Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:29

Dar ağacı


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 10-luğundan


Azay Vəlixanov


DAR AĞACI


Ustalar iki gün sərasər işlədilər. Üç dənə cavan, şümal palıd ağacını kəsərək öküzlərə qoşub şəhərin kənarında yerləşən emalatxanaya qədər sürüdülər. Kefləri kök, damaqları çağdı. Görəcəkləri işin müqabilində qazidən ənam alacaqlarına əmin olduqları üçün həvəslə çalışır, deyib - gülür, zarafatlaşırdılar.

Nahardan sonra dinclərini almadan baltalarını itiləməyə girişdilər. İlk əvvəl ağacları səliqə ilə yontalayıb pərdi formasına salmaq lazım idi.

Ustalardan ən cavan və cüssəlli olanı birinci olaraq yerindən qalxdı. Sağ əlinin baş barmağını bir az əvvəl itilədiyi baltanın ağzına sürtdükdən sonra başıını qaldırıb özündən razı halda gülümsünərək yoldaşlarının üzünə baxdı. Amma nahar yeməyinin gətirdiyi süstlükdən az qala mürgüləməkdə olan yaşlı ustalar həmkarlarının təriflənmək arzusunu gözündə qoydular. Onlardan heç biri nə sözü, nə də hərəkəti ilə gənc ustanın işini tərifləmədi. Bu halda cavan usta pərtliyini gizlətməyə çalışaraq bir neçə addım aralıda uzadılmış ağaclara doğru addımladı. O, elə ilk addımında baltanı qoltuğuna soxaraq fırçıltı ilə ovuclarına tüpürüb onları ovuşdurmağı da unutmadı. Ağacların yanına çatdığı zaman isə qoltuğundakı baltanı qəribə tərzdə (bunu son dərəcə məharətlə etdi) irəli tulladı və havada ikən sapından yapışıb başı üstünə qaldıraraq var gücü ilə üzərində pacalama dayanmış olduğu palıda çırpdı.

Tiyə yenicə yuva bağlamaqda olan düyünə dəyib zingilti qopararaq geri qayıtdı. Az qaldı sahibinin başını ikiyə parçalasın. Sapın ovuclarında yaratdığı zoqqultudan qovrulan cavan usta əsəbi şəkildə tüpürərək baltanı yerə atıb palıd ağacının ünvanına söyüş və lənətlər yağdırdı: - tfu, iliyinə işəyim sənin, köpəkoğlunun malı. Sənin var - yoxuna lənət...


*****

Dar ağacını gecə yarısı şəhərin mərkəzi meydanında qurmağa başladılar. Ustaların işini bitirib getməsi ilə o, tək qaldı. Uzun - uzadı, diqqətlə ətrafı süzərək belə geniş yerdə qurulduğunu görüncə ürəyində fərəh duyub qürrələndi. O, həmçinin əsəbi və söyüşkən ustaların əlindən canını qurtardığına da sevinirdi. Bununla belə onu şəhərin bu cür gözəl yerində qurduqlarına görə ustalara təşəkkür etməyə dəyərdi. Hər halda dar ağacını hansısa evin, yaxud çardağın altında dayaq qoymaqla ömrü boyu yük altında olmaq əzabına düçar etməmişdilər. Bunları düşündükcə dar ağacı onu tələskənliklə yontaladıqları zaman söyüş yağdıran ustaları bağışladı.

Dar ağacının xatırlaya bildiyi şəhərkənarı emalatxanada ona dəyən balta zərbələri idi. Cavan palıd ağaclarının ölməsi ilə dar ağacı doğulmuşdu.

Bu an dar ağacının beynində çək - çevir etdiyi fikirləri sırasına yeni bir fikir də əlavə olundu: - “görəsən məni bu meydanda niyə qurublar? Baş vermiş tələskənliklər, həngamələr nəyə gərəkdi”?

Ürəyində baş qaldıran bu suallara cavab tapa bilməyən dar ağacı səhər mehinin gətirdiyi sərinliyin təsiri altında dərin yuxuya getdi. Hətta bir neçə dəqiqə sonra yaxınlıqdakı məsciddən ucalan azan səsini belə eşitmədi.


*****

Onu yuxudan ətrafındakı camaatın səs-küyü oyatdı. Nə baş verdiyini anlamayan dar ağacının yanından şəhər sakinləri keçib getməkdə idi. Bir neçə saniyə sonra gecə yarısı baş verən hadisələri xatırlayan dar ağacı ürəklə gülümsündü.

İlahi, insanların varlığnda meydan necə cazibədar, canlı idi. Fərqi duyan dar ağacı az qaldı var qüvvəsi ilə bağırıb ətrafda olan bütün adamları salamlasın. Amma bununla kimlərisə yersiz narahat edə biləcəyini düşünüb fikrindən daşındı. Sakitliklə oturub müşahidələrini davam etdirməyə başladı və ilk iki dəqiqə ərzində şübhəsi qalmadı ki, ətrafdan ötüb keçən heç bir canlı, özlüyündə ona biganə deyil. Onların hər biri başını qaldırıb bir anlığa da olsa dar ağacını süzürdü. Təbii ki, bu hal dar ağacını hədiz sevindirdi. Amma onun bu sevinci uzun sürmədi. Ətrafdakıların ona dikilən nəzərlərindən bir şey anlamağa çalışan dar ağacı bu baxışlarda sevgidən əsər - əlamat olmadığını görüncə ürəyinə şübhələr doldu. Gözlərini bir neçə dəfə yumub - açaraq baş verməkdə olanların yorğunluğun təsirindən yarandığını düşünmək istəsə də, bütün cəhdləri nəticəsiz qaldı. Üzərinə dikilən nəzərlərdə maraqdan daha çox sonsuz nifrətin, qorxunun olduğu danılmaz idi.

