Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:03

Məzunlar «işsizlik və işçisizlik» dilemması ilə üz-üzə qalıblar


Rəşad Əliyev
Rəşad Əliyev

-
«Universiteti 3 il əvvəl bitirmişəm. 570 balla qəbul olmuşdum. Hələ də özümə iş tapa bilməmişəm» – Bu sözləri deyən Rəşad Əliyevin 25 yaşı var. O, İqtisad Universitetini bitirib və əsgərlikdən qayıdandan bəri ixtisası üzrə iş axtarır:


«İxtisasım biznes inzibatçılığıdır. Ən xırdalarından ən irisinədək neçə-neçə şirkətə CV-mi – özüm barədə dəqiq məlumatı yollamışam. Ya müsahibəyə çağırmırlar, ya da çağırıldığım yerdən məyus qayıdıram. İş təcrübəm yoxdur deyə, müsahibələrdən keçə bilmirəm. Axı, öz sahəmdə təcrübəmin olması üçün haradasa işləməliyəm. Amma harada?».


İŞSİZLİK YOXSA, İŞÇİSİZLİK?

Rəşad Əliyev deyir ki, indi ancaq kafelərdə iş tapmaq olar, qalan işlər balıqsız çaya tilov atmağa bənzəyir. Onun kimilər – diplomu əlində qalanlar işsizlikdən, işəgötürənlərsə ölkədə mütəxəssis qıtlığından gileylənirlər.

Məsələn, bu yaxınlarda Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycanda işsizlik deyil, işçisizlik probleminin olduğunu vurğulayıb:


«Deyirlər ki, iş yerləri yoxdur. Amma mən deyərdim ki, bizdə işsizlik yox, işçisizlik var. Biz işçi, mütəxəssis tapa bilmirik. Fakt budur ki, indi işçi tapılmır. Vaxt vardı, Azərbaycan neftçiləri bölgəyə nümunə sayılırdı».

Azərbaycan Respublikası üzrə yeni açılmış iş yerləri haqqında məlumat

Azərbaycanda yeni açılmış iş yerləri haqda rəsmi məlumat

«ALMANİYADA TƏHSİL ALANI SEÇDİK»

Avropa Hərəkatının ictimaiyyətlə əlaqələndiricisi Pərviz Əzimovun məsələyə baxışı da Rövnəq Abdullayevlə üst-üstə düşür. Onun sözlərinə görə, iş üçün üz tutan 200 adamdan yalnız 25-ini müsahibəyə çağırıblar. O da:


«Müraciətçilərin biliyi, dünyagörüşü, peşəkarlıq səviyyəsi tələbləri ödəmir. Müsahibəyə çağırdıqlarımızın əksəriyyəti elan olunmuş sahələrə yaxın ixtisaslar üzrə təhsil alsalar da, istər nəzəri, istərsə əməli bilikləri çox aşağı idi. Sonda bir nəfəri seçdik. O da Almaniyada təhsil almışdı».

Etibar Əliyev
Etibar Əliyev

«BU TƏHSİLLƏ MÜTƏXƏSSİS YETİŞMƏZ»

XXI Əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin fikrincə, problem keyfiyyətsiz ali təhsildən qaynaqlanır, çünki universitetlər mütəxəssis yetirə bilmir. İxtisasların əmək bazarının tələblərinə uyğun gəlməməsi də, bir başqa ciddi problemdir:


«Təbiət elmləri üzrə ixtisaslaşanların 70-80 faizi işsizdir. Texniki Universitetdə, Memarlıq və İnşaat Universitetində öyrədilən ixtisaslara yiyələnənlərin 70-80 faizi əmək bazarının tələbatına uyğun gəlmir. Beləcə, dövlətin və vətəndaşın ödədiyi təhsilhaqqı boşa gedir. Yaxud götürək müəllim ixtisasını. Bu qədər müəllimin diplomu əlində qalıbsa, hər il yenə nə qədər müəllim hazırlamağın nə mənası var? Üstəlik, məzunların hamısı qalıb şəhərdə işləmək istəyir. Ali məktəblərdə modernləşmə getməlidir. Əmək bazarının tələbatına uyğun mütəxəssis hazırlanmalıdır. Köhnə müəllimlərlə, köhnə laboratoriyalarla, köhnə proqramlarla yeni kadr hazırlamazlar».


Dövlət Statistika Komitəsinin 2012-ci ilə olan məlumatına görə, dövlət qulluğunda 29 mindən çox çalışan var. Onların böyük əksəriyyəti 45-54 yaşlarında, təxminən 5 mini 30 yaşınadək olanlardır. Ölkə üzrə rəsmi işsizlərin sayı isə 243 min nəfərdir. Bu rəqəmin 40 mini ali təhsillilərin payına düşür. Təxminən hər 4 nəfərindən biri – 66 min nəfəri 20-25 yaşlı gənclərdir.

