Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:02

Siyəzəndə «divarları gəzən» xatirə lövhəsi...


Xatirə lövhəsi
Xatirə lövhəsi
-

«HEYDƏR ƏLİYEV PARKINA GÖRƏ OĞLUMUN XATİRƏ LÖVHƏSİNİ ƏRAZİDƏN GÖTÜRÜLDÜ»

«İcra nümayəndəsi dedi ki, icra başçısı səni axtarır. Başçı təklif edir ki, xatirə lövhəsini burdan götürək, yeni tikilməkdə olan 6 nömrəli məktəbə oğlunun adını verək, lövhəni də aparaq qoyaq ora. Xatirə lövhəsinin indiki yerində Heydər Əliyev muzeyi tikiləcək. Gəldilər-getdilər, axır ki, məni razı saldılar. Hamı dedi, inanma, başçı səni aldadır, uşağın adını məktəbə verən deyil».

AĞAQULU XANKİŞİYEVİN XATİRƏ LÖVHƏSİ...

Siyəzən sakini Xatirə Xankişiyevanın oğlu Ağaqulu Xankişiyev 19 il əvvəl - 28 yaşında Qarabağ müharibəsində həlak olub. Keçmiş prezident Heydər Əliyevin fərmanı ilə Ağaqulu Xankişiyev döyüşlərdə göstərdiyi xidmətə görə, «Azərbaycan bayrağı» Ordeni ilə təltif edilib. Təqribən 15 il əvvəl Ağaqulu Xankişiyevin xatirəsini əbədiləşdirmək üçün onun valideynlərinin işlədiyi Siyəzən Texnologiya-Nəqliyyat İdarəsinə (indiki Qobustan Nəqliyyat İdarəsi – C.M.) onun adı verilib. Hər halda valideynlərinin deməsinə görə. Ancaq qeyri-rəsmi. Rayon rəhbərliyi valideynləri arxayın edib ki, tezliklə bu əbədiləşdirmə rəsmiləşəcək.

Hətta idarənin divarına Ağaqulu Xankişiyevin şəkli, adı, soyadı, doğum-ölüm tarixləri həkk olunmuş xatirə lövhəsi də vurulub. Beləcə uzun illər Ağaqulunun ailə üzvləri bu xatirə lövhəsinin qarşısına təzə-tər güllər qoymaqla təsəlli tapırlarmış.

İKİNCİ ORDEN SÖHBƏTİ

Xatirə Xankişiyeva
Xatirə Xankişiyeva
Təqribən 3 il əvvəl ailəyə xəbər göndərilir ki, ərazidə Heydər Əliyev muzeyi tikiləcək, park salınacaq. Buna görə də lövhəni ordan götürüb, yeni məktəbin divarına vuracaqlar. Məktəbə də Ağaqulu Xankişiyevin adını verəcəklər. Ailə razılaşıb. Xatirə lövhəsini ərazidən götürüb, rayonda yeni tikilmiş 6 saylı məktəbin divarına yox, qarşısındakı istifadəsiz, köhnə bir bulağın üzərinə vururlar. Ağaqulunun adı da məktəbə verilmir. Üstəlik indi Xatirə ana səksəkədədir ki, 19 il əvvəl müharibənin ondan aldığı gənc oğlunun xatirə lövhəsinin də taleyi qaranlıq qala bilər. Çünki rayon icra hakimiyyəti nə Ağaqulunun adını məktəbə vermək, nə də xatirə lövhəsini bulağın üstündə saxlamaq fikrində deyil.

Xatirə Xankişiyeva:

«Məni arxayın edib lövhəni keçmiş yerindən götürən icra başçısı işdən getdi, yerinə indiki gəldi. Dəfələrlə qəbuluna getdim ki, mənim oğlumun xatirə lövhəsi, adının əbədiləşdirilməsi məsələsi necə olacaq? Lövhəni bulağın üstünə vurdular, ancaq yenə də sənədlə yox, könlümü almaq üçün, qeyri-rəsmi. Adının məktəbə verilməsinə gəlincə isə, başçı əvvəllər söz verdi ki, bir az gözlə, həll edəcəyəm. Ancaq sonra dedi ki, sənin oğlunun adını əbədiləşdirmək imkanım yoxdur. Prezidentin fərmanı var ki, bunun üçün gərək ya milli qəhrəman olmalıdır, ya da ikinci ordeni olmalıdır. Oğlununsa bircə ordeni var. Dedim, indi oğlumun ikinci ordeni yoxdu deyə, ondan bir nişanə qalmamalıdır? Haradan alım o ikinci ordeni?».

«DEDİ, PREZİDENTİN FƏRMANI VAR Kİ, OLMAZ»

Xatirə Xankişiyeva neçə ildir ki, oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün Bakıya məktublar yazır. Ancaq yazdıqları rayonun icra başçısına qayıdır. Ana deyir, başçı da həmin məktubları qoyur onun qarşısına:

«Dedi, hara istəyirsən yaz. Onsuz da göndərirlər üstümə. Çıxartdı qoydu qanunu qabağıma, dedi, bax, qanun deyir ki, sənin oğluna xatirəsinin əbədiləşdirilməsi düşmür. Prezidentin fərmanı var ki, olmaz».

Xatirə anayla rayonun Şəhidlər Xiyabanını ziyarət edirik. Xiyabana daxil olanda ikinci məzar Ağaqulu Xankişiyevindir. Ana deyir, oğlundan bircə nişanə bu qəbirdir. Nə ailəsi, nə ocağı, nə uşağı qalmayıb ki, baxıb təskinlik tapsınlar.

YERLİ İCRA HAKİMİYYƏTİNİN DEDİKLƏRİ

Siyəzən İcra Hakimiyyəti
Siyəzən İcra Hakimiyyəti
Siyəzən rayon icra hakimiyyətindən isə bildiriblər ki, müharibədə həlak olanların xatirəsinin əbədiləşdirilməsi onların səlahiyyətindən kənardır. Bu, Prezident Fərmanı və Nazirlər Kabinetinin qərarı ilə olan işdir. Yerli icra hakimiyyətinin üzərinə düşənsə belə qərarları icra etməkdir.

İcra Hakimiyyətindən onu da bildiriblər ki, Ağaqulu Xankişiyevin ailəsinə təskinlik məqsədilə uzun illər əvvəl Bakıda bir nəfərin könüllü hazırladığı mərmər xatirə lövhəsinin Dövlət Neft Şirkətinin balansında olan Siyəzən Texnologiya-Nəqliyyat İdarəsinin divarına vurulmasına etiraz etməyiblər. Ancaq ərazidə abadlıq işləri aparılanda xatirə lövhəsini götürüb, 6 saylı məktəbin qarşısındakı bulağın divarına vurmalı olublar. Gələcəkdə Ağaqulu Xankişiyevin xatirə lövhəsinin orada qalıb-qalmayacağı da sual altındadır. Abadlıq işləri genişləndikcə xatirə lövhəsini də divardan-divara keçirməli olurlar.

Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında qanundan oxuyuruq. Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının və onlara bərabər tutulanların, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilə bilər.
XS
SM
MD
LG