Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Unudulmuş şair... Mikayıl Rəfilinin şeirləri


Mikayıl Rəfili
Mikayıl Rəfili

-

Onu Azərbaycanda sərbəst şeirin atası sayanlar da var. Amma Sovet hökuməti ədəbiyyatı ideologiyaya qul etmək qərarına gələndə, bəyənmədiyi yazarları güllələyəndə, sürgünə, həbsə məhkum edəndə Mikayıl Rəfili "intihar" etdi, səssizcə ədəbi cameədən uzaqlaşdı - elm yolunu seçdi.

1958-ci ildə dünyasını dəyişən Rəfilinin kitabxana künclərində qalan şeirlərindən seçmələr "Oxu zalı"nda!


Mikayıl Rəfili


Axşam

Et ses cris grands cassalent les echos des rivages.
(Və onun müdhiş bağırtıları sahillərin əksi-sədasını parçalayırdı).
Emil Verharn.



Oturmuş yorğun və sarı bir axşam çarpayımın başında,
Dinlət – xəfif yel əsməsinə gizli-gizli gülən durğun
sular kibi qəlbimin döyünməsini.
Dostlar etmiş qəlbimdən baxan sərzənişli gözlərə vida,
Dinlərim bir gecəlik sevgilim olan çocuk gərdanlı
bir kadın kibi saçlarımı oxşayan
bu axşamın duyumlu nəğməsini..
Mən onu dinlərəm,
O məni dinlər...
Qəlbimin səsi, axşamın nəğməsi dolaşır sərxoş
ayaqları kibi bir-birinə

Bir bit kibi qaçır yasdığımdan ruhumun
qoxumuş cənazəsi,
Mazinin qəlbimdə dəlinmiş məzarından bir ölü
rüzgar əsir...
Xatırlaram belə bir axşam xülyalarım küçələrin
daşlarında parçalandı,
Qanadlarımın tükləri bir quruşluq kibritə yandı...
Xülyalarım küçələrin daşlarında parçalandı
Qanadlarım bir quruşluq kibritə yandı...
Duymadı kimsə qəlbimin divarsız buzxanalarında gəzən qədərini
Qarlı rüzgar əydi ömrün şumal sərvini...
Belə bir axşam...
Bəlkə bir axşam bir sərv yenə ucaldı,
Çiynindən cındır kibi sallanan rüzgarlaran öc aldı...
Elə bir axşam... bölünməzdim belə yarı,
İlk sevgimin bəyaz cənazəsini gətirsələr
diz çöküb hörmətlə öpərdim o əziz çürümüş dodaqları...

Moskva 1928



Ayıq sular, dəlik qayıqlar

Effrayant effraye, il cherchaint le chemin...
(Qorxuda-qorxuda, özü qorxa-qorxa yol axtarırdı).


Emil Verharn


Məmələrini bir-birindən ayıran sevgilisinin
Çıplak qolları kibi qolları çarpıldıqca dalğalara;
Toy, nağara çalan nəhirlərin aynasında,
Dağlar dalında qeyb olan uzaqlara
Bir qayıq üzər...
Əllərində qəndilləri sularda rəqs edər
Bahar ömürlərində can verən gözəllər
Qəlbini siyah dişlərilə gəmirən bir gecə
Ulduzların dəldiyi bir tor kibi ətəklərini uzatmış,
Onu kainat denən bir dərin boşluğa atmış...
Nəhir bayram içində...
O görümür bu bayramı,
Onu barmaqla nişan verir hamı
Mazidən şüurilə uzaqlaşır,
Qızaran dan yerinə bir dəlik qayıqla dırmaşır.
Bir dəlik qayıq...
Halbu ki
Sular ayıq!...

Moskva 1928



Bakını xatırlarkən...

Titrək, gümüş dodaqlarilə
Öpərək siyah dalğaları,
Doğurdu ay çəməndə gəzən bir qız kibi
Açarak gözəl üzünü yarı...
Dənizdə yelkənli gəmi
Bir quş kibi üzürdü,
Martılar dalğalara
İncilər düzürdü.
Şəhərin işıqları
Yorğunluq alan gözlər kibi uyur,
Gecənin rüzgar denən aşıları
“gizlənpaç” oynayan
Ləpələri tullayır...
Gələcəklər keçmişlərə
Hər zaman asi;
Yas dutur geçmişlərə
Şişman qarınlı Qız qalası...
Uzaqda Bayıl yanır
Iyirminci əsr ehramlarının gölgəsilə boyanır...
Ağ şəhərin çıraqları
Yenidən çalışmağa
Gecədən oyanır
Qəlbimdə yelkənli xiyal
Bir quş kibi üzür
Martılar min dalğalı qəlbimə
İncilər düzür...

Moskva 1928


Bir sərçənin sərgüzəştləri

Qızıl meydanı kilidləmişdi bir dəniz,
Keçmək üçün yox idi bir iz...
Yox idi bir iz.
Kimsə bilməz ki, iz bulmamak nə qədər ağırdır...
O bir quş idi, uçdu Qızıl meydana vardı
Qızıl meydanda bir ehram kibi durmuşdu məzar,
Bir böyük məzar ki, Leninin məzarıdır
Qapısı önündə bir həsir kibi sərdi qanadlarını
Dənizi yaran kahramanlar sürdü üzərindən dəmir zirehli qır atlarını
Çırpdı qanad, qondu bir ayın yalına...
Bir kamçı dəydi alnına...
Yıxıldı sərçəcik yerə...
Ağlamadı,
Kimsəni danlamadı,
Həsrəti gözlərlə bakdı bir az qızaran üfüqlərə...
Yumdu yumulmayan gözlərini
Nə yapacak, dedi – dəniz
Sönük kanat bir sərçəni?!

