Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:21

Azadlıq ruhu


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 10-luğundan


Fərhad İsgəndərov


Azadlıq ruhu


Gecə çox içmişdim. Belə məclislərdən sonra özümdən zəhləm gedir. Yerimdə uzanıb düşünürəm ki, bu qədər içmək olmaz. Azaltmaq lazımdır. Heç içməmək də olmur. Dost var, tanış var... İçməyəndə küsürlər. Adama birtəhər baxırlar. Yəni mən bu poxu yeyirəmsə, sən də yeməlisən. Sən yeməyəndə mənim də boğazımdan keçmir. Nə isə...

Yuxudan həmişəki kimi qalxdım. Həmişəki kimi, yəni saatımın zəngi çalmamışdan qabaq. Səhər də sanki elə həmişəki səhərlərdən biri idi. Ancaq nə isə çatışmırdı. Yox, başım qaydasındaydı, paxmel-filan deyildim. Rus arağından paxmel olmuram. Ancaq yenə də, nə isə çatışmırdı bu səhərdə. Hə, tapdım, quşlar oxumurdu. Söhbət sərçələrdən getmir. Sərçələr qəhətə çəkilib bizim şəhərdə. Elə bil şəhərə lo düşüb. Bu lo ancaq sərçələri etkiləyib, hamısı sözü bir yerə qoyub yox olublar. Şəhər sərçəsiz qalıb. Ancaq başqa quşlar da var axı... Qaratoyuqlar, qarğalar, qumru quşları. Onların da səsi gəlmir bu səhər. Əşi, cəhənnəmə gəlsin, mən də fikirləşməyə şey tapdım.

Əlimi-üzümü yudum, dişlərimi fırçaladım. Zəhrimar, yenə dişlərim qanayır. Hər səhər dişlərimi yuyanda təşnəyə qan tüpürürəm. Həkimə getmək lazımdır. Getmək olur ki, adamın dərisini soyurlar. Problem təkcə dişlərin qanamağında olsaydı... Ağzımda on beş dənə diş çatışmır. Yeməyi çeynəmirəm ki, yalayıb uduram. Dişin biri ucuz yerindən əlli manat. On beşi vur əlliyə. Yeddi yüz əlli manat. Qoy qanasın. Cəhənnəmə!

Səhər yeməyi yeməyə həvəsim yoxdur. Kimdir iki dəqiqə elektrik çaynikinin qaynamağını gözləyən? O qədər səbr var? O qədər səbrim olsaydı ayaqqabılarımı təmizləyərdim. Deyən lazım, dəxli nədir...

Açarları götürüb çıxdım. Motosikletimi dərzilərin armaturuna bağlamışam. Dərzilərin yox, dərzi dükanının pəncərəsinin. Bağlamışam ki, aparmasınlar. Birini aparıblar, bəsləridir. Heç axtarmadım da.

Xoddadım. Yaxşı işləyir, tır-tır-tır-tır, lap elə bil adama layla çalır. Nə isə, motoru qızdırıb tərpəndim. Həyətdən yola çıxanda həmişə sağa-sola baxıram. Baxmasam, avtobuslar ayaqlayıb keçər. Sağ da boşdur, sol da. Yolda maşın yoxdur. Çıxdım ana yola. Qəribədir. Yanacaqdoldurma stansiyasında heç kim yox idi. Nə maşın, nə adam. Lap amerikan filmlərindəki kimi. Yəgin peresmenkadır. Axı bunlar peresmenkanı elə bayırda eləməlidirlər. Nə isə, mən də fikirləşməyə şey tapdım.

Saat səkkizə işləyib, ancaq yolda bir dənə də maşın yoxdur. Bu gün həftənin neçənci günüdür? Üçüncü. Ayın neçəsidir? Doqquzu. Aprelin doqquzudur bu gün. Bayram-filan deyil. Bəs maşınlar hanı? Axı adətən körpünün üstünə qalxanda çoxlu maşın olur. Hanı bunlar? Quşlar oxumur, zapravkada heç kim yoxdur. Maşınlar da yoxdur. Çox qəribədir.

Gəlib çatıram Neftçilər xəstəxanasının yanına. Bura qədər yolda bir dənə də maşın görmədim. Nəinki maşın, heç adam da görmədim. Dayanacaqlar bom-boş idi. Bu nədir? Yuxudur bu? Hanı camaat? Uşaqlarını məktəbə aparmır bunlar? Tələbələr dərsə getmir?