Budur, saç - saqqalı ağarmış ixtiyar bir qoca düz qarşısından ötdüyü zaman bir anlığa başını qaldırıb baxır. Onun baxışlarında sonsuz nifrətlə yanaşı qorxu hissi də ilişib qalıb.

Qucağındakı körpəsini sinəsinə sıxmış qadın isə dar ağacının yanından ayaqları biri - birinə dolaşaraq keçib gedir. Bircə dəfə başını qaldırıb baxır. Baxışlarından qorxu və həyəcanla yanaşı, sonsuz nisgil və həsəd duyulur.

Dar ağacı yüzlərlə adamın ona nəzər yetirib eyni mənanı nümayiş etdirən baxışlarının səbəbi haqda düşünməyə macal tapmamış qoltuğunda kitab - dəftər tutmuş cavan bir oğlan tələsə - tələsə ona yanaşdı. Baxışları ilə onu bir neçə saniyə başdan - ayağa süzüb nifrətlə tüpürdü və tüpürcəyi havada süzərək düz dar ağacının döşəməsinə düşdüyü zaman isə başını dik tutaraq uzaqlaşdı. Gəncin bu hərəkətindən sonra ona ünvanlanan nifrətli baxışlara dözə bilməyən dar ağacı qəhərdən boğuldu: - bu nədir ilahi, bütün bunlar nəyə gərəkdir axı? Bu adamların qarşısında mənim günahım nədir? Mənim bunlara nə pisliyim kecib ki,...?

Həmin anlarda dar ağacı qəlbini didib parçalamaqda olan suallara cavab tapmaq üçün hər bir şeyini qurban verməyə hazır idi.


*****


Nifrətli baxışlar dar ağacını günorta azanı zamanı da müşayət etdi. O, yanından ötüb məscidə yollanan adamların heç birinin baxışında məhəbbətdən əsər - əlamat görmədi.

Nahardan sonra isə camaat meydana axın - axın gəlməyə başladı. Ətraf başdan - başa adamlarla dolduğu zaman camaatın arasında əli tüfəngli, qılınc - qalxanlı əsgərlər göründü. Onlar camaatı yararaq dar ağacı istiqamətində yol açmağa başladılar. Bir neçə dəqiqə sonra dar ağacının yanından başlayaraq meydanın digər başına qədər olan ərazidə iki addım enində olan cığır hazır idi. Əsgərlərin açdıqları yol boyu camaatın önündə sıralama düzülməsi ilə, meydanın o biri başından dar ağacına tərəf ətrafdakılardan fərqli olaraq zəngin geyinmiş adamlar irəliləməyə başladı.

Onlar gəlib dar ağacının qurulduğu taxta lövhənin üzərinə çıxdılar. Ustaları çıxmaq şərtilə bu günədək heç kim dar ağacına bu qədər yaxın olmamışdı. Odur ki, dar ağacı bir addımlığında baş verən bütün hərəkətləri diqqətlə müşahidə etməyə davam edirdi.

Zəngin geyimli adamların döşəmə üzərinə çıxmasından bir neçə saniyə sonra silahlı əsgərlərin hələ də yol kimi saxladıqları cığırda iki nəfər cüssəli, üzlərindən zəhm yağan bədheybət kişi peyda oldu. Onların ardınca isə daha iki nəfər qolları bağlı gənc göründü. İrəlidə gələn bədheybətlərdən fərqli olaraq qolu bağlı gənclər son dərəcə üzgün görünürdülər və əyin -başları cır - cındırdan ibarət idi. Onların dar ağacına yaxınlaşması ilə əsgərlər bir az əvvəl açdıqları yolu pozub əvvəlki formasına saldılar. Ön cərgələri tutmaqla camaatın qabağında sipər qurdular.

Bu arada dar ağacı üzərində kiminsə heyranlıq və məhəbbət dolu baxışlarını hiss etdi. Həyacanlı şəkildə həmin gözlərin sahibini axtarmağa başladı.

Başında iri əmmamə olub, uzun, daş - qaşlarla bəzədilmiş xalat geyinən yastısifət bir adam idi. Dar ağacını diqqətlə süzür, üzündəki təbəssümlə sanki ona ürəyində olan məhəbbəti çatdırmağa çalışırdı. Amma nədənsə onun təbəssümü dar ağacını açmadı. Bu təbəssümdə nə isə gizli bir məkr, istehza duyulurdu.

Sonrakı hadisələr daha sürətlə cərəyan etdi. Dar ağacına bu ana qədər yeganə olaraq sevgi nəzərləri ilə baxan həmin adam, qurşağından lülə şəkilində kağız çıxartdığı zaman meydanda sakitlik yarandı. Ardınca xalatlı adamın görünüşünə yaraşmayan cır səsi meydandakı sükutu pozdu. Dar ağacı onun nə dediyini aydın başa düşməsə də kiminsə ölümü barədə hökm oxuduğunu anlayırdı.

Hökm oxunduğu zaman görünüşlərindən bədheybətlik yağan cüssəli kişilər işsiz dayanmadılar. Özləri ilə gətirdikləri nərdivanı dar ağacının sütunları üzərində duran baş tirinə dayayıb oradan aşağıya iki ədəd, uc hissələri səliqə ilə halqa şəkilinə salınmış kəndir salladılar. Yalnız bundan sonra çəkilib sakitcə hökmü dinləməyə başladılar.

Xalatlı adamın hökmü bitirməsi ilə bədheybətlər qolu bağlı cavanlardan birini darta - darta bir az əvvəl düzəltdikləri halqaların altına çəkib gətirdilər. Çılız görkəmi ilə digər məhbus yoldaşından fərqlənməyən bu gənc, kəndirin altına çatar - çatmaz yerinə işədi.

