Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:33

Azay Vəlixanov. Yeddi ölü


-

Nənə kaftarlaşmış sifətini qaşıyıb zarıltılı səslə ufuldadı: - vəssalam, kənddən yeddi ölü çıxacaq, - dedi və gözlərini yumub huşa gedərək, mürgüləməyə başladı. Bu zaman batıq ovurdları çənə sümüklərinin arasına girərək yox olma həddinə çatdı. Ardınca isə qarının dişsiz ağzından çıxan qəribə fışıltı otağa yayıldı.
Nənəsinin zarıltı ilə açdığı fal Xaqana son dərəcə maraqlı gəldi. Gözünü açdığı gündən döşəkdə gördüyü nənəsinin fala baxdığını nə görmüş, nə də eşitmişdi. Onun düşüncələrində (ata-anasının dili ilə desək) nənənin bütün danışıqları baş - ayaq, çərən - pərəndən ibarət olmalı idi. Buna baxmayaraq nənəsinin əminliklə dediyi yeddi ölü məsələsi, sobanın qırağında qurğuşun əsgərciklərilə oynayan səkkiz yaşlı uşaqda maraq doğurmuşdu. Odur ki, Xaqan anasının kəndin o biri başında kiminsə öldüyü barədə xəbər gətirən qonşunu ötürməyə getməsindən istifadə edərək küncdə yatan nənəsinə yanaşdı:
- Nənə, ay nənə.
Qarı noxud dənəsi iriliyində olan gözlərini açıb ətrafı dinşədi. Çağırıldığını və çağıranın nəvəsi olduğunu anladıqdan sonra narazı səslə cavab verdi:
- Hə, nə var?
- Kim öləcək ki?
Nənəsi onu anlamadı:
- Nə deyirsən axı?
- Deyirəm kim öləcək?
Deyəsən qarı onun sualından bu dəfə də bir şey anlamadı. Eləcə də nəvəsinin tutarlı bir sual verə bilməyəcəyinə əmin olduğundanmı, yaxud yorğunluqdanmı zarıltılı bir səslə - incitmə məni, qoy yatım - dedi.
Xaqanın hövsələsi lap daraldı:
- E, karsan, deyirəm hardan bilirsən ki, yeddi adam öləcək.
Cavab əvəzinə otağa məlum fışıltı yayıldı.
Növbəti bir həftə ərzində Xaqan nənəsinin falının düz çıxıb - cıxmayacağını yoxlamaq üçün, kənddə dünyasını dəyişənlərin sayını öyrənməyə və siyahı tutmağa çalışdı. Amma az sonra bu barədə hər şeyi unudub öz uşaq həyatını yaşamağa davam etdi.

