Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:53

Akif Muradverdiyevə «Nikolay pulları» ittihamı


-
Akif Muradverdiyev
Akif Muradverdiyev

Keçmiş məsul işçi keçmişdənqalma qızılları qaçaq yolla Azərbaycandan çıxarmaqda təqsirləndirilir. Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, vaxtilə Prezident Administrasiyasının İşlər İdarəsinin müdiri çalışmış Akif Muradverdiyev iyunun 20-də çar Rusiyasına aid qədim qızıl sikkələri gömrükdən qaçaq yolla keçirib. Məlumatda o da deyilir ki, Rusiyaya uçmaq istəyən Muradverdiyevi Azərbaycanın gömrük nəzarətindən keçəndən dərhal sonra MTN əməkdaşları yaxalayıb. Onun çantasından külli miqdarda dəyəri olan çar Nikolay dönəminin qızılları tapılıb. Həm də nə az, nə çox – 40 ədəd.

Faktla bağlı CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradəliyev barədə ikiaylıq həbs-qətimkan tədbiri seçilib.

FUAD AĞAYEV: «AKİF MÜƏLLİMİN İŞİ-PEŞƏSİ YOXDUR?»

Vəkil Fuad Ağayev MTN-in iyunun 21-də yaydığı açıqlamanı gülərək qarşılayır:

«Akif müəllim Nikolay pullarını Rusiyaya nə məqsədlə apara bilərdi? İşi-peşəsi yoxdur? Tamamilə əsassız ittihamdır. MTN xüsusi xidmət orqanlarına yaraşmayan bəyanat verir. Akif müəllim qızıl sikkə aparmayıb. MTN əməkdaşları onun çantasını götürüb bir müddət yoxa çıxandan sonra qızıl sikkələr peyda olub. Akif müəllim məhkəmədə deyib ki, sağ olun, mənim çantamdan qızıl tapdınız, amma narkotik və silah tapmadınız».

A.Muradverdiyev əvvəllər də həbs edilmişdi. O, 2005-ci ilin oktyabrında parlament seçkiləri ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşlara hazırlıq ittihamı ilə tutulmuşdu. Həmin vaxt eyni suçlama ilə iqtisadi inkişaf naziri Fərhad Əliyevlə səhiyyə naziri Əli İnsanov da həbs edilmişdilər. Ancaq sonradan iqtisadi cinayətlərə yol verdiyinə görə 6 il həbsə məhkum olunan A.Muradverdiyev 2008-ci il yanvarın 15-də cəzası şərti sayılmaqla azadlığa buraxılmışdı.

Fuad Ağayev
Fuad Ağayev
Vəkil Fuad Ağayev o dönəmki olayla müqayisə aparır:

«Həmin dövrdə mən Rafiq Əliyevi (sabiq iqtisadi inkişaf naziri və hazırda həbsdə olan Fərhad Əliyevin qardaşı – Ş.B.) də müdafiə etmişdim. O, 2005-ci ilin oktyabrında buna oxşar halda həbs olunmuşdu – əl çantasından guya qaçaqmalçılıq predmeti – 30 min ABŞ dolları tapılmışdı. Görünür, bizim hüquq-mühafizə orqanlarının fantaziyası bundan o yana keçmir».

ƏLİ İNSANOVUN BƏYANATI İLƏ AKİF MURADVERDİYEVİN HƏBSİ ARASINDA HANSI BAĞLANTI VAR?

Fuad Ağayev düşünür ki, Akif Muradverdiyevin həbsinin arxasında siyasi məqsədlər durur:

«İki gün qabaq Qərbi Azərbaycanın ən nüfuzlu, sözü keçən şəxslərindən Əli İnsanovun bəyanatı çıxdı. O, Milli Şuranı dəstəklədi. Ola bilsin, Akif müəllim məhz ona görə azadlıqdan məhrum edilib ki, o da ermənistanlılar arasında çəkisi olan bir adamdır. Əgər hakimiyyət bu yolla seçkiqabağı vəziyyəti öz xeyrinə dəyişdirmək istəyirsə, yanılır».

Köşə yazarı Şahvələd Çobanoğlu bu məsələdən çox da məlumatlı olmadığını deyir, ancaq seçkilər ərəfəsində gerçəkləşdirilən həbsi təsadüf saymır:
Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

«Məntiqi olaraq anlayıram ki, antikvar sayılacaq sikkələri açıq şəkildə sərhəddən keçirmək istəməzdi, axı həbs təhlükəsiylə üzləşərdi. Özü də bir halda ki, vəkilinin o cür informasiyaları var. Biz təcrübəmizə əsaslanaraq deyə bilərik ki, o, siyasi motivlə həbs olunub.
Burada ya intiqam niyyəti var, ya da cəmiyyəti qorxutmaq niyyəti. Əli İnsanovun Milli Şuraya dəstəyindən sonra həbsin baş verməsi və Akif Muradverdiyevin Əli İnsanova yaxınlığı ehtimallarımızı gücləndirir».

SABİR RÜSTƏMXANLI: «MƏN ONU... PEŞƏKAR SİSTEM İŞÇİSİ KİMİ TANIMIŞAM»

AzadlıqRadiosunun əməkdaşı olayla bağlı deputatlardan açıqlama istəsə də, onlar məlumatsız olduqlarını əsas gətirərək qısa şərhlə kifayətləniblər.

Deputat Çingiz Qənizadə:

«Əlimdə yetərincə fakt olmadan heç kimi ittiham edə bilmərəm. Ortada rəsmi şəkildə qaçaqmalçılıq suçlaması var. Bu ittiham nə dərəcədə sübut olunacaq, görüntülər və əməliyyat çəkilişi varmı, sənədləşdirmə dolğun aparılıbmı – bütün bunlar başqa şeydir. Daha sonra danışmaq olar. Doğrudan da, Akif müəllim yaşının bu vaxtında sərhəddən nəyisə qanunsuz keçirmək istəyibsə, bu da yolverilməzdir. Hər halda, tam aydınlıq gəlmədən heç nə deyə bilmərəm».

Sabir Rüstəmxanlı
Sabir Rüstəmxanlı
Bir başqa millət vəkili – Sabir Rüstəmxanlı pərdəarxası oyunlardan xəbərsiz olduğunu söylədi və o səbəbdən danışmaq istəmədi. Akif Muradverdiyevi uzun illərdir tanığını bildirən deputat onun başqa özəlliklərinə toxundu:

«Onu çevik, işini bilən, peşəkar sistem işçisi kimi tanımışam. Başqa fəaliyyəti haqda məlumatım olmayıb. Həbsdə olanda Zəngəzur haqda dəyərli kitabı çıxdı. Mən adamlara kitaba görə qiymət verirəm. Elə kitabı həbsxanada yazıbsa, onu həbsxanaya salmağa dəyərmiş. Bu kitabı azadlıqda yaza bilməzdi».

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli Akif Muradverdiyevin həbsinə medianın diqqət ayırmasını və olayı ictimailəşdirməsini yanlış sayır:

«Mənim üçün ad heç nə demir, yəni həbs olunan adi bir şəxsdir. Siz onu mətbuatda Akif Muradverdiyev kimi çatdırırsınız. Əslində Azərbaycan məhkəmələrində hər gün bu cür kontrabanda, oğurluqla bağlı iş olur. Bu da onlardan biridir. Mənim münasibət bildirəcəyim qədər əhəmiyyətli hadisə deyil».
XS
SM
MD
LG