Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:04

Yuxuda ciyərlərini çıxardıb qucağına qoymuşdular...


Ülviyyə Tahir
Ülviyyə Tahir
-

...Yuxuda ciyərlərini çıxardıb qucağına qoymuşdular. Əlibaba tək gözü ilə ciyərlərə baxır və nə edəcəyini anışdıra bilmirdi...


Yazar Ülviyyə Tahir yeni roman yazıb. "Oxu zalı"nda əsərdən bir parçanı oxucuların ixtiyarına veririk.


Ülviyyə Tahir


ÜZÜ CƏHƏNNƏMƏ

Vaxtsız banlayan

- Dədəmin canıyçın səni elə çox istəyirəm ki. - Elmar Gülgəzi bağrına elə basdı ki, az qala sümükləri şaqqıldadı.

Gülgəz min işvə ilə elə ah-uf edirdi ki, Elmar daha da qızışaraq az qala qızı canavar quzunu parçalayan kimi parçalamaq istəyirdi.

Nəfəsi təngiyə-təngiyə qızı sürükləyib bağın lap qalınlığına apardı...

Gülgəz məktəbdə hamının nəzərini üzərinə çəkə biləcək bir qız olmuşdu.Yupyumru sifəti, çəhrayı yanaqları və qabarıq dodaqları kəndin gənclərini yoldan edəcək qədər cazibədar idi.

Qara uzunsov gözlərini yuvasında hərləyəndə neçəsinin günahına batdığının fərqinə varmadan məktəblə evin arasındakı yolda hər sabah nazlanırdı.

Yuxarı sinifin qızları ilə neçə dəfə saçyoldusuna çıxmışdı. Onlar Gülgəzin belə tez banlamasını çəkə bilmirdilər.

Bəzən məktəbin qarşısına onlardan biri üçün gəlmiş gənc elə ordaca Gülgəzə bənd olub gedirdi. Lakin bu hallar bənd olmadan o yana getmirdi, çünki....

Bu çünkinin pərdə arxasında isə Gülgəzin anası durmuşdu. Ayağı bir balaca deyil, əməlli-başlı sürüşkən bu qadın artıq kənddə ad alıb süfrə salmışdı.

“Mən Gülgəzi istəyirəm” deyən neçəsinin anası infarkt olub xəstəxanalıq olmuşdu, amma Gülgəzgilin qapısına getməmişdi.

Artıq onuncu sinifə keçən Gülgəz isə ay parçası kimi işıq saçır və hər kəsin qəlbinə od vuracaq qədər parlayırdı. O, neçəsinin qəlbini fəth etsə də, onun qəlbini sahibi yalnız Elmar ola bildi.

Məktəbə gəlməyən, damağındakı siqareti danışanda belə salmayan bu səliqəsiz gəncin nəyi Gülgəzə xoş gəlirdi, bunu özü də bilmirdi. Alış-verişləri əcaib oldu.

Gülgəz getdi onun dalınca. Elmar - bu kələ-kötür alagöz oğlan inana bilmədi Gülgəzin bu istəyinə. Əvvəl elə bildi onu dolamaq üçün bu məktubu ona göndəriblər.

Taygöz Əlibaba irişə-irişə onun üzünə baxaraq:

- Elə-belə məktub deyil, qırqovuldandır. Sən məni görməlisən. Özü də əməlli-başlı. - dedi.

Elmar özünü itirmiş halda əlini cibinə ataraq bir dənə siqaret çıxardıb ona uzatdı və dedi:

- Dədəmin canıyçın sabahdan özümə qıyıb çəkmirdim. Amma bu məktub Gülgəzdən olmasa, səni yerin dibindən də olsa, tapıb o biri gözünü də mən tökəcəm.

Əlibaba əlini qeyri-ixtiyari boş kalafa kimi duran sol gözünə apardı və özünü o yerə qoymayaraq siqareti cəld alıb cibinə qoydu.

Sakitcə oradan uzaqlaşaraq yenə məktəbin həyətinə ağ bantları ilə kəpənək kimi səpələnmiş qızlara baxıb köksünü ötürdü.

Cəmi beş yaşı var idi gözü töküləndə. Anası zibili evin küncünə topalayıb səhər erkəndən ortalıqdan yox olmuşdu.

Onda Əlibaba dünyanın gərdişindən elə baş çıxarmırdı. Atasının - Əlinin heç ayıq vaxtı olmazdı, anası isə bir çətən külfəti saxlamaq üçün özünü oda-közə vurardu.

Onda hələ anası Kardinal Elmira olmamışdı.Onda hələ anası çuğulçuluqda ad çıxartmamışdı.

Əlibaba o parlaq şeyi zibilin içində tapanda onu qırmaq keçdi könlündən.

