Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:46

Həbs var, hökm yox


İsmayıllıda iğtişaşlar - 24 yanvar 2013
İsmayıllıda iğtişaşlar - 24 yanvar 2013
-
«Hər dəfə bu həbsləri uzadırlar. Ya birdəfəlik iş verin, ya da buraxın. Qalmışıq gözləyə-gözləyə. Xəyal mənim yeganə oğlumdur. Özümüz də, onun ailəsi də çətin vəziyyətdəyik. Üç aydır övladı dünyaya gəlib, uşağın da əməliyyata ehtiyacı var, mənim də imkanım yoxdur. Nə edim, nə çarə qılım?».

İsmayıllı hadisələrinə görə, 8 aya yaxındır həbsdə olan Xəyal Şaranovun atası Sergey Şaranov deyir ki, oğlunun həbsindən sonra ailənin bütün yükü çiynindədir. Gözü yoldadır, hər dəfə oğlunun həbs müddəti uzadıldıqca, həm maddi, həm də mənəvi durumu daha da ağırlaşır.

VƏKİL: «İSTİNTAQIN UZADILMASI BƏHANƏDİR»

Bu günlərdə İsmayıllı hadisələrinə görə tutulanların həbs müddəti daha 3 ay uzadılıb. Vəkil Nizami Abdullayevin fikrincə, istintaqın uzadılması bəhanə təsiri bağışlayır:

«Çünki orda elə bir iş qalmayıb. Deyirlər, «işlə tanış olmaq var, cinayət işinin bəzi tamamlanmamış istintaq hərəkətləri var» – belə bəhanələr gətirirlər. İstintaqda isə heç bir yenilik yoxdur. Məsələn, daha əvvəl müdafiə etdiyim Səftər Ağamalıyevdən heç soruşmayıblar ki, sən niyə burda oturursan. Əslində, heç bir istintaq hərəkəti aparılmır. İşin kökünə baxanda, onların üçüncü uzadılma müddəti avqustun 29-da tamamlanırdı. İndi hamısının müddətlərini uzatdılar, bu da noyabrın 29-da bitəcək. Bu, sonuncu uzatma müddətidir. Bundan oyanası yoxdur».

Həbsdəkilərin valideynləri övladlarının günahı olmadığını, oyuna qurban getdiyini deyir, dərdlərini çatdırmaq üçün fürsət axtarırlar.
İsmayıllıda Çevik Polis Alayı - 25 yanvar 2013
İsmayıllıda Çevik Polis Alayı - 25 yanvar 2013
Prezident İlham Əliyev İsmayıllıya gəlməzdən bir neçə gün öncə onlar icra hakimiyyəti başçısı ilə görüşüblər. Deyiblər ki, onsuz da İlham Əliyevlə görüşməyə imkan verməyəcəklər, dərdimiz prezidentə sən çatdır. Söylədiklərinə görə, icra başçısı da valideynlərə söz verib.

«BAŞ PROKUROR İSTİNTAQIN BİR AYA YEKUNLAŞACAĞINI DEDİ»

Baş prokuror Zakir Qaralov avqustun 16-da Ağsuya gələndə, övladlarının günahsızlığını baş prokurora çatdırmaq istəyən valideynlər də Ağsuya yollanıblar.

Oğlu həbsdə olan Səməd İsmayıllı deyir ki, həbs müddətinin yenidən uzadılmasının səbəbini Zakir Qaralovdan soruşublar:

«Prokuror bir onu dedi ki, narahat olmayın, bir ay müddətinə istintaq yekunlaşacaq, iş məhkəməyə göndəriləcək. Kiminsə günahının olub-olmaması barədə konkret heç nə demədi. Bildirdi ki, məsələ araşdırılır, bu yaxınlarda da yekunlaşacaq. Dedim ki, axı istintaq getmir, dedi, yox, sizə elə gəlir, narahat olmayın. Bundan başqa prokurorluq orqanlarına yazırıq. Rəsmi cavablar gəlir ki, cinayət tam sübuta yetirilib, istintaq yekunlaşmadığına görə iş uzanır. Bizim uşaqların həbsdə saxlanması bir növ siyasi sifarişdir».

HƏBS MÜDDƏTİ SEÇKİYƏ GÖRƏ UZADILIR?

Vəkil Nəvaid Abdullayevin fikrincə, həbs müddətinin uzadılması qarşıdakı prezident seçkisi ilə bağlıdır:
İlqar Məmmədov
İlqar Məmmədov

«Həbs müddətini yenidən uzatmağa ehtiyac yox idi. İki ay uzada bilərdilər, ancaq bəhanə elədilər ki, təqsirləndirilən şəxslərin sayı çoxdur, hər vəkilə işlə tanış olmaq üçün vaxt verilməlidir. İnanmıram ki, seçkidən qabaq bu iş yekunlaşsın. Bu hadisələrə görə həbs olunanlardan biri də İlqar Məmmədovdur. Bir məqsəd də onun seçkidən kənarlaşdırılmasıdır. O üzdən seçkiyədək bu iş çətin ki, yekunlaşsın».

Bu ilin yanvarında İsmayıllıda «Çıraq» otelinin meneceri yol qəzası törədərək yerli sakinləri təhqir etdikdən sonra rayonda yerli sakinlərin etirazları baş qaldırmışdı. Qeyri-rəsmi məlumatlarda əmək və sosial müdafiə naziri Füzuli Ələkbərovun oğlunun da olaylara qatıldığı bildirilirdi. Sosial şəbəkələrdə «Çıraq» otelinin nazir oğluna məxsusluğunu təsdiqləyən sənədlər yayılıb. Camaat həmin oteli yandırmışdı. Bu hadisədən bir ay sonra İlham Əliyev bir müşavirədə məmurlara və onların övladlarına xəbərdarlıq etmiş, camaatı qıcıqlandıran hərəkətlərə yol verməməyə çağırmışdı. Həmin müşavirədən sonra prezident icra hakimiyyətinin başçısı, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərovu işdən azad etmişdi.

İsmayıllı hadisələrinə görə hazırda 18 nəfər həbsdədir. Onlar kütləvi iğtişaşlara qatılmaqda, polisə müqavimətdə, əmlakı məhv etməkdə ittiham olunurlar.
XS
SM
MD
LG