Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:14

Bir Mən Qalmışdım, Bir Küçə, Bir də Ayda


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 10-luğundan


Hamid Əhmədi


Bir Mən Qalmışdım, Bir Küçə, Bir də Ayda

Səhər saat on birdə yuxudan dururam. Əslində doqquzda ayılmışam, amma o iki saatı yerimin içində vurnuxmağı sevirəm. Yerin içi istidir. Gahdan ayaqlarımı yorğandan eşiyə çıxarıb eşiyin soyuğunu duyuram. O iki saatı sübhanəyə* nə yeyəcəyimi düşünürəm. Omlet, bal və kərə, şirin çayla pendir... Çox da fərq etməz. Sonra o gün nə edəcəyimi düşünürəm. Bankın qıstlarını** verməliyəm, bir baş universitetə getməliyəm... Saat ona irəliləyərkən bala-bala işəməyim də gələcək. Anam Təbriz radiosunun səsini mən ayılım deyə ucaldacaq, yoxsa xalamla telefonda gecə baxdığı Türkiyə seriallarının biri haqqında danışacaq. Mənsə ala-bula yadıma gələn yuxularımı düşünəcəyəm. Bu gecə Behruzla birlikdə bir bank vurmuşduq. Nəm nə qədər pulumuz vardı. Çox sevinirdim. Bəlkə elə yuxunun oralarında cədvələ vurmuşam***. Yuxuda deyirdim bəs işəməyim var. İşəyim deyə pulları Behruza verib, bir küçəyə dönmüşdüm. Yerimdən qalxıb məhrəbanı çiynimə atıb, hamama sarı yollanıram. Anam telefon əlində göz ağardır. Bəlkə fikirləşir yenə gecə kompüter başında özümlə oynayırmışam! Hamamda soyunanda canım üşüyür. Suyun qızdığını yoxlamaq deyə yavaşca sağ ayağımı duşun altına aparıram. Hələ soyuqdu. Soyuq ayağımdan gəlib çıxır üstə...

İsti duşun altında yenə yuxumu xatırlayıram. Daha rahat xatırlayım deyə, gözlərimi yummuşam. Mən işəyərkən küçənin dibindən Ayda mənə baxırdı.

__________
*Səhər yeməyi
**Ödəmə, bankdan pul götürüb hər ay bir azını qaytarmağa deyilir.
***Kişinin yuxuda boşalması



Sidiyim axıb ona sarı getdi! Hələ axşam da vəkilin yanına getməliyəm. Bu qızın əlindən rahatlaşsaydım bir... Həlbət anam indi xalama bizim işimizin hara çatdığı barədə danışır. «Min yol dedim qodux* , bu sənin dərdivə** dəyməz! Həm səndən böyükdü... Həm də kətdidilər*** . Qoduxların biri sözə baxır? O bədbəxt Rzaya dedim dərsivi qurtar, özüvə bir iş sahibi ol...».

İsti su tökülür təpəmə, ordan axır bütün canıma, axıb gedir fazilaba****, şampunun köpüyünə qarışır, mənim yuxularıma, mənim sapsarı sidiyimə...