Paçalarından axan sidik süzülərək taxta döşəməyə yayıldı. Dar ağacının yanında duran adamların hamısı məhbusun bu hərəkətini qəhqəhə ilə qarşıladı. Camaatın arasından da onların səsinə səs verənlər tapıldı. Dar ağacı isə nigarançılıq və narahatlıqla baş verənləri izləməyə davam edirdi. Ürəyinə dammışdı ki, az sonra nə isə xoş olmayan bir hadisə baş verəcək və onun bu qənaəti doğru çıxdı.

Yerini isladan gəncin ardınca ilməyin altına ikinci cavanı dartdılar. Yoldaşından fərqli olaraq o, ilməyin altında durduğu zaman sanki birdən - birə gümrahlaşdı. Meydandakı cammata göz gəzdirərək gülümsəməyə başladı. Duruşunda məğrur bir görkəm olan bu gənc başına qara rəngli torbanın keçirilməsinə razı olmayaraq, bunu etmək istəyən bədheybətlərin əllərini başı ilə rədd etməkdən belə çəkinmədi. Halqa boğazına salındığı zaman isə gözlərini qətiyyən qırpmadı. Bu zaman onun üzündəki təbəssümə hiss olunacaq qədər istehza qatılsa da, duruşundakı qalib görkəm qalmaqda idi. Bədheybətlərdən biri dar ağacının sütununa yaxınlaşaraq kiçik yivi çəkməyə hazırlaşdığı zaman meydana dar ağacının heç bir zaman eşitmədiyi ölü bir sükut çökdü.

Yivin çəkilməsi ilə qışqıraraq nə isə deməyə cəhd edən gəncin köksündən çıxan son hava axını fışıltıya oxşar bir səsi andırdı və bu fışıltının ardınca incə bir xırçıltı meydandakı sükutu pozdu. Bu səsdən bədəni ürpəşən dar ağacı gözlərinə inana bilmirdi. Onun üzərində insan qətlini icra etməkdə idilər. Onun özü də iradəsinin əleyhinə olaraq bu qətlin icraçısına çevrilmişdi. Dar ağacı ipdən asılı qalıb çapalamaqda olan başıaçıq gəncin üzündəki ifadənin pozulmaması üçün ruhu ilə birikdə uçub getməkdə olan gücünün ən son imkanları ilə mübarizə apardığının şahidi olduqca dəhşətə gəlirdi. Gəncin hədəqəsindən çıxmaqda olan bəbəklərindən yanaqlarına axan göz yaşlarını görüncə isə özünü saxlaya bilməyib ağladı dar ağacı.

Bəli, insanlar onu iradəsinin əleyhinə olaraq hərəkət etməyə məcbur etmişdilər və onlar bir -birlərini zorladıqları kimi dar ağacını da zorlayırdılar.

Bədheybət kişilərin üzündə kinayəli təbəssüm donub qalan başıacıq gəncin cəsədini ipdən açıb döşəməyə uzatdıqları vaxt dar ağacının yadına ustaların onu meşədən kəsib yontaladıqları gün düşdü. Özünü saxlaya bilməyib qeyri - ixtiyari olaraq dəlicəsinə bağırdı:

- Eheey, insanlar, atalarınız sizi başqa canlıları öldürmək üçünmü əkib? Analarınız sizi bir- birinizi öldürmək üçünmü doğub? Eheey, ey anası qəhbələr, sizi tərbiyə edən böyüklərinizin dünyanın ən böyük fahişələri olduğundan xəbəriniz varmı heç?

Ürəyində olan etiraz və nifrəti ifadə etmək üçün söz tapa bilmədiyindən boğazını qəhər boğdu. Aciz - aciz, - hec olmasa bizi bu işlərə qatmayın - deyib zarıyaraq hönkür - hönkür ağladı dar ağacı.

Sanki insanların hərəkətlərinə etiraz olaraq güclənməkdə olan külək dar ağacının səsini uzaqlara, meşələrin içinə apardı və ağaclar (bu hayqırtını eşidib başa düşürmüş kimi) həmsoylarının etiraz səsinə cavab olaraq başlarını yırğaladılar.


*****

İlk vaxtlarda üzərində həyata keçirilən edamlar dar ağacı üçün əzabverici olduğu qədər də, maraqlı idi. Bütün varlığı ilə bu edamların əleyhinə olan dar ağacı hayqırtılarının əbəs olduğunu görüncə isə qətllər onun üçün adiləşir, insan oğlunun biri - digərini həyatdan məhrum etməsi dar ağacının nəzərində insanlığın şəxsi probleminə çevrilirdi. Bəlkə də bu məntiq dar ağacının müqavimət imkansızlığından özü üçün yaratdığı təsəlli yolu idi. Hər halda o, getdikə daha soyuqqanlı olur, icra olunan qətlləri üzündə kinayəli bir təbəssümlə müşahidə etməyi bacarırdı. Tədricən dar ağacı üzərində edam olunanların sayını da itirməyə başladı. Hərdən hər bir qətli xatırlayıb edamların sayını yada salmağa calışsa da bir neçə dəqiqə sonra bundan bezərək özünə lazım olan təsəllini verməyi bacarırdı: - nə qədər ki, insan oğlu var, deməli qətllər də var olacaq. Odur ki, mənə özümü yorub siyahı tutmaq gərək deyil.

Məxtəlif edamlar isə onun yaddaşında dərin iz buraxaraq qalırdı.


