Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:58

Naxçıvanlı Kişvər nənənin İstanbuldakı «ev işi» [Video]


Naxçıvanlı Kişvər nənənin İstanbuldakı "ev işi"
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00
-
70 yaşlı Kişvər nənə ailəsinin dolanışığı üçün «ev işi» görür – fabrikdən götürdüyü plastilin kütləsini qutulara yığır. O, Naxçıvanın Püsyan kəndindəndir. Bir neçə ildir ki, oğlu ilə birgə İstanbula köçüb. Yüzlərcə püsyanlı ailəsinin məskunlaşdığı İkitelli səmtində, daha dəqiqi, o səmtin Köyiçi məhəlləsində yaşayırlar. Ucuz başa gəlsin deyə, beşmərtəbəli binanın zirzəmisində kirayə ev tutublar.

«HƏR HƏFTƏNİN SONUNDA PULUMUZU ALIRIQ»

Kişvər nənə deyir ki, yaxınlıqdakı fabrikdən götürdüyü plastinləri qutulara qablaşdırmaqla pul qazanır. Gördüyü işə cüzi məbləğ ödənilsə də, bir məqsədi də başını qarışdırmaqdır. Bu işdə ona balaca nəvələri də kömək edir:

«Ev işidir, götürmüşük. Mən də, balaca nəvələrim də başımızı qatırıq. Oyuncaq fabrikindən götürürük. Qutuları verirlər, biz də yığırıq. Məktəblərdə işlənir. Bunlardan oyuncaq düzəldirlər. Plastilin də deyil, ona bənzəyir. Qutunun içərisində hər cür rəng olur. «Plastilinli» qutuları sonra böyük bir vedrəyə yığırıq. Sifarişlər tez-tez dəyişir. Bir vedrəni dolduranda, 2 lirə (təxminən 1 manat) verirlər. Günə 15-20 vedrə işləyə bilirik. Hər həftənin sonu pulumuzu alırıq. Oğlumgil başqa yerdə işləyirlər».

«TOYLARA YERLİ CAMAATI DA ÇAĞIRIRIQ»

Onun dediyinə görə, başqa həmkəndliləri kimi, oğlu da İstanbula işsizlik ucbatından köçüb. O da oğlunun ailəsinə qoşulub vətəni tərk etməyə məcbur qalıb:

«Uşaq hara gedir, mən də ora getməliyəm. Nəvələrə mən baxmalıyam ki, onlar da işləsin. Hər yerin öz gözəlliyi var. Burada pul qazanırıq, amma Naxçıvan vətənimizdir. Kəndimizin adamları toylarını da burada edirlər. Kənddə ölən olanda, çox vaxt gedə bilmirik. Həmin adamın qohumları burada ehsan verirlər. Toylara həm öz kəndlilərimizi, həm də yerli camaatı çağırırıq. Qorxuram ölüb qalım buralarda. Oğlum da qazandığını verib mənim cənazəmi burdan Naxçıvana aparmağa məcbur qalsın. Bilirəm ki, qoymaz buralarda qalam».

«YÜZLƏRCƏ PÜSYANLI UŞAQ SAVADSIZ QALIR»

Kişvər nənə bir şeydən də nigarandır. Deyir, İstanbulda naxçıvanlı uşaqları orta məktəblərə qəbul etmirlər. Beləcə, məktəb yaşlı yüzlərcə püsyanlı uşaq savadsız qalır. Amma o, nəvələrinin savadsız böyümələrini istəmir:

«Bu il nəvələrimin məktəbinə görə Naxçıvana qayıtmalı olacağıq – uşaq kor olmasın deyə. Gedib həyət-bacamızı əkəcəyik. Kəndimizdə geniş həyətimiz var, mal-qaramız var. Qohumlar baxırlar mal-qaraya. Oğlum da qala bilmir burda».
XS
SM
MD
LG