________
*qoduq
**Dərdinə
***Kəndlidirlər
****Kanalizasiya



Hamamdan çıxıb başımı qurularkən, anam: «Mehdi, gecə o vaxtacan neynirdin?» - deyə soruşur. «Nə diyisən* səhəri?» - deyə səsimi ucaldıram. Səhərlər düz it olaram. Kimsə məni dindirməməlidir. Özüm də bilirəm heç yaxşı cavab verməmişəm, amma öz əlimdə deyil. «Nə diyəcağam**?! Yazıxsan! Özüvə rəhmin gəlsin. Sabah bu dədən də başın qoyacax yerə... Barı indidən çalış özüvə bir iş gör. O Rzaya ha dedim oxu...» Anamın səsi seşvarın*** səsinə qarışır. Atam neçə ay olar xəstədi: Parkinson. Elə bil atam futbolun yavaş səhnəsidi. Yavaş yeriyir, yavaş danışır – əlbəttə, əgər danışsa - səhərdən axşama da ovuc-ovuc dava atır. Atası da elə bu cür olmuşdu ömrünün axırlarında... Bədəndə Dopamin ifraz olunmur, beynin bətnləri genişlənir və əsəblərin boz maddələri aradan gedir. Sonra gətirirlər El-Dopa davalarını verirlər xəstəyə. Onları yeyir, bir az halı düzəlir, sonra yenə yavaşır. O qədər bu davaları yeyir, sonunda şizofreniya əlamətləri görünür. Təvəhhüm**** görür... Bunları şəkəri çayda qarışdıra-qarışdıra düşünürəm. Anam süpürgə çəkir. TV-nın səsi nə qədər uca olsa da, bilmirəm yenə Misirdə nə xəbər olub. “Euronews”un jurnalisti: “Liberallar Morsiyə qarşı Təhrir meydanına gəliblər” - deyir.

______
*Deyirsən
**Deyəcəm
***saç qurutma maşın
****Qallyusinasiya, qarabasma



Şirin çayla bal-kərə heç yapışmaz. Bal da şirin, çay da şirin. Pendirimiz yoxdu. Bir balaca tikə çörəkdən kəsib, əvvəl balı, sonra kərəni onun üstünə yaxıram. Yuxumdakı pulları Behruz apardı özüylə. SMS-də: «Səlam. Sabah neçədə gedirix pulu alax?» - yazıram Behruza. O isə cavabında: «Nahardan sonra» - yazır.

Bir çay daha içib, geyinirəm. Geyinirkən bir mahnını fışqa çalıram. Fışqam* düz çıxmır. Əlimin dalısıyla dodaqlarımı qurudub bir daha çalıram. Bir az yaxşılaşır. Saat on bir yarımdı. Təbrizin lap basabas vaxtı! Bankda bir növbə alıb otururam: 379. Hələ 364 gedib, beləliklə, ən azı yarım saat işim var. Başımı qatım deyə, bankın təbliğati pəmfiletlərindən** neçəsini götürüb oxuyuram. Vamlarının*** şərtlərini yazıb, 365, nə zaman lotereya oynayacaqlar, ödülləri nədi... Boş sözlər. 366. Mobilimdə**** saata baxıram. Zaman dayanıb, deyəsən. Yanımdakı orta yaşlı kişi əlindəki qəzeti varaqlayır. Titrləri oxuyuram: «Terroristlər Suriya Qarşısında». Kişi gözaltı mənə baxır. Yəni mənim qəzetimə baxma. 367. Növbə nömrəsi yerə düşdükdə qəzeti büküb əyilib onu götürür. Onun nömrəsi 382-di. Onun növbəsi məndən sonra olduğuna görə sevinirəm! 368. Bankın beş köşkündən təkcə biri işləyir. Dillənən də yoxdu.

Yuxumdakı bankın bütün işçiləri ciddi işləyirdilər. Kimsə növbəyə dayanmırdı. Tez-tez camaatı yola salırdılar. Mən maskanı üzümə çəkib: «Hər nə var sandıqda, tök bura!» - demişdim işçiyə. Sarı sulu bir qız idi! O da ədəb-ərkanla çantamı alıb doldurmuşdu. Ağzınacan. Hamı öz işində idi.

