Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:38

Musa Yaqub: «Seçki saxtalaşdırılmaya, kim seçilir-seçilsin»


Musa Yaqub
Musa Yaqub
-

Bu ilin yanvarında bir avtomobil qəzası ilə başlayan narazılıqların yaşandığı, həbslərin aparıldığı İsmayıllıda indi vəziyyət necədir? Yeni icra başçısının gəlişi bölgədə dəyişikliklərə səbəb olubmu?

Ziyalılar Forumunun üzvü, şair Musa Yaqub İsmayıllıdadır. Ondan öz müşahidələrini AzadlıqRadiosu ilə bölüşməsini istədik. O da söylədi:

- Son 7-8 ayda xeyli işlər görülüb. Təyinat düz oldu. İcra başçısı Mirdaməd Seyidovu təyin etdilər. O da yerli adamdır, hamıyla təmasda olandır. Nəticələr özünü göstərir. Prezident də gəlmişdi, yeni obyektlər açılıb, tikiş fabriki açıldı. İsmayıllıya yeni su xətti çəkilib. Kanalizasiya, su boruları bərpa olunub. Ondan sonra bəzi kəndlərə asfalt döşənib. Camaatda inam yaranıb. Bu inamın özü böyük şeydir. Yəni belə də işləmək olar, paysız-parasız, rüşvətsiz.

- Sizcə, bu müvəqqəti haldır, ya davam edəcək?

- Vallah o yol çəkilməsi müvəqqəti deyil, su həmişə axacaq. Amma sonra nə əngəllər olacaq, onu zaman göstərər, mən deyə bilmərəm.

- Demişdiz ki, İsmayıllı hadisələri ilə əhali hakimiyyətə dərs verdi. Sizcə, hakimiyyət bu hadisələrdən yetərli dərs çıxardımı?

- İsmayıllı hadisələri İsmayıllının inkişafı üçün stimul oldu. Eyni zamanda, dərs dedi ki, balam, camaatla belə rəftar etmək olmaz, həm ye, dağıt, həm də onu söy, olmaz! Camaatı incitmək olmaz. Bu həqiqətən də dərs oldu. Amma təəssüf edirsən ki, o hadisələrdə İsmayıllıdan bir neçə nəfər tutulub, hələ də türmədə yatırlar. Onları əfv etmək olardı. Narahatlığımız ondandır.

- Üzvü olduğunuz Ziyalılar Forumu (ZF) əvvəl xeyli fəal idi. Amma axır vaxtlar səsi gəlmir.

- Forum haqda bir söz deyə bilmərəm. Ondan sonra Milli Şura yaranıb. Elə bil Forumun fəaliyyəti ora keçib. ZF üzvlərinin çoxu Milli Şuradadır. Hələ hərəkat gedir.

- Prezident seçkilərindən gözləntiniz nədir?

- Mane olmasalar, əl üstündə əl olmasa, müxalifətdən də namizəd olacaq. Əl üstündə əl olmaya, yəni seçki saxtalaşdırılmaya, kim seçilir-seçilsin. Milləti normal seçkiyə alışdırmalıyıq. Oyunsuz, saxtakar olmayan seçki tərəfdarıyam. Ondan sonra xalqa inanırsan ki, bu yolu seçir, bu yolu gedir. Təki seçki saxtalaşdırılmasın.

- Quba hadisələri, İsmayıllı hadisələri oldu. Müəyyən narazılıqlar yaşanır. Sizcə, bunlardan sonra xalq yenə İlham Əliyevə səs verəcəkmi?

- Mən də deyirəm ki, seçki saxtalaşdırılmasa təzədən onun təsdiqini el və seçki deyəcək. Qoy olsun, gözümüzlə görək. Yenə deyirəm, təki seçki saxtalaşdırılmasın. Mənim arzum demokratik seçkilərin keçirilməsidir, camaatı əsl seçkiyə öyrətməkdir. Bu mərhələləri keçsək bunun bizim millətimizin inkişafına, demokratiyanın inkişafına çox böyük köməyi olar.
XS
SM
MD
LG