«7 MİN MANAT İSTƏDİLƏR...»

Əfşan Kərimova universiteti bitirəndən sonra iş üçün döydüyü qapı və eşitdiyi cavabdan söz açır:

Əfşan Kərimova
Əfşan Kərimova


«Düşünürdüm ki, universiteti bitirəndən sonra hər hansı bir məktəbdə müəllim çalışaram. Diplomumu əlimə alandan sonra üz tutdum məktəblərə. Çoxundan «ehtiyacımız yoxdur» cavabını aldım. Amma müəyyən məbləğ ödəsəm, iş tapılardı. Məsələn, sonuncu məktəbdən işə görə 7 min manat istədilər. Alacağım əməkhaqqı ilə bu məbləği 4-5 ilə toplaya bilərdim».


Əfşan indi tamam başqa sahədə – mühasib işləyir. Müəllim maaşı ilə müqayisədə yaxşı da əməkhaqqı alır. Hərdən öz-özünə sual verir ki, 4 il əziyyət çəkib, pul xərcləyib universitet bitirməyə dəyərdimi?

Onun müəllim diplomu evdədir və bu diplomun nə vaxt gərək olacağını heç özü də bilmir...

MƏZUNLUĞUN SONRASI...

Azərbaycanda 29 dövlət, 14 özəl ali təhsil ocağı var. Hər il ortalama 145 min tələbə universiteti bitirir. Bəs onların neçəsi özünə iş tapa bilir?

Təhsil Nazirliyi AzadlıqRadiosunun sorğusuna cavabında hər hansı rəqəm bildirmir və vurğulayır ki, monitorinqi universitetlər aparmalı və nəticələri kadr hazırlığı prosesində nəzərə almalıdır.

İldə ortalama 3 min məzunu olan Bakı Dövlət Universiteti daha məzunları barədə analitik hesabat hazırlamır.

Bakı Dövlət Universiteti
Bakı Dövlət Universiteti

Rektorun maliyyə məsələləri üzrə müşaviri Məzahir Sultanovun sözlərinə görə, əvvəllər tələbələrə göndəriş əsasında təyinat verildiyi üçün nə qədər məzunun iş tapmasına dair məlumatları olurdu. İndi işəgötürməni dövlət qulluğuna qəbul komissiyası həyata keçirdiyindən artıq həmin məlumat hazırlanmır:


«İşəgötürmə dövlət qulluğuna qəbul imtahanı əsasında aparılmazdan öncə nazirliklərdən bizə vakant sahələrin siyahısı gəlirdi. Onun əsasında məzunlarımıza təyinat verirdik. Biz indi ancaq keyfiyyətli və öz sahəsinin mütəxəssisi olan kadr hazırlığına cavabdehik. Düzdür, birmənalı şəkildə deyə bilmərik ki, bizim universiteti bitirən tələblərin əksəriyyəti tam hazırlıqlı kadrdır».


QAFQAZ UNİVERSİTETİNİ BİTİRƏNLƏRİN 60 FAİZİ İŞLƏYİR...

Dövlət Universitetlərindən fərqli olaraq özəl universitetlər məzunların iş tapması haqda illik məlumat hazırlayır. İndiyədək 3 min 300 məzunu olan Qafqaz Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Ceyhun Vəliyev deyir ki, ayrıca koordinasiya şöbəsi məzunlarla davamlı əlaqə saxlayır:

Qafqaz Universitetinin məzunları. Foto: www.qu.edu.az
Qafqaz Universitetinin məzunları. Foto: www.qu.edu.az


«Universitetin özü təhsilin gedişində vaxtaşırı əmək yarmarkaları keçirir. Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və xarici şirkətlər, banklar bizim universitetlə sıx əməkdaşlıq edirlər. Məzunlarımızın iş tapmasına yardımçı olmaq üçün əməkdaşlarımızın sırasını genişləndiririk. Çalışırıq işimiz ancaq diplom verməklə bitməsin, məzunların iş tapmasına da yardımçı olaq. Məsələn, 2011-ci ildə 401 məzununuz olub. Onlardan 67 %-i işləyir, 13%-i təhsilini davam etdirir, 20% ümumiyyətlə işləmir, onların da əksəriyyətini qızlardır. Ailə qurublar və ya başqa səbəbdən işləmirlər».


TÜRKİYƏDƏ MƏZUNU DAHA ÇOX İŞƏ DÜZƏLƏN UNİVERSİTET ÜSTÜN SAYILIR

Dünya universitetləri artıq təkcə keyfiyyətli təhsil və yaxşı mütəxəssis hazırlamaq uğrunda yarışmır, çünki tələbələr universitet seçərkən, məzunların iş tapma əmsalına da önəm verirlər. Daha yaxşı vəzifə, daha çox maaş qazandıran universitetlər seçimdə önə çıxır. Məsələn, qonşu Türkiyədə də universitetlərarası rəqabətdə məzunların iş tapıb-tapmaması ayrıca rol oynayır. Türkiyənin özəl Bahçeşehir Universitetinin professoru Nilufer Narlının sözlərinə görə, onların əsas hədəfi əmək bazarına uyğun mütəxəssis hazırlamaqdır.

