Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:46

Əfv sərəncamına sevinib sonra üzülənlər...


Fərhad Əliyev azadlıqda
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Fərhad Əliyev azadlıqda

-
– Çox şükür, hər şey qaydasındadır... Anamın yanındayam, çox rahatam! –
AzadlıqRadiosu müxbiri əfv olunan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevdən ilk bu sözləri eşitdi.

– Gözləmirdim, bu mənə ən böyük sürpriz oldu! – Bu sözləri isə keçmiş nazirin anası dilə gətirdi. Onun gözlərindən sevinc yağırdı.

Oktyabrın 14-də imzalanan əfv sərəncamı ümumilikdə 152 nəfəri əhatə edib. Əfvə düşənlər arasında 7 xarici ölkə vətəndaşı da var.

«HAMIMIZ GÖZLƏDİK, AMMA...»

Əfvə sevinən, onu şadyanalıqla qarşılayanlarla yanaşı, siyahıda yaxınlarının adını görməyib məyus olanlar da var.

Bu sərəncama ən çox sevinənlərdən biri də bu ilin martında həbs edilən Daşqın Məlikovun ailəsi olub. Amma onların sevinci uzun sürməyib – azadlığa buraxılan məhbusların adı açıqlanınca qanları qaralıb. Məhbusun atası Əlisəfa Məlikov yaşadığı hissləri AzadlıqRadiosuna belə ifadə edib:
Daşqın Məlikov
Daşqın Məlikov

«Hamımız gözlədik, həm də sevindik. Amma indi peşmançılıq çəkirəm. Başımı itirmişəm, çox pis vəziyyətdəyəm. İnfarkt keçirmişəm. Xəbəri eşidəndən sonra həyəcanlandım. İndi lap pisəm».

Məhbus atası yaxın vaxtlarda yenidən əfv və ya amnistiya olacağı barədə məlumat eşitdiyini və eşitdiklərinin onu bir az ümidləndirdiyini də sözlərinə əlavə edir.

Bu ilin martında narkotik maddələrin satışında ittiham edilən və 2 il 6 ay azadlıqdan məhrum olunan AXCP üzvü Daşqın Məlikovun da adı əfv siyahısında yoxdur. Oktyabrın 3-də partiya sıralarını tərk etməsinə və İlham Əliyevin siyasətini dəstəkləməsinə dair bəyanat yayması onun əfv olunacağına inananların sayını artırmışdı.

«ƏN AZINDAN GÖZLƏYİRDİK Kİ...»

Bir neçə gün öncə Avropa Şurasına 142 nəfərlik siyasi məhbus siyahısı təqdim edən hüquq müdafiəçisi Rəsul Cəfərovun fikrincə, sayca 55-ci bu əfv sərəncamı onların ümidlərini doğrultmayıb:

«Ən azından gözləyirdik ki, siyasi mövqelərini dəyişdiklərini bəyan edən AXCP üzvü Daşqın Məlikov, hüquq müdafiəçisi İlham Əmiraslanov, dindarlardan İlham Ələkbərov və bir neçə məhbus əfv olunacaq. Siyahıda olan çox sayda məhbusun azadlığa çıxacağına ümid bəsləyirdik».

Rəsul Cəfərov
Rəsul Cəfərov
ƏFV-Ə SİYASİ YANAŞMA

Rəsul Cəfərova görə, hakimiyyətin son əfv sərəncamına siyasi yanaşması açıq-aydın görünür. Hüquq müdafiəçisi hesab edir ki, belə olmasaydı, Fərhad Əliyev və qardaşı ilə eyni vaxtda həbs edilən sabiq səhiyyə naziri Əli İnsanov da azadlığa çıxanların arasında olardı:

«Deməli, burda açıq siyasi məqsəd və maraq var. Axı Fərhad Əliyev İlham Əliyevə, Əli İnsanov isə, əksinə, müxalifətdən olan prezidentliyə namizəd Cəmil Həsənliyə səs verdiyini açıqlamışdı. Düşünürəm ki, bu əfv sərəncamı ölkədə siyasi məhbus problemini həll etmək baxımından çox səmərəsiz bir sərəncam oldu».