28 May küçəsi. Bomboşdur. Nə maşın var, nə avtobus, nə də adamlar. Təkcə mənim Kawasakim dırıldayır. Heç nə başa düşə bilmirəm. Nooldu axı? Gecə dostlarla oturub vurduq, bu yadımdadır. Sonra nə oldu axı? Mən neylədim ki, küçələrdən maşınlar yoxa çıxdı? Adamlar evlərində gizləndi. Quşlar oxumadı. Neylədim axı? Girib evimdə səhərə kimi yatmışam.

Rəşid Behbudov küçəsi. Yoxdur. Heç nə yoxdur. Dayan! Yol işıqları işləmir. Heç biri. İndi fikir verdim. Maşın olmayandan sonra niyə işləsin axı? Kimin üçün işləsin? Tək mənim üçün? Piyadalar da yoxdur. Dırrrrrrrr.... Bom-boş küçəylə üzüyuxarı gedirəm. Nə baş verib axı bu gecə? Bomba atıblar şəhərə? Hamı ölüb? Bəs mən niyə qalmışam? Hanı adamlar, hanı maşınlar? Belə iş olar? Əhmədlidən şəhərin mərkəzinə qədər gələsən, bir dənə adam, bir dənə maşın görməyəsən. Yol işıqlarının da heç biri işləmir. Neyləyiblər bunlar? Bağlayıblar şəhəri?

Nə isə çatmır mənə. Bəlkə kiməsə zəng eləyim? Yox, bu vaxt hamı yatır. Bircə mənəm, quqqulu kimi səhərin götü açılmamış işə gələn. Qalanları hələ yuxu bişirir. Neyləyim indi? Bəlkə idarəyə getməyim? Gedim postlardan birini yoxlayım. Hansı yaxındır? Landmark! Gedim görüm kim yatmış, kim oyaq. Postdur, heç kim yatmaz. Həm də bir azdan peresmenkadır. Binanın yanında maşınlar park olunub. Ancaq adamlar yoxdur. Budkada həmişə yatan polislər də yoxdur. Motosikletimi saxlayıb binaya girdim. Ola bilməz! Mümkün olan şey deyil! Heç kim yoxdur binada. Hanı bu avaralar? Bir-bir otaqlara girib yoxladım. Nə işçilər var, nə də mühafizəçilər. Masalar bom-boşdur. Bu nədir alə? Hanı camaat? Növbə rəisinin nömrəsi neçə idi? Dayan, mənim başım deyəsən xarab olur. Nömrə telefonda var da. Telefonu açdım. Servis yoxdur. Necə yəni? Bura şəhərin mərkəzidir! Burda həmişə servis var! Masanın üstündəki telefonun dəstəyini qaldırıb qulağıma tutdum. Zumer yoxdur. Heç nə anlaya bilmirəm. Nə baş verib axı? Hamı sözü bir yerə qoyub gedib bu şəhərdən? Bir gecənin içində?

Bütün binanı gəzdim, bir dənə adam görmədim. Telefonlar işləmir. Nə oldu bu şəhərə? Çıxıb yaxınlıqdakı dükana girdim. Dükan açıqdır, satıcı yoxdur. Küçə aşağı, küçə yuxarı baxdım. Heç kim yoxdur. Bir dənə səs yoxdur bu boyda şəhərdə. Başım işləmir mənim. Bir şey düşünə bilmirəm. Bir şey anlaya bilmirəm.

Motosikletimə tullanıb tərpəndim. Dəli kimi bütün küçələri o baş bu baş fırlandım. Yox, deyəsən mən dəli olmuşam. Ya da bu şəhərin başı xarab olub. Küçələrdə yalnız park olunmuş maşınlardır. Hərəkətdə heç nə yoxdur. Nə adam var, nə də başqa bir şey.

Bir saatdır şəhərin mərkəzindəyəm. Doqquzun yarısıdır artıq. Bu bir saatda nə bir maşına, nə də bir adama rast gəldim. Dükanların çoxu bağlıdır. Açıq dükanlarda isə satıcılar yoxdur. İyirmi dörd saat işləyən supermarketlərə girdim. Bom-boşdur hamısı. Belə də şey olar? Hara gedib bu insanlar? Bir gecəyə bu şəhəri kim boşaldıb? Niyə heç kim yoxdur? Niyə mən varam? Hara gedim mən? Neyləyim? Polis idarəsi! Hə, polis idarəsinə getmək lazımdır. Piyada gəzən vaxtı hər gün oradan keçirdim. Rəis şəxsi heyəti sıraya düzüb onların üstünə hər səhər anqırırdı.

