Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:29

Vahid namizədin özəllikləri: nüfuz, xarizma, pul...


Zəfər Quliyev
Zəfər Quliyev
-
Milli Şura elan olunandan sonra bir başqa sual gündəmdəki çəkisini artırdı: Vahid namizəd kim olacaq? Elə Milli Şurada təmsil olunanların çoxu da prezident seçkisinə vahid namizədlə gedəcəklərini bildirir.

Mediada yayılan xəbərlərdə həmin namizədin bəzi əlamətləri sadalanır: yeni, gözlənilməz, hörmətli, daxildə və xaricdə yetərincə nüfuzlu biri.

ƏN OPTİMAL VARİANT RÜSTƏM İBRAHİMBƏYOV?

Politoloq Zəfər Quliyevin fikrincə, vahid namizəd həm müstəqil, həm də bütün demokratik qüvvələrin etimadını və dəstəyini qazana bilən nüfuzlu və birləşdirici şəxs olmalıdır:

«Mən şəxsən o fikirdəyəm ki, Rüstəm İbrahimbəyovun namizədliyi ən optimal, ən şanslı bir variant olardı. Mənə elə gəlir ki, Milli Şurada birləşən bütün siyasi təşkilatlar, hüquq müdafiəçiləri, media nümayəndələri məhz onun namizədliyini dəstəkləməyə hazırdır. Başqa bir siyasi namizəd olsa, siyasi ambisiya və maraqlar toqquşar. Üstəlik, Milli Şurada da tamamilə başqa bir gərgin durum yarana bilər».

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
ONUN HƏM NÜFUZU, HƏM DƏ PULU VAR...

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu düşünür ki, Milli Şurada prezidentliyə namizədlik uğrunda mübarizə iki qrup arasında gedə bilər. Birinci qrupun İsa Qəmbəri, ikinci qrupun Rüstəm İbrahimbəyovu müdafiə etməsi mümkündür. Onun fikrincə, bu ikisi arasında Milli Şura ideyasını irəli sürən və onun reallaşdırılmasına nail olan Rüstəm İbrahimbəyov daha şanslı görünür:

«Birincisi ona görə ki, Rüstəm İbrahimbəyov təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də tanınmış bir şəxsdir. Hakimiyyətin ona qarşı istər seçkiöncəsi, istərsə seçkisonrası dönəmdə qaralama kampaniyası aparması çətindir. O halda həm Vaşinqton, həm Moskva, həm də Avropa Birliyi ölkələri Rüstəm İbrahimbəyovu dəstəkləyəcək. Yetərincə maliyyə qaynaqlarının olması da bu nüfuzlu şəxsiyyətin üstünlüyü sayılır. Azərbaycanın yoxsul müxalifətindən fərqli olaraq, Rüstəm İbrahimbəyov öz seçki kampaniyasını da, Milli Şuranı da qədər maliyyələşdirə bilər. Bu, indiki durumda heç də az əhəmiyyətli məsələ deyil».

ÖZÜ İSTƏMİR?
Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov

Rüstəm İbrahimbəyovun özü deyir ki, vahid namizəd mütləq olacaq. Özünün namizədliyini dəstəkləyənlərin çoxluğundan da xəbəri var:

«Vahid namizəd məsələsi ilə bağlı, az da olsa, hələ vaxtımız var. Müzakirələr keçiriləcək. Mənim də öz namizədim var. Müzakirə edəcəyik. Ümid edirəm ki, vahid namizəd mütləq seçiləcək. Bir neçə adam mənim namizəd olmağımı istəyir. 5-6 səbəb var ki, istəməzdim vahid namizəd mən olum. İndi bu barədə danışmaq tezdir. Vaxtı gələndə səbəblərini açıqlayaram. Amma mən deyirəm bir neçə səbəbə görə, buna razılıq vermək mənim üçün çox çətindir».

HAKİMİYYƏT RESURSLARI ÖZ ƏLİNDƏ CƏMLƏYİB

Politoloq Zərdüşt Əlizadə deyir ki, Milli Şura seçkiqabağı yaradılan seçki bloklarından biridir. Onun namizədi kim olursa-olsun hakimiyyətin namizədi ilə mübarizə aparmaq imkanında olmayacaq:
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
«Müxalifət pərakəndə olduğu üçün hər dəfə zəif qüvvələrini cəmləyib ortaya hansısa rəqabətədavamlı qüvvə çıxarmaq istəyir. Ona görə hər dəfə seçki ərəfəsində hansısa bir seçki bloku yaradılır. Milli Şura da belə seçki qruplarından biridir. Qaldı vahid namizədə, kim olur-olsun, onun əlinin altında olan resurslar Milli Şuranın resurslarından artıq olmayacaq. Milli Şuranın resursları da çox məhduddur. Axı Azərbaycanda hakimiyyət bütün imkanları öz sərəncamında səfərbər edib və müxalifətə, demək olar, gözəgələsi resurs qoymayıb. Özünün resursları olan bir adam tapılsa, o başqa məsələ».

Politoloq Fikrət Sadıqovun fikrincə, Milli Şuranın vahid namizədinin kimliyi haqqında indidən fikir söyləmək çətindir:

«İş orasındadır ki, Milli Şuranı çətinliklə yaradıblar. Vahid namizədlə bağlı tezliklə qərara gələcəklərini düşünmürəm. Namizəd məsələsi sonrakı məsələdir. Çünki Milli Şura əvvəlcə ictimaiyyətə öz proqramını təqdim etməlidir».

Milli Şura ideyasının müəllifi Rüstəm İbrahimbəyov AzadlıqRadiosuna bildirib ki, iyunun əvvəlində Milli Şura ilk yığıncağını keçirəcək. Vahid namizədin kimliyi də müzakirələrdən sonra məlum olacaq.
XS
SM
MD
LG