___________
*fit
**Kağız üzrə yazılmış reklam
***Kredit, borc
****Cib telefonu



«Əlindən xəta çıxsa, mənəm, sən!» Tapançanı qızın üzünə sarı tutmuşdum. Göz yaşlarını gördüm. 369. Anam da çox vaxt belə ağlardı. Hərdən görmüşdüm namazdan sonra oturub ağlayır. Nədənsə deyirdim bəs mənə görədi. 370. «Da adam olacağam!» - deyə özümə söz vermişdim. Bəlkə də atama görə ağlayır. «Atamla bir az məhəbbətli, hövsələli davranacağam» - deyə düşünmüşdüm. Ancaq bunların heç biri olmurdu. Nə mən adam ola bilirdim, nə də atamın yavaşlığı ilə yola gedə bilirdim. 371. O yavaş danışanda mən ucadan «hə?!» deyə soruşurdum. O maşını yavaş sürəndə, istehza ilə: «Diyisən düş, mən sürüm!» deyirdim. Özümdən zəhləm gedirdi! 372. Atama bir iş görə bilmirdim. İllər boyu dərs oxumaqla belə. Yaxşı bilirdim nə idi. Nə olur, nə olacaq. Amma bir iş görə bilmirdim. Özümə bir iş görə bilməyən kimi. 373. Yuxumda bankdan çıxıb getmişdik Behruzla. İkimiz də gülürdük. Bu rahatlıqda bank vurmaq olmazdı. Hollywood filmlərində də olmazdı heç. Bankın kameralarına baxdım. 374. İkini sayınca tutarlar adamı. Yuxumdakı qız anam kimi ağlayırdı. 375. Bir daha növbə nömrəmə baxıram. 375 çıxıb gedib, 376 səslənir. Yanımdakı kişi qəzetini büküb dizinə çırpır. Səsi düşür başıma. Ayda oturanda barmaqlarıyla mizin üstündə zərb tutardı. 377. Taq-taq-tataq. Mənsə əlindən yapışıb: «Ürəyin tutmasın!» deyərdim. Bunlar iztirab* nişanəsidi, deyə düşünürdüm. 378. Daha növbəm çatır. 379-u deyəndə mən köşkün başında durub 378-in getməyini gözləyirəm. Bankın işçisinə: “yorulmayasız” - deyib, qıst dəftərçələrini qoyuram piştaxtanın üstünə. «Siz olmasaz, bank dayanar ha!» deyib gülümsünürəm. O isə başını aşağa salıb tez-tez nömrələri vurur. «Bir qıst verəcaxsız?» - deyə soruşur. Atam kimi yavaşcadan: «Bəli!» - deyirəm. O isə bir az daha uca: «Bəli?» - deyə soruşur. Hirsləndirir məni onun davranışı. İkiəlli yaxasından yapışıb: «Mən dədən deyiləm ha, elə danışasan!» - deyə bağırmağım gəlir. Hamı öz işindədi. O isə dəftərçələri geri qaytarıb: «Buyurun!» - deyir. Sonra 380. Bankdan çıxıb bir siqar alışdırıram. Kaş qayıdıb bankın müdirinə o işçinin ədəbsizliyini deyəydim. Ya da qulağının dibindən vuraydım, iki dənə də rənglisin deyib çıxaydım. Bunlara düşünərək avtobusa minmişdim.

________
*Təşviş


Universitetə saat on iki yarımda yetişdim. Hamı namazla nahara getmişdi. Tanışlardan birini görəm bəlkə, bir az avara dolandım. Təbriz universiteti payız günlərində çox gözəl olur. Yarpaqlar yerə tökülüb, yeridikcə ayağının altında səs verir. Qarğalar haylarını salıblar başlarına, havada bir az sazaq var. Siqar yapışar bu havada. Bu gün ikinci siqarımdı bu. Sayıram hər gün siqarlarımı. Gündə 10 giləni aşmaram. «Artıq 10 giləyə yetirdim siqaranı... Olsun canım olsun, bu da bənim sana ayrılırkən son hədiyəm olsun!...»* Axşam vəkil ilə görüşüm var. Son işləri görməyə gedəcəyəm. Gələn həftə dadgah** günüdü. Daha rahatlaşacağam. Ayda... Ayda... Ayda... Aydanın əlindən... Özü yaxşı qızdı ha, amma ailəsi... Bir payız günündə tanış olduq biz, bir Şahgölü axşamında. Yoldaşıyla oturub çay içərkən yaxına gedib: « Elə bilirdim gözəllərin nəsli qırılıb, amma hələ deyəsən ümid yolu var...» - demişdim. Gözlərini qıyıb yoldaşına baxmışdı, yoldaşı isə sevinib gülərkən: «Sağ olun!» - demişdi. Mənsə: « Əlbəttə, mənzurum*** bu xanım qızdı! Siz də gözəlsiz ha, ürəyizə gəlməsin, amma axı da...» - demişdim.

