Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:55

Böyürtkən satıb məktəbli geyimi almaq istəyən İlham


Məktəb çantaları
Məktəb çantaları
-
Məktəb ləvazimatları – məktəb gərəkləri satılan mağazalarda indi bir başqa həyəcan yaşanır. Axı bircə həftədən sonra dərslər başlayır və şagirdlər özünəxas ətirli və al-əlvan dəftər-qələmlərini, kitablarını çantalarına qoyub məktəbə yollanacaqlar. Kimi təzə, kimi ötənilki, kimi də neçə ilin artıq rəngi soluxmuş və köhnəlmiş çantalarını.

Alış-verişin qızğın çağıdır. Dəftərxana malları satıcılarından Asif İsgəndərov dəftər-kitab qalaqlarının arasından boylanır və «Bahalıqdır» – deyir. Onu da deyir ki, ötən ilə baxanda ən çox dəftərlərin qiyməti bahalaşıb:

«Görürsünüz bu dəftərləri, cürbəcürdür. Baha olanlar Rusiya mallarıdır – 1 manata, 1 manat 20, 1 manat 50 qəpiyə. Çantaların ən ucuzu 12 manatdır. Ən çox satılan 15-20 manata olan Çin mallarıdır. Rusiya, Türkiyə malları bahadır. 50-60 manata olan çantalar da var».

«BİZDƏ ORTA YOXDUR – UCUZ VAR, BAHA VAR»

On ilə yaxındır məktəb malları satan Tariyel Mehdiyevin fikrincə, builki məktəb gərəklərində azı 20 faiz bahalaşma hiss olunur:

«Keyfiyyətli mal bahadır. İlin axırınadək gedir, amma ucuz şey bu gün var, sabah yox. İndi baha mal alan da çoxdur. Bizdə ya baha alırlar, ya ucuz. Orta qiymətə alanlar çox azdır».

Dəftərin ən ucuzu 15 qəpiyə, qələm – 20 qəpiyə, pozan və ya xətkeş – 30 qəpiyə satılır. 80 qəpiyə, ya da bir manata rəsm dəftəri alsan, bil ki, ən ucuzunu tapmısan. Rəngli karandaşın da ucuzu bir manatdır.
Altı manata rəngli karandaşın əlasını almaq olar.
Altı manata rəngli karandaşın əlasını almaq olar.
Altı manatı gözdən çıxarsan, rəngli karandaşın, 3 manata xəsislik etməsən, rəsm dəftərinin əlasını almaq olar. Nə az-nə çox, 70 manata çanta alanlar da az deyil. Hər halda belə çantalar satılan mağazaların qapıları elə hey açılıb-örtülür.

BÖYÜRTKƏN SATIB, MƏKTƏBLİ FORMASI ALACAQ İLHAM

Bu il 8-ci sinifdə oxuyacaq Ağdaş sakini İlham Məmmədli ata-anasına kömək üçün həyət-həyət gəzib böyürtkən satır. Deyir, valideynləri məktəb üçün gərəkli şeylərin bir qismini alıblar. İndi o, Bakıya gəlib böyürtkən satır ki, məktəbli geyimi ala bilsin:

«100 dollardan artıq pul lazımdır. Buna mənim valideynlərimin gücü çatmır. Ona görə, özüm də işləyirəm ki, kömək edə bilim».

Bir azdan İlham gözdən itsə də, onun «böyürtkən var, böyürtkən!» çağırtısı binaların arasında yayılıb əks-səda verir...

«TƏKCƏ DƏFTƏRƏ 20 MANAT XƏRCLƏMİŞƏM»

Yanında iki məktəbyaşlı uşağı olan Tamilla Səfərova deyir ki, kitab-dəftər bazarlığını bir dəfəyə bitirə bilməyib. Özü maaş alanda uşaqlarına çanta, həyat yoldaşı maaş alanda məktəbli geyimi alıb. Budəfəki məktəb bazarlığında da yalnız dəftər problemini çözüb.
Foto: Arxiv
Foto: Arxiv

Üç məktəbli övladı olan Abdulla Əliyevin dediyinə görə, onun kimi məhdud imkanlılar üçün yeni dərs ilinin başlanması qayğıların artdığı dövrdür:

«Əvvəl camaatın özü də sadə idi, uşaqlarına da sadə şeylər alırdılar. Onda uşaqlar da sıxılmırdı. İndi imkanlar arasındakı uçurum uşaqlar arasında da özünü göstərir. Bu da həm tədrisə, həm də tərbiyəyə təsirsiz ötüşmür».

Orta məktəb şagirdləri atıq 3 ildir vahid məktəbli forması geyinirlər. Qiyməti 40-50 manat arasında dəyişən bu geyimlərin keyfiyyətli olduğunu deyənlər də var, gileylənənlər də:

– Oğlum 1-ci sinfə gedir. Məktəb forması almağa gəlmişik. Məncə, yaxşıdır...

– Görünür ki, aşağı keyfiyyətli mallardır. Adam baxan kimi bilir...

– Almağına aldım, ancaq pencəyin qolları uzundur, kəsmək lazımdır...

Hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi şagirdlərə kitabları pulsuz verəcək. Nazirliyin məlumatına görə, bu il 141 min 166 nəfər 1-ci sinfə gedəcək.
XS
SM
MD
LG