*****

Tütün Qəşəmin eşşəyi ölürdü. Tövlənin ortasında uzanıb can verir, irilənmiş və yaş axmaqda olan gözlərini sahibinə dikərək, taqətsiz halda çapalayırdı. Tütün Qəşəm bir az əvvəl eşşəyinin ölüm tamaşasına yığışan nəvələrini, eləcə də qonşu uşaqlarını qovalayıb tövlədən çıxarmışdı. İndi tək - danə, ötən il arvadı ilə küsüşdükləri zaman barışmaq üçün rayondan alıb gətirdiyi dəmir ayaqlı oturacağın (arvadı inək sağanda ondan istifadə edirdi) üstünə çökərək məlul - məlul eşşəyinə, daha doğrusu onun ölümünə tamaşa etməkdə idi. Qoduqluğundan Qəşəmin həyətində olan bu eşşək az qala Qəşəmlə “ ömür - gün” yoldaşı idi və onun bütün xeyir və şər günlərində köməyinə yetmişdi. Meşədən odun da eşşəyin üstündə gətirilmişdi, bulaqdan su da.
Bir az əvvəl qonşu Zubeyd kişi gələrək eşşəyi əzabdan qurtarmaq üçün onu kəsməyi məsləhət görmüş, buna Qəşəmin əli getməyəcəyini anlayınca irəli yeriyib bu savab işi özü görmək istəsə də Tütün Qəşəm razılaşmamışdı. Bununla da Zubeyd başını bulayaraq tövləni tərk etmişdi.
İndi də eşməni - eşməyə calayaraq kor - peşman halda oturub eşşəyinə tamaşa edir, bir zaman onun tərsliyi tutduğu zaman kürəyinə, yanlarına, hətta başına belə çubuqladığı günləri xatırlayıb peşmançılıq və utanc hissi keçirərək eşşəyinin ağlar gözlərinə baxmaqdan çəkinirdi. Bu xatirələr nəticəsində Qəşəm gözlərinin nəmləndiyini də hiss etdi və tövlədə heç kimin olmadığına əmin olsa belə ətrafı diqqələ süzdü. Onu eşşəyinin üstündə ağlayan görsəydilər, uzun müddət camaatın məsxərəsində qalardı. Odur ki, əlinin dalı ilə gizlincə gözlərini sildi.
Bu arada həyət qapısı zərblə açıldı və ardnca Qəşəmin altı yaşlı nəvəsinin səsi eşidildi:
- Baba, ay baba.
Qəşəm bilirdi ki, cavab verməsə nəvəsi sözünün ardını deməyəcək. Odur ki, əsəbi və kal səslə bağırdı:
- Nə var?
Nəvənin səsi yenə də bayaq durduğu yerdən gəldi:
- “Baba, Zubeyd babanın inəyi doğuy”.
Tütün Qəşəm narazılıqla başını buladı:
- Doğur doğsun da, mənə nə var!?
