Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:00

"Deyirlər qızım Dubaydan vurub Türkiyədən çıxır,


Ülviyyə Tahir
Ülviyyə Tahir

mən camaatın sözlərini ona deyəndə ”Papa, namusumla çörək pulu qazanıram, kimə nə?”- deyə cavab vermişdi". Ülviyyə Tahirdən yeni hekayə.

-

Qardaş-bacıyla heç dil tapa bilməmişəm. Elə bil arvad hərəmizi bir millətdən düzəldib...


Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. 10 hekayə və 12 şairin şeirləri imzası göstərilmədən Münsifə göndərilib. Onun çapa münasib bildiyi 3 hekayə və 2 şairin şeirlərini yaxın günlər ərzində "Oxu zalı"nda oxuyun.


Ülviyyə Tahir


TABUT


Torpağın nəmişliyi üzümə vurdu. Payızın yelləri ağaclarda yarpaq qoymayıb.

Yaxınlarda çiynimdəki tabutun içində gedəcəyim fikri məni narahat etmir. Axı biz insanlar beləyik: elə bilirik heç vaxt ölməyəcəyik. Kim içirib bizə bu yalançı ümidlərin şərbətini?! İndi nə əhəmiyyəti var. Yaşım yetmişi ötüb. İçimdəki ruh bu qırışmış dərimə sığmır. Qocalmağımı qətiyyən qəbul edə bilmirəm. Gəncliyimi yelə vermişəm, bilirəm. Qəbiristanlıq nə yaman uzaq imiş. Tabut çiynimi qırdı. Əlacsız baxışlarla ətrafı süzürəm. İnsanlar sanki məni görməyəcək qədər kordular. Hamı sükut içində gedir. Qəbiristanlığın yolu yaman uzaq imiş.

Düz iyrimi üç il öncə O xəstələndi. Anamın xəstələnməyi övladlar arasında hərci-mərcilik saldı. Hərə xəstə arvada bir diaqnoz qoydurdu. O yazığa heç qulaq asan yox idi. Böyük qardaşım ciyərini müalicə etdirdi, böyrəyi çökdü. Kiçik bacım böyrəyini müalicə etdirdi, ayaqları tutuldu. Qəbiristanlığın yolu, görəsən, həmişə belə uzun olub?!

Anamın həmişə yaxşı pulu olub. Onun sandığından heç pul əksik olmazdı. Bəy qızı olmuşdu. Onu heç soygunçu kommunistlər də tukəndirə bilməmişdi.

Arvadım üç il öncə öldü. Ondan sonra gözüm qonşudakı sarı xələtli gəlinə ilişib. Bəlkə də o gəlini yalnız bir dəfə sarı xələtdə görmüşəm, amma yaddaşımda elə ilişib qalıb. Onu payızın soyuğunda gördüyüm jaketini belə sarı xələt görürəm. Anamı basdıran kimi tez evə qayıtmaq lazımdır. Hər halda evin kiçik oğlu mənəm. Nəyi var mənə çatmalıdır. Başqa vaxt dilləri ilə məni yeyən yeznələrin indi gör tabuta biri çiyin verərmi. Off sarı xələt. Görəsən düymələri var, yoxsa zamokladır?

Anam əvvəlcə böyük qardaşımın yanına getdi. Dərdini dedi. Amma o anamın ah-zarını qulaqardına vurdu. Qocalanda insanların xəstəliyi ciddiyə alınmır. Əşi, günu görüb ömrü sürmüsən də. Niyə cavanların ömrünü çürütməlisən. Bax mən oğlumun canını boğazına yıgmıram. Çıxıb gedib Rusiyaya. İndi hardadır, heç bilmirəm. Maraqlı da deyil. Qızım bu yaxınlarda mənə çoxlu pul göndərib. Deyirlər Dubaydan vurub Türkiyədən çıxır. Mən camaatın sözlərini ona deyəndə ”Papa, namusumla çörək pulu qazanıram, kimə nə?”- deyə cavab vermişdi. Qəbiristanlığın yolu bitmir.

Anam ölmək istəmirdi. Gözləri irilənib hədəqəsindən çıxırdı. Əllərini bizə uzadıb kömək istəyirdi, amma Allah dilini almışdı. Lal üsyanını görməyəcək qədər kor idik. Qardaş-bacımı bilmirəm, amma mənim də yaşamaq haqqım var axı. Sarı xələt. Tabut çiynimi qırdı. Niyə Tabutu oğul daşımalıdır? Bu uydurmanı hansı səfeh çıxarıb.

O gün o sarı xələtliyə açdım sandığı tökdüm pambığı. O isə “Buy, camaat nə deyər?” deyib içini çəkdi. Bu camaat çıxmadı bu millətin axırına?! Qonşunun sözü ürəyimizdəkindən əhəmiyyətli olub. Niyə bunları yetmiş yaşımda dərk etdim ki...

Qardaş-bacıyla heç dil tapa bilməmişəm. Elə bil arvad hərəmizi bir millətdən düzəldib. Daim yığıncaqlarımız dava ilə bitib. Arvadın üstündə hər gün davamız düşürdü. Sonra böyük qardaşım qaynını göndərdi. O bizi çəkib sanki bir ipə bağladı. Arvadın altından girib üstündən çıxdı. Bütün hər şeyinə yiyələndi. Bir də ayıldıq ki, torpaqları, dükanları adına keçirib, satdığını satıb, sovduğunu sovub. Biz isə hələ də dalaşırdıq. Tabut bu dəqiqə nəfəsimi kəsəcək.

Kənddə cavan qalmayıb. Qızlar mügənni olmağa qaçıb, oglanlar rus qızlarının yanına. Qocalar basdırır öldükcə qocaları. Sonuncu öləni kim basdıracaq? Arada belə ağıllı fikirlər gəlir ağlıma. O sarı xələtlini bircə dəfə qucaqlaya bilsəm.

Arada burnuma təndir çörəyinin qoxusu gəlir. Daha elə çörək bişirən arvad qalmayıb. İndi hamı tufovka arvadıdır. Daha pomidorlar, xiyarlar da əvvəlki qoxunu vermir. Mən deyəsən qocalıb lap xərifləmişəm. Pomidorun, xiyarın heç yeridir... Deyəsən yol bitir .

Budur, qəbiristanlığın yolu görünür. Qiblə üstündə də dalaşsaq, çaşmaram. Ortancıl qardaşım deyir ki, mən sekulyaram. Kiçik deyir, satanistəm. Bacım isə vəhabilərə qoşulub. Amma hamısı çətinə düşəndə niyəsə Allah deyirlər. Soruşanda deyirlər, dilimizə zəhərli vərdişlər soxuşdurmusunuz. Budur, çatırıq. Qəbiristanlıq. Geri dönə bilsəm...
XS
SM
MD
LG