Yoldaşı onun çiynindən vurub: «Ayda xanım, təhvil al!» - demişdi.
Mən də kətili çəkib oturar-oturmaz: “Bəh-bəh! Nə də yaraşıqlı adız var: Ayda” - demişdim. “İcazə verirsiz sizi bir çaya qonaq eliyəm?”

___________
*Ahmet Kayanın mahnılarından alınmış bir şeir
**Məhkəmə
***Nəzərdə tutduğum



«Sərf olub*! Sağ olun.» Ayda mənim arxamda nəm hara baxarkən demişdi.
«Axı bu çayın ayrı dadı olar!» - demişdim. «Hac Əli! Bura bir çay ver! Nabatı da olsun!».

Ayda çantasını götürüb yoldaşına sarı: «Solmaz, dur gedax... Bunun zehni durudu!» - demişdi.

Solmaz onun qolundan yapışdı: «Babam, əzilmə da! Beş dəyqə** otur...»
Qapının ağzındaykən: «Ustad, muzahim olmuram*** , gəldim elə o məsələni soruşam» - dedim.

«Beş dəyqə otur, diyim da. Hara tələsisən?!» Ustad mizin üstünü sahmanlayarkən dedi.

Mizinin üstü ilin on iki ayı dəlləzən bazarı kimi şuluq olardı. Çayın ləkələri, kağızlar, fırtıqlı dəsmallar, kitablar... Dəvə yükü ilə itsəydi, tapılmazdı. Bunu anam mənim otağıma girəndə deyərdi. «Allahdan ötrü səhər duranda bu təxtivin üstünü yığ! Sən sərbaz**** da getdin düzəlmədin, evləndin də düzəlmədin! Otaqda dəvə yüküynən itsə, tapılmaz!»

Mənsə hirslə: «Maman, olara dəymə! Sənin nə işin var axı...» - deyərdim.
«Nə xəbər?» - deyə ustadım soruşdu.

«Xəbərsizlıq, ustad!»
«Xanımı neynədin?»

__________
*İçilib
**Dəqiqə
***Narahat etmirəm
****əsgər



«Gələn həftə dadgahdı. Allah diyən olsa, rahatlaşıram!» - deyib gülümsündüm.
«Sənə onda dedim da, oğul... Dedim bu Əmir bazarına girmə... Biz girdıx, indi nəmənə kimi qalmışıx içində!» - deyib güldü.

«Ustadım diyir evlənmax Əmir bazarına tay bir şeydi!» - qızgörmə günü Aydaya dedim. O isə narın gülüb: «Necə?» - deyə soruşdu. «Axı Əmir bazarı şuluq olar, eşihdən baxan diyir girim içəri, görüm nə var, içəridəki diyir kaş burdan qurtulub çıxırdım eşiyə!» İkimiz də güldük. Analarımız halın o başından bizə baxıb sonra bir-birlərilə pıçıldaşdılar.

«Aha, tapdım!» - ustadım dəlləzən bazarından bir məqalə tapıb mənə sarı uzadıb dedi: «Qərdəşimsən, gələn həftəyə kimi tərcümə elə gətir!»

