Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:05

İran sərhədində atəşə məruz qalan traktorçunun atası AzadlıqRadiosuna danışdı...


Foto: Arxiv
Foto: Arxiv
-
Bu günlər Naxçıvanda, Araz çayı üzərində sahilbərkitmə işləri aparan traktora İran tərəfdən atəş açıldığı haqda məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, traktorçu özünü kabinədən ataraq güllələrdən yayınmağı bacarıb. Həmin traktorçunun atası, Hüseyn Ələkbərovla müsahibəni təqdim edirik. Hüseyn Ələkbərov da oğlu kimi traktorçudur:

- Bizim ekskavatorlar sahilbərkitmə işi görür. Növbənin dəyişildiyi saatlarda İran tərəfdən 4 snayper gülləsi atılmışdı. Güllələr traktorun radiatorunu dağıtmışdı. Təmir olundu, düzəldi...

- Traktoru kim sürüb həmin vaxt? Güllələrdən xəsarət alanlar olub?

- Traktoru mənim oğlum sürüb. Orada heç kim olmayıb ki, xətər dəysin. Oğlum da xəsarət almayıb.

- Sahilbərkitmə işini kim aparır?

- «Gəmiqaya» şirkəti. Daş döşəyirlər Arazın qırağına.

- Nə vaxtdan başlamışdılar sahilbərkitmə işinə?

- Bir həftə öncədən. Eşitdiyimə görə, iranlılar əvvəldən narazı olublar bu işdən. Onlar deyirmiş ki, siz sahilbərkitmə aparırsınız, sel gələndə İran tərəfini yuyub aparacaq.

- İran tərəfi bu haqda xəbərdarlıq etmişdimi ki, sahilbərkitmə işlərini dayandırasınız?

- O günədək İran tərəfi bizə deməmişdi ki, işi dayandırın. Heç bir xəbərdarlıq da edilməmişdi.

- Atəş açanları görən olub? Haradan bildiniz ki, güllələr İran tərəfdən atılıb?

- Deyilənə görə, snayper olub. Başqa cür ola bilməz ki. İstiqamətdən bilinir ki, İran tərəfdən atılıb.

- İndi sahilbərkitmə işləri davam edir, yoxsa insidentdən sonra dayandırılıb?

- İş gedir, dayandırılmayıb.

Naxçıvan Ali Məclisinin rəsmi orqanı «Şərq Qapısı» qəzeti də 2013-cü il noyabrın 5-də Şərur rayonunun Dəmirçi kənd yaxınlığında baş verən olay barədə məlumat vermişdi. Qəzetin yazdığına görə, traktorun yerləşmə vəziyyəti və güllələrin atılma istiqaməti atəşin İran İslam Respublikası ərazisindən açılmasını sübut edir.

Bu olaydan sonra – noyabrın 8-də İran tərəfi Azərbaycanla həmsərhəd Biləsuvar və Culfa keçid məntəqələrini bağlamışdı.

Hazırda bu məntəqələrin fəaliyyəti qismən bərpa olunub.
XS
SM
MD
LG