Nilufer Narlı
Nilufer Narlı

Bundan ötrü, Türkiyənin bir çox universitetlərində olduğu kimi, Bahçeşehirdə də könüllülük və ya həvəsləndirici əməkhaqqı hesabına tələbələrə iş yerləri yaradılır. Onlar öyrəndiklərini burada sınaqdan keçirir, beləcə, bəlli təcrübə qazanırlar:


«Sosiologiya bölümünü misal gətirim. Tələbələrimiz bölüm müəllimlərinin layihələrində çalışırlar. Az miqdarda maaş alır və əvəzində sosial layihələrin necə hazırlamağı, ictimai araşdırma layihələrinin tərtib özəlliklərini və gerçəkləşdirilməsini, statistik bilgilərin hazırlanmasını, təhlilini öyrənir və beləcə, nəzəri biliklərini təcrübədən keçirirlər. Yaxşı mütəxəssis yetişdirmək qarşıya qoyduğumuz əsas məqsəd olduğu kimi, bu mütəxəssisin iş tapması da başlıca hədəflərimizdəndir».


«AZƏRBAYCAN UNİVERSİTETLƏRİNİN İŞİ DİPLOM VERMƏKLƏ BİTİR»

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, Azərbaycan təhsilində yaranan problemin kökündə təhsil siyasətinin olmaması dayanır:


«İldə hansı ixtisas üzrə neçə nəfərin gərəkli olması, yetişdirilmiş insanları bazarda yerləşdirmək üçün nələr etmək lazımdır – bunların heç biri Azərbaycanda araşdırılmır.
Natiq Cəfərli
Natiq Cəfərli
Avropada, Qərbdə yaxın 10 illə bağlı bənzər araşdırmalar var və 10 il sonra hansı ölkədə hansı ixtisaslara ehtiyac duyulacağı öncədən bilinir. Azərbaycanda isə belə elmi, sistemli yanaşmadan söhbət getmir. Ancaq hər il, necəgəldi, tələbə qəbul olunur. Onlar da, necəgəldi, oxuyur və əlinə bir kağız parçası alır, vəssalam. Bu gün Azərbaycan universitetlərinin işi diplom verməklə bitir».


PLAN YERLƏRİ LƏĞV OLUNUR...

Ali təhsil müəssisələrinin bakalavr və magistratura pilləsinə tələbə qəbulu üzrə plan layihəsini İqtisadi İnkişaf Nazirliyi hazırlayır. Ölkədə əmək bazarına uyğun, ehtiyac duyulan kadrlar hazırlandığı bildirilən beşillik plan Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənir. Bu plan ali təhsil ocaqlarının təklifləri əsasında tərtib edilir və vurğulandığına görə, maddi-texniki, kadr potensialı da nəzərə alınır. Tələbə qəbulu üzrə plan layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyası təsdiqləyir.

Sözügedən sistem artıq tarixə qovuşur. Oktyabrın 24-də ölkə prezidenti Yeni Təhsil Strategiyasını təsdiqləyib. Strategiya həm ali, həm də orta məktəblərdə problemlərin tezliklə həllini və təhsilin keyfiyyətcə artırılmasını hədəfləyib.

İlham Əliyev Goranboyda məktəbin açılşında, 2012
İlham Əliyev Goranboyda məktəbin açılşında, 2012

Yeni strategiyaya görə, universitetlər əmək bazarını öyrənib, ona uyğun kadr hazırlamalı və plan yerlərini müəyyənləşdirməlidir.

QARA QIZILI İNSAN KAPİTALINA ÇEVİRMƏK

Prezident İlham Əliyev çıxışlarının birində ölkə iqtisadiyyatının, ümumilikdə ölkənin inkişafı üçün mütəxəssislərin yetişdirilməsinin önəmindən danışıb:


«Qara qızılı insan kapitalına çevirmək, sadəcə, şüar deyil. Bu, reallıqdır. Təhsilin yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda oynadığı rol bu gün daha aktualdır. İnformasiya və biliyə əsaslanan cəmiyyətin və inkişaf edən ölkənin iqtisadiyyatının tələblərinə cavab verən insan kapitalını inkişaf etdirmək məqsədilə müasir və səmərəli təhsil sistemi yaradılır».


«Azərbaycan ali təhsil müəssisələrində kadr hazırlığı elə də ürəkaçan deyil. Ölkədə işsizlik problemi məzunların işini daha da çətinləşdirir» – müəllifin üz tutduğu ekspertlər belə düşünürlər. (Cədvəl: Azərbaycan Respublikası üzrə yeni açılmış iş yerləri haqqında məlumat)

XS
SM
MD
LG