*****

Günorta azanı zamanı dar ağacı ətrafdakı səssizlikdən bezdi. Bu zaman şəhər cammatı hamı bir nəfər kimi məsciddə olduğu üçün ətrafda milçəklərin səsindən başqa bir şey eşitmək mümkün deyildi. Dar ağacı əmin idi ki, azanın bitməsi ilə həmişəki kimi meydana camaatın axını başlayacaq və bu cansıxıcı sükut heç olmasa axşam namazına qədər pozulacaq. Tərslikdən bu analarda dar ağacı heç nə barədə düşünə bilmirdi. Odur ki, getdikcə darıxmağa, nigarancılıqla namazın bitməsini gözləməyə başladı.

Gözlənilmədən düşüncələri sırasına gələn fikir isə dar ağacını acı - acı gülümsəməyə vadar etdi. “Mən namazın bitməsini səbrsizliklə gözlədiyim halda , kimlərsə onun əbədiyyətə qədər uzanmasını arzulayır. İnsanlaşıram” – deyən dar ağacı ucadan gülərək düşündüyünü dili ilə ifadə etdi: - “hə, insanların arasında qaldıqca insanlaşıram”.

İxtiyarsız olaraq düşüncələrinə aludə olan dar ağacı camaatın ətrafına necə toplaşdığından belə xəbər tutmadı. Adamların səs - küyü onun fikirlərini büs - bütün qırdığı zaman isə meydanda iynə atsan yerə düşməzdi. Bu anlarda dar ağacı üçün yeganə maraq kəsb edən şey bu gün qətlə yetiriləcək məhbusların kimliyi, görkəmi, edamı neçə qarşılayacaqları idi. Elə buna görə də əsgərlərin camaatı yararaq cığır acması ilə gözlərini zilləyib meydana gətiriləcək məhbusları gözləməyə başladı.

Fərmanı oxuyan cır səsli adamın arxasınca gələn bədheybətlərin iri vücudu ona məhbusları görməkdə çətinlik yaradırdı. Odur ki, asılacaq adamların kimliyini yalnız döşəməsinə bir neçə addıma qədər yaxınlaşdıqları zaman görə bildi. Və bu adamları tanıyınca gözlərinə inanmadı. Bu iki şəxs bir zaman dar ağacını düzəltmiş ustalar idi. Onlardan birinin emalatxanada dar ağacına ilk zərbəni vurarakən söyüş yağdıran gənc usta olmasına şübhə ola bilməzdi. Amma onun ötən illər ərzində yetərincə qocaldığı, cüssəli bədəninin, saç- saqqalı ağarmaqda olan ortayaşlı insanın bədəninə çevrildiyi ilk baxışdan görünürdü. Bununla belə dar ağacı onu gözlərindən tanıdı. Bu gözlər çuxura düşməsinə baxmayaraq gənclikdəki nəzərlərini itirməmişdi. Yaşlı usta isə asılmasa belə bir neçə həftəyə onsuz da canını tapşıracaq birisi idi.

Bu adamları görüncə dar ağacını uzun müddətdən bəri tərk etmiş heyrət hissi bürüdü. Cavan usta dar ağacının qoyulduğu döşəmənin üstünə çıxdığı zaman başını qaldırıb ötəri nəzərlərlə dar ağacına baxdı. Gözlərində sonsuz nisgil, kədər vardı. Sanki bu gözlərin sahibi bir zaman şövqlə calışıb söyüş yağdıran cavan deyil, yaşı yüzü haqlamış halsız qoca idi. Dar ağacı onun baxışlarından bir şey oxumağa çalışdı. Mümkünsüz idi. Cavan usta o zamanlar olduğu kimi indi də dar ağcına cansız bir əşya nəzərləri ilə baxırdı. Bununla belə ustalar cəlladların göstərişi ilə çəkilib bir qıraqda durduqları zaman dar ağacının uzun illərdən bəri daşa dönmüş ürəyi bir anın içində yumşaldı. İlk dəfə üzərində adam asıldığı gündə olduğu kimi boğazını qəhər boğdu. Göz yaşları içində ustaların halına acıdı. Yastısifət adam adəti üzrə qurşağından bürmələnmiş fərmanı çıxarıb oxumağa başladığı zaman dar ağacının ürəyində bayaqdan bəri biri - digərini əvəzləyən qəribə hisslər onu bu adama da nəzər yetirməyə vadar etdi. Sanki dar ağacı baxışları ilə özünün də kecmiş günlərini xatırlayacaqdı. Bəli, yastısifət adam ötən illər ərzində kifayət qədər qocalıb kaftarlaşmışdı. Dar ağacına təəccüblü gələn isə bu günə qədər həmin fərqi hiss etməməsi oldu. Gözü önündə neçə - neçə insanı öz fərmanı ilə o dünyaya yola salmış qazinin artıq ayaq üstdə durmaq imkanının olmadığı nə üçünsə diqqətindən yayınmışdı. Odur ki, dar ağacının vücudunun əksinə olaraq cır səsi zərrə qədər də olsa dəyişilməmiş qazinin döşəmə üzərində ayaq üstdə dura bilməməsini maraqla izləyirdi. Kaftarlaşmış qoca xüsusi olaraq onun üçün gətirilmiş masada sol tərəfə əyilərək zorla oturmuşdu. O, yalnız fərmanı oxuduğu zaman oturduğu yerindən qalxdı. Bunu isə yalnız ətrafdakıların köməyindən istifadə etməklə bacardı.

Dar ağacı yastısifət qocanın çətinliklə oxuduğu fərmanı dinlədiyi zaman anladı ki, ustaların asılmasına səbəb şahın qızı üçün düzəltdikləri cehizi son dərəcə keyfiyyətsiz hazırlamalarıdır. Fərmanda xüsusi olaraq vurğulanıb iddia olunurdu ki, ustalar bununla fırıldaq işlədərək şahənşahın özünü belə aldatmağa cəhd göstərmişlər.

Qazinin qalxdığında olduğu kimi, ətrafdakıların köməyi ilə, oturmasından sonra məhbusları ipin altına çəkib gətirdilər.