«DAHA ÇOX MƏHBUS AZAD OLUNA BİLƏRDİ»

Penitensiar xidmətə nəzarət üzrə ictimai komitənin üzvü, hüquq müdafiəçisi Sahib Məmmədov olaya fərqli yanaşır. Onun fikrincə, siyasi məhbus sayılsa və ya sayılmasa da, 152 nəfərin əfv olunması 152 ailənin sevinci deməkdir. Sahib Məmmədovun qənaətincə, bəzi problemlər çözülsəydi, əfvə düşənlərin sayı daha çox ola bilərdi. O, dediklərinə misal da çəkir. Deyir, Ədliyyə Nazirliyi yanında vaxtından əvvəl şərti azad etmə ilə bağlı komissiya bir neçə nəfərin azad olunması qərarına gəlsə də, prokurorluq buna etirazını bildirib:
Sahib Məmmədov
Sahib Məmmədov

«Misal üçün bir nəfər var 75 yaşında, xəstədir. Komissiya onun vaxtından əvvəl azad olunmasını istəmişdi, prokurorluq buna etiraz etdi. Ağır xəstə olan bir məhbus var, o da bu səbəbdən azad olunmadı. Amma 10 saylı cəzaçəkmə müəssisəsində rus millətindən olan bir məhbusun buraxılmasına prokurorluq etirazını bildirsə də, prezident onu əfv etdi».

Sahib Məmmədov Azərbaycan həbsxanalarındakı məhbusların 30 faizə qədərinin azadlığa buraxılmasının tərəfdarıdır. Hüquq müdafiəçisi həmin şəxslərin, əsasən, narkotik maddə istifadəçisi və ya təsadüfən həmin məsələ ilə bağlı həbsxanaya düşdüklərini deyir:

«Demirəm ki, onlar günahsızdırlar. Sadəcə, düşünürəm ki, həmin adamları həbsxanaya yox, bərpa proqramlarına cəlb etmək lazımdır. Düzdür, bu, çox mübahisələr doğurur. Amma həbsxanada çox ağır ehtiyac içində olanlar da var, kimsə onları aldadıb ki, al, bu narkotik maddəni filankəsə ver. Bunu edəndə tutulub və hazırda həbsxanada cəza çəkir».

Sahib Məmmədova görə, əfv nə qədər humanist akt olsa da, onu mübahisələndirib qeyri-humanist akt kimi dəyərləndirənlər də az deyil:
Məhbuslar
Məhbuslar

«Tutaq ki, biri başqasının sağlamlığına zərər vurmaqla «sosial ədalət»in bərpasına nail olub. Sonra hansısa aktla həmin adam cəzasını tam çəkmədən azadlığa çıxırsa, zərərçəkən tərəf bundan bir qədər də sarsılır. Amma bütövlükdə Azərbaycan kimi cəmiyyətlərdə bu kimi aktlara həmişə ehtiyac var və mən bunu alqışlayıram».

«AZADLIĞA ÇIXMAĞINA SEVİNMƏYƏNLƏR DƏ VAR»

Təzadlı görünsə də, əfv olunanlar arasında azadlığa çıxmağına sevinməyənlər də var. Hüquq müdafiəçisi say açıqlamasa da, belə məhbusların az olmadığını bildirir:

«Çıxanda hara gedəcəklərini bilmirlər. Elələri var ailəsi tərəfindən atılıb, eləsi var narkomaniyaya qurşanıb, əmlakını satıb və indi qalmağa, getməyə heç bir yeri yoxdur. İnsanlar var ki, həbsxanada gündə 3 dəfə yemək yeyir, yatmağa yeri var, azadlığa çıxanda isə bütün bunları özü təmin etməlidir, amma edə bilmir».

Oktyabrın 14-də prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Bu, Azərbaycanın müstəqillik əldə etməsindən indiyədək sayca 55 əfv sərəncamıdır. Bu sərəncamlar bütövlükdə 6 minə yaxın məhbusa şamil olunub.
XS
SM
MD
LG