Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:09

Aksiya yerlərinin yeni siyahısı olacaq?


Bakıda aksiya - 22 aprel 2012
Bakıda aksiya - 22 aprel 2012
-
Bu il paytaxtda keçirilən bir neçə etiraz aksiyası Bakı şəhər İcra hakimiyyəti ilə razılaşdırılmadığından dağıdılıb. İndi prezident seçkiləri ərəfəsində aksiya yerləri üçün yeni siyahı açıqlana bilər.

«MƏRKƏZ HƏM DƏ MÜXALİFƏTƏ MƏXSUSDUR»

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks mayın sonunda AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, rəsmilər ona Bakının mərkəzində etirazlar üçün yerlər müəyyənləşdiriləcəyini deyiblər:

«Bunun tez baş verəcəyinə ümid edirəm. Məncə, Bakının mərkəzindəki parklar təkcə uşaqlarını gəzməyə çıxaran ata-analara deyil, bütün əhaliyə, eləcə də siyasi müxalifətə məxsusdur. Onlara imkan verilməlidir ki, baxışlarını həm şəhərin mərkəzində, həm də bir az kənarda, müasir məkanda çatdıra bilsinlər. Mənə təminat verdilər ki, bu proses gedir və həmin yerlər tezliklə elan olunacaq. Azərbaycan hakimiyyətinin bu vədini yerinə yetirəcəyinə ümid edirəm».

Komissar həm daxili işlər naziri, həm də Prezident Administrasiyasının rəhbəri ilə görüşdə bu məsələni qaldırdığını söyləmişdi.

Son bir neçə ildə Bakı şəhər İcra Hakimiyyəti müxalifətə kütləvi aksiyalar üçün yalnız üç ünvan təklif edir:

1) Binəqədi qəsəbəsindəki İdman-Sağlamlıq Kompleksinin stadionunu;
Bakının mərkəzində aksiya - 10 dekabr 2012
Bakının mərkəzində aksiya - 10 dekabr 2012
2) Səbail rayonundakı «Bibiheybət» stadionunu;
3) Zığ yolu küçəsi, 29/22-ci məhəllənin önündəki meydançanı.

Şəhər mərkəzində aksiya keçirməyə can atan etirazçıları polis dağıdıb. Müxalifətin təklif etdiyi yerlər arasında «Fəvvarələr meydanı», Səməd Vurğun bağı, Füzuli meydanı, Nərimanov kinoteatrı qarşısındakı meydan, Hüseyn Cavid bağı və keçmiş «Qələbə» kinoteatrı qarşısındakı meydan var. Etirazçılar paytaxtda yerləşən mərkəzi binaların həndəvərlərində, Bakı şəhər İcra Hakimiyyətinin 200 metrliyində də aksiya keçirmək istəyir.

RƏSMİ DAİRƏLƏR SUSUR

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna bildirdilər ki, aksiya yerlərini Bakı şəhər İcra Hakimiyyəti müəyyənləşdirdiyindən, bu barədə ancaq həmin qurum danışa bilər. İcra hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov gün boyunca zənglərimizə cavab vermədi.

Bakı şəhər İcra Hakimiyyəti
Bakı şəhər İcra Hakimiyyəti
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayeva bir müddət əvvəl AzadlıqRadiosuna müsahibəsində şəhər mərkəzində aksiyanın qadağan olunmasına haqq qazandırır, bunu şəhər sakinlərinin istirahət hüququnun qorunmasına bağlayırdı:

– Çıxış etmək üçün yerlər ayrılıb, gedin, çıxış edin. Kim sizinlə razıdırsa, dünyanın o başına da gələcək. Ayrılan yerlər də şəhər çərçivəsindədir. Mütləq mərkəzdə, bulvarda, Fəvvarələrdə olmalıdır aksiyalar?

– Ancaq aksiyaların dağıdılmadığı hallar da olur. Polis həmin aksiyalara şərait yaratmış kimi görünür və bu da, onları hakimiyyətin təşkil etməsi fikrini doğurur.

– Nahaq belə deyirsiniz. Bunlar ümummilli məsələlərdir. Məsələn, hansısa səfirliyin qarşısında ermənilərə qarşı aksiya təşkil olunur. Milli maraqlar üçün onlara icazə verilir. Onda da polis dayanır, ancaq dağıtmır.

NÖVBƏTİ ALDATMA?

Həsən Kərimov
Həsən Kərimov
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Həsən Kərimov siyahı məsələsindən xüsusi gözləntisi olmadığını deyir və bunu hakimiyyətin beynəlxalq qurumları dəfələrlə aldatmasına bağlayır. Onun fikrincə, bu fikirlər, sadəcə, seçkiöncəsi ortaya atılır. Həsən Kərimov deyir ki, hakimiyyət orqanları sərbəst toplaşma azadlığını təmin etmək istəyirsə, bunu müxalifətlə müzakirəyə çıxarıb ortaq məxrəcə gəlmək olar:

«Ola bilsin, seçkiöncəsi şəhərin mərkəzində və ya heç 20-ci yaşayış sahəsində də yox, mikrorayonların, yaxud qəsəbələrin birində yer ayırsınlar. Bunu istisna etmirəm. Ancaq normal şərait yaradılacağına inanmıram».

Xatırladaq ki, müxalifət 2012-ci ildə Bayılın «20-ci sahə» deyilən hissəsində bir neçə aksiya keçirib. Ancaq etirazçılar həmin istiqamətə nəqliyyatın, taksilərin işləmədiyini, hakimiyyətin onlara əngəl yaratdığını vurğulayıblar.

Bu il əsgər ölümlərinə etiraz, İsmayıllı hadisələrinə dəstək aksiyalarını da polis dağıdıb, saxlananlar, cərimələnənlər olub. Yanvarın 1-dən razılaşdırılmamış aksiyalarda iştiraka görə cərimələr də artırılıb.
XS
SM
MD
LG