Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:00

ABŞ: «Azərbaycanda prezident seçkisi beynəlxalq standartlara cavab verməyib»


Marie Harf
Marie Harf
-

ABŞ Dövlət Departamenti Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisi ilə bağlı bəyanatla çıxış edib.

Dövlət Departamentinin sözçüsünün müavini Marie Harf tərəfində oktyabrın 10-da Vaşinqtonda səsləndirilən bəyanatda qeyd edilir ki, ABŞ davamlı olaraq Azərbaycan hökumətini seçkilərin azad və ədalətli keçirilməsini, ölkədə toplaşma, birləşmə, ifadə azadlıqlarını təmin etməyə çağırıb: ”Təəssüf ki, biz bu seçkinin beynəlxalq standartlara uyğun olmadığı qənaətinə gəlmişik.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Parlament Assambleyası oktyabrın 10-da özlərinin ilkin rəylərində Azərbaycanın ATƏT qarşısında öhdəliklərini yerinə yetirməsi baxımından bu seçkidə ciddi çatışmazlıqları vurğulayıb. ABŞ bu qiymətləndirmə ilə razıdır və ATƏT-in həmin narahatlıqlarını bölüşür”.

Dövlət Departamenti bu seçkidə çatışmazlıqlar kimi bəzi halları qeyd edir:

"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi kimi başqa etibarlı qeyri-hökumət təşkilatları da seçkidə ciddi problemləri qeydə alıb. Bu problemləri əsasən aşağıdakı şəkildə ümumiləşdirmək olar:

1. Seçki qutularının topa-topa bülletenlərlə doldurulması,
2. Səslərin sayılması zamanı ciddi problemlər,
3. Verilmiş səslərin düzgün sənədləşdirilməməsi."

Bəyanatda həmçinin vurğulanır ki, Azərbaycan hökuməti seçkiyə qədərki dövrdə də ölkədə repressiv siyasi mühiti saxlayıb. Davamlı olaraq hakimiyyət orqanları medianın, vətəndaş cəmiyyəti qurumlarının işlərinə müdaxilələr edib. Seçki kampaniyasından əvvəlki dövrdə və bəzi hallarda kampaniya zamanı dinc aksiyalarda zorakılıq edilib, bir sıra müxalifət və gənclər təşkilatları fəalları həbs edilib.

Eyni zamanda ABŞ Azərbaycan hökumətinin ATƏT-in müşahidəçilərinin rəylərində qeyd etdikləri bəzi konstruktiv cəhətləri də alqışlayır: “Burada Cəmil Həsənli və başqa bir neçə müxalifət namizədlərinin qeydə alınması, müxalifətin seçki mitinqlərinə icazə verilməsi, ATƏT-in seçkini müşahidəyə dəvət olunması və seçkinin texniki cəhətdə effektiv hazırlanması qeyd oluna bilər.

Demokratiya təkcə bir seçkidən daha böyük anlamdır. ABŞ Azərbaycan hökumətini dinc toplaşmaq, birləşmək və ifadə azadlıqlarını təmin etməyə çağırır. Biz bütün tərəfləri seçkidən sonrakı dövrdə təmkinli olmağa və zorakılıqlardan çəkinməyə çağırırq.

Biz Azərbaycan xalqına dəstək olmaq və bu ölkənin beynəlxalq ictimaiyyətin demokratik, sabit və firavan bir üzvü olması yönündə cəhdlərini dəstəkləmək öhdəliyimizə sadiqik.”
XS
SM
MD
LG