Yaşlı ustanı birinci asdılar. O, başına torba kecirilməsinə mane olmadı. Bəlkə də bunu etməyə onun heç gücü də yox idi. Cəsədi bir necə dəqiqə havada yelləndikdən sonra eşidilən xırçıltı meydanda az öncə başlayan sükutu pozdu. Bütün bunları qorxa - qorxa seyr edən cavan ustanın asılma növbəsi çatdığı zaman o, demək olar ki, özündə deyildi. Sözəbaxan uşaqlar kimi bədheybətlərin ona verdikləri bütün məsləhətlərə əməl etməklə sanki ölməyə tələsirdi. Yivin çəkildiyi an isə elə bil yuxudan ayılaraq ölümünə qarşı mübarizə aparmağa cəhd göstərdi. Çapalayan ayaqları havada bir neçə dəqiqə dartıldıqdan sonra heydən düşüb sakitləşdi. Ətrafdakı bütün adamlarla yanaşı, dar ağacının da gözlədiyi xırçıltı isə daha gec eşidildi.

Edam tamaşasına yığışanların dağılışması ilə cəlladlar cəsədləri ipdən ayırıb apardılar. Bu anlarda dar ağacı heç bir şey haqqında düşünə bilmədən baş verənləri kədərli vəziyyətdə seyr etmək məcburiyyətində qaldı.


*****


Ustaların edamından geridə qalan bir ay ərzində dar ağacından demək olar ki, hər gün bir adam asdılar. Onlardan bir neçəsini dar ağacı üzdən tanıyırdı. Müxtəlif vaxtlarda meydana edam tamaşalarına baxmağa gələn adamlar idi. Ayın son günü baş verən edam isə dar ağacının yaddaşında əməlli - başlı iz buraxdı.

...Qazinin ölüm hökmünü oxuduğu zaman döşəmə üzərində durmuş məhbus dar ağacına tanış gəldi. O, bir müddət bu adamı harada gördüyünü xatırlamaqda çətinlik çəksə də nəhayət tanıdı. Az sonra asılacaq məhbus dar ağacının meydanda qurulduğu gün qoltuğunda kitab - dəftərlə ona yanaşıb nifrətlə tüpürən gənc idi. Aradan keçən müddət ərzində onun saç - saqqalına dən düşsə də dar ağacı onu tanıya bilmişdi. Dar ağacı bu adam haqqında çıxarılan hökmü dinlədiyi zaman bildi ki, o, müəllimdir. Şahənşahın özünə qarşı çıxıb əhali arasında küfr söz və fikirlər yaymaqda təqsirləndirilərək ədalət naminə asılmaqla cəzalandırılır. Lakin haqqında deyilənlər, eləcə də az sonra asılacağı deyəsən müəllimin heç vecinə də deyildi. O, hər şeyi özünəməxsus təbəssümlə qarşılayaraq ara - sıra hökmü oxuyan kaftarlaşmış qocaya söz atmaqdan da çəkinmirdi. Onun bu cəsarətini görən dar ağacının qəlbində sonsuz bir məhəbbət yarandı. Belə bir mərd insanın edam olunması dar ağacının onsuz da zəif olan əsəblərini sarsıtdı. Ancaq əlindən gələn bir şey olmadığı üçün dişini - dişinə sıxıb, susmaqla kifayətlənməli oldu.

Müəllim özünü sona qədər mətanətli apardı. Onun başına torba keçirilməyəcəyi fərmanda göstərilmişdi və bunun səbəbi hamı kimi dar ağacına da məlum idi. Əhali ölümqabağı məhbusun çəkdiyi əzabları daha ətraflı duyaraq şəhanşaha qarşı çıxmağın neçə nəticələndiyini açıq - aydın görməli idi.

Yiv çəkildiyi zaman müəllim qətiyyən çapalamadı. Bədəni olduğu kimi düz qaldı. Boğulma anında isə tarım çəkilmiş ip fırlanaraq onun arıq bədənini yüngülcə çevirdi. Bu zaman dar ağacı ilə müəllimin qızarmaqda olan üzü qarşı - qarşıya qaldı. Dar ağacı nəzərlərini suyu yanaqlara axaraq bəbəyindən çıxmağa hazırlaşan gözlərə dikib onların həyatla vidalaşmaqda olan sahibi ilə danışmağa çalışdı və nə qədər qəribə də olsa bu dialoq alındı:

- Sən bu işlərdə mənimi günahkar sayırsan?

Müəllimin gözləri açılıb yumuldu və bununla da sanki xeyr demək istədi.

Bu anlarada insan oğlunun fikri dar ağacı üçün olduqca maraqlı idi. Odur ki, ölümlə əlləşən müəllimə növbəti suallarını verməkdən özünü saxlaya bilmədi.

- Elə isə kimdir günahkar, bu adammı? - dar ağacı gözlərinin işarəsi ilə hökm oxuyan qazini göstərdi.

Müəllimin gözləri bu dəfə də narazılıqla yumulub açıldı. Dar ağacının səbri əməlli - başlı tükəndi. O, az sonra müəllimin canını tapşıracağından, beləliklə də onun fikrini öyrənməyə müəssər olmayacağından qorxurdu:

- Ölkənin birincisi, şahənşahmı?

Gözlər bir neçə dəfə aşağı yuxarı oynayıb nəhayət sağa - cammatın olduğu meydana tərəf dönərək hərəktsiz qaldı. Dar ağacı müəllimin həyat eşqi sönmüş gözlərinə baxaraq təəssüflə başını bulayıb pıçıldadı: deməli, kütlə.