Onun bu cavabından bir neçə saniyə sonra tövlənin qapısı eynilə həyətinki kimi, zərblə açıldı, kiçik Qəşəm qapıda göründü. O, əllərini yanlara açaraq: “ yox e, həm doğuy, həm də ölüy” - deyərək sanki babasına vəziyyətin ağır olduğunu anlatmağa çalışdı. Uşağın həyəcanlı hərəkətləri sözlərinin məğzini tamamlayaraq gülməli bir səhnə yaratmasına baxmayaraq Qəşəmin dodağı belə qaçmadı. Ölüm ayağında olan eşşəyini damın altında yalqız qoymaq ona ağır gəlsə də, onsuz da küsəyən olan qonşusunun inciyə biləcəyini düşünüb günahkar tərzdə çiyinlərini çəkərək, kepkasını gözünün üstünə endirib tövlədən çıxdı.

*****

İnək tövlənin ortasında uzanıb qalmışdı. Altı balanın anası olan bu iri cəmdəkli heyvanın da gözləri gücənməkdən irilənmiş, onlardan da eynilə Qəşəmin eşşəyinin gözlərindən olduğu kimi yaş axırdı. Zubeydin rəngi qap - qara idi və o, tövlənin bir küncündə çənəsini ovucları ilə qucaqladığı yabanın sapına dayaq edərək durmuşdu. İnəyin ətrafına qonşu kənddən çağrılmış baytar həkim, eləcə də kəndin mal - heyvanatdan başı çıxan ağsaqqal kişiləri yığılmışdı. Çox güman ki, onlar Qəşəm gələnə kimi inəyin vəziyyəti ilə bağlı məşvərət etmişdilər və indi hamı sakitcə durub baytar həkimin inəyin quyruğundan yapışaraq doğuşa kömək etmək cəhdlərinə tamaşa edirdi. Tövlənin qapısı açıq olduğundan həyətə yığışan kənd uşaqları da inəyin ölüm - doğum səhnəsini izləmək imkanında idilər. Ancaq onlara bu səhnənin nə ilə nəticələnəcəyini sona qədər izləmək nəsib olmadı. Əsəbindən tövlədə özünə yer tapa bilməyən Zubeyd həyətə çıxaraq uşaqların üstünə qışqırdı - “nə var, kino görsətillər” - deyib əlindəki yabanı hərləyərək azyaşlıları sonuncusuna qədər həyətindən çıxardı.
Az keçməmiş baytarın vurduğu güc iynəsi öz səmərəsini verdi. İnək doğdu. Ancaq Zubeyd bu hadisəyə sevinməyə imkan tapmamış həkim inəyin sağ qalacağına ümüdün az olduğunu söylədi. Buzovu anasının çapalayan ayaqlarından qorumaq üçün kənara çəkməyə çalışan Zubeydə bu dəqiqələrdə iynə vursalar qanı cıxmazdı və o, özünü saxlaya bilmədən taleyinə lənətlər yağdırırdı.
Az sonra həqiqətən də inək böyürərək can verməyə başladı və bu zaman ağsaqqalardan kimsə onu əzabdan qurtarmaq üçün kəsməyi məsləhət gördü. Zubeyd bayaqkı kimi yabasına söykənib durmuşdu və anlaşılmaz idi ki, o, ağsaqqalın məsləhətini eşidib, ya yox.
Bu sözdən sonra baş verənləri sakitcəsinə durub müşahidə edən Tütün Qəşəmin gözləri önündə yenidən can verən eşşəyi canlandı və o, üzündəki ifadəni büruzə verməməyə çalışaraq məlul görkəmli Zubeydə baxdı: - kəs də köpəkoğlu, niyə kəsmirsən?!