Kağızları alıb çıxdım. Bir uzun məqalə idi Freydin nəzərriyyəsi haqqında. Yaşam və ölüm ğərizələri*. Avtobusda onu varaqlayıram. İnsanın gördüyü hər işdə ölüm də var, yaşam da. Yeməkdə, siçməkdə, sevişməkdə. Həm ləzzət var, həm qəzəb. Həm içəri ötürmək, həm eşiyə çıxarmaq. Yuxumda işəyəndə vurmuşdum cədvələ. Ayda baxırdı mənə küçənin dibindən. Yolda Behruza zəng açdım. Bir daha sabahın məsələsini yekunlaşdırdım. Yuxuda Behruz maska taxmamışdı. Mən işəyəndə çıxıb getmişdi. Pulları da aparmışdı. Bir mən qalmışdım, bir küçə, bir də Ayda, sidik ayaqlarına yaxınlaşarkən: «Bəsdi da, yordun məni!» - deyə bağırmışdım. «Mehdi, ginə başlama! Nə bir işin var, nə ailəmə ehtiram qoyursan, nə də həyatıva fikir verirsən...» - Ayda ağlayaraq, demişdi.

______
*instinkt


Mobili əlimdə möhkəm sıxırdım. Deməyə bir sözüm yox idi, qalmamışdı, altı aydan sonra hər gün bir böhran keçirirdik. Mən iş tapammamışdım, günü-gündən əsəblərim daha xarablaşırdı, özümü yaman həçələ* salmışam deyə düşünürdüm. «Mən daha bu vəziyyətə dözəmmirəm. Boşanaq qurtulsun» - bilmirəm bu sözü əvvəl kim demişdi. Amma çox da fərq etməzdi. Hər ikimizin də istəyimiz bu idi.

Evə yetişib-yetişməmiş anam: «Hara getmişdin?» - deyə soruşdu. Mənsə həmişəki kimi: «Eşiyə!» - deyib otağıma girdim. Bu bizim gündəlik dialoqumuz idi. Hara gedirsən? Eşiyə! Hardasan? Eşikdə! Hara getmişdin? Eşiyə!

Atam nahar başında bir söz dedi. Eşitmədim. Yəni eşitdim, hətta bildim nə deyir, amma özümü eşitməməzliyə vurdum, yavaş danışmağı hirsləndirirdi məni, yavaş yeriməyi isə anamı. Bir də soruşdu: «Diyirdin bəs ağaye Musəvinin yanına gedəcaxsan?»

«Axşam gedəcağam**!» - mən də yavaş cavab verdim. Anam özünə su süzərək: «Kəbin pulunu neynədin?» - deyə soruşdu.

«Düşizə möhtərəm Ayda Asef! Gəlin xanım! Vəkiləm sizi bir dəst ayna-şamdan, bir cild kəlamullah-i məcid, bir həlqə qızıl üzük və 110 sikkə bahari-azadi kəbin üçün əqd eliyəm!***» Aqid**** bundan sonra iki yol da bunu təkrar elədi. Mənsə vurğu içində əllərimi möhkəm bir-birinə sıxmışdım. Baldızım Aydanın qulağına: «Ona de, əllərin açsın! Kəbin kəsiləndə yaxcılığı yoxdu...» - demişdi. Əllərimi bir-birindən ayıranda qıpqırmızı idilər.

«Bir yerdən cürlədim da» - dedim.

_________
*giriftarlıq
**gedəcəyəm
***Qızlara nikah oxuyub kəbin kəsdirəndə belə deyilir.
****Kəbin kəsən adama deyilir



«Hardan cürlədin?» - anam bənd eləyəndə əl çəkməzdi.

«Dostumdan alacağam!» - deyə süfrə başından durdum.

«Mehdi, gedib sələmə-zad götürsən, südümü halal eləmərəm ha...» - deyib köksünə vurdu.

Atam başını aşağı salıb yavaş-yavaş yeməyini yeyirdi. Hələ boşqabı yarıya yetirməmişdi. Uşaq ikən arzum bu idi ,atamdan tez yeməyimi yeyib qurtaram. Parkinson gələndən bu arzuma çata bilmişdim. «Mehdi birdən biri görər!» Ayda deyib, əlini ağzıma qoymuşdu. Mənsə onu duvara dayayıb: «Mənim arzumdu sevdiyim qızı küçədə öpəm! Bu küçəyə ildə bir nəfər gələr, o da mənəm!» - demişdim, sonra sağ döşünü sıxıb: «Özü də işəməyə!» - artırmışdım. Dodaqlarını dişləmişdim, dilimi ötürmüşdüm ağzına, dilim dilinə dəymişdi, uzaqlardan bir polis maşını uğultu çəkmişdi.