*****


Müəllimin asılmasından ötən növbəti bir həftə ərzində ölkədə cəmi bir nəfər edam olundu. Nəzərə alınsa ki, həmin günlər heç bir bayrama düşmürdü bu vəziyyət dar ağacının bu günə qədər gördükləri arasında yeganə hal idi. Həftə sonu isə şəhərdə bir - birinin ardınca maraqlı hadisələr baş verməyə başladı.

Əhali kücələrdə, xüsusilə də dar ağacının qurulduğu meydanda toplaşaraq ölkədəki vəziyyətdən narazılıq edən natiqlərin danışıqlarını dinləyirdi. Bu qarmaqarışıqlığın səhəri günü isə əli silahlı əsgərlər yenidən meydana yığışmağa calışan camaatı gülləbaran edib qılıncdan keçirməyə başladı. Sıralarında azyaşlı uşaqların da olduğu əliyalın adamlar müqavimət göstərə bilmədən qaçıb dağılışdılar. Hər yeri çığırtı, nalə səsləri bürümüşdü. Əhalini bir andaca dağıtmağa müvəffəq olan əsgərlər yerdə yaralı halda zarıldayan, eləcə də ölən insanların meyitlərini arabalara qoyub daşıdılar. Ertəsi gün zahiri görünüşcə şəhərdə sakitlik idi. Amma dar ağacı küçələrdə vurnuxan əsgərlərə baxıb başa düşürdü ki, onlar evlərə soxularaq adamları həbs edir, yaxud yerindəcə güllələyirlər. Bununla belə səhər açılan kimi camaat yenidən meydana toplaşdı. Bu dəfə onların sıraları daha da genişlənmişdi və hətta əksər adamların əlində müxtəlif silahlar da gözə dəyirdi. Camaatın qarşısında çıxış edən natiqlər dar ağacının döşəməsi üzərinə yığıldığı üçün o, baş verənləri yaxından izləmək imkanında idi.

Şəhərdəki qarmaqarışıqlıq daha bir həftə davam etdi. Həftənin sonu isə camaat artıq meydana bayram əhval - ruhiyyəsi ilə yığılmışdı. Əhali arasında gəzən söz - söhbətlərdən anlaşılırdı ki, hakimiyyət dəyişilib. Məmləkəti idarə edən adam yenisi ilə əvəzlənib.

Yeni şahın kimliyi də dar ağacı üçün uzun müddətə sirr qalmadı. Günortaya yaxın çıxış edən natiqlərdən biri bəyan etdi ki, hakimiyyətə köhnə şahın uzaq qohumlarından biri olan, bu əlaqəyə baxmayaraq zərrə qədər də zülmkar şaha bənzəməyən nəcib bir adam məmləkətin idarəsini öz boynuna götürüb. Meydandakılar hamılıqla bu çıxışı dinləyib alqışladığı vaxtda dar ağacı təəccübdən donub qalmışdı. O, ötən illər ərzində müxtəlif bəhanələrlə asılan adamların edamını sakitliklə izləyən kütlənin birdən - birə coşaraq hakimiyyəti devirə bilməsinin səbəblərini anlamağa başlayırdı. Deməli köhnə şah əslində öz yaxınları tərəfindən devrilmişdi. Daha doğrusu, ağaclar arasında ifadə olunan sapı özümüzdəndir zərbi - məsəli, kütləyə şahı “devirmək” imkanı vermişdi.

Dar ağacını həmin gün ən çox məşğul edən fikirlərdən biri də öz taleyinin neçə olacağı idi. Onu meydanda hələ uzun müddət saxlayacaqlar, yoxsa söküb başqa bir iş üçün aparacaqdılar - bu haqda anlaya bilmirdi dar ağacı. Öz istəyi ilə olsa, məmuniyyətlə meydandan uzaqlaşdırılıb qalan ömrü boyu istənilən yükün altında olmağa hazır idi. Ötən illər ərzində qandan doymuşdu və hiss edirdi ki, az müddət də belə davam etsə onsuz da zəif olan əsəbləri davam gətirməyəcək.

Ertəsi gün az qala dar ağacını düşüncələrinə aydınlıq gələcəkdi. Belə ki, günorta azanından sonra meydana yığışan adamlar arasında qızışan mübahisələrdən biri də dar ağacını sökməklə bağlı oldu. Amma camaatın bu istəyi ilə razılaşmayanlar da tapıldı və onlar bu məsələni ölkənin yeni idarəçisinin iradəsinə buraxmağı məsləhət gördülər. Bundan sonra camaat bir neçə xırda məsələ ilə bağlı mübahisə edib evlərinə dağılışdı.

Qarşıdakı on beş gündə ölkədə heç kim edam olunmadı. On altıncı gün isə günorta azanından sonra camaat əvvəlki vaxtlarda olduğu kimi meydana toplaşmağa başladı. Dar ağacının bu toplantı ilə bağlı ağlına gələn əsas fikir hansısa bayramın qeyd ediləcəyi oldu. Amma getdikcə edam vaxtlarında olduğu halların təkrarlanmağa başlandığını görüncə gözlərinə inanmadı: - bu nədir, köhnə şah yenidənmi hakimiyyətə qayıdıb? - deyə düşündü. Əsgərlərin açdığı cığırla üzdən ona tanış olan cəlladların gələcəyini gözləyən dar ağacı cığırda cəllad qismində tamamilə başqa adamların addımladığını görüncə heyrətdən donub qaldı. Bu dəfə məhbus qismində onun üzdən tanıdığı iki bədheybət, fərman oxuyan cır səsli qoca, eləcə də daima onun yanında olan adamlar idi. Bu andan etibarən dar ağacı heç nə xatırlamadı. Özünə gəldiyində bədheybətlərin cəsədləri iplərdən asılı vəziyyətdə, cır səsli qocanın cəsədi isə başından üzülmüş halda döşəmənin üstündə idi. Onun nazik boynu bədəninin ağırlığına tab gətirə bilməyib üzülmüşdü. Bu mənzərədən sonra dar ağacının eşidə bildiyi carçının səhər eyni vaxtda kecmiş zülmkar şahın və əyanlarının asılacağı ilə bağlı verdiyi elan oldu.