*****

Alça ağacı gül açmışdı və ağ çiçəkləri son dərəcə gözəl görünməklə yanaşı, həm də ətrafa incə bir qoxu yayırdı. Belə bir gözəlliyi məhv etməyə hər adamın əli gəlməzdi və odur ki, Turqay uzun müddət idi ki, alça ağacına baxaraq düşünürdü: - kəsim, kəsməyim?
Məsələ burasında idi ki, ağac qonşunun idi və kökü ilə əsas gövdəsi sahibinin həyətində olsa da, iri bir budağı Turqaygilin həyətinə sallanmışdı. Həm də bu ağacın üstündə qonşular bir ildən artıq idi ki, küsülü idilər.
Ötən il dəymiş alçalardan bir neçəsini dərib cibinə yığan Turqayı qonşu görmüş, heç bir söz deməsə də, narazılıqla başını bulamışdı. ” Öz bağında ola - ola mənim alçamı niyə dərirsən? “ ifadəsinin hərəkət təsvirini anlayan Turqay dilini dinc qoymamış: - xoşun gəlmir, elə et ki, ağacın mənim bağıma düşməsin, - deyib gor qonşusunun peysərincə qışqırmışdı. Bundan sonra arada əməlli - başlı mərəkə qopmuş, ailələrdə səsə gələn böyük - kiçiyin hamısı öz imkanınca söz davasına qoşulmuşdu. Nəhayət, qonşu qışqıra - qışqıra Turqaya səslənmişdi ki, budağı kəssin. Ardınca isə onun arvadı, sanki Turqayın ağacı kəsəcəyindən və nəticədə bir tas turşunun zay olacağından qorxurmuş kimi, söz atmışdı: - barlı meyvəni kəsənin əli quruyar.
Turqay da ar etdiyindənmi, yaxud əlinin quruyacağı qorxusundanmı, o zaman budağı kəsməmiş, üzü payıza isə qonşu ilə hələ də küsülü qalmalarına baxmayaraq budaq məsələsi tamamilə yaddan çıxmışdı.
İndi də Turqay alça ağacının səmti ilə özləri tərəfdə əkdikləri ” keçi məməsi ” üzümünün yerdə sürünən budaqlarını zay olmaqdan qurtarmaq üçün çardaq tikmək fikrinə düşmüşdü. Bu işdə isə alça ağacının budağı ona bir qədər mane olurdu. Məftillə budağı çəkib bağlamaq istəsə də gücü çatmamışdı və odur ki, budağı kəsməkdən özgə çarə görmürdü. Amma bu dəfə yarı barlı ağacı kəsmək qorxusuna həm də budaqdakı topa çiçəklərin gözəlliyi də əlavə olunurdu ki, bu səbəbdən Turqay bayaqdan bəri iş görmək əvəzinə, popiros tüstülədərək hipnozlu adamlar kimi sadəcə ağacı seyr etmək məcburiyyətində qalmışdı.
Və o, bütün bunları küçədə, üzbəüz qonşularının çəpərinin dibində çömbələrək oturmuş halda edirdi. Burada olduğu bir saat ərzində yoldan ötüb keçərkən ona yanaşıb hal - əhval tutan adamlara tikmək istədiyi çardaqla bağlı heç nə deməsə də öyrənmişdi ki; ötən gün doğuş zamanı Zubeydin inəyi ölüb və balası sağ qalan inəyinin cəmdəyi üstündə az qala ağlamağa hazır olan Zubeyd dan yeri sökülməmiş ölü inəyinin ətini çappalayaraq rayon mərkəzinə, ucuz qiymətə kolbasa sexlərindən birinə satmağa aparıb. Deyilənlərə görə eyni gündə eşşəyi ölən Tütün Qəşəm də eşşəyinin ətini Zubeydlə birgə təhvil verməyə aparmışdı. Amma sonuncu xəbər şayə və şəbədə xarakterli idi ki, o qədər də inandırıcı görünmürdi. Çünki kənddə hamı bilirdi ki, Tütün Qəşəmin eşşəyi qocalıqdan ölüb və uzun müddət bir dəri, bir sümük olub. Odur ki, sexlərin onun cəmdəyini alacağı ağlabatan görsənmirdi.
Kolbasa ilə bağlı olan xəbərləri söyləyən kənd adamları onu da qeyd edirdilər ki, dünənki cəmdəklərin sexə verilmə məsələsi ortalığa çıxandan sonra kənddə bir çox adamlar kolbasadan iyrənərək onu yeməyəcəklərinə and içiblər.
Bu sözləri eşidən Turqayın yadına inişil yoncadan köpüb gəbərmiş camışlarını royon mərkəzinə aparmaları düşdü. O zaman ailə üzvləri bir müddət kolbasa yeməkdən imtina etmişdilər. İndi isə hər şey ötüb keçmişdi və ailənin rayon mərkəzinə gedən hər hansı bir üzvü azından yarım kilo kolbasasız qayıtmırdı.
Xatirələri fonunda Turqay kolbasa yeməyənlərin yeddi arxa dönənini söyməyi də unutmadı. Çünki kənddə ölən cəmdəklərin kolbasaya təhvil verilməsi yeni xəbər deyildi və hətta mahalda belə az qala elə bir qapı yox idi ki, oradan rayon mərkəzinə cəmdək aparılmasın. Hər dəfə bu məsələ təzələnəndə isə bir neçə farmazon bundan belə kolbasa yeməyəcəyinə and içirdi.
Popirosundan dodaqları arasına yapışıb qalan tütün dənələrini tüpürərək yerindən qalxıb həyətlərinə girdi. Çəpərin dibinə atılıb qalan mişarı götürərkən ürəyində bir neçə dəfə təkrar etdi: - kəsəcəyəm!