Onsuz da maşınlar yoxdur. Azadlıq prospekti ilə əks istiqamətdə yuxarı qalxdım. Kameralara düşdüm ama. Cəhənnəmə! Polis idarəsinin dəmir darvazasını itələdim, açıldı. Keçdim binaya. Yox! Ola bilməz! Bina bom-boşdur! Kabinetlər açıqdır. Bu rəisin kabinetidir. Geniş kreslo. Masanın yeşiyini dartdım. Tapança! Makarov. Bəlkə götürüm? Götürüb neyləyəcəm? Bir də gördün lazım oldu. Darağı yoxladım. Dolu idi. Tapançanı kəmərimin altına keçirib binadan çıxdım. İndi neyləyim? Hara gedim? Televizor tapmaq lazımdır. Bəlkə televizorda nə baş verdiyini göztərirlər. Qayıdıb binaya girdim. Rəisin otağında televizor vardı. Düyməni basdım. Televizor ağardı, ancaq göstərmədi. Kanalları dəyişdim, hamısı boş-boşuna ağarırdı. Yox, nə isə ciddi bir şey baş verib. Ciddi bir olay. Hamı yox olub, bir mən qalmışam. Bir gecədə. Bəlkə hamı yox olmayıb? Bəlkə məndən başqa da qalan var? Hara gedim? Bu boyda şəhərdə hara gedəcəyimi bilmirəm. Gedim işə, bilgisayarımı açım, interneti qurdalayım. Nə baş verdiyini öyrənmək lazımdır axı.

Motosikletimi məhləyə salıb idarəyə qalxdım. Bilgisayarımı açdım. İnternet yoxdur. İnternet olmayandan sonra nə öyrənəcəm. Telefonun dəstəyini qaldırdım. İşləmir. Heç kim yoxdur, heç nə işləmir. Bu şəhərin düyməsini basıb söndürüblər sanki.

Acdım. Əli kişinin dükanı bağlıdır. Yuxarıda vəhabilərin dükanı var. Həmişə açıq olur. Girdim içəri. Hər dəfə heç kimin olmadığını söyləməyin daha anlamı qalmadı. Kimi isə görsəm söyləyərəm. Söyləyərəm ki, bir adam gördüm. Dükanda dünəndən qalma çörək vardı. Üstünü örtmüşdülər. Qurumamışdılar. Birini götürdüm. Bir balıq konservi, tomat sousunda. Bir də smetan – Kaunasskiy. Bir əlli, bir iyirmi, qırx. Elədi üç manat on qəpik. Tərəzinin üstünə üç manat iyirmi qəpik qoydum. On qəpiyim yox idi. Qayıtdım idarəyə. Konservi açıb qaşıqladım. Üstündən də smetanı yedim. Bu belə. İndi neyləyək? Ağlıma heç nə gəlmir. Oturub key kimi divara baxıram. Bəlkə bu bir zarafatdır? Belə zarafat olar? Bu boyda şəhərin camaatı hara yox oldu axı?

İdarənin maşını həyətdə idi. Misubişi Pajero. Pis maşın deyil. Açarı götürüb çıxdım. Hələ haraya gedəcəyimi bilmirdim. Ancaq şəhərdən çıxacaqdım. Gedim Maştağaya. Dostum Gündüzgilin bağına. Maşını tərpətdim. Bakda benzin çox idi. Bak dolu idi. Yollar isə bom-boş. Təbriz küçəsi. Yol işıqları işləmirdi. Çıxdım keçmiş Moskva prospektinə. Acı bağırsaq kimi uzun bir yol. Həm də bom-boş bir yol. Qazı sıxdım. Yüz altmış. Radar-madar hərləmirdim. Kimdir indi radara baxan? Heç kim yoxdur. Kimdir qayda-qanun hərləyən? Kəndə tez çatmaq lazımdır!

Gəldim çıxdım kəndə. Nə yerdə qaçan, nə də havada uçan vardı. Dostumun qapısını döydüm. Səs-səmir gəlmədi. Istədim hasardan aşım, evə baxım. Ar elədim. Bəlkə evdədirlər, yatıblar. Nahaq gəldim kəndə.