*****


O gün dar ağacından üç adam asdılar. Cəlladların işini bitirməsini səbirsizliklə gözləyən dar ağacı yalnız meydanda sakitlik yarandıqdan sonra rahat nəfəs aldı. Asılanlar bir zaman dar ağacının döşəməsindən yeni şahın devrilərək hakimiyyətə onun qohumu olan ədalətli bir adamın çıxdığını bəyan edən natiqlər idi. Onların qətlini dar ağacı sona qədər istehzalı düşüncələr içində izlədi.


*****


Son bir həftəni dar ağacı bir dəfə olsun belə başını qaldırıb ətrafa nəzər yetirməmişdi. Bunu etməyə onun zərrə qədər də olsun həvəsi yox idi. Ona kimlər hansı nəzərlərlə baxır, edam olunanlar kimlərdir, meyitlər ondan hansı müddətə asılı qalır fərqində deyildi dar ağacı. Ətrafdakı hər bir şeyə biganə olduğu o günlər düşüncələrinə cavablarını tapması müşkülə cevrilən suallar hakim kəsilmişdi. Gün ərzində gözünü qırpmadan fikirlərini çək - çevir edərək öz - özünə danışmağa başlamışdı. Onu düşündürən əsas fikir tanrının, yaxud təbiətin (bunun özü də dar ağacı ücün müəmmalı idi) verdiyi canın insanın iradəsi hesabına alına bilinməsi idi. Həm də bu zaman ədalət prinspindən danışmağa dəymir. Eyni şəraitdə, eyni yolla yaranan insanlardan birinin digərinin ölümünə fitfa verməsi haqqını insana kim verib axı? Və insan öz riyakar ikiüzlü düşüncə və məntiqi ilə əsaslandırdığı ölüm hökmünün icrasında dəmirdən, ağacdan, ipdən, sudan, qurğuşundan istifadə etməyə haqlıdırmı? Axı maddi olan dünyada sözdən daha çox əmələ görə məsuliyyət , əzab çəkirlər. Birinin ölümünə fitfa, qərar verən buyursun şəxsən öz əlləri ilə qərarını icra etsin. Bu halda istənilən adam bir neçə qətl sonrası ya insan ölümünə yox deyər, ya da dəli olub cəmiyyət adlandırılan insan toplumundan təcrid olunar. Cansız hesab etdiyi əşyaları öz haram işlərinə şərik qoşmaq dar ağacının nəzərində yalnız və yalnız insan oğluna xas olan çoxsaylı murdarlıqlardan biri idi. O, əmin idi ki, dünyada heç bir ikinci canlı, eləcə də cansız öz iradəsini yerinə yetirərkən ikinci və ya üçüncü varlığın imkanlarından yararlanmır. Vəhşi heyvanlar belə şikarını ovlayarkən tələdən, güllədən istifadə etmirdilər. Heyvanlar belə ancaq öz küc və məharətlərinə güvənərlər, - deyə həmin günlərdə düşünürdü dar ağacı.

Uzun illər ədalətsizliyi müşahidə edən dar ağacı insan oğlunun axmaqlıq və qorxaqlığının ən mükəmməl şahidi idi. O, əmin idi ki, öz qərarını özü icra edəcəyi halda nə ilə rastlaşacağını anlayan insan, qorxaqlığı üzündən daima özünü sığortalamaq məcburiyyətindədir və bu üzdən qətllərə digər əşyaları qoşur.

Dar ağacını öz burulğanında çalxalamaqda olan fikirlərdən biri də müxtəlif cinayətlərdə təqsirləndirilib, barəsində ölüm hökmü çıxardılan adamların eyni yolla öldürülməsi idi.

- “Axı nəyə görə azadlıq uğrunda vuruşanı da, azadlığın əleyhinə olanı da məndən asırlar? Elmli, zəkalı adamların da ölümü məndən gəlib kecir, cahil və avaraların da. Anasının əmcəyini kəsənin də boğazına ip salınır, anasının namusuna görə adam öldürənin də. Məni düzəltməyə sərəncam verənlər də, məni düzəldənlər də, məndən gəlib keçənlərin keçməsinə sərəncam verənlər də məndən gəlib keçdilər” - düşünürdü dar ağacı. Düşüncələri arasında itib - batdığı zaman dodaqlarında istehsalı təbəssüm yaranır, dəli olmaq həddinə çatırdı: “insan oğlunun bir zaman məndən gəlib kecmək perespektivi varkən, axı niyə məni məhv etmir?”

Dar ağacının kütlə ilə bağlı müşahidə və fikirləri də özünəməxsus idi. İllər ərzində kütləni təşkil edən insanlar dəyişmişdisə də onun ümumi psixologiyasında zərrə qədər də olsun dəyişkənlik yaranmırdı. Könüllü olaraq (dar ağacı əmin idi ki, heç kimi zorla edamları izləmək üçün meydana yığmırdılar) maraqlı tamaşa seyr etməyə tələsirmiş kimi meydana gəlir, qətlin fərmanını oxuyan qazinin çıxışını diqqətlə dinləyib onun iradəsinə uyğun olaraq gülür, yaxud qəzəblənirdi. Kimliyindən asılı olmayaraq ölüm ayağında olan hər bir məhbusa nifrət nümayiş etdirərək hayqırırdı. Məhbus dar ağacından asılı qaldığı zamanda isə ixtiyarsız olaraq ah çəkib gizlincə göz yaşı axıdaraq dağılışırdı. Dünən kütlənin arasında olub qətlləri müşahidə edən adamın bir neçə gün sonra özünün dar ağacından asılması gözlənilən, hətta adi bir hal idi. Dar ağacının düşüncəsinə görə insan oğlu özü - özünün düşməni idi və yaşının istənilən çağında yaxşını pisdən ayırmağı bacarmır, yaxud riyakarlığı üzündən onları dəyərləndirmək istəmirdi. O, yer üzündə mövcud olan və ya olmayan hər hansı bir şeyi fərqinə varmadan özünə sərf etdiyi şəkildə -pis, eləcə də yaxşı olaraq dəyərləndirə bilərdi.