*****

Camaat, başda molla Qurbəli olmaqla Umarya qarını basdırıb qəbirstandan qayıdırdı. Müsəlman adətinə uyğun olaraq mərhumənin həyətinə gedib başsağlığı verdikdən sonra dağılaşacaqdılar. İkibir, üçbir hərəkət edən adamlar pıçıltı ilə danışaraq popiros tüstülədirdilər. Axının önündə gedən dindarlar isə camaatdan fərqli olaraq aydın danışırdılar və onların söhbətinin mövzusu kənddəki ölü qırxlarının bir - birinə qarışması idi.
Hesablamalara görə kənddən hələ üç ölü cıxmalı idi və indi bu məsələ kənd camaatını məşğul edən əsas mövzu sayılırdı. O üzdən kənddə hamı xəstə yatan adamların sayını dəqiqləşdirib vəziyyətlərinin neçə olduğunu bilməyə çalışırdı.


*****

Umarya qarının qırxı günü müsəlman adətinə uyğun olaraq ehsan verilirdi. Molla Qurbəli “ Yasin ” i bitirmişdi və mərasimə gələnlər çəkiləcək yeməyi gözləyə - gözləyə xısınlaşırdılar. Aradakı söhbətlərin əsas mövzusu yenə də yeddi ölü məsələsi idi və bu mövzuda diqqət Molla Qurbəlidə cəmlənmişdi. Güman ki, Molla Qurbəli bunu bilirdi və bu üzdən camaatı intizarda saxlamaq üçün hələki dinmirdi. Nəhayət, çaylar süfrədən yığışdırılarkən o, öskürüb bir növ otaqda sükut yaradılması vacibliyinə işarə etdi. Və gözlənildiyi kimi bu öskürəkdən sonra otaqdakılar xısınlaşmalarını yığışdırıb nəzərlərini mollaya cəmlədilər.
- “Camaət” - Molla Qurbəli növbəti kal öskürəyinin dalınca sözünə belə başladı: - “mən bilirəm ki, son günlər sizləri məşğul edən fikirlərdən biri də kəndimizdə ölü qırxlarının bir - birinə qarışmasıdır. Ancaq unutmaq lazım deyil ki, hər bir şey allahu - təalanın əlindədir və onun hökmlərinə qarşı çıxmaq böyük günahdır. Yəni,” - bu arada molla sözünə bir neçə saniyəlik ara verərək sözünə davam etdi - “olacağa çarə yoxdur”.
Onun sözünü bitirməsindən sonra otaqda yaranan sükut uzun müddət davam etdi. Sanki hamı bu anlarda kiminsə qapını açıb kənddəki növbəti ölüm xəbərini gətirəcəyini gözləyirdi. Lakin bu baş vermədi və saniyələr ötdükcə məclisdəki xısınlaşma təzələndi. Otaqda növbəti sükutu isə Zubeydin səsi yaratdı:
- Qurbəli əmi, gözlənilən ölülərin hamısının bizim kənddən çıxması vacibdirmi ki?
Bu suala da Molla Qurbəli həmişəki kimi əminliklə cavab verdi. Dediklərindən belə anlaşıldı ki, növbəti ölülər ya hal - hazırda kənddə yaşayanlardan, ya da kəndin camaatından olub, köçüb getmiş, yaxud müvəqqəti qıraqda yaşayanlardan olmalıdır: - ”əsası odur ki, yaxın 6 - 7 saat ərzində kənd qəbirstanlığının növbəti ölüsünü qəbul edəcəyi barədə xəbər gözlənilir”.
Qurbəlinin əminliklə dediyi bu sözlərdən sonra otaqda oturanların hər biri kənddə olan xəstələrin, qocaların eləcə də kənarda yaşayan kənd əhlinin surətini göz önündə canlandırmağa başladı.
Bu zaman balaca Xaqan qapının pərdələrinə bürünüb gizlənərək nənəsinin qırxına gələnləri, xüsusilə Molla Qurbəlini dinləyir, hamı kimi o da kənddə növbəti ölünün kim ola biləcəyi haqda düşünürdü.
Ehsanın ardınca verilən fatihəyə kimi otaqda yalnız ara - sıra uçuşan milcəklərin vızıltısı eşidildi.

*****

Həmin gecə kənd camaatının əksəriyyəti kimi Molla Qurbəli də gecə saatlar 12 - ni vuranadək yatmayıb kənddə eşidiləcək növbəti vay - şivən səsini gözlədi. Lakin nə gecə yarısı, nə də səhərə yaxın kəndin içində it hürüşməsindən və xoruz banından başqa səs duyulmadı.
Bu dəqiqələrdə gecəni narahatcılıq içində geçirərək yata bilməyən bir para kənd adamları məlum maraqları ilə yanaşı bir şeyin də peşmançılığını çəkirdilər. Nə üçün Molla Qurbəlidən soruşmayıblar, - müsəlman vaxtı ilə gün nə zaman tamam olur, gecə saat 12 - də yoxsa gündüz!?

*****

Xaqan lo xəbər gətirərək söyləyib qapıdan çıxmaqda olan qonşunu nəzərləri ilə yola salıb qurumuş dodaqlarını dili ilə islatmağa çalışdı. Batıq ovurdları dilini çölə çıxartmaqda çətinlik törətdirdi və buna görə də qoca zarıltı ilə başı üstündə duran nəvəsindən su istəməyə məcbur oldu. Nəvəsinin qaynanmış su dolu stəkanı ona yarıya qədər içirtməsindən sonra azacıq özünə gələn qoca zarıltılı səslə ufuldadı: - vəssalam, kənddən yeddi ölü çıxacaq, - dedi və gözlərini yumub huşa gedərək, mürgüləməyə başladı.
Bu zaman batıq ovurdları çənə sümüklərinin arasına girərək yox olma həddinə catdı.Ardınca isə qocanın dişsiz ağzından çıxan qəribə fışıltı otağa yayıldı.

23 Aprel 2007
XS
SM
MD
LG