Maşına oturub geri, şəhərə qayıtdım. Neyləyim indi? Şəhər boş, başım boş! Məqsəd-filan da ki, yox. Bir it də yoxdur ki, tutub döyəsən. Tapançanı çıxarıb pəncərədən göyə bir-iki atəş açdım. Elə-belə, bir səs olsun. Ağlıma maraqlı bir şey gəlmirdi. Qohum-əqraba? Qohumları heç var olan zaman axtarmırdım, durub indi axtaracam?

Ürəyim partlayırdı. Bir şey anlamağa çalışırdım, fikirlərim daha da dolaşırdı. Bəllidir ki, gecə nə isə baş verib. Nə isə ciddi bir şey baş verib ki, bu boyda şəhərdə bir dənə adam qalmayıb. Nə ölü, nə də diri. Hamı yerli-dibli yoxa çıxıb. Tək mən qalmışam. Niyə tək mən qalmışam sualı da elə bil yersizdir. Kimə verim bu sualı? Özümə? Cavab olmayandan sonra sualın nə mənası var?

Düşüncələr içərisində gəlib çıxdım Əhmədliyə. Yolun qırağındakı dükana girib soyuducudan iki pivə götürdüm. İki manat qırx qəpik. Kassa açıq idi. Beş manat qoyub iki manat altmış qəpik götürdüm. Bu da mənasız bir şeydir. Kimin üçün vicdanlı vətəndaş rolunu oynayıram? Guya mən pivələrin pulunu ödəməsəm nə olacaqdı ki? Kim tutub yeyəcəkdi məni? Nə isə...

Qalxdım evə. Pivənin birini açdım. Televizorun düyməsini basdım. Yalandan ağardı. Söndürdüm. Yuxu deyildi bu. Belə yuxu olmur. Yuxuda həmişə adam olur. Burada isə adam yox idi. Mən Bakı şəhərində Robinzon olmuşdum. Tək-tənha. Buyur, nə istəyirsən var. Dükan-bazar, hamısı açıq. Nə istəyirsən götür. Maşınlar dayanıb, hansını istəyirsən sür getsin. Çoxdan Harley-Davidson sürmək istəyirdim. Hətta Bayıldakı dükana gedib kreditə də götürmək istəyirdim. Ancaq dükanda ən ucuz motosiklet iyirmi bir min manata idi. Bunu kreditinin də altından çıxmaq olmazdı. Otuz beş min manata əla bir motosiklet vardı orda. Adam beləsini sürə. Bu da sənə məqsəd.

Pivələri götürüb aşağı düşdüm. Oturdum maşına. Sol əlim sükanda, sağ əlimdə pivə. Keyf elə! Düz Bayıla. Boş yollarda maşını nəyi var sürdüm. On beş dəqiqədən sonra dükanın qabağındaydım. Dükan bağlı idi. Cəhənnəmə ki! Dayanacağın arxasına maşın diski atmışdılar. Onu götürüb tolazladım dükanın vitrin pəncərəsinə. Çilik-çilik olub töküldü. Otuz beş minlik qara motosiklet gəl-gəl deyirdi. Bunun açarları hanı? Masaların yeşiklərini bir-bir açdım. Biri açarla bağlanmışdı. Sındırdım. Balaca kulyoklarda çeşitli açarlar vardı. Bir-bir yoxladım. Tapdım. Ancaq bakda benzin yox idi. Zapravkaya getmək lazımdır. Maşında on litrlik kanistr vardı. Sürdüm yanacaqdoldurma stansiyasına. Stansiyada it ulayırdı. Ancaq aparatlar işləyirdi. Kanistri doldurdum. Geri döndüm. Benzini Harley-Davidsonun bakına tökdüm. Açarı burub starteri basdım. Motor guruldadı. Köpəy oğlunun ölkəsi! Yaradırlar da! Yavaş-yavaş motosikleti yerindən tərpədib bayaq qırdığım vitrindən küçəyə çıxardım. Çıxdım yola. Bu nədi alə? Kefdi, kef! Yolların boşluğu, insanların yoxluğu artıq vecimə də deyildi. Bir azadlıq vardı! Harley-Davidson azadlığı. Axır ki, mənim də arzuladığım bir baykım oldu. Mən arzuma çatmaq üçün bu şəhər boşalmalıydı. Bu şəhərin insanları hamısı birdən yox olmalıydı.

Təzə yolda sürəti iki yüzə qədər qaldırdım. Bu azadlıq gözəl olduğu qədər də təhlükəli idi. Ancaq təhlükəni hiss etmirdim. Ancaq gözəlliyi hiss edirdim. Üç yüz əlli kiloqramlıq azadlıq ruhu!
XS
SM
MD
LG