Əlindəkinin elektrik lampası olduğunu gözünün içini təmizləyən həkimdən öyrəndi. Bir neçə ay dəniz quldurları kimi bir gözü sarıqlı gəzdi.

Sonra atası insafa gəldi. Onu Bakıya həkimə apardı. Oradakı həkimlər ona süni bir göz qoydular.

Bu gözə tam diqqətlə nəzər salmayınca onu adi gözdən seçmək çətin idi.

Əlibabanın gözü kənddə dastan oldu. Hamı ona baxmağa gəldi.

Aydan adam gəlsəydi kənddə bu qədər maraq doğurmazdı. Əlibala bu gözlə o qədər avtovağzallar gəzdi, o qədər pul qazandı ki, bu da yalnız onun ağlına gələ bilərdi.

Bütün ətrafdakılara “Yığılın! Gözümü çıxaracam”- deyə elan verər və toplaşanların hamısından pul toplayandan sonra başının arxasına özü bir yumruq ilişdirərək gözünü əvvəldən hazır tutduğu ovcuna salardı.

Insanların heyrət içində dağılması həmişə ona ləzzət edərdi. Bu məcaraları ta atası onun yaxasından tutub çırpana qədər davam etdi.

Kəndin ortasında başlamış davaları evlərinin doqqazına qədər davam etdi.

Sonra Əli ” Gözündən gəlsin! Sənə göz düzəltdirdim, bir urum-urvatlım olmadı” deyib onun boynunun ardını şapalaqladı.

Əlibaba da canından bezmiş kimi yenə başının arxasına yumruğunu ilişdirib gözünü ovcuna saldı və qolu gəldikcə vızıldadıb ”Sox gözünə sənin yalançı gözünə möhtac deyiləm”- deyərək aradan çıxmışdı.

O zamandan daha Əlibabanın gözünü gördüm deyən tapılmamışdı.Əlibaba yaxın bir dostunu itirmiş kimi xeyli xiffət etmişdi. Sonra öyrəşmişdi gözünün boş kalafasına.

Qanı bircə qəşəng qızları görəndə qaralırdı.

İndi yenə qızları görməmək üçün az qala tək gözünü də qapayıb keçdi məktəbin həyətindən.

Elmar isə dərsə belə girmədən kəsmə yolla məktəbin bağından keçıb, kanalın ustündəki kolun arxasında oturub məktubu açdı.

Gül ləçəkləri qoyulmuş bu məktubda Gülgəz ondan gecə saat birdə bağlarına gəlməsini istəyirdi.

Elmar bu sətirləri höcəlləyə-höcəlləyə azı on kərə oxudu, oxudu və gözlərinə inanmadı.

Kağızı iylədi, sonra kağızdan gələn ətrin eyni Gülgəzin qoxusu olduğuna heç şübhəsi qalmadı.

Yeganə təsdiqi- gecə Gülgəzi görməyi isə səbrinin içinə basdı. Dərsə yenidən qayıtmağa həvəsi qalmadı. Əlləri ilə dizinə qədər çatan yovşan kollarını yoluşdura-yoluşdura evə tərəf yollandı.

Payızın gündüz isti, gecə soyuq aran havası belə Elmarı Gülgəzgilə getməkdən yayındıra bilmədi. Gülgəzgil kəndin yuxarı tərəfində olurdular. Onları çiy kərpicdən tikilmiş evlərini gördükdə Elmarın ürəyinə əsməcə düşdü.

Qonşularındakı civzəli Nərgiz istisna olmaqla Elmar nə qız dalınca getmişdi, nə də qız öpmüşdü.

Əslində bu civzəlini də öpmək elə də ürəyindən deyildi. Axşamdan baxdığı Amerika filmində qızla oğlanın öpüşməsini görüb həvəsə düşmüşdü.

İndi də Nərgizin islaq sulu dodaqlarını xatırlayanda əti çimçəşdi. Dodaqlarını möhkəm-möhkəm silərək sanki Nərgizin son izlərini də yox etmək istəyirdi.

Tut ağacının arxasında gizlənərək Gülgəzgilin eyvanına baxmağa başladı.

Gülgəzgil hamılıqla yığışıb süfrədə həm çay içir, həm də televizorda “Retro” verlişini izləyirdilər.

Gülgəz evin ikinci qızı idi. Böyük bacı keçən qış fermadakı çobana qoşulub qaçandan sonra ailə ilə əlaqəsi kəsilmişdi.

Indi Gülgəzin özündən başqa evdə üç bacısı var idi. Gülgəz balacalar yuxuya keçdikcə onları qucağına alır və içəri aparırdı. Onun hər dəfə dizini yerə atıb qızları götürəndə açılan ağ baldırları Elmarı özündən asılı olmadan tut ağacının arxasından çıxarıb açıqda buraxmışdı.