Axşam bir az da tez getdim vəkilin yanına. Məndən sonra bir nəfər də növbədə oturmuşdu. Yoğun bir kişi. Nəfəsinin səsi başıma düşürdü, xısıltı ilə nəfəs çəkirdi. Qarnı da onunla birgə qalxıb enirdi. O başda mizin arxasında vəkilin münşüsü* oturmuşdu. O da yoğun idi! Əlində bu Brian Tracy-nin kitablarından biri vardı. Saatın səsi də qarışmışdı bu kişinin nəfəslərinin səsinə. Başımı qatım deyə, Behruza bir mesaj göndərdim: «Xurma suyun var?»

Birazdan mobilim “mesajın var” deyə səsləndi. Onunla birgə qızla kişi mənə baxdılar. «Sabah pulu alandan sonra stəkan-stəkana vuracağıq!» - yazmışdı. Siqar çəkmək üçün otaqdan çıxdım eşiyə.

________
*katib


«Mehdi, bu zəhrimarı tərgitmirsən, barı dəyiş!» - Ayda bala Bəhmənin qutusunu mizin üstündən götürüb yenidən atdı mizin üstünə. «Hər zada imalə elə ha!» - hirslə deyib siqarı cibimə qoydum. Münşü içəridən məni çağırırdı.

«Ağaye Musəvi! Bu sözlərinən özüvü yorma. Bizim heç zadda sözümüz bir deyil.»
«Hər halda mən atavınan dostluğuma görə dedim qoy barışdırım sizi» - vəkil dosyama baxa- baxa deyirdi: «Hələ halı necədi? Heç fərq eliyib?»

«Var da... Qocalıqdı... Biz ki cavanlığımızda da bir zad görmədıx!» - dedim.

«Kəbini cürliyə bildin? Mənim də əlim bağlıdı. Yoxsa köməklix elərdim!»
Behruz bazarda birini tapmışdı. Yola gələn adam idi. Əsl işi fərş idi. Bəlkə də elə əsl işi bu idi. Hac Səfərəli timçəsində bir hücrəsi varıdı. Məni görcək Behruza: «Sənə demədim tək gəl?!» - demişdi. Behruz isə gülə-gülə: «Nolacaq ki, hacı?! Dedim bəlkə özündən də xoşun gəldi, bir diş vurdun!» - demişdi. Sonra iki Polish səndəllərinin* birini mənə, birini isə özünə çəkib oturmuşdu.

Fərşçi: «Dinuva lənət uşaq! Xurma gətirdin?» - deyib, iri dənə təsbehini mizin üstünə atmışdı.

«Yox hacı! Tapılmır ki, məhərrəmə yaxındı, satmırlar!»

«Du sihdir. Cümə axşamı qonağım var Tehrandan. Sənə demişdim axı...» Fərşçi hirslə yenidən təsbehini götürmüşdü, Behruz isə onun sözünü kəsib «Buyün neçə şənbədi məyə?» - deyə soruşmuşdu. Mənlə fərşçi birgə: «Çərşənbə axşamı!» - demişdik.

_______
*stul

Behruz: «Hələ cümə axşamına gör nə qədər qalır. Sən adres ver, həmən gün özüm gətirərəm qapıva» - demişdi.

Fərşçi isə hirslə: «Onda pulu da oları gətirəndə alarsan!» - demişdi.

Anam: «Kəbini hardan gətirib verəcaxsan?» - soruşmuşdu - «Atan diyir məndə pul yoxdu!»

«Bir nəfər var, ondan alacağam. Behruzun dostudu» - demişdim.

«Bu kimdi ki, bir belə pulu var, özü də sənə verir?»