1928


Söyüşmələr

Sanılıya ithaf

Deyirər ki, Gəncənin
Datlı sərin suları,
Nazlı gözəl qızları,
Qarabağın, Göyçənin,
Süd kibi sularından,
Gül yanaqlı, çit əndam
Kızlarından gözəldir...
Doğrumu bu, yalanmı?
Hər kəs bir söz düzəldir...
Biri deyir “Qazax” gözəl,
Qıyğacı “papaq” gözəl,
Şəkinin şirin dili
Heyran edər bir eli...
Doğrusu, bəyənmədim
“Kim bəyənməz elini”
Deyən “yurtçu” şairlərin
Gündüz fənar yandıran,
Maziləri andıran
Çullu, qıllı şeirini
Eşşək belində seyrini...
Mən bu kiçik türkümü
“Namus” üçün yazmadım,
“Aran köçü” içində,
Şükür, hənüz azmadım
Mən kəndləri elektrik
Dünyasında gurlayan
Bir şəhər görmək istərəm,
Onlarla mən yüz illik
İllərdə üzmək istərəm

Bakı 1927


Fahişə

I

İştə
Kafe-restoran...
Mavi tumanlı bir elektrik lampası.
Divarda sapılcalı saat...
Tık-tıttık,... tık-tırrık... səsi...
Boçkada qırmızı lentli invalid ayağını qızdıran
Bir xurma ağacı
Qırıq qanad kibi sallamış geniş budaqlarını
Bir çit parçası sarmış qarnını,
Baxır küncdə oturan lal üzlü bir qıza!...
Bir qamış kibi incə, kiçik gərdanını o qızın
Sarı rəngli bir sandalya qucaqlamış...
Mavi bir işıq, halqalı gözlərini
Cırıq bir kisə kibi yamamış...

II

Yağlı qalın dodaqlarını marçıldadan
Top kibi yumru üz
Yumru vücud bir ayı,
Dört pəncəsilə işğal etmiş qarşımdakı masayı.
Baxır o qıza,
Yağlı gözləri axır o qıza...

III

Fikrim uzanır, telefon telləri kibi uzaqlarda axan üfüqlərə
Həyat – bir dərə.
Düşünürəm lal baxışla baxan qızı:
Gözlərində məzlumların duyduğu bir bölük sızı,
Vücudumla dırmaşan soyuq bitlər xatırladır
O qızla aradakı qəlbdən axan bir dostluğu...
O qızla mən, ikimiz də biriz,
Qəlbim dəniz,
O qız gəmidən qalan bir iz:
Baxıram gözlərinə kimsənin görmədiyi bir göz yaşı var,
Dadaqlarım o gözlərlə pıçıldaşar:
Ah, ey qızlıqdan dul qalan qadın,
Bilirəm adın fahişədir, amma
O göz yaşları tanış mənə,
Gəl dərdini, başqasına danışmasan, danış mənə!

Moskva 1958


Qitə

Dünya gözəl, insanlar çirkin...
Tanıram belə bir dostumu:
Dostunun qəlbinə baxmaz, baxar –
Əskimi, təzəmi kostyumu.

Moskva, 1927.


Pəncərə

Gilavar bu gün bir az sakit,
Yapraqlarım titrəməsi duyulmayır...
Lakin şəhər, böyük şəhər
Gecə yarı
Ölmüş, fəqət
Uyumayır.
Bir koridor
Açılmış ağ
Pəncərədən.
Fikrim bir sap kibi ilişmişdir parıldayan
bir xənçərə...
Önümdəki böyük şəhər
Bir pəncərə...

Bakı



“Həyata” Müqəddəmə

(Oxucuya)

Sən bilməsən, anam bilir,
Mən sevmədim boz qotazlı keçmişi,
Mənim üçün hər gün sabah təyin etdi hər işi.
Mən sevmədim axşamları ilk doğduğum günümdən,
Rüzgar kibi gəlib keçdi keçmiş həyat önümdən
Xatırımdadır, çox zamanlar kitab qoydum qarşıma
Uyumadım səhər kibi, aydın günü gözlədim,
Gecələri yaran günəş nur salanda xar şuma
Mən də çıxdım xarlı yola, doğan günə söz dedim.


***

Ömür getdi, bəzən umud arzu xiyal içində
Çox çalışdım, çox düşündüm, tez yoruldu cavanlıq.
Fəqət qəlbim qartlaşmadı köhnə məlal içində,
Qatıq, bəkməz tapmasam da, pendir oldu yavanlıq...

***

Fəqət yolum bir halvanın boğazdakı yolumu?
Kim deyir ki, kolay tapdım mən indiki yolumu?
Xayır, şair qəlbini ey
Dinləmədən höküm verən.
Tüpürcəki bamağiylə vərəqləri çevirən.
Başı kepqa,
Gözü eynək
Əli qələm
Oxucu!
Bir az düşün bu beş sətri tələsərək toxuyan,
Başdan – qəlbə,
Qəlbdən – başa
Bir əfsanə oxuyan
İpək qanad
İpək qurdun
Sərgüzəştimi...

Moskva.

XS
SM
MD
LG