatçılarından biridir. Həmin hadisədən sonra onların evinə polislər gəlib və ona müxtəlif formalarda təzyiqlər olunub. Daha sonra İlkin 10 mart aksiyasının da təşkilinə yaxından qatılıb. O, həmin aksiyaya bir gün qalmış polisə tabe olmama maddəsi ilə həbs edilib. Sonuncu dəfə 30 aprel – «Terrora son» aksiyasında 15 sutka inzibati həbs cəzası aldı. İlkin hər hansı bəhanə ilə həbs olunacağını gözləyirdi. Amma məhz «Hаrlem shake» videosunu hazırlamaqla bağlı həbs, yəqin ki, onun da ağlına gəlməzdi. Ümumiyyətlə, bildirim ki, İlkinin öz şəxsi kompüteri yox idi. O, evlərinin yaxınlığındakı internet klublardan istifadə edirdi. 12 yanvar aksiyasından sonra onu izləyirdilər. Bir də onu deyim ki, videomontaj haqda anlayışı olmayan bir adam videonu necə montaj edə bilərdi?».

Fərid Şahbazlı
Fərid Şahbazlı
Ülvi Həsənli bu həbsin siyasi sifariş olduğuna şübhə etmir. Amma bunu da deyir ki, bu videonu lap İlkinin hazırlaması da onun həbsinə əsas vermir.

«UŞAQLARIN, QADINLARIN, YAŞLILARIN GÖZÜ ÖNÜNDƏ İYRƏNC HƏRƏKƏTLƏR EDİLİR»

Hakimiyyətin siyasətini dəstəkləyən gənc fəal Fərid Şahbazlı fərqli düşünür:

«Həmin videoda xoşagəlməz hadisələrlə rastlaşırıq. Hətta qanunları qəbul edəndə də qanunlar yerli şəraitə, yerli duruma uyğunlaşdırılmalıdır ki, işləsin. Həmin videoda isə çox iyrənc mənzərələr var. Şəhərin mərkəzində – uşaqların, qadınların, yaşlıların gözü önündə iyrənc hərəkətlər edilir. Heykəllə cinsi əlaqə imitasiyası yaradılır. Bizim əxlaqımıza uyğun gəlməyən belə hərəkətlərə adamların gözü qabağında yol verilirsə, Azərbaycanda çox təhlükəli presedentin əsası qoyulursa, qanunla cəzaları nədir, o da edilməlidir».

Bir az da «Hаrlem Shake» videoları barədə. Bu klipvari videolar bütün dünyada yayılıb və indi Youtube-da ən çox izlənən videolar sırasında yer alır. «Hаrlem shake» rəqs videoları silsiləsi, əslində, «Filthy Frank» adlı gəncin çəkdiyi adi bir videodan başlayıb. Fevralın əvvəllərində yayılan ilk «Hаrlem Shake» rəqs videosuna internetdə 50 milyon baxış olub.

«Filthy Frank» əyləncəli videolarını öz Youtube kanalında yerləşdirir. O, müxtəlif mövzulara çox əyləncəli yanaşır, oynayır, gülür, kimlərəsə lağ edir...
Tunisdə «Hаrlem Shake»
Tunisdə «Hаrlem Shake»

«HАRLEM SHAKE» RƏQS VİDEOSUNDA MƏNA AXTARMAZLAR

İnterneti bürüyən «Hаrlem Shake»in nə olduğunu yozmağa, bu haqda baş sındırmağa, nəsə bir məna axtarmağa heç bir gərək yoxdur. Dünya gəncləri belə düşünürlər.

Bəlkə də «Hаrlem Shake» videosuna yazılan bir şərh bu rəqsin nəyi hədəf götürdüyünü tam açıqlayır: «Hər şey əyləncə üçün!».

Amerikalı musiqiçi Baauer-in ifa etdiyi «Hаrlem Shake» adlı mahnının fonunda dəlicəsinə rəqs edən insanlar istədikləri hərəkətləri edirlər... Rəqs bir nəfərin oynamasıyla başlayır, sonradan bu «azar» hamıya yoluxur və hər kəs öz əl-qolunu işə salıb öz əcaib hərəkətlərin. başlayır... Çəkilən videolar 30 saniyəni aşmır.

Azərbaycanda da bir neçə «Hаrlem Shake» videoları çəkilib. Azərbaycan Diplomatik Akademiyasının auditoriyasında bir tələbə oynayır, sonra başqaları da ona qoşulur. Daha bir videonu flaşmobçular metroda çəkiblər. Bir video da universitetlərdən birinin akt zalında, «İrəli» İctimai Birliyi tərəfindən çəkilib.
XS
SM
MD
LG