Behruzla cümə axşamı qərarlaşdıq birlikdə gedək o fərşçinin bağına Herbidə. Behruz çantanı xurma arağı ilə doldurub çiyninə salmışdı. Atamın maşınını sürürdüm. Əhməd Kayanı oxudurdum zəbtdə*, onunla birgə mızıldanırdım. İkimiz də siqar çəkirdik. Bala Bəhmən. Demişdi bağa çatsaz, üç dönə signal çalın. Bir dəqiqə çəkmədən qapı açıldı. Bu avtomatik qapılardan idi. Biz içəri girməklə iki qara it maşının üstünə yürüdülər. Şüşələri qovzadım. Sonra fərşçi hacımızı gördük, itləri aramlaşdıraraq yaxınlaşırdı. «Nabələd görəndə belə elərlər!» - dedi. Maşından enib bağın ortasındakı xanabağa getdik. Behruz: «Hələ qonaqların gəlməyib, hacı?» - deyə soruşdu.
«Yoldadılar. Şiblini taza aşıblar» - deyib oturdu. «Ver görax, nə gətiribsən?»
Behruz: «Hacı, əvvəl pulu ver. Bizim bu yoldaş yeddi aylıqdı bir az» - deyib güldü.
Fərşçi getdikdə Behruz çantadan bir tapança çıxardı. Huyuqdum bir an. «O nədi Behruz?» - deyə soruşdum. Üzümə baxmadan: «Sənin işin yox!» - cavab verdi. Sonra yavaşcadan «Qorxma! Oynatmalıdı! İstirəm bir az siçdirəm bunu!» - artırdı.

_________
*Maqnitofon


«Behruz, sən Allah boş ver. Əlimizə iş verər» - dedim.

Ayaq səsi yaxınlaşanda Behruz tapançanı çantanın altında saxlamışdı. «Siftələri də gətiribsən da, ağa Behruz?» - fərşçi soruşub bir plastik dolu pulu qoydu mizin üstünə. Behruz: «Hən!» - deyib çantanı yerə qoydu. Sonra tapançanı fərşçiyə sarı tutdu. Fərşçi gicəlmiş kimi: «Bu nə işdi?» - deyə soruşdu. «Araqlar çantanın içindədi» - Behruz deyib ayağa durdu. «Bu pullar sənin hesabında oxumaz, hacı. Bizi gördün, görməmiş!» Fərşçi də ayağa qalxaraq: «Bəsdi. Qurtar getsin... Tüfəng şuxluq* götürməz» - dedi. Behruz mizin üstündən pulları götürdü. Sonra mənə: «Dur gedax!» - dedi. Mənim də halım fərşçiyə tay idi. Deyəsən, yapışmışdım yerə. «Du da di...» - mənim üstümə qışqırdı. Bu anda fərşçi özünü Behruzun üstünə atdı. İkisi də yerə yıxıldılar. Bir-birlərinə sarılmışdılar. Elə bil seksdən öncə bir oyunu başlayıblar. Nəfəsləri bir-birinin üzünə dəyirdi.

Ayda sevərdi sevişəndə qulağına piləyəm. Əlimi döşlərindən axıdıb şortunun içinə aparardım. İslanardı əlim, Ayda dərindən ah çəkərdi. Mənsə qulağını dişlərdim. Behruz ucadan qışqırırdı. Fərşçi mizin üstündəki bıçağı Behruzun qarnına soxub çıxarırdı. Barmağımı vajən** ağzında oynadırdım. Soxurdum, çıxarırdım. Behruzdan daha səs çıxmırdı. Ayda ah çəkirdi. Fərşçi ara vermirdi, soxurdu, çıxarırdı. Ayda gözlərini yumurdu. Fərşçi nəfəs az gətirirdi deyəsən. Xısıltı ilə nəfəs çəkərək ağlayırdı. Əyilmişdi Behruzun üstünə. Behruz qanına bələşmişdi. Ayda period*** olanda qoymazdı əlimi aparam şortunun içinə...

____
*Zarafat
**vagina
***Aybaşı
XS
SM
MD
LG