Bu eyvanda heç kəsin diqqəini cəlb etməsə də, pilləkənin dibində yatan qara küçüyün nəzərindən qaçmadı.

Elmar qulağına dəyən mırıltı səsinə belə fikir vermədən ağzının suyu axa-axa Gülgəzə tamaşa edirdi. Mırıltı hürməyə keçdi, Elmar ayılmadı.

Hürmək eyvandakıların diqqətini özünə çəkdi. Elmar duymadı. Qara küçüyün səsinə böyük it gəldi və Elmarın o gecəki görüş xəyyalları suya, özü isə itlərin dişinə düşdü. Güclə canını qurtara bildi.

Elmar gecə evə girəndə hamı yatmışdı. Ehsan yenə “cin var” deyə sayıqlayır, Əkbər isə yorğanı təpəsinə qədər elə çəkmişdi ki, diqqətlə baxmasan onun altında kiminsə yatmasına ianmaq çətin olardı.

Elmar evdəki səssizliyə baxaraq istədi yerinə uzansın, sonra fikrindən vaz keçərək qəfil oranı tərk etdi. Doqqaza çıxaraq ətrafı dinşəməyə başladı.

Gecənin səssizliyini bir bülbül cəh-cəhi və arada gələn mahnı səsi pozurdu. Elmar diqqət kəsiləndə bu mahnını oxuyanın Telman olduğuna əmin oldu.

Telman qarnı tutana qədər içər, ağlı izn verənə qədər oxuyardı. Həmişə beləydi. Içən kimi nəqəratlarını qarışdıra-qarışdıra olsa da, ruslarsayağı sabah açılana qədər oxuyardı. Onun ayıq vaxtını çətin ki, kimsə xatırlayardı. Elmar iki bir- birinə yad melodiyaların səsi altında yenə Gülgəzgilə yollandı.

Əlibaba tut ağacının altında qoyulmuş çarpayıda xorhaxor yatırdı. Yuxuda ciyərlərini çıxardıb qucağına qoymuşdular. Əlibaba tək gözü ilə ciyərlərə baxır və nə edəcəyini anışdıra bilmirdi.

Elmar darvazasız, çəpərsiz həyətə daxil olanda seyvanda miçətkəndə yatanları oyatmağın mənasız olduğunu görüb həyəti tərk etmək istəyirdi ki, tut ağacının altından Əlibabanın səsini eşitdi.

Əlibaba xırıldaya-xırıldaya nə isə sayıqlayırdı.

Elmar yavaşca gəlib onun çarpayısının qırağında oturdu və Əlibabanı yavaşca sirkələməyə başladı. Əlibaba yavaşca gözünü aralayaraq bir kölgənin onun üstünə əyildiyini gördü və sayıqlamasını kəsib gözü bərəlmiş halda Elmara baxdı. Bu bir saniyə davam etdi. Bir saniyə sonra Əlibabanın səsi həyəti başına götürdü:

- Ciyərimə dəymə - Elmar əli ilə onun ağzını necə sürətlə qapadısa özü də bu hərəkətinə məətəl qaldı. Əlibaba onun əlində çırpınır, Elmar isə dayanmadan onun qulağına “Ay dəli nolub? Mənəm ey Elmar” pıçıldayırdı.

Bu pıçıltını azı yüz dəfə edəndən sonra Əlibaba özünə gəldi və ortalıqda heç bir ciyər məsələsi olmadığını anladı. Amma artıq geç idi. Əli yuxudan oyanıb sərxoş halda söyürdü. Onun əcaib söyüşlərini az keçmədi ki, tüfəng səsi əvəz etdi.

Elmar Əlibabanı orada qoyub qaçmağa üz qoydu. Həyətdə qopan səs-küy sanki Elmarın ardınca düşüb gəlirdi. Kanalın üstünə çatanda nəfəs almaq üçün ayaq saxladı.

Elə bu zaman Əlibabanın da tumanpaça dalınca düşüb gəldiyini gördü. Qarınlarını tutub o qədər güldülər ki, az qala nəfəsləri kəsilirdi. O gecə məcaralar bitməmiş Elmar nəhayət Gülgəzi tut ağacının altında qucaqlaya bildi. Qucağında ilan kimi qıvrılan gözələ necə aldanmışdısa Əlibabanın sabahın ayazında bir ağac o tərəfdə sitiləməsindən belə xəbəri olmadı. Əlibaba isə səhər alacağı siqaretlərin ümidi ilə Elmarın keşıyini çəkirdi.
XS
SM
MD
LG