”Elə götürək məni.Bir zamanlar meşədə durub bunların nəfəs almasına yardım edirdim. Sonra öz əlləri ilə məni qatil ağac etdilər. Və gör neçə illərdir ki, əksəriyyəti mənə sonsuz nifrət edir. Bu işdə mənim günahım varmı məgər? Mən özümmü özümdən qatil ağac yapıb buraya sürüdüm? - deyə həmin günlərdə acı - acı düşünürdü dar ağacı.


*****


Qocalmışdı dar ağacı. Yaşının nə qədər olduğunu xatırlamasa da, bir zaman üzərində icra olunan edamları atalarının qucağında izləmiş uşaqların belə qocalıb dünyadan köcdüyünə əmin idi. Meydanda olduğu illər ərzində isti və soyuqdan daha çox ağrı - acıların, göz yaşlarının vaxtsız qocalmasına səbəb olduğunu da yaxşı bilirdi. Bəli o, bunu anlayır və nə qədər qəribə olsa da qocaldığına sevinirdi. Başqa cür olduğu halda kim bilir hələ neçə illər zorla şərik edildiyi edamları seyr etmək məcburiyyətində qalardı. Gələcək taleyi isə artıq onun üçün zərrə qədər maraqlı deyildi. Hər halda bundan sonra onu bu günə qədər gördüyündən çətin iş gözləmirdi. Görüləcək iş, ediləcək hərəkət başqasının iradəsi hesabına müəyyənləşirsə, onun nədən ibarət olacağının fərqi varmı ki? İnsan oğlundan mərhəmət gözləmək isə onun heç ağlına da gəlmirdi. Taleyindən bircə istəyi vardı: - tezliklə meydandan rədd olub getmək.

Nəhayət, isti günlərin birində, axşamüstü dar ağacının ətrafına bir neçə adam yığışdı. Dar ağacı əvvəlcə onların söhbətinə maraq göstərmədi. Amma ətrafını ölçüb - biçməklə məşğul olan adamların onun barəsində söhbət etdiyini anlayınca danışıqlara diqqət kəsildi. Məlum oldu ki, ölkənin tanınmış memar və dülgəri olan bu adamlar tezliklə dar ağacını buradan götürməyə hazırlaşırlar. Onu müasir formada düzəldilmiş, görünüşcə daha möhtəşəm olan digər dar ağacı ilə əvəzləyəcəklər. Bu fikirləri eşidən dar ağacını qarşısı alınmaz bir qəhqəhə tutdu. O, yalnız ətrafdakı adamların çıxıb getməsindən sonra birtəhər özünə gəlib göz yaşlarını sildi. İnsan oğlunun müasir standartlara uyğun dar ağacı düzəltmək təşəbbüsü ona qəribə olduğu qədər də gülünc gəlirdi.

Bu hadisədən iki gün sonra gecəyarısı ustalar gəldi. Hər şey uzun illər öncə olduğu
kimi idi. Sakit, aylı və aydın hava, sükuta qərq olmuş meydan. Yeganə fərq bu dəfə dar ağacının sökülməsi idi. Və bu da fərq etibarı ilə yalnız onun özünə aid idi. Onun qurulduğu gecə digər dar ağacını beləcə sökmüşdülər. Baş tirinin alındığı zaman dar ağacı tələsə - tələsə işləyən ustalara baxdı: heç nə, heç onlar da dəyişilməyiblər.


*****


Dar ağacını gecə yarısı şəhərin mərkəzi meydanında qurmağa başladılar. Ustaların işini bitirib getməsi ilə o, tək qaldı. Uzun - uzadı, diqqətlə ətrafı süzərək belə geniş yerdə qurulduğunu görüncə ürəyində fərəh duyub qürrələndi. O, həmçinin əsəbi və söyüşkən ustaların əlindən canını qurtardığına da sevinirdi. Bununla belə onu şəhərin bu cür gözəl yerində qurduqlarına görə ustalara təşəkkür etməyə dəyərdi. Hər halda dar ağacını hansısa evin, yaxud çardağın altında dayaq qoymaqla ömrü boyu yük altında olmaq əzabına düçar etməmişdilər. Bunları düşündükcə dar ağacı onu tələskənliklə yontaladıqları zaman söyüş yağdıran ustaları bağışladı.

Dar ağacının xatırlaya bildiyi şəhərkənarı emalatxanada ona dəyən balta zərbələri idi. Cavan palıd ağaclarının ölməsi ilə dar ağacı doğulmuşdu.

Bu an dar ağacının beynində çək - çevir etdiyi fikirləri sırasına yeni bir fikir də əlavə olundu: - “görəsən məni bu meydanda niyə qurublar? Baş vermiş tələskənliklər, həngamələr nəyə gərəkdi”?

Ürəyində baş qaldıran bu suallara cavab tapa bilməyən dar ağacı səhər mehinin gətirdiyi sərinliyin təsiri altında dərin yuxuya getdi. Hətta bir neçə dəqiqə sonra yaxınlıqdakı məsciddən ucalan azan səsini belə eşitmədi.
XS
SM
MD
LG