Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:57

«Sənədsiz» naxçıvanlı AzadlıqRadiosuna danışdı


«Sənədsiz» naxçıvanlı AzadlıqRadiosuna danışdı
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00
-
AzadlıqRadiosunun əməkdaşı sənədsiz qaldığından vətəninə qayıda bilməyən Miryasin Seyidov haqqında «İstanbulda qalmağa məhkum naxçıvanlı» adlı videoreportaj hazırlamışdı. Artıq Bakıda olan naxçıvanlı rəssam reportaj ictimailəşəndən dərhal sonra sənəd probleminin həllini tapdığını bildirir.

– Miryasin müəllim, İstanbulda AzadlıqRadiosuna müsahibə verəndə demişdiniz ki, son 8 ildə dəfələrlə Azərbaycanın İstanbuldakı konsulluğuna müraciət etsəniz də, müsbət cavab ala bilməmisiniz. Necə oldu ki, bir neçə gün ərzində sənədlərinizi düzəldib sizi vətənə yola saldılar?

– 2005-ci ildə sənədlərim yanandan sonra bir neçə dəfə konsulluğa müraciət etmişdim ki, mənim sənədlərimi düzəldib vətənə göndərsinlər. Heç birinə məhəl qoymamışdılar. Sonuncu dəfə iki ay öncə müraciət eləmişdim. Gah deyirdilər get 15 gündən sonra gəl, gah da deyirdilər alınmır. Ümidimi itirmişdim. Bilmirəm necə xəbər tutmuşdularsa, mayın 6-da AzadlıqRadiosunun əməkdaşı gəlib mənimlə maraqlandı, həyatımı, yaşayışımı kameraya çəkdi. Bundan dərhal sonra konsulluq mənimlə maraqlandı və sağ olsunlar, sənədləşmə məsələsini həll etdilər. Mayın 11-də Azərbaycana qayıtdım.

– 15 ildən sonra vətənə qayıtdınız. Necə gördünüz qoyub getdiyiniz kəndinizi, evinizi? Hansı dəyişikliklər gözə çarpdı?

– Gəldim gördüm ki, evim satılıb. Bundan xəbərsizdim. Çox pis təsir elədi mənə. Fikirləşdim ki, burada da yersiz-yurdsuzam. Öyrəndim ki, ehtiyac üzündən satıblar ailə üzvlərim. 15 il öncə qoyub getdiyim insanların heç birini görmədim kəndimizdə. Hər yerdə 2-3 qoca insan gördüm. Kənd boşalıb. Gənclər hamısı ehtiyac ucbatından Türkiyəyə toxuculuq sənayesində işləməyə gediblər. Kəndin özü dəyişib – yaşıllıq artıb, bir az abadlaşıb. Ancaq insan yaşamayacaqsa, bunun kimə nə faydası?

– Naxçıvanın özü necə, dəyişib? Rəsmi məlumatlarda deyilir ki, 1996-cı ildən bəri Naxçıvanda inkişaf var, yeni iş yerləri açılıb, gözəlləşib... Naxçıvanı tərk etmə tarixiniz də təxminən o dövrlərə təsadüf edir. Deyilən inkişafı hiss edirsiniz?

– Mən də eşitmişdim ki, Naxçıvan dəyişib. Düzü, bunu hiss etmədim. Ovaxtkı Naxçıvanla indiki Naxçıvan arasında elə də fərq yoxdur. Bir az yeni tikili var, vəssalam. Şəxsiyyət vəsiqəmi alan kimi Bakıya gəldim. Düşündüm ki, burada vəziyyət yaxşı olar. Gördüm ki, burada da elə böyük dəyişiklik yoxdur. Mən dəyişiklik deyəndə, hansısa tikilini nəzərdə tutmuram. Dəyişiklik o olardı ki, yeni iş yerləri açılardı, əhalinin rifahı yüksələrdi. Bunların heç biri yoxdur. Camaat 200-250 manata çalışır. Mənim oğlum işsizlikdən ailəsini də götürüb köçüb Bakıya. 400 manat maaş alır. Ona görə məcbur olub ucuz ev kirayələyib. İndi onlarda qalıram. Çox pis şəraitdə yaşayırlar. Demək olar, İstanbulda yaşadığım evdən heç bir fərqi yoxdur. Şəraitləri çox pisdir. Ev darısqaldır, özləri güclə sığışırlar evə. Məcbur olub, utana-utana, qalıram onlarda. Başqa gedəcək yerim də yoxdur...

– Təkrar İstanbula qayıtmaq istəyərdiniz?

- Əlbəttə. Artıq vətənə qayıtdığıma peşmanam. Nə qədər ağır və acınacaqlı vəziyyətdə yaşasaydım da, İstanbulda daha azad və daha xoşbəxt idim. Ancaq Türkiyəyə ikiillik giriş yasağım var. Bir yolunu tapıb qayıdacağam. 2000-ci ildə Bakı-Ceyhan xətti işə düşəndə düşünürdüm ki, bir neçə il sonra Azərbaycanda insanların həyatında sürətli yüksəliş olacaq. Bu ümidlə də gəlmişdim. Görürəm ki, əksinə, hər şey daha da pisləşib. Yeri gəlmişkən, saytların birində mənimlə bağlı bir yazı oxudum və çox hiddətləndim. Burdan bildirirəm ki, həmin mətbuat orqanının mənim adımdan yazdıqlarının hamısı yalan və iftiradır. Axı mən heç bir jurnalistə müsahibə verməmişəm. Naxçıvana gələndən 2-3 gün sonra özünü təqdim etməyən bir nəfər məni çağırdı. Hüquq-mühafizə orqanı əməkdaşına oxşayırdı. Mənimlə sorğu-suala başladı. Məndən İstanbulda AzadlıqRadiosuna verdiyim müsahibə ilə maraqlandı. Dedi ki, niyə orda konsulluğun əleyhinə danışmışam. Mən də dedim ki, həqiqəti demişəm. Konsulluq məni neçə ildir süründürürdü, mən də bunu demişəm. Bəs nə deməliydim? Mənim boynuma qoymaq istəyirdi ki, guya AzadlıqRadiosunun əməkdaşı konsulluğun əleyhinə danışmaq üçün mənə çoxlu pul söz verib. Belə bir şey olmayıb, axı... AzadlıqRadiosu mənə yaxşılıq edib, gəlib maraqlanıb, çəkib. Niyə şər atmalıyam onlara? Mənə təklif edirdi ki, bütün bunlar haqqında ifadə verim. Mən onunla razılaşmadım. Aramızda başqa söhbət olmayıb. Şəxsiyyət vəsiqəmi alandan sonra isə Bakıya gəlmişəm